Məhkəmə qərarları › İş №2-1(103)-3404/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3404/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3404/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X5 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-387/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1848 saylı bağ sahəsinə dair Xanı-zadə Hamlet Bəbir oğlunun adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1848 saylı 0,22 ha bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 12027 nömrəli müqavilə əsasında iddiaçının atası Xanı-zadə Hamlet Bəbir oğlunun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin 0,12 ha hissəsi 1989 nömrəli bağ sahəsi kimi Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarı ilə növbədə olan X6 verilmişdir. Atası Xanı-zadə Hamlet Bəbir oğlu xx.xx.1990-cı ildə vəfat etmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində vərəsəlik işi açılmış və həmin kontordan xx.xx.2021-ci il tarixdə verilmiş məktub əsasında iddiaçı mərhum atasının vərəsəsi hesab olunmuşdur. Atasının istifadəsində olan 1848 saylı bağ sahəsini sənədləşdirmədiyi üçün bağ sahəsinə dair çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin imtina məktubu ilə İdarənin arxiv sənədlərində 12027 saylı müqavilənin nüsxəsinin aşkarlanmadığı bildirilmişdir. Məlumat üçün bildirir ki, onun özündə ailə üzvü olaraq sözügedən bağ sahəsinə dair mərhum atası Xanı-zadə Hamlet Bəbir oğlunun adına verilmiş 23 aprel 1976-cı il tarixli 12027 saylı müqavilənin əsli və Bağlar İdarəsi tərəfindən tərtib olunmuş sxemləri də mövcuddur. İddiaçı həmin bağ sahəsindən halhazıradək təyinatı üzrə istifadə edir. Kimlərinsə səhlənkarlığı ucbatından bağ sahəsinə dair müqavilənin nüsxəsinin arxivdə itməsi və yaxud aşkar edilməməsi iddiaçının mərhum atasının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə deyil. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Sonradan iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0893 ha torpaq sahəsindən ibarət 1848 saylı bağ sahəsinə dair iddiaçının mərhum atası Xanı-zadə Hamlet Bəbir oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı X8 ünvan nə dair onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş 1848 nömrəli bağ sahəsinə dair X14 ilə bağlanmış 12027 saylı müqavilənin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin 1848 nömrəli bağdan bölünən 1200 kv.m hissə başqa müqavilə əsasında 1848a saylı bağ nömrəsi ilə digər fiziki şəxsin adına (X11) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Yerdə qalan 1000 kv.m hissəsinə X3 müraciəti olmuşdur. Belə ki, X4 və X10 27070 nömrəli, xx.xx.2000-ci il tarixli müqaviləyə müvafiq 0,12 ha torpaq sahəsi bağların icarəyə verilməsi müqaviləsinə əsasən, X3 adına qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********09 saylı cavab ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha, faktiki isə 0.0834 hadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-387/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0893 ha sahəsi olan 1848 saylı bağ sahəsinə dair iddiaçının mərhum atası Xanı-zadə Hamlet Bəbir oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Daha sonra üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1848 nömrəli bağ sahəsinə dair X14 ilə bağlanmış 12027 saylı müqavilənin nüsxəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində aşkar edilməmişdir. Həmdə həmin müqavilənin müddəti bitmişdir. Başqa sözlə iddiaçı həmin müqaviləni məhkməyə təqdim edərkən artıq müqavilə qüvvədə olmamışdır. Qüvvədə olmayan sənəd əsasında da qanunvericiliklə görə kiməsə hüquq tanınması yol verilməzdir. Məhkəmə iddianı təmin edərkən qeyd edilən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7-ci maddələrinə yanlış olaraq istinad etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-387/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin iddiaçıya ünvanlanmış **********09 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun əsası kimi bildirilmişdir ki, “ünvan üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş 1848 nömrəli bağ sahəsinə dair X14 ilə bağlanmış 12027 saylı müqavilənin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin 1848 nömrəli bağdan bölünən 1200 kv.m hissə başqa müqavilə əsasında 1848a saylı bağ nömrəsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Yerdə qalan 1000 kv.m hissəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” - AZ-İİ №101622 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə ölmüşdür. - Vİ-JQ 253586 saylı doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı X8 atası Xanızadə Hamlet Bəbir oğludur. - Bakı şəhəri 7 Saylı xüsusi notariat ofisinin notariusu X7 xx.xx.2021-ci il tarixli 25 saylı cavabdehə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Xanı-zadə Hamlet Bəbir oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. Xanı-zadə Hamlet Bəbir oğlunun xx.xx.1990-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin qızı İddiaçı olması barədə sizə məlumat verilir. ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verəsiniz.” - Bakı şəhəri İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi ilə Xanı-zadə Hamlet Bəbir oğlu arasında bağlanmış 12027 saylı xx.xx.1976-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsi olan 1848 saylı bağ sahəsi Xanı-zadə Hamlet Bəbir oğlunun istifadəsinə verilmişdir. - Cavabdehin məhkəməyə ünvanlanmış **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X3 adına 0.12 ha torpaq sahəsi olan 1848 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq X3 adına dövlət reyestrində qeydiyyata alınmış 0.12 ha torpaq sahəsi olan 1848a saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilir. Sözügedən bağ sahəsinə dair bölgü sxemi və ayrıc aktı arxiv qovluğunda aşkar edilməmişdir: - Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.12 ha ölçülü 1848a saylı bağ sahəsi üzərində X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarından görünür ki, 1848 saylı bağ sahəsinin bir hissəsi 0.12 ha X6 verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə X11 arasında bağlanmış 27070 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.2000-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.12 ha ölçüsü olan 1848a saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. - “X17 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 90 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1976-cı il tarixli 12027 nömrəli müqaviləyə əsasən iddiaçının mərhum atası X9 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, 0,22 ha torpaq sahəsi olan 1848 saylı bağ sahəsinin faktiki yeri Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1976-cı il tarixli 12027 nömrəli müqaviləyə əsasən ayrılmış ərazidə yerləşir və mülkiyyət növü dövlət mülkiyyətində olan bağ sahələri, təyinatı isə yaşayış məntəqələrinin torpaqlarıdır. Tədqiq olunan bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək tərtib olunmuş sxemdə qeyd olunur. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1976-cı il tarixli 12027 nömrəli müqaviləyə əsasən iddiaçının mərhum atası X9 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, 0,22 ha torpaq sahəsi olan 1848 saylı bağ sahəsinin faktiki yeri və koordinatları Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişaf istismarı Birliyi ilə bağlanmış xx.xx.2000-ci il tarixli 27070 nömrəli müqaviləyə əsasən X3 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,12 ha torpaq sahəsi olan 1848 a saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşür və üst-üstə düşən sahə 0.1196 ha təşkil edir. - Cavabdehin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********73 saylı mütəxəssis rəyindən görünür ki, 1848 saylı bağ sahəsinə dair X14 ilə bağlanmış 12027 nömrəli müqavilə arxivdə aşkar olunmadı. Faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi 0.0893 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinin sərhədləri 3 tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə metal torla sərhədlənib. Faktiki olaraq göstərilən 0.0893 ha torpaq sahəsinin koordinatları və yerini əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla Mərdəkan bağ massivi əraziləridir. Vətəndaş tərəfindən təqdim olunmuş 12027 nömrəli müqaviləyə əsasən 1976-cı ildə bağ sahəsi 0.22 ha olub. Sonradan 1989- cu ildə (14/519 saylı qərar əsasında) bağın sahəsinin 0.12 ha hissəsi X3 adına keçib. Həmin 0.12 ha hissə 1848a saylı bağ nömrəsi kimi **********49 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən 1848 saylı bağ sahəsinin sənədlərinə əsasən qalan hissə 0.10 ha olmuşdur. Faktiki olaraq iddiaçının istifadəsində olan həmin torpaq sahəsi 0.0893 ha təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2299 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, 1848 saylı bağ sahəsinə dair X14 ilə bağlanmış 12027 nömrəli müqavilə arxivdə aşkar olunmadı. Faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi 0.0893 ha təşkil edir. Torpağ sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinin sərhədləri 3 tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə metal torla sərhədlənib. Faktiki olaraq göstərilən 0.0893 ha torpaq sahəsinin koordinatları və yerini əks etdirən sxem əlavə olunur. Vətəndaş tərəfindən təqdim olunmuş 12027 nömrəli müqaviləyə əsasən 1976-cı ildə bağ sahəsi 0.22 ha olub. Sonradan 1989-cu ildə (14/519 saylı qərar əsasında) bağın sahəsinin 0.12 ha hissəsi X3 adına keçib. Həmin 0.12 ha hissə 1848a saylı bağ nömrəsi kimi **********49 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən 1848 saylı bağ sahəsinin sənədlərinə əsasən qalan hissə 0.10 ha olmuşdur. Faktiki olaraq iddiaçının istifadısində olan həmin torpaq sahəsi 0.0893 ha təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsası kimi - təqdim edilmiş 1848 nömrəli bağ sahəsinə dair X14 ilə bağlanmış 12027 saylı müqavilənin nüsxəsi idarənin arxivində aşkar edilməməsi, 1848 nömrəli bağdan bölünən 1200 kv.m hissə başqa müqavilə əsasında 1848a saylı bağ nömrəsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi və yerdə qalan 1000 kv.m hissəsinə digər fiziki şəxsin müraciətinin olması təşkil etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Bakı şəhəri İcraiyyə Komitəsi X4 və İstismarı Birliyi ilə Xanı-zadə Hamlet Bəbir oğlu arasında bağlanmış 12027 saylı xx.xx.1976-cı il tarixli müqaviləyə əsasən Mərdəkan qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsi olan 1848 saylı bağ sahəsi Xanızadə Hamlet Bəbir oğlu ayrılmışdır. Sonradan həmin bağ sahəsinin 0.12 ha ölçüsü olan hissəsi Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarı ilə iş üzrə 3-cü şəxs olan X6 verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə X11 arasında bağlanmış 27070 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən həmin 0.12 ha ölçüsü olan 1848a saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. Sonuncunun həmin bağ sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İddiaçı da faktiki vəziyyətdə istifadəsində olan 0.0893 ha olan torpaq sahəsi üzərində mərhumun hüququnun qeydiyyata alınmasını tələb edir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan müvafiq ekspert rəyi ilə də cavabdehin imtinasının dəlilləri təkzib edilir. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi 0.0893 ha təşkil edir. Torpağ sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinin sərhədləri 3 tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə metal torla sərhədlənib. Faktiki olaraq göstərilən 0.0893 ha torpaq sahəsinin koordinatları və yerini əks etdirən sxem əlavə olunur. Vətəndaş tərəfindən təqdim olunmuş 12027 nömrəli müqaviləyə əsasən 1976cı ildə bağ sahəsi 0.22 ha olub. Sonradan 1989-cu ildə (14/519 saylı qərar əsasında) bağın sahəsinin 0.12 ha hissəsi X3 adına keçib. Həmin 0.12 ha hissə 1848a saylı bağ nömrəsi kimi **********49 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən 1848 saylı bağ sahəsinin sənədlərinə əsasən qalan hissə 0.10 ha olmuşdur. Faktiki olaraq iddiaçının istifadəsində olan həmin torpaq sahəsi 0.0893 ha təşkil edir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərin dəlilləri məhkəmə qərarının ləğv edilməsi üçün əsas təşkil etmir.Belə ki, iddiaçı bağ sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin qeyri-yaşayış sahəsinin iddiaçının qanuni istifadəsində oldugunu təsdiq edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-387/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-387/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar