Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3409/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-yə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanda daimi pasport qeydiyyatına alınmışdır. Yaşadığı mənzilin adına rəsmiləşdirilməsi, yəni həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilmiş və səbəb kimi də iddiaçının bu mənzilə qeydiyyata düşməsi barədə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsində onunla kirayə müqaviləsi bağlanması barədə göstərişin olmadığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, işin hallarından da görünür ki, artıq 30 ildən çoxdur ki, bu mənzildə yaşayır. Bu mənzildən başqa hər hansı bir digər yaşayış sahəsi yoxdur. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsi ilə də iddiaçının bu mənzildə uzun müddətdir ki, yaşaması təsdiq olunmuş və məhkəmə tərəfindən də onun yaşayış yerinin bu mənzil olduğu tanınmış, bu mənzilə daimi pasport qeydiyyatına alınması barədə qətnamə qəbul edilmişdir. Ona görə də iddiaçı hesab edir ki, onun başqa şəxslərə nisbətdə bu mənzilə dair kirayə müqaviləsi bağlanmasında daha üstün hüquqları olduğu üçün cavabdeh tərəfindən bu nəzərə alınmalı və onunla kirayə müqaviləsi bağlanmalı idi. Lakin işin hallarından da görünür ki, cavabdeh tərəfindən heç bir yetərli əsas göstərilmədən həmin kirayə müqaviləsinin bağlanmasından imtina olunmuşdur. Ona görə də, iddiaçı məcbur olub hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaya münasibətində cavabdeh bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yaşayan İddiaçı Cavabdehnə 5-15/1-Q-9-068/2024 saylı, xx.xx.2024-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanına dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin 27 saylı mənzilinə qeydiyyata götürülməsi Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və X2 qət edilmiş, lakin Cavabdeh bu prosesə maraqlı şəxs qismində cəlb olunmamışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin 27 saylı mənzili Cavabdeh boş mənzil fonduna aiddir və həmin mənzildə X6 ailə üzvləri ilə birlikdə (həyat yoldaşı İddiaçı) Şuşa rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Cavabdeh 5- 15/2-Q-9- 068/2024 saylı, 01.02.24-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, sözügedən mənzilə qeydiyyata düşməyi barədə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsində onunla kirayə müqaviləsi bağlanması göstərilmədiyindən xahişini təmin etmək mümkün deyildir. İddiaçını cavab qane etmədiyindən o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. İddiaçının həyat yoldaşı X6 Şuşa şəhərindən məcburi köçkündür və hal-hazırda Şüşa şəhəri, Ə.Haqverdiyev küçəsi ev 2, mənzil 2-də qeydiyyatdadır. Sadalananlara əsasən hesab edirik ki, Cavabdeh 5-15/2-Q-9-068/2024 saylı, 01.02.24-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində onun bu mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyini əsas götürərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Çox qəribədir ki, onun iddiasının mahiyyətinin özü elə bu mənzilin adına rəsmiləşdirilməsi olduğu üçün ondan belə sənədin tələb edilməsi tamamilə absurd bir yanaşmadır. Bundan başqa, məhkəmə onun bu mənzilin əvvəlki kirayəçisi Fora Qlinkinanın ailə üzvü olmadığı üçün onun bu mənzilə dair kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququnun olmadığını bildirmişdir. Təbii ki, bu da qanunsuz bir yanaşmadır. Köhnə kirayəçi Fora Qlinkina artıq 30 ildən çoxdur ki, bu mənzili tərk edib getmiş və hal-hazırda da bu mənzildə də yaşamır. Köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə də əgər mənzilin icarədarı 6 aydan artıq müddətdə bu mənzildə yaşamırsa, onda o həmin mənzildən istifadə hüququnu itirir. Yəni işin hallarından da görünür ki, Fora Qlinkina uzun müddətdir ki, bu mənzildə yaşamadığı üçün bu mənzildən istifadə hüququnu itirmişdir və artıq bu mənzilin icarədarı sayılmır. Bu baxımdan da F.Qlinkinanın bu mənzilə dair artıq heç bir hüququ qalmadığı üçün məhkəmənin belə bir qənaətə gəlməsi də əsassızdır. Həmçinin iddiaçının həyat yoldaşının məcburi köçkün olmasının da bu iddiaya heç bir aidiyyəti yoxdur. Belə ki, qərarın özündən də görünür ki, bu mənzilə yerində baxış keçirilən zaman həyat yoldaşının bu mənzildə yaşamadığı müəyyən olunmuşdur. Yəni bu mənzildə faktiki olaraq tək yaşayır, onun da hər hansı bir məcburi köçkün statusu yoxdur. Bakı şəhərində doğulmuşdur, Bakı şəhərində yaşamışdır və daimi pasport qeydiyyatı da hal-hazırki mənzildir. Eyni zamanda bildirmək istəyir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə onun bu mənzildən istifadə hüququ tanınmış və bu mənzilə daimi pasport qeydiyyatına alınmağı öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Yəni onun bu mənzildən istifadə hüququnu tanıyan Azərbaycan Respublikası adından çıxarılmış qətnamə olduğu halda, məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Bu mənzildən başqa hər hansı bir digər yaşayış sahəsi yoxdur. 30 ildən artıqdır ki, fasiləsiz olaraq bu mənzildə yaşayır. Təbii ki, həm məhkəmə qətnaməsi ilə, həm də uzun müddətdir ki, faktiki olaraq bu mənzildə yaşayaraq və bu mənzildə daimi pasport qeydiyyatına alınaraq başqa şəxslərə nisbətdə bu mənzilə daha üstün hüquqları olmasına baxmayaraq, məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Bir halda ki, bu mənzillə əlaqədar kirayə müqaviləsi bağlanması hüququ başqa şəxslərə nisbətdə o daha üstün hüquqlara malikdir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bütün halları nəzərə alınmamış və belə bir qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu qərar həmçinin mənim AR Konstitusiyasının 43-cü maddəsində göstərilmiş hüquqlarını da kobud şəkildə pozur. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və qərar ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli imtinasından sonra xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddia düzgün cavabdehə qarşı verilmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsassızdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. -54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. -81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4- cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. -51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. -52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. -53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. -53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının 1 və 2-ci bəndlərində nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin; - (2-ci bənd) Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992 – 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan: -Nəsimi RİH Mənzil Kommunal Təsərrüfat Birliyi 17 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, S.Rəhimov küçəsi 213 saylı evin, 27 saylı mənzilinin keçmiş kirayəçisi Fora Qlinkina olmuşdur. Mənzil 1 otaq, 13 kv.m yaşayış sahəsindən ibarətdir. 3 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşir, həyət tiplidir. Araşdırma zamanı məlum olmuşdur ki, S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzilində Şuşa rayon məcburi köçkünü X6 1992-ci ildən məskunlaşmışdır. R.Quliyev mənzildə yaşadığı dövrdə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı ilə 2004-cü ildə ailə həyatı qurmuş və birgə göstərilən mənzildə yaşamışlar. S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzili boş mənzil fondu olduğu üçün İddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərarı ilə göstərilən mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənzilə yerində baxış zamanı məlum oldu ki, İddiaçı həyat yoldaşı X6 halhazırda göstərilən mənzildə yaşamır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-520/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin, 27-ci mənzilinə qeydiyyata götürülməsi Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və X2 tapşırılmışdır. -İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanında qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, 27 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı uzun müddət yaşaması və 2007-ci ildən yaşayış yeri üzrə pasport qeydiyyatında olması faktına istinad edərək Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş edir. İddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin imtinasını əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatın məqsədi şəxsin yaşadığı və olduğu yerin müəyyən olunmasıdır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olunan mənzildə uzun müddət yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddiaolunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. İddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəçinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Nəsimi RİH Mənzil Kommunal Təsərrüfat Birliyi mənzil kommunal istismar sahəsinin şəxsi hesab vərəqindən də görünür ki, S.Rəhimov küçəsi 213 saylı evin, 27 saylı mənzilinin keçmiş kirayəçisi Fora Qlinkina olmuşdur. Hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun həyat yoldaşı mənzilin əvvəlki kirayəçisi (Fora Qlinkinanın) ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1992-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-nin kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3409/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3409/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver