Məhkəmə qərarları › İş №2-1(103)-341/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-341/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-341/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-940/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçıqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehin müəssisəyə 27.603,63 manat mənfəət vergisinin hesablanması barədə 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarının qanunsuz hesab edilərək ləğv edlilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarına əsasən iddiaçıya 2019-cu il hesabat dövrü üzrə 27.603,63 manat mənfəət vergisi hesablanmışdır. Həmin qərardan inzibati şikayət edilsə də Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin 14 aprel 2021-ci il tarixli, **********749700 №-li qərarına əsasən cavabdehin həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, mübahisənin predmeti olan qərar qanusuz hesab edilərək ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən qərar çıxarılan zaman mövcud işin faktiki hallarına əhəmiyyət verilməmiş və həmin faktiki hallar araşdırılmamışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarından verilmiş şikayət əsasında aparılan inzibati icraat zamanı tam olaraq sübut olunmuşdur ki, 2019-cu il ərzində İddiaçı MMC-nin "xxxx" QSC-nin “Səbail” filialında olan AZ50ACAB******************** nömrəli hesablaşma hesabına 10242,88 ABŞ dolları (17412,9 manat) və AZ91ACAB******************** nömrəli hesablaşma hesabına 21180,56 manat mədaxil olmuşdur. Yəni, 2019-cu il ərzində İddiaçı MMC-yə ümumilikdə 38.593,46 manat mədaxil olmuşdur. Belə olan halda hansı, hüquqi və riyazi məntiqlə 2019-cu il üçün İddiaçı MMC-yə 27.603,63 manat mənfəət vergisi hesablana bilər? Eyni zamanda, inzibati icraat qaydasında araşdırma zamanı da 144.336,86 manat dəyərində mal qalığının olmasına hüquqi qiymət verilməmişdir. Mübahisə predmeti olan qərar çıxarılan zaman Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalar da nəzərə alınmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, 2019-cu il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 5506,64 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 149580,86 manat məbləğlə müqayisədə 144074,22 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə uyğunsuzluq məktubu göndəilərək zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuş məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı vergi orqanın heç bir sənəd təqdim edilmədiyinə görə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinə 27603,63 manat məbləğində əlavə vergi məbləği hesablanmış və barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********968900 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmiş, iddiaçı tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 27603,63 manat hesablanaraq bu barədə qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********492700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barədə qərar çıxarılarkən mövcud işin faktiki hallarına əhəmiyyət verilməmiş və həmin faktiki hallar araşdırılmamışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24 fevral 2021-ci il tarixli, **********492700 №li kameral vergi yoxlaması qərarından verilmiş şikayət əsasında aparılan inzibati icraat zamanı tam oiaraq sübut olunmuşdur ki, 2019-cu il ərzində cəmiyyətin "xxxx" QSC-nin “Səbail” filialında olan AZ50ACAB ******************** nömrəli hesablaşma hesabına 10242,88 ABŞ dolları hesablaşma hesabına 21180,56 manat mədaxil olmuşdur. Yəni, 2019-cu ii ərzində İddiaçı MMC-yə ümumilikdə, 38.593,46 manat mədaxil olmuşdur. Belə olan halda hansı, hüquqi və riyazi məntiqlə 2019-cu il üçün İddiaçı MMC-yə 27.603 63 manat mənfəət vegisi hesablana bilər? Eyni zamanda, birinci instansiya məhkəməsi 144.336,86 manat dəyərində mal qalığının olmasına hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin tələbi ilə 144.336,86 manat dəyərində mal qalığının olması faktının müəyyən edilməsi ilə əlaqədar olaraq Cəmiyyətin fəaliyyətinin dayandırılmasına baxmayaraq, həmin mallara baxış keçirilib sayılması üçün qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və həmin mal qalığı icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə yerləşdirilmiş və bu barədə məhkəməyə, rəsmi məktubla isə cavabdehə məlumat verilmişdir. Bununla əlaqədar olaraq məhkəmə baxışı üç dəfə təxirə salınsa da nə cavabdeh tərəf, nə də məhkəmə qalıq mallara baxış keçirməmişdir. Mübahisə nredmeti olan qərar çıxarılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalar da nəzərə alınmamışdır...» Məhkəmə kollegiyasının iclasıları barədə məlumat verilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Xəlilov iddiaçıya kameral qaydada hesablanmış vergi qanunvericiliyinə uyğun olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerinə getmədən vergi orqanında olan , vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. İş materiallarına əsasən (iddia ərizəsinə, cavabdehin iddia ərizəsinə dair etirazına və ona əlavə olunmuş sənədlərə və s.) müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi 2019-cu ilin vergi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi, 5506,64 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi-149580,86 manat məbləğlə müqayisədə, 144074,22 manat az əks etdirildiyi müəyyən olunmuş, iddiaçı tərəfindən aşkar edilən həmin uyğunsuzluqla bağlı xx.xx.2021-ci il tarixdə mənfəət vergisinin dəqiqləşdirilməsi barədə vergi bəyannaməsi təqdim olunmuş, lakin cavabdeh vergi orqanı tərəfindən həmin bəyannamə qəbul olunmamış və mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə”xx.xx.2021-ci il tarixli **********492700 nömrəli qərarı ilə iddiaçıya 2019-cu il üçün 27603,63 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, vergi orqanının həmin qərarı əsaslıdır. Belə ki, işə əlavə olunmuş iddiaçının şikayəti üzrə qəbul edilmiş Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən baxılarkən iddiaçının səlahiyyətli nümayəndəsi (rəhbəri) X1 araşdırmada iştirakı təmin edilmiş, o, inzibati araşdırma ilə bağlı təqdim etdiyi izahatında - 2019-cu il üçün cari təqdim edilmiş mənfəət vergisi bəyannaməsində mühasibin səhvi səbəbindən bəyannamədə ilin sonu vəziyyətinə mal qalığı haqqında məlumatların bəyan olunmadığını, xx.xx.2021-ci il tarixdə müvafiq dəqiqləşmələr aparılmaqla bəyannamənin təqdim olunduğunu, hesabat dövrünün sonuna göstərilmiş 144336,86 manat məbləğində olan mal qalığının mövcud olduğunu və ünvan 1 ünvanında saxlanıldığını qeyd etmiş, lakin bununla bağlı saxlanc (icarə) müqaviləsi təqdim etməmişdir. Araşdırma zamanı həm də iddiaçının qeyd edilən ünvan üzrə belə qeydiyyatdan keçən təsərrüfat subyektinin mövcduluğu aşkar edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, eyni təchizatçı tərəfindən eyni adlı malları alan (idxal edən) digər vergi ödəyicisinin fəaliyyət göstərir. İddiaçının isə hazırkı apellyasiya şikayətinin dəlillərində kameral vergi yoxlaması nəticəsində aşkar olunan həmin kənarlaşma, yəni, həmin hesabat ilinin sonuna 144336,86 manat məbləğində mal qalığının mövcudluğu mötəbər sübutlarla əsaslandırılmamış, belə mal qalığının ümumiyyətlə mövcud olmadığı təkzib olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı iddiaçıya 2019-cu il üçün əlavə mənfəət vergisi hesablanması işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə olan halda həmin qərarın iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, iddiaçı tərəfindən cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 fevral 2021-ci il tarixli, **********492700 №-li qərarı ilə onun hüquqlarının pozulduğu sübuta yetirilmir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən işin faktiki hallarına əhəmiyyət verilmədiyini, faktiki hallar araşdırılmadan qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar