Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3409/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X4 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs X14 nümayəndə və vəkilləri Vəkil2 və X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər X2, X19 və X18) «doğum akt qeydində düzəliş edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydində düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının atası X10 17 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçı miras qalmış əmlakı qəbul etmək üçün Bakı şəhəri 46 saylı Notariat Bürosuna, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciətlər ünvanlamışdır. Hər iki təşkilata müraciətindən sonra ona məlum olmuşdur ki, atasının əkiz qardaşı olan (əmisi) X14 övladı Turqay da X17in vərəsəsi olaraq mərhumdan miras qalmış əmlakdan pay almaqla bağlı və ailə başçısını itirməyə görə pensiya təyinatı üçün həmin qurumlara müraciət etmişdir. Həmçinin məlum olmuşdur ki, iddiaçının əmisi X6 doğum haqqında şəhadətnaməsində ata qrafasında öz doğma atası Rafailin deyil, iddiaçının atası Səlahəddinin adı yazılmışdır. Buna görə də o, doğum haqqında şəhadətnaməyə istinadən X17in övladı olduğunu iddia edərək mərhumun vərəsəsi kimi mirasdan pay tələb edir. Bununla əlaqədar iddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciətində qeyd edilənlər barədə məlumat vermiş və əmisi oğlu Paşazadə Turqayın doğum aktı qeydində olan səhvin araşdırılması və müvafiq düzəlişlər aparılmasını xahiş etmişdir. Müraciət əsasında cavabdeh tərəfindən araşdırma aparılmış və iddiaçının bildirdiklərinin həqiqət olduğu müəyyən edilmişdir. Belə ki, Paşazadə Turqayın doğum haqqında akt qeydində anası kimi qeyd edilən X18 həqiqətən də onun doğma anasıdır. X27 iddiaçının əmisi Rafail Rzayevin arvadıdır. Azadə Rzayeva iddiaçının atası Səlahəddin Rzayevlə nikahda və faktiki nikah münasibətlərində olmamışdır. X17 heç vaxt Turqay Paşazadənin atası olduğunu bildirməmişdir. Belə olan halda, Turqay Paşazadənin doğum haqqında şəhadətnaməsində ata qrafasında iddiaçının atası X5 adının yazılması absurddur və doğum akt qeydi həmin hissədə tamamilə səhvdir. Cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi Turqay Paşazadənin doğum aktı qeydində (ata adının) həmin səhvə düzəliş olunmasından imtina etmiş və bu düzəlişin yalnız Turqay Paşazadənin ərizəsi əsasında aparılmasının mümkünlüyünü bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası onun hüquqlarını kobud şəkildə pozur. Turqay Paşazadənin doğum akt qeydinə düzəliş edilməməsi nəticəsində o, iddiaçının mərhum atası Səlahəddin Rzayevin qanunu vərəsəsi olaraq miras əmlakdan ən azı 2/3 hissədə pay almaq hüququ əldə edir və mərhumun ailə başçısını itirməyə görə pensiyasının 1/2 hissəni alaraq artıq uzun müddətdir ki, iddiaçıya böyük məbləğdə ziyan vurur. Bütün bu sadalananlar iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. İddiaçı hesab edir ki, mərhum atası Səlahəddin Rzayevin qanun üzrə birinci növbədən olan vərəsəsi olaraq mərhumun Turqay Paşazadənin atası olmamasını mübahisələndirmək hüququna malikdir. Göstərilənlərə və «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əsaslanaraq, məhkəmədən X1 doğum haqqında akt qeydində olan səhvin düzəldilərək ata haqqında məlumat bölməsində “Səlahəddin” əvəzinə “Rafail” qeydinin icra edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərardadı ilə hazırkı iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1913/2022 saylı iş üzrə 5 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra məkəmənin 13 aprel 2023cü il tarixli qərardadı ilə X19 və X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, 02 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X8 doğumu haqqında Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsində tərtib edilmiş 5 mart 1994-cü il tarixli 521 nömrəli akt qeydinin ata haqqında məlumat qrafalarında “Səlahəddin”dən “Rafail”ə düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının tələbi məhkəməyə formaca "doğum aktı qeydində düzəlişin aparılması" kimi təqdim olunsa da, məzmunca "atalığın mübahisələndirilməsidir". Belə ki, iddiaçı ərizəsinə hansı başlıq və ya ad qoymasından asılı olmayaraq, mahiyyətcə X1 barəsində aparılmış doğum aktı qeydində onun atası barədə aparılan qeydi, yəni atalığı mübahisələndirir. Halbuki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 N-li qərarının 2.9-cu bəndinə əsasən, bu Qaydaların 2.8.1 və 2.8.2 yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün tələbi ilə açıla bilər. Ailə Məcəlləsində də bu kiim hallara eyni yanaşma müəyyən edilmişdir. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında Hazırki iş üzrə iddiaçı X1 doğum aktı qeydində ata qrafasında düzəlişin aparılmasını tələb etməsi - bir başa atalığın mübahisələndirilməsidir. İddiaçı ata adında edilmiş hərf səhvi və ya texniki səhvin deyil, ata adının dəyişdirilərək digər şəxsin adının qeyd edilməsini tələb edir. Üstəlik bu mübahisəni nə yetkinlik yaşına çatmış uşaq özü, nə atası kimi yazılan şəxs, nə də onun "həqiqi" valideyni olması iddia edilən şəxs açmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müraciət etməklə inzibati orqanın hərəkətini, yəni "doğum aktı qeydində düzləşin aparılmamasım" mübahisələndirilir. Halbuki, Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/76 nömrəli həmin məktubunda da qeyd olunur ki: "qüvvədə olan qanunvericiliyə əsasən vətəndaş Paşazadə Turqayın müraciəti olmadan akt qeydində hər hansı düzəlişlərin edilməsi yolverilməzdir." Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X14 nümayəndə və vəkilləri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 035930 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulduğu, atası X10, anası X16 göstərilmişdir. - Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİ ЖГ seriyalı 466332 nömrəli doğum haqqında şəhadətnamədə X1 2 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulduğu, atası X10, anası X18 göstərilmişdir. - Volqoqrad Şəhər XDS Krasnoarmeysk rayon İK-nın Nikah Evi tərəfindən 17 mart 1989-cu il tarixdə qeydə alınmış 331 saylı nikah akt qeydinin surətindən görünür ki, 8 may 1965-ci il təvəllüdlü X19 və 25 oktyabr 1966-cı il təvəllüdlü X15 arasında nikah bağlanmışdır. - 2 yanvar 1994-cü il tarixdə doğulmuş X1 doğumu haqqında Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən 15 marr 1994-cü il tarixdə 621 nömrəli akt qeydi tərtib edilmişdir. Akt qeydində “ata haqqında məlumat” qrafasında 8 may 1965-ci il təvəllüdlü X10, “ana haqqında məlumat” qrafasında 25 oktyabr 1966-cı il təvəllüdlü X18, “ata haqqında qeydin əsasları” qrafasında isə evlənmə şəhadətnaməsinin nömrəsi “339”, tarixi 17 mart 1989-cu il, nikah aktının yer kimi Volqoqrad şəhəri Krasnoarmeysk rayonu göstərilmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 019669 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 17 dekabr 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin ərizəçi (hazırkı iddiaçı) İddiaçı nümayəndəsinə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubunda qeyd olunur ki, qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı doğumu 26 noyabr 2000-ci il tarixli nikaha əsasən 31 yanvar 2003-cü il tarixdə 175 saylı aktla Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin şöbənin 29 iyul 2011-ci il tarixli 239 saylı aktı ilə nikah pozulmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən 2 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş Paşazadə Turqayın 5 mart 1994-cü il tarixli 621 saylı doğum haqqında akt qeydi tərtib olunarkən yol verilmiş texniki səhv nəticəsində ata adı “Səlahəddin” olaraq qeyd edilmişdir. Belə ki, Paşazadə Turqayın doğum akt qeydi Rusiya Federasiyasının Volqoqrad şəhərində 17 mart 1989-cu il tarixdə qeydə alınmış 331 saylı nikah akt qeydinə əsasən yazılmışdır. Sorğu əsasında Rusiya Federasiyasından göndərilmiş, Volqoqrad şəhəri Nikah Evi tərəfindən 17 mart 1989-cu il tarixdə qeydə alınmış 331 saylı nikah akt qeydindən görünür ki, nikaha daxil olan şəxslər X19 və X9r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Lakin bildirilir ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaş Paşazadə Turqayın müraciəti olmadan akt qeydinə hər hansı bir düzəlişin aparılması yolverilməzdir. Aidiyyəti üzrə məhkəməyə müraciət ediməsi tövsiyə olunur. - Rzayeva X3 rayon prokurorluğuna ərizı ilə müraciət edərək, atası X5 ölümündən sonra əmisi oğlu Turqay Paşazadənin atasının Səlahəddin olmasını iddia etməklə, mərhumun təqaüd və əmlakına vərəsə olduğunu, 5 mart 1994-cü il tarixdə Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin saxta olduğunu bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun köməkçisi ərizə əsasında toplanmış materiallar üzrə 19 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Qərarda məhkəmə-xətşünaslıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 4/1272 nömrəli rəyinə istinad olunmuşdur. Həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum haqqında akt qeydinin “20”-ci bəndində “Məlumat verənin familiyası, adı, atasının adı, ünvanı və imzası” qrafasında “atası” yazısı qarşısında imza və həmin doğum haqqında akt qeydinin qeydiyyatdan keçdiyi jurnalda “466332” sıra nömrəsində “Пашазадə Тургаj 621 5.İİİ.94” yazılan qrafasındakı imza X10 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Hazırkı işin hallarından müəyyən edilir ki, X1 doğumu haqqında Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Akt qeydində doğum tarixi 2 yanvar 1994-cü il, ata qrafasında X10 (8 may 1965-ci il təvəllüdlü), ana qrafasında X18 (25 oktyabr 1966-cı il təvəllüdlü), “ata haqqında qeydin əsasları” qrafasında isə evlənmə şəhadətnaməsinin nömrəsi “339”, tarixi 17 mart 1989-cu il, nikah aktının yer kimi Volqoqrad şəhəri Krasnoarmeysk rayonu göstərilmişdir. Hüseynova (nikahdan sonra – Rzayeva) X12 Şəhər XDS Krasnoarmeysk rayon İK-nın Nikah Evi tərəfindən aparılmış 17 mart 1989-cu il tarixli 331 saylı nikah akt qeydinə əsasən X19 ilə nikaha daxil olmuşdur. X10 17 dekabr 2019- cu il tarixdə ölmüşdür. Hazırkı İddiaçı mərhum X5 vərəsəsi kimi X1 doğum akt qeydində ata qrafasındakı “Səlahəddin” yazısının “Rafail”ə düzəldilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh həmin yazının texniki səhv olduğunu etiraf etsə də, akt qeydində müvafiq düzəliş aparılmasının X1 müraciəti olmadan yolverilməzliyini bildirmiş və məsələnin həllindən imtina etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmeti 05 mart 1994-cü il tarixli 621 nömrəli doğum aktındakı qeydin mübahisələndirilməsi olduğundan, həmin aktın tərtib olunduğu dövrdə qüvvədə olan qanunvericilik normaları hazırkı iş üzrə tətbiq edilməlidir. Azərbaycan SSR-in 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 781-İQ nömrəli Qanununa əssən qüvvədən düşmüşdür) Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 59-cu maddəsinə görə nikahda olan ata və ana onlardan hər hansı birinin ərizəsinə əsasən doğum qeydi kitabında uşağın valideynləri kimi yazılırlar. Həmin Məcəllənin 60-cı maddəsinə görə valideynlər bir-biri ilə nikahda olmadıqda, uşağın anası haqqında qeyd ananın ərizəsinə əsasən aparılır, uşağın atası haqqında qeyd isə, uşağın ata və anasının birgə ərizəsinə əsasən aparılır, yaxud ata məhkəmə qətnaməsinə əsasən qeyd edilir. Həmin Məcəllənin 62-ci maddəsinə göeə nikahda olmayan anadan uşaq doğulduqda, atalığın müəyyən edilməsi haqqında valideynlərin birgə ərizəsi və məhkəmənin qətnaməsi yoxdursa, uşağın atası barəsində qeyd, doğum qeydi kitabında ananın familiyası üzrə aparılır, uşağın atasının və babasının adı anasının göstərişinə əsasən yazılır. Həmin Məcəllənin 178-ci maddəsinə görə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetləri icraiyyə komitələrinin vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan şöbələri doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, familiyanın, adın və ata adının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Qəsəbə və kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, ölümün qeydiyyatını aparırlar. Həmin Məcəllənin 186-cı maddəsinə görə doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və familiyası, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 59, 60, 62, 63-cü və 65-ci maddələrinə uyğun surətdə yazılır. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Azərbaycan SSR Nazirlər Sovetinin 25 mart 1985-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş (AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı qüvvədən düşmüşsür) «Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında əlavə olunan Təlimat»ın 15-ci bəndinə görə uşağın doğulması qeydiyyatı valideynlərin və ya onlardan birinin yazılı və yaxud şifahi məlumatı ilə valideynlər xəstə olduqda və ya öldükdə və yaxud digər səbəblərə görə onların məlumat verməyə imkanları olmadıqda isə qohumların, qonşuların, uşaq doğularkən ananın olduğu tibb müəssisəsi rəhbərliyinin və digər şəxslərin məlumatı əsasında həyata keçirilir. Təlimatın 17-ci bəndinə görə doğum qeyd edilərkən aşağıdakı sənədlər təqdim olunmalıdır: a) doğum faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış. Uşaq evdə doğulubsa, doğuma kömək göstərmiş həkimin arayışı təqdim edilir. Müstəsna hallarda, uşağın doğulması faktı doğum haqqında akt qeydiyyatının 10-cu qrafasında iki şahidin imzası ilə təsdiq oluna bilər. Şahidlərin adı, atasının adı, familiyası və yaşadığı yer göstərilməlidir. . . . ; b) həmin Təlimatın 3-cü bəndi ilə nəzərdə tutulmuş valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər. . . . ; v) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərdə nikahın bağlanması haqqında qeydlər olmadıqda valideynlər arasında nikahın bağlanması barədə şəhadətnamə və ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamə. Təlimatın 22-ci bəndinə görə bir-biri ilə nikahda olan ata və ananın hər hansı birinin ərizəsi ilə onlar doğumların qeydiyyat kitabında uşağın valideynləri qeyd olunurlar. Təlimatın 24-cü bəndinə görə əgər valideynlər arasında nikah bağlanmayıbsa, onda uşağın anası haqqında qeydiyyat ananın məlumatına əsasən, uşağın atası haqqında qeydiyyat isə ata və ananın birgə məlumatına əsasən aparılır; yaxud ata məhkəmənin qərarına əsasən yazılır. Təlimatın 26-cı bəndinə görə nikahda olmayan ana uşaq doğduqda, əgər atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizələri və ya məhkəmənin qərarı yoxdursa, doğum haqqında aktların qeydiyyat kitabında uşağın atası haqqında qeydiyyat ananın familiyası ilə, uşağın atasının adı, ata adı və milliyyəti ananın göstərişi ilə yazılır. Bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat orqanı uşağın anasına doğum haqqında şəhadətnamə ilə birlikdə sosial təminat şöbəsinə təqdim etmək üçün arayış verir. Bu barədə doğum haqqında qeydiyyatın hər iki nüsxəsində göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər işin birinci instansiya icraatı zamanı yazılı izahatında, eyni zamanda apellyasiya şikayətində hazırda qüvvədə olan qanunvericilik normalarına istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.2-ci maddəsinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Göründüyü kimi aktın tərtib olunduğu dövrdə qüvvədə olan qanunvericilik normaları ilə hazırda qüvvədə olan normalar fərqli qaydalar müəyyən etmişdir. Belə ki, mübahisə predmeti olan 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum akt qeydinin tərtib olunduğu dövrdə qüvvədə olmuş qanunvericilik normaları nikahda olan ata və ananın onların hər hansı birinin ərizəsinə əsasən doğum qeydi kitabında uşağın valideynləri kimi yazılmasını, valideynlər bir-biri ilə nikahda olmadıqda uşağın anası haqqında qeydin ananın ərizəsinə əsasən, uşağın atası haqqında qeydin isə, uşağın ata və anasının birgə ərizəsinə, yaxud məhkəmə qətnaməsinə əsasən aparılmasını nəzərdə tutmuşdur. Lakin qeyd edilməlidir ki, digər şəxslərin (o cümlədən hazırkı iddiaçının) maraqlarına toxunduğu da nəzərə almaqla həmin vaxt qeydiyyat orqanı kimi çıxış etmiş Yasamal rayon VVAQ şöbəsinin 5 mart 1994-cü il tarixli doğum akt qeydinin aparılması ilə bağlı hərəkətlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın tələblərinə deyil, həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarına münasibətdə qiymət verilməlidir. Belə olan halda məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri kimi qeyd etdiyi inzibati orqanın hərəkətlərinə qiymət verilərkən hazırda qüvvədə olan Azərbaycan Respublikası Aailə Məcəlləsinin 44.3-cü maddəsinə, «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları»nın 2.9-cu bəndinə istinad olunması mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası həmçinin üçüncü şəxslərin apellyasiya şikayətinin dəlili kimi göstərilmiş 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum akt qeydi tərtib edilərkən, VVAQ şöbəsinə uşağın (Turqayın) anası kimi X11 və atası kimi X5 birlikdə müraciət etməsinin müvafiq (15 oktyabr 2021-ci il tarixli 4/1272 nömrəli) ekspertiza rəyi ilə təsdiq olunması ilə bağlı qeyd edir ki, 5 mart 1994-cü il tarixli akt qeydində “atalığın müəyyən edilməsi” ilə bağlı hər hansı məlumat qeyd edilməmiş, əksinə Volqoqrad şəhərində rəsmiləşdirilmiş 17 mart 1989-cu il tarixli 331 saylı nikah aktına istinad olunmuşdur. Məhkəmə kollegiyası doğum haqqında həmin qeydin “ata haqqında məlumat” bəndinin atanın doğulduğu vaxt qrafasında “8 may 1965-ci il”, “yaşı” qrafasında “29” göstərilməsinə diqqət çəkərək qeyd edir ki, 8 may 1965-ci il tarixi həm 1994- cü ildə uşağın valideyni kimi birgə müraciət etmiş X5 (surəti işdə olan vərəsəlik işinə əsasən), həm də Volqoqrad Şəhər XDS Krasnoarmeysk rayon İKnın Nikah Evi tərəfindən 17 mart 1989-cu il tarixli 331 saylı nikah akt qeydi ilə Hüseynova (Rzayeva) Azadə Şirin qızı ilə nikaha daxil olmuş X14 doğum tarixləridir. Xüsusilə də doğum akt qeydi yazılarkən atalığın müəyyən edilməsi üzrə ayrıca icraat aparmadan və bu barədə şəhadətnamə tərtib edilmədən “ata haqqında qeydin əsasları”na münasibətdə 17 mart 1989-cu il tarixdə Volqoqrad şəhərində bağlanmış nikaha istinad olunmasını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Yasamal rayon VVAQ şöbəsi tərəfindən 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum haqqında akt qeydi tərtib edilərkən həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 25 mart 1985-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSRdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında əlavə olunan Təlimat»ın tələbləri pozulmaqla səhvə yol verilmiş və marağına toxunan şəxs kimi hazırkı İddiaçı müraciəti əsasında bu səhvə hazırkı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi düzəliş etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Üçüncü şəxslər X2, X19 və X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3409/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3409/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver