Məhkəmə qərarları › İş №2-1(103)-3410/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3410/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3410/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 yanvar 2020-ci il tarixdə bütün sənədlərin əsli ilə birlikdə müraciət etmişdir. Ona bildirilmişdir ki, müvafiq müddət 6 ay təşkil edir və yeni arayış alınmalıdır. Bundan sonra 14 fevral 2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. X7 dəvət etmişlər və ona bir daha bildirilmişdir ki, ona pensiya təyin oluna bilməz. İddiaçının 57 yaşı 1 yanvar 2020-ci il tarixdə tamam olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin olunur. Buna görə də həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ araşdırılarkən ilk növbədə 57 yaşı tamam olan 1 yanvar 2020-ci il tarixə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun müəyyən edilməsi idi. Həmin tarixə isə, bu növ pensiyanın təyin edilməsi üçün şəxsin qanunla müəyyən edilən yaş həddinə (57 yaş) çatması, 25 il ümumi sığorta stajına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan istehsalatda, peşələrdə, vəzifələrdə və göstəricilərdə 12 il 6 aya çatması yetərli sayılır. İddiaçının isə, 36 ildən çox stajı, 25 il 28 gün zərərli iş stajı var. Ən nəhayət, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktin qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönlənməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2020 saylı 13 avqust 2020-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayət vermişdir. Cavabdehin vəkili bu dəfə iddiaçının əmək kitabçasının 4-cü səhifəsində düzəliş olduğunu iddia etmiş və qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Cavabdehin bu mövqeyinə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-47/2022 saylı iş üzrə müvafiq qərarı ilə aydınlıq gətirilmişdir. İddiaçının əmək kitabçasının 4-cü səhifəsində düzəliş edildiyinə dair dəlilə gəldikdə, 1985-ci il 31 may tarixdə işdən azad olunmaya aid olan həmin düzəliş əmək kitabçasında həmin iş dövrünə aid məlumatların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Belə ki, elə həmin səhifədə (4-cü sütunda) işdən çıxma barədə əmrin nömrəsi və tarixi göstərilmişdir. Həmin qeyd isə, mübahisəsizdir. Digər tərəfdən, iddaçı həmin tarixdə işdən azad olunduqdan sonra növbəti aydan 1985-ci il 20 iyun tarixdən digər müəssisədə isə qəbul edilmişdir. İddiaçı inzibati məhkəmənin qərarından sonra ikitərəfli razılaşma ərizəsi ilə Mərkəzi Filiala müraciət etmişdir. Ona cavab olaraq apellyasiya instansiya məhkəməsində ərizəyə baxılacağı bildirilsə də, ərizəyə baxılmadı. İş apellyasiya instansiyası məhkəməsinin qərarından 68 gün sonra Ali Məhkəməyə göndərilmişdir. Qərara 30 gün müddət qoyulmuşdur. 1 iyun 2022-il il tarixdə ərizə ilə müraciət edilsə də, cavab alınmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstituiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protoklları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarının, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Haqqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşqa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açiqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Yuxarıda göstərilən dəlilərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 4, 149, 150ci maddələrinin rəhbər tutaraq, məhkəmədən cavabdeh tərəfindən iddiaçıya dəymiş 12.000 manat məbləğində mənəvi zərərin birdəfəlik ödənilməsi (onun pensiya kartına) barədə qərar çıxarılması xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2) Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Mərkəzi Filail) müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı 1 yanvar 2006-cı il taruxədək 25 il ümumi iş stajını, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajını toplamamışdır. Bundan sonra iddiaçı məhkəmədə iddia qaldıraraq, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin həmin mübahisə üzrə 13 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin imtinası qanunsuz qiymətləndirilməklə iddia təmin olunmuş və iddiaçıya 57 ya.dan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfin həmin məhkəmə qərardan apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarı ilə, eləcə də sonuncu məhkəmənin qərarından kassasiya şikayəti Ali Məhkəmənin qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmənin qərarının qəbulundan sonra cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi (Mərkəzi Filialı) tərəfindən iddiaçıya 1 yanvar 2020-ci il tarixdən – 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və həmin tarixdən ödənilməmiş pensiya məbləği ödənilmişdir. Bundan sonra iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində dəymiş 12.000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı yenidən cavabdehə müraciət etsə də, cavabdeh ziyanın ödənilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, müvafiq hərəkətlər nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi sübuta yetirilmir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona dəymiş 12.000 manat mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, , hazırkı iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı iddiası üzrə məhkəmə icraatında məhkəmə cavabdeh inzibati orqanın müvafiq imtinasını qanunsuz qiymətləndirsə də, bu hal deliktin mövcudluğunu birbaşa ehtiva etmir. Nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən ərizəçinin müraciəti üzrə arzuladığı inzibati aktın qəbulundan inzibati icraatda imtina olunması ərizə üçün müəyyən hüquqi nəticənin yaranmasını istisna etsə də, mülki hüquq pozuntusu sayıla bilməz. Yalnız həmin imtinanın müvafiq müddət ərzində qəbul olunmaması İnzibati Xətalar Məcəlləsində (594-cü maddəsində) təsbit olunmuş inzibati məsuliyyətə səbəb ola bilər. Xüsusilə diqqət yetirilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun müddəaları (89-cu maddəsi) inzibati orqanın qanunsuz qərarı və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində şəxsə vurulmuş ziyana görə həmin qurumun Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıdığını təsbit etmişdir. Halbuki, qeyd olunduğu kimi, hazırkı iş üzrə cavabdehin hərəkəti, yəni imtinası ilə iddiaçıya ziyan vurulması müəyyən edilmir. Digər tərəfdən qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi sarsıntı baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqadar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ona dəymiş mənəvi ziyanın dəyməsini iddia etsə də, bu ziyanın sarsıntı və ya iztirab formasında ifadə olunmasını konkret əsaslandırmamışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinin iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olması ilə əlaqədar, yəni onun səhhətində baş vermiş mənfi dəyişikliklərlə bağlı məhkəməyə tutarlı sübutlar təqdim edilməmiş, habelə məhz cavabdehin imtinası və sonradan məhkəmə mübahisəsinin davam etməsi ilə bağlı mənəvi sarsıntılar keçirməsi təsdqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar