Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-341/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faizlərin silinməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7932/2021 saylı 29.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (hazırkı adı nazirlik yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 manat məbləğində faizlərin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını etmişdir. İddianın əsaslarına görə cəmiyyət səyyar vergi yoxlaması ilə tam əhatə olunan 2017ci ilin mənfəət vergisinə könüllü açıqlama şəklində əlavə vergiləri bəyan etməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məbləğə əsassız faiz məbləği hesablanmışdır. Belə ki, 12.12.2017-ci il tarixli səyyar vergi yoxlaması aktına və həmin akt üzrə qəbul olunan 14.12.2017-ci il tarixli qərarına görə yoxlama 2017-ci ilin yanvar-sentyabr ayları ilə əhatə olunmuşdur. Həmçinin, cavabdehin 29.03.2017-ci il tarixli qərarına və yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, 2017-ci ilin oktyabrdekabr aylarını əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, lakin vergi orqanının öz iradəsi ilə 11.12.2018-ci il tarixdə həmin qərar ləğv edilmişdir ki, bu da vergi orqanının yoxlama zamanı hər hansı pozuntunu müəyyən etməməsi ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən keçmiş illərin zərəri nəzərə alındıqdan sonra, 2017-ci il üzrə əlavə olaraq 12.756.168,11 manat mənfəəti bəyan olunmuş, faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5.349,01 manat vergilər nəzərə alınmaqla 2.545.884,61 manat məbləğində vergilər (12756168,11 x 20% = 2551233,62 5349,01) könüllü şəkildə dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh Vergi Məcəlləsinin 13.2.49-2-ci və 72.5-2-ci maddələrinin tələblərini pozmaqla həmin məbləğə faiz hesablamışdır. Bununla bağlı 08.06.2021-ci il tarixdə cavabdehə yazılı müraciət olunaraq əsassız hesablanmış faizlərin silinməsi xahiş olunmuş, lakin sonuncu tərəfindən təqdim edilən 23.06.2021-ci il tarixli yazılı cavabında qanunvericiliyin ümumi müddəaları sadalanaraq faizlərin silinməsindən imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi 26.07.2021-ci il tarixli iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.11.2017ci il tarixli **********125447 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 12.12.2017-ci il tarixli səyyar vergi yoxlama aktına görə 2017-ci ilin mənfəət vergisi üzrə yoxlama aparılmamışdır. Növbəti ildə səyyar vergi yoxlamasının keçirilməsi haqqında 29.03.2018-ci il tarixli qərara əsasən təyin olunmuş yoxlama isə başa çatmadan, 10.12.2018-ci il tarixdə xidməti məruzəyə əsasən 11.12.2018-ci il tarixli qərarla, səyyar vergi yoxlamasının təyin olunması barədə 29.03.2018-ci il tarixli qərar ləğv edilmişdir. Etiraz Vergi Məcəlləsinin 13.2.49-2, 49, 59.1, 77 və 78-ci maddələrinə istinadən əsaslanıdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7932/2021 saylı 29.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 (doqquz yüz otuz altı min doqquz yüz doqquz) manat məbləğində faizlərin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinin tələbələrinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmənin tətbiq etdiyi qeyd edilən maddi hüquq normaları işin müəyyən olunmuş faktiki hallarına uyğun deyildir. Qeyd edilən dəlillərin ətraflı anlaşılması üçün sözügedən normaların məzmun və mahiyyətinin müəyyən edilməsi və normada ifadə olunan könüllü açıqlama anlayışının şərtlərinin açıqlanması zəruridir. Belə ki, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsində ifadə olunan könüllü açıqlama anlayışı bir sıra şərtlərin birlikdə mövcudluğunu tələb edir: “1.Müvafiq tədiyyə növü üzrə səyyar vergi yoxlaması keçirilməlidir; 2.Keçirilmiş səyyar vergi yoxlaması başa çatmalıdır; 3.Səyyar vergi yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan hallar mövcud olmalıdır; 4.Səyyar vergi yoxlaması zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan hallar vergi öd əy idləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməlidir.” Eyni zamanda məhkəmənin ifadə etdiyi işin faktiki hallarına, yəni “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.03.2018-ci il tarixli Qərarına əsasən səyyar vergi yoxlaması öncəliklə 2017-ci ilin mənfəətini əhatə etməmiş, digər tərəfdən isə könüllü açıqlamanın digər şərti olan səyyar vergi yoxlaması başa çatmamışdır. Belə ki, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.03.2018-ci il tarixli qərarda yoxlama ilə əhatə olunan vergi dövrü kimi, oktyabr 2017-yanvar 2018 dövrü nəzərdə tutulmuşdur. Yəni, 2017-ci ilin mənfəəti yoxlama ilə əhatə olunmamışdır. Digər tərəfdən ,11.12.2018-ci il tarixli qərara əsasən 10.12.2018-ci il tarixli xidməti məruzə əsas götürülərək “Səyyar vergi yoxlmasının keçirilməsi haqqında 29.03.2018-ci il tarixli qərar ləğv edilmişdir. Qeyd olunan xidməti məruzədə isə bildirilir ki, X4 Metodikasının AVİS-də tətbiqi ilə əlaqədar aparılan səyyar vergi yoxlamsının keçirilməsi üzrə AVİS-də prosedur hərəkətlərin həyata keçirilməsi zamanı texniki problemlər yarandığından səyyar vergi yoxlamasının keçirilməsi mümkün olmamışdır. Qeyd olunduğu kimi ikinci səyyar vergi yoxlaması əvvəla, 2017-ci ilin mənfəətini əhatə etməmiş, digər tərəfdən isə könüllü açıqlamanın şərtlərindən sayılan səyyar vergi yoxlamasının başa çatması halı baş tutmamışdır. Belə ki, Vergi Məcəlləsinin tətbiq olunan maddi hüquq normalarının qarşılıqlı təhlilindən göründüyü kimi mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili sayılır. Təqvim ili isə il üzrə yanvar-dekabr aylarını əhatə etməklə tam ili nəzərdə tutur. Lakin göründüyü kimi yuxarıda qeyd olunan hər iki yoxlama üzrə (sonrakı yoxlama başa çatmamışdır) 2017-ci il tam əhatə olunmamış, yəni mənfəət üzrə hesabat dövrü tamamlanmamışdır. Belə olan halda, 2017-ci ilin mənfəət vergisi üzrə yoxlamanın keçirilməsi söhbət mövzusu ola bilməz. Çünki hesabat dövrü üzrə mənfəətin yoxlanılması üçün il üzrə bütün aylar vergi yoxlaması ilə əhatə olunmalıdır. Əks təqdirdə müvafiq il üzrə mənfəətin müəyyən edilməsi və həmin il üzrə mənfəət vegisinin hesablanması imkan xaricindədir. Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilini əhatə etdiyi üçün hər hansı aylar üzrə yoxlamanın keçirilməsi və müvafiq ilin mənfəətinin müəyyən edilməsi yolverilməz olmaqla yanaşı imkansızdır. Bir daha qeyd edilməsi zəruri hesab edilir ki, hər iki yoxlama üzrə 2017-ci ilin mənfəəti nəzərdə tutulmamış və heç bir rəsmi sənədlə təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq etməklə işin faktiki hallarına uyğun gələyən nəticəyə gəlmişdir ki, bu da yolverilməzdir. Könüllü açıqlama anlayışına cavab verən heç bir faktiki hal olmadığı halda işin faktiki halını könüllü açıqlama kimi müəyyən etmiş və nəticədə yanlış qənaətə gəlmişdir. İş üçün əhəmiyyətli olan halların sübut edilməsi üzrə vəzifələrini yerinə yetriməmiş və heç bir ağlabatan əsaslandırma aparmadan və ya təhrif olunmuş əsaslandırma nümayiş etdirərək gəldiyi qənaətinə haqq qazandırmağa çalışmışdır. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, Vergi Məcəlləsinin 36.3-cü və 85.4-cü maddələrində nəzərdə tutulmuş müddətlər vergi orqanının həyata keçirməyə səlahiyyətli olduğu hüquqlarının müəyyən olunmuş zaman sərhədidir. Bu normalar dispozitiv xarakterli norma olduğu üçün davarnış imkanı sərgiləyir ki, bu da yoxlama keçirilərkən müddət üzrə vergi orqanına müəyyən olunmuş müddət daxilində hərəkət sərbəstliyi təklif edir. Bu baxımdan, məhkəmənin “qərar üzrə yoxlanılan vergi dövründə ilin son neçə ayının əhatə edilməsindən asılı olmayaraq yoxlama həmin ilin yanvar-dekabr ayları mənfəət vergisi məqsədləri üçün yoxlanılır” ifadəsi həmin maddi hüquq normalarının həqiqi mahiyyət və məzmununa zidd olmaqla, hüquqlara xələl gətirəcək ciddi müdaxilədir. Bu baxımdan işin faktiki halları nəzərə alınmaqla, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, apellyasiya şikaytinə etiraızında və iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda, iddiaçının səyyar vergi yoxlaması ilə bağlı mənfəət və əmlak vergisi bəyannamələri ilə əhatə olunması barədə müraciətinə cavabdeh orqan tərəfindən ünvanlanmış 16.04.2018-ci il tarixli cavab məktubunda, səyyar vergi yoxlaması ilə 2017-ci il mənfəət vergisi bəyannaməsi ilə əhatə olunduğunu və həmin yoxlamanın keçirilməsinə dair qərar ləğv olunsa da, faktiki olaraq yoxlamanın aparıldığını və müəssisədə mənfəət vergisi üzrə pozuntular aşkar edilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı 07.02.2020-ci il tarixində könüllü dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi ilə bəyan etdiyi 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 manat məbləğində faizlərin silinməsi öhdəliyinin cavabdehə həvalə olunmasını tələb edir. İddiaçı tərəfindən qaldırılan həmin iddia, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.3-cü maddəsinin tələbi baxımından, öhdəliyin icrası haqqıda iddia növünə aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki halları baxımından, iddiaçının ona hesablanmış qeyd olunan faizlərin silinməsi barədə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 72.5-2-ci maddəsi təşkil edir. Belə ki, Vergi Məcəlləsinin qeyd olunan 72.5-2-ci maddəsi nəzərdə tutur ki, könüllü açıqlama edildiyi halda, təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. Qeyd olunan maddənin tələbindən isə göründüyü kimi, vergi ödəyicisi tərəfindən o halda təqdim edilmiş hesabat üzrə yalnız hesablanmış verginin məbləği ödənilir ki, həmin hesabat üzrə könüllü açıqlama vermiş olsun. Könüllü açıqlamanın Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsində verilən anlayışına görə: “könüllü açıqlama - səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir.” Qeyd olunan normanın mənasından isə göründüyü kimi, səyyar vergi yoxlaması başa çatmalıdır ki, həmin yoxlama nəticəsində aşkar olunmayan və vergi öhdəliyinin yaranmasına səbəb olan hal vergi ödəyicisi tərəfindən könüllü şəkildə bəyan edilmiş olsun. Səyyar vergi yoxlamasının başa çatmasına gəldikdə isə Vergi Məcəlləsi bununla bağlı aşağıdakıları nəzərdə tutur. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Vergi qanunverigiliyinin qeyd olunan normalarının tələblərindan göründüyü kimi, səyyar vergi yoxlaması o halda başa çatır ki, yoxlamanın nəticələri üzrə müəyyən edilmiş formada 5 nüsxədə vergi yoxlaması aktı tərtib edilərək imzalanır, bir nüsxəsinin də vergi ödəyticisinə verilir və həmin akt əsasında da vergi orqanı tərəfindən qərarlardan qeyd olunan biri qəbul edilir, həmin qərarın surəti və tələbnamə vergi ödəyicisinə (və ya nümayəndəsinə təqdim edilir. İş materiallarına əsasən isə müəyyən olunur ki, vergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında mübahisələndirilən mənffət vergisi dövrünün də əhatə olunduğu səyyar vergi yoxlaması başa çatmamış, nəticələri üzrə qeyd olunan təsdiqedici sənədlər tərtib olunmamış, vergi ödəyicisinə təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” 29.03.2018-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "xxxx" MMC-də: oktyabr 2017yanvar 2018-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilərək müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 30.03.2018-ci il tarixli tələbnamə göndərilmişsə də, həmin yoxlama başa çatdırılmamış, vergi orqanı tərəfindən qəbul olunmuş “Səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının ləğv edilməsi barədə” 11.12.2018-ci il tarixli **********1711687 nömərli qərara əsasən, “29.03.2018-ci il tarixli **********145480 nömərli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərar ləğv edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdeh vergi orqanının həmin, yəni “Səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının ləğv edilməsi barədə” 11.12.2018-ci il tarixli qərarı mübahisələndirilməmişdir. Halbuki, sözügedən qərar maraqlı şəxs kimi onun qanunla qorunan hüqularını məhdudlaşdırdığı (əlverişsiz inzibati akt) halda, əlverşsiz inzibati akt kimi həmin qərarı mübahisələndirmək hüquqna malik olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Beləliklə də iş materiallarına əsasən müəyyən edilən hallar və qanunvericilyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçı "xxxx" MMC-də vergi orqanının 29.03.2018-ci il tarixli qərarı ilə təyin olunmuş 2017-ci ilin vergi dövrü üzrə mənfəət və əmlak vergisi bəyannaməsi ilə əhatə olunan səyyar vergi yoxlaması başa çatmış yoxlama kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, iş materiallarına əsasən bundan əvvəl keçirilən 2017-ci ilin yanvar-sentyabr aylarını əhatə edən səyyar vergi yoxlamasının nəticələri üzrə 12.12.2017ci il tarixli səyyar vergi yoxlaması aktına və 14.12.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 14.12.2017-ci il tarixli qərarına əsasən mənfəət vergisi bəyannaməsi ilə əhatə olunduğu müəyyən olunmur, əhatə olunması da mümkün də ola bilməzdi. Çünki, mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 107, 129 və 149.2-ci maddələrinin tələbləri baxımından hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq verilir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, növbəti ildə 29.03.2018-ci il tarixli qərarına əsasən başlanmış səyyar vergi yoxlaması oktyabr 2017-yanvar 2018-ci il vergi dövrünü (o cümlədən, mənfəət vergisi bəyannaməsi üzrə) əhatə olunsa da, həmin qərar ləğv edildiyindən baş tutmamışdır. Belə olan halda, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə Vergi Məcəlləsinin qeyd olunan 13.2.49-2-ci və 72.5-2-ci maddələri tətbiq olunmaqla, iddiaçı tərəfindən 07.02.2020-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə 2017-ci il üzrə əlavə olaraq bəyan edilən mənfəətin - könüllü açıqlama kimi qiymətləndiriləməsi və onun tərəfindən yalnız mənfəət vergisinin hesablanıb dövlət büdcəsinə ödənilməsi mümkünlüyü istisna olunur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, 07.02.2020-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamə ilə 2017-ci il üzrə əlavə olaraq bəyan olunmuş 12.756.168,11 manat məbləğində mənfəətdən (cavabdeh tərəfindən faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5.349,01manat vergilər nəzərə alınmaqla), 2.545.884,61 (12756168,11x20%)-5349,01) manat məbləğində vergilər könüllü şəkildə dövlət büdcəsinə ödənilməsi ilə yanaşı, cavabdeh tərəfindən iddiaçıya 936.909,00 manat məbləğində faizlər hesablanması (iş vərəqi 35, iddiaçının şəxsi hesab vərəqəsi səh., 5/14) vergi qanunuvericiliyinə uyğun olmuşdur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinin tələbindən də görünür ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Beləliklə də, iddiaçının 07.02.2020-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi ilə 2017-ci il üzrə əlavə olaraq bəyan olunmuş mənfəətə görə cavabdeh tərəfindən ona 936.909,00 manat məbləğində faizlər hesablanıb şəxsi hesab vərəqinə işlənilməsi və tələbnamə ilə ödənilməsinin tələb olunmasını zəruri edən faktiki şərtlər sübuta yetirilir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən olunan hallara maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normasını düzgün təfsir düzgün tətbiq etməmiş, iddianın təmin olunması barədə mahiyyəti üzrə səhv nəticəyə gəlmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin maddi hüquq normalarının işin müəyyən olunmuş faktiki hallarına uyğun tətbiq edilmədiyini, faktiki hallarını nəzərə alınmaqla, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etdiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7932/2021 saylı 29.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7932/2021 saylı 29.07.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı"xxxx" MMC-nin “faizlərin silinməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Aytən Oruczadə Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-341/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-341/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver