Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3405/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5803/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olduğu dövrə 31 il 5 ay ümumi və istehsalatda ağır işlərdə iş icraçısı, usta vəzifələrində çalışdığından 17 il 8 ay güzəştli iş stajları toplanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yarandığından cavabdehə müraciət etmiş, lakin onun 2006-cı il tarixədək iş stajı nəzərə alınmadığından pensiya təyin edilməsindən imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi sənədlərə əsasən iddiaçının güzəştli is stajının qanunvericiliklə tələb olunan müddətdən az təşkil etdiyi qeyd edilmişdir. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı iddia ərizəsinin əsasları kimi onun xx.xx.2022-ci il tarixədək - 60 yaşının tamam olduğu vaxtadək 31 il 05 ay ümumi stajı, 17 il 08 ay güzəştli iş stajı olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinə (AZE № ********; FİN xxxxxxx) əsasən o, xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli xx/xx-2022 № arayışa əsasən onun xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 24A-22 № arayışa əsasən onun xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Sənaye və Mülki Tikinti Departamentində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 72 № arayışa əsasən onun xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “MTK- REAL" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli 24 №li arayışa əsasən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-ci il tarixdən hazırki tarixədək iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi İddiaçı güzəştli is stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli 24 № arayışa əsasən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-ci il tarixdən hazırki tarixədək iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmçinin, sözügedən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.2-ci bəndinin “B” yarımbəndinə istinad edilmişdir. Həmin bənddə aşağıdakılar qeyd edilmişdir: 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) duru yanacaqla işləyən gəmi ocaqçıları, bütün adlarda maşinistlər, bütün adlarda motorçular mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Hazırki isin hallarından məlumdur ki, iddiaçının sözügedən arayışla iddia etdiyi islədiyi vəzifə siyahı üzrə müvafiq vəzifələr üzrə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “B” yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. Belə ki, 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, is icraçıları. Həmin bənddə mühəndis vəzifəsi güzəştli şərtlərlə vasa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis kimi islədiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrlər onun güzəştli iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, iddiaçıya verilən imtina qanuni və əsaslı oldugundan İddiaçı oglunun iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5803/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-5803/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2022-ci il tarixindən (60 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İş materiallarından məlum olur ki, iddiaçı ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasındakı dəlillərinə görə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qeyd olunan qanunvericiliyin normalarına görə iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, həmin tarixədək azı 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b b) rəhbərlər və mütəxəssislər yarımbölməsində 2290000b -24441 kodla iş icraçıları vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndin "B" yarimbəndinə əsasən iş icraçısı olan vəzifə kodunda təsbit edilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1990-xx.xx.1990-cı illərdə Abşeron rayon ƏMXUU nəzdində “Rahatlıq” kooperativində iş icraçısı – 5 ay 10 gün, xx.xx.1990xx.xx.1990-cı illərdə Korlar Cəmiyyətində iş icraçısı – 2 ay 2 gün, xx.xx.1990-xx.xx.1998-ci illərdə Bakıaqrojinstroyda iş icraçısı – 7 il 4 ay 10 gün, xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MTK-də iş icraçısı – 2 il 9 ay, xx.xx.2008-xx.xx.2008-ci illərdə "xxxx" ASC-də iş icraçısı – 14 gün, xx.xx.2009-xx.xx.2009-cü illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mülki Tikinti Departamentində iş icraçısı – 9 ay 6 gün, xx.xx.2010-xx.xx.2010-cu illərdə "xxxx" MMC-də iş icraçısı – 4 ay 3 gün, xx.xx.2011-xx.xx.2014-ci illərdə "xxxx" MTK-da iş icraçısı – 2 il 11 ay 11 gün, xx.xx.2018-xx.xx.2022-ci illərdə "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı – 4 il 7 ay 13 gün, ümumilikdə iş icraçısı vəzifələrində 19 il 5 ay 12 gün işləmişdir. Beləliklə də, iddiaçı göstərilən vəzifələrdə 19 il 5 ay 12 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajını toplamışdır. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədlərini cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, imtinada göstərilən hallar iddiaçının təqsiri hesab edilə bilməz, bu halların aradan qaldırılması birbaşa cavabdehin səlahiyyətindədir və formal olmaqla imtina üçün əsas deyildir. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.2011-xx.xx.2014-ci illərdə "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyi 2 il 11 ay 11 günün yalnız 5 aylıq dövrünün nəzərə alınması da qanunsuz və əsassız olmuşdur. Həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsirindən baş vermiş, yaxud da ondan asılı olan hal olmadığından onun ziyanına şərh edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən həmin vəzifədə işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. İddiaçının xeyrinə sənədlərin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, müvafiq sorgular toplamadan ərizəsini formal əsaslarla təmin etməkdən imtina etmişdir. İddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5803/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3405/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3405/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver