Məhkəmə qərarları › İş №2-1(103)-3406/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3406/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3406/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması öhdəliyinin qoyulması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6079/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizısi ilə məhkəməyə müraciət edərək, onun sosial evlə təmin olunması vəzifəsinin cavabdeh inzibai orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı cavabdehə ərizə ilə müraciət edərək, onun şəhid ailəsi olmasının və hazırda ailə üzvləri ilə birlikdə yaşamaq üçün kifayət qədər mənzil şəraitinin olmamasının nəzərə alınaraq onun mənzillə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-1446/2023 saylı məktubu ilə onun mənzillə təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçının mərhum həyat yoldaşı xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, bu barədə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 457076 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1994-cü il tarixdən X6 “Şəhid”, onun ailəsi ilə “Şəhid ailəsi” hesab edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 003222 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, O-3/2-068/2-t/l saylı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ailə tərkibi nəfərlə (özü, oğlu, gəlini, 2 nəvə və digər qohum) Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli vətəndaş İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ilə İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Bundan sonra İddiaçı tələb olunan sənədləri cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tam qanunsuz və əsassız olaraq iddaçının mənzillə təmin olunmaq barədə ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina edilməsinə əsas kimi İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsinin mövcud qanunvericilivə uyğun olmadığına istinad etmişdir. Lakin cavabdehin imtinanın əsası kimi göstərilən hallar hansı qanunvericilik normasının tələblərinə əsasən müəyyən edildiyini imtina məktubunda qeyd etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kvadratmetrdir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Göründüyü kimi qanunvericilik aktlarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 1 nəfər şəxs üçün 16 kvadratmetr müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmaqla, İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş, həmçinin həmin ünvanda İddiaçı oğlu - X13, gəlini - X4, nəvələri - X7, X14 və qohumu - X8 ilə birlikdə yaşayır. Göründüyü kimi İddiaçı şəhid ailəsi kimi mənzillə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ölçülər (1 nəfər üçün 16 kv.metr) nəzərə alınmaqla kifayət qədər yaşayış sahəsi olan mənzili olmamış, onun mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli sərəncamını rəhbər tutmaqla hesablandığı halda (İddiaçı ailə tərkibi 3 nəfərlə - qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 64 kv.metr, həmçinin həmin mənzildə qeydiyyatda olan digər şəxslər - oğlu - X13, gəlini - X4, nəvələri - X7, X14 və qohumu - X8 əsas götürülməklə hesablandığı halda isə onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 144 kv.metr olmalı idi. Lakin iş materiallarında olan sənədlərlə müəyyən edildiyi kimi iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuşdur. Beləliklə də cavabdehin imtinasının qanunsuz olduğu öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 06 may 2021-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, qızı və iki nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində ünvan 2 ünvanında yaşayış sahəsi 45.15 kvadratmetr olan mənzilin olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6079/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 06 may 2021-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, qızı və iki nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin həmin şəxslər sırasında iddiaçının nəvələrinin adları qeyd olunmuşdu ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30cu maddəsində qeyd olunan ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində ünvan 2 ünvanında yerləşən 65.98 kvadratmetr olan mənzilin olduğu aşkar edilmiş və bu səbəbdən vətəndaş mənzillə təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidlər üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə qeyd edirik ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsi 65,98 kv.m, hətta 4 ailə üzvü (nəvələri də daxil etsək) olmaqla hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasından (16 kv.m) artıq olduğu müşahidə edilir (65,98 kv.m/4=16,49 kv. metr). Ailə üzvü iddiaçı və qızı hesab olduğu halda hətta normadan iki dəfə artıq olduğu aşkar edilir. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; ... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları ... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İş materiallarından müəyyən edilir ki, iddiaçının həyat yoldaşı xx.xx.1958-ci il təvəllüdlü çavuş X6 01 mart 1994-cü il tarixdə AR-in ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” AR Qanununa əsasən xx.xx.1994-cü il tarixdən X5 şəhid, onun ailəsinə isə şəhid ailəsi statusu verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 003222 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ailə tərkibi nəfərlə (özü, oğlu, gəlini, 2 nəvə və digər qohum) Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli vətəndaş İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ilə İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Bundan sonra iddiaçı tələb olunan sənədləri cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi iddaçının mənzillə təmin olunmaq barədə ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina edilməsinə əsas kimi İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmadığına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində mənzilin olması onun və ailə üzvlərini sosialməişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum etməməlidir, belə ki, iddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfər ailə üzvündən ibarət olmuşdur, nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir, buna baxmayaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 65.98 kv.m təşkil etsə də, bu sahədən yalnız 45.15 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur, göründüyü kimi, iddiaçının ailə tərkibi özləri də daxil olmaqla 4 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 64 kv.m (16 kv.m x 4 nəfər) təşkil etməlidir ki, hazırda iddiaçının və ailə üzvlərinin belə ölçüdə mənzilə sahib olduqları müşahidə olunmur, belə olan halda iddiaçının mülkiyətində olan mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından aşağıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin mənzil iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına alınmış, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi cavabdeh və ya digər qurum tərəfindən verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Apellyasiya şikayətində iki dəlil irəli sürülmüşdür. 1) Birinci dəlil iddiaçının ailə tərkibi ilə bağlı olmuşdur. Qeyd edilən dəlil ilə bağlı məhkəmə kollegiyası nəzərə çatdırır ki, Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 06 may 2021-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, qızı və iki nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin həmin şəxslər sırasında iddiaçının nəvələrinin adları qeyd olunmuşdur ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30cu maddəsində qeyd olunan ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Qanunvericilik digər qohumların ailə üzvü hesab edilə bilməsini isə mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırki işdə isə belə halın mövcudluğu müəyyən olunmur. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Şəhid ailə üzvləri-şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-417/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərar, 2- 1(102)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərar). 2) Apellyasiya şikayətinin ikincici dəlili iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən 65.98 kvadratmetr olan mənzilin mövcud olması və hər bir ailə üzvünə düşən sahənin normadan (16kvm) artıq olması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edilən dəlili də əsaslı hesab edərək diqqətə çatdırır ki, mənzillərin sahəsi hesablanarkən ümumi sahəsinin hesablanma qaydasını vurğulamaq lazımdır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidlər üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsi 65,98 kv.m, hətta 4 ailə üzvü (nəvələr də nəzərə alınsa) olmaqla hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasından (16 kv.m) artıq olduğu müşahidə edilir (65,98 kv.m/4=16,49 kv. metr). Ailə üzvü iddiaçı və qızı hesab olduğu halda hətta normadan iki dəfə artıq olduğu aşkar edilir. Eyni zamanda qeyd edilməlidir ki, qanunverici sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsinin ayrılma normasından az olmamaqla verilməli olduğunu müəyyən etməklə yanaşı, həm də yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahə kimi verilə biləcəyi halını 2 əsasla şərtləndirmişdir: 1) yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olmalı; 2) yaşayış sahəsinə ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona yuxarıda qeyd edilən əsasla da cavabdeh tərəfindən mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1300/2023 saylı xx.xx.2023-cü il tarixli Qərar). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6079/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6079/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar