Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-341/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5464/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia qaldıraraq “Əmək pensiyaları haqqında” Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5464/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia tələbi cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” qərarının və xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1972-ci il tarixdə doğulmuş, uzun müddət, mülki aviasiya sahəsində, o cümlədən, xx.xx.1994-cü ildən etibarən “X6" şirkətində böyük təlimatçı bortoperator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarı ilə DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixində təyin olunmuş 2826 manat məbləğində pensiyası yenidən hesablanaraq dayandırılmışdır. Eyni zamanda, Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli Qərarı əsasında ona əmək pensiyası təyin edilməsi haqqında DSMF-nin Xəzər raon şöbəsinin xx.xx.2007-ci il tarixli qərarı da ləğv edilmişdir. Cavabdeh orqanın həmin mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının 2.1 -ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər...” Cavabdeh iddiaya yazılı etiraz verərək, aşağıdakılarla əsaslandırmışdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3- cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5464/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********5 nömrəli və Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçıya əmək pensiyası ödənişinin “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu və pensiya tyinatı bardə qərarın ləğv olunacağı barədə xəbərdar olunub. Qeyd olunanlar nəzərə alınmaqla, vaxtilə iddiaçıya pensiya təyin olunması haqqında qərar ləğv olunmuş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə, 325700,32 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyası nəzərə alınmaqla, artıq ödənilmiş həmin məbləğ yenidən hesablanaraq 100321,1 manata azaldılmışdır. Maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından inzibati orqanın mübahisələndirilən qərarı formal tələbləri (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Məhkəmənin iddianı təmin etməsi qanunçuluq prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərədə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasında Filial tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş, iddiaçının hüqqlarına müdaxilə edilməmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmadan əsassız və qanunsuz qərar qəbul edərək iddianı təmin etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə DSMF-nin Xəzər rayon şöbəsinin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə xx.xx.2007-ci il tarixli qərarı ləğv edilmiş və eyni tarixli qərarı ilə pensiya ödənişi dayandırılmışdır. Lakin iddiaçının pensiya işinə əsasən cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı qəbul edilmiş mübahisələndirilən qərarların pensiya qanunvericiliyinə və inzibati icraat haqqında hüquq normalarına uyğun oluduğu müəyyən edilmir. Cavabdeh tərəfindən apellyasiya şikayətində həmin qərarların “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü və 39.1-ci maddələrinin tələbləri çərçivəsində qəbul olunduğu qeyd olunsa da, əslində, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi isə nəzərədə tutur ki, bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır. X4 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda, məhkəmə qaydasında tutulur. Birincisi, "xxxx" QSC tərəfindən sorğulara verilmiş cavab məktublarında bu sahənin ixtisaslaşmış qurumu olaraq iddiaçının həmin qurumda çalışdığı “bort operator” vəzifəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Siyahı”ya uyğun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid edildiyi halda, bu sahədən baş açmayan və müvafiq qiymətləndirmə aparmaq üçün subyektiv hüquqa malik olmayan pensiya təyinedicisi olan cavabdeh Qanunu səhv təfsir edərək, öz mülahizəsinə əsasən iddiaçını güzəştli pensiya hüququndan məhrum edərək özbaşınalıq nümayiş etdirmiş və “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin özünə sərf edən 1ci cümləsini əsas tutaraq artıq ödəmə adı altında mübahisələndirən dövr üzrə iddiaçının əmək pensiyasından tutma həyata keçirməyə başlamış və bu qanunsuz hərəkətləri ilə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Qanunun 39.1-ci maddəsinin ikinci cümləsinin imperativ tələbinə görə artıq ödənilən əmək pensiyası və ona əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarına əsasən isə iddiaçının belə bir razılığı müəyyən olunmur, konkret halda, işin hallarından da göründüyü kimi, cavabdehin adıçəkilən qərarlarının qanunsuz və əsassız olduğu mübahisələndirilmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinin inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bundan əlavə cavabdeh inzibati icraat haqqında hüquq normalarının tələblərinə də məhəl qoymamış, 15 ildən sonra, iddiaçının alıb xərclədiyi əmək pensiyasını ona “artıq ödəmə” kimi hesablamışdır. Belə ki, həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi DSMF-nin Hacıqabul rayon şöbəsinin qərarı əsasında illər ərzində hər ay ona pensiya ödənildiyi, hazırda isə aşkar ahıl dövründə pensiya ödənişin dyandırılması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə pensiyaçı tərəfindən yol verilməsi ilə bağlı heç bir əsaslandırma da mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, mübahisələndirilən qərarların maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmadığı və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq mübahisələndirilən qərarların ləbv edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarılıdığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5464/2023 saylı xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5464/2023 saylı xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-341/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-341/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver