Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3410/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına iş üzrə QƏRARİ (Açar sözlər: “pensiyanın yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh pensiya qurumunun xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının pensiyasının yenidən hesablanması tələbinə dair müraciətinə baxılaraq etiraza uyğun məzmunda cavab verilmişdir.
2. Cavabdeh pensiya qurumunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən onun əmək pensiyasının məbləğinin indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 421,15 manata çatdırıldığı və eyni Qanunun 24-cü maddəsinə istinad edilərək xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün nəzərdə tutulan müvafiq kateqoriyalara uyğun gəlmədiyi üçün sözügedən dövrlərin ikiqat və üçqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsinin qanunvericiyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir.
3. İddiaçının pensiya işinin materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il **********1 №li qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, yenidən hesablanma nəticəsində onun xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-dəki fəaliyyət dövrü müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməmişdir.
4. Cavabdeh pensiya qurumunun xx.xx.2023-cü il tarixli, **********1 nömrəli qərarından görünür ki, iddiaçının iddiaçıya təyin edilmiş pensiya sığorta stajının yenidən hesablanması ilə əlaqədar 421,16 manata çatdırılmışdır.
5. 27.06.1979-cu il tarixdən doldurulmağa başlamış ПТ-İ ******* №li əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960cı il təvəllüdlü İddiaçı 01 sentyabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif təşkilatlarla yanaşı xx.xx.1984-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan SSR DİN UA-38/11 müəssisəsində kənd təsərrüfatı üçün altlıq yeşik hazırlayan sahəyə usta işləmiş, sovet ordusuna çağırılması ilə əlaqədar xx.xx.1984-cü ildə işdən azad edilmiş, 10.19xx-xx.1986-cı illərdə Sovet ordusunda xidmət etmiş, xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR DİN UA-38/11 müəssisəsinə İstehlak malları sexinin ustası vəzifəsinə yenidən işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixədək həmin müəssisədə qazanxana-qaynaq sexinin mühəndisi, əməyin təşkili və əməkhaqqı şöbəsində qiymətləndirici, planlaşdırma və İqtisadiyyat şöbəsinin rəhbəri vəzifələrində, xx.xx.2005-xx.xx.2011-ci il tarixlərdə "xxxx" MMC-də (VÖEN **********) maliyyəçi, məsləhətçi-hüquqşünas vəzifələrində işləmişdir.
6. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) xx.xx.2003-cü il tarixdə 0103-P328-48496 nömrə ilə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur.
7. Bakı şəhər Vergilər Departamenti tərəfindən "xxxx" MMC-də xx.xx.2003- xx.xx.2005-ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinə dair (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) keçirilmiş xx.xx.2005-ci il tarixli səyyar vergi yoxlaması aktının 2.10-cu bəndindən görünür ki, yoxlamanın əhatə etdiyi dövrdə hesablanmış əməkhaqqından DSMF-ə ayırmaların hesablanmasının və xərclərə aid edilməsinin düzgünlüyü təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən ddiaçıya məxsus məlumatlar göndərilmişdir. Məktuba əlavə edilmiş işçilərin şəxsi hesab vərəqəsindən çıxarışa əsasən İddiaçı adı istehsalat işçisilərinə aid siyahında qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının sosial sığorta stajının düzgün müəyyən edilərək hüququnun yarandığı tarixdən yenidən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən ayda 217,41 manat olmaqla avtomatlaşdırılmış qaydada İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Təyin olunmuş əlillik pensiyası ilə razı olmadığından ilkin şikayətindən sonra cavab verilmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 11 il, 7 ay, 21 gün və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da nəzərə alınmaqla pensiyasının məbləği yenidən hesablanaraq 253,08 manat təyin edilmişdir. Sonradan neçə dəfə şikayət edilsə də, ona qeyd olunan pensiyanın hansı qaydada təyin edilməsi izah edilməmişdir. xx.xx.2006-cı il tarixədək olan sığorta stajı ilə əlaqədar isə onu öyrənə bilmişdir ki, özəl şirkətlərdə işlədiyi illər əmək stajı kimi nəzərə alınmamışdır. İddiaçının hətta keçmiş Ticarət Nazirliyinin Bakı Çörək Ticarəti İdarəsində və Tikinti Materialları Nazirliyinin tabeçiliyində olan zavodda işlədiyi müddət belə özəl şirkətdə işlədiyi müddət kimi qəbul edilmişdir. Cavabdehin sonuncu xx.xx.2021-ci il tarixli məktubunda isə iddiamının İnstitutda oxuduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək əmək stajının 16 il 6 ay olduğu göstərilmiş və qeyd edilmişdir ki, Mərkəzi Flialda aparılan araşdırmaya əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Yusif’ firmasının, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “Samir’' firmasının, xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “METRA” İTM Azərbaycan-Türkiyə birgə müəssisəsinin, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “X5 LTD” MMC-nin, xx.xx.2001-ci il tarixindən xx.xx.2004-ci il tarixinədək “X4" MMC-nin, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək “Giləzi-Kərpic" firmasının, xx.xx.2005-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “Qrand" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir. Həmin məktubda həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1654 nömrəli məktubuna əsasən “Azərsənayetikintiquraşdırma” Dövlət Konserinin Bakı Elektirik Avadanlıqlarının Təmiri zavodunun arxiv sənədləri mühafizə üçün təhvil verilmədiyinə görə əmək kitabçasının surətinə qeyd edilən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı i tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarının 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 №li Qərarının 34-cü bəndinə əsasən Penitensiar xidmətin X2 çalışmaq Güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İddiaçının mülki şəxs kimi Penitensiar xidmətdə işlədiyi hər 3 ( üç) gün 4 (dörd) gün sayıldığından Penitensiar xidmətin X3 UA 38/11-də çalışdığı 8 il 9 ay 24 günə görə əmək stajının əlavə 1073 gün, yəni 2 il 1 1 ay 8 gün artırılmalıdır. Beləliklə, əmək kitanıçasına görə xx.xx.2006-cı il tarixinədək onun əmək stajı 29 il 4 ay 7 gün təşkil edir. O vergi orqanında qeydiyyatda olmuş, həmin müəssisələrin baş mühasibi yoldaşı olmuş, DSMF-a hesabatlar vermiş və müəssisələrin adından Fonda vəsaitlər ödəmişdir. İddiaçının pensiyasının düzgün hesablanmaması ilə bağlı dəfələrlə Fonda müraciət etmiş, adı çəkilən müəssisələrin üzərində müəssisələrin ünvanı, Rəhbərinin adı və telefonları göstərilmiş sənədlərini 28 iyul 2021-ci il tarixli aktla Fondun əməkdaşı təqdim etmişdir. Fondun əməkdaşları isə qeyd olunanları görməzdən gəlir, öz arxiv sənədlərinə baxmır, yaxud vergi orqanına müraciət etmək istəmirlər. Həm də nəzərə almaq lazımdır ki, əmək stajları ilə bağlı məlumatlar müəssisələr tərəfindən 2013- cü il tarixdə Fondun PAS sisteminə işlənilməsi üçün təqdim edilmişdir. Bunlardan başqa, oxşar işlər üzrə Ali Məhkəmənin 2-1(102)-432/2021 üzrə xx.xx.2021-ci il tarixli Qərarında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Neftçala rayon şöbəsinə qarşı, İş № 2-1(102)- 1445/2021 üzrə xx.xx.2021-ci il tarixli qərarında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qusar rayon şöbəsinə qarşı olan işlərdə və s. əmək stajının müəyyən edilməsi vaxtı əmək kitabçasının əsəs olması göstərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, onun sosial sığorta stajı düzgün müəyyən edilərək hüququnun yarandığı tarixdən yenidən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
11. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində İslah-Əmək müəssisəsi UA38/11-də 1984-cü ilin 28 avqustundan 1995-ci ilin 01 yanvar tarixinədək işlədiyi 3220 günün hər 3 (üç) gününü 4 (dörd) gün qəbul etməklə əmək stajına əlavə olaraq 1073 gün, yəni 2 il 11 ay 8 gün əmək stajı hesablanması və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
13. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi orqanizmin funksiyalarının 31-80 faiz pozulmuş şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə. İddiaçı əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək 16 il 6 ay sığorta stajı (12274,25 manat pensiya kapitalı) və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 21446,71 manat pensiya kapitalına müvafiq olaraq əmək pensiyasının məbləği yenidən hesablanaraq ((12274,25 + 21446,71) / (0,9166 x 144)) xx.xx.2020-ci il tarixdən 255,46 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 284,58 manata çatdırılmışdır. Bildirilir ki, Mərkəzi Filialda aparılan araşdırmaya əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Yusif” firmasının, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Samir” firmasının, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “METRA” İTM Azərb-Türkiyə birgə müəssisəsinin, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X5 LTD” MMC-nin, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X4” MMC-nin, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Giləzi-Kərpic” firmasının, xx.xx.2005- ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir. İşin faktiki hallarından və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi İddiaçı təyin edilmiş əmək pensiyası qanunvericiliyin tələbləri baxımından düzgün hesablandığından iddia tələbi təmin edilməməlidir. Cavabdeh "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.2, 22-1.1, 22-1.3-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən edilməsi, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövr onun əmək stajına daxil edilməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlardan, mülki işçilərdən və hərbi qulluqçulardan ibarətdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmamışdır. Bu dövrdə o, penitensiar xidmətin işçisi kimi mülki işçi statusunda olmuşdur. Belə ki, əmək kitabçasındakı qeydlərdən və digər sənədlərdən göründüyü kimi, iddiaçı X2 isrtehsalat sahəsində usta, mühəndis, əməyin təşkili və əməkhaqqı şöbəsində qiymətləndirici, planlaşdırma və İqtisadiyyat şöbəsinin rəhbəri vəzifələrində işləmişdir. Penitensiar xidmətin mülki işçilərinə isə pensiya təyin edilərkən penitensiar müəssisələrdə müddət qulluq illərinə adi qaydada (bir iş günün bir iş günü) hesablanır. Belə olan halda iddiaçı penitensiar xidmətin əməkdaşı statusuna malik olmadığından və qanunvericilikdə penitensiar xidmətin mülki işçilərinə pensiya təyin edilərkən işlədikləri illərin üç iş gününün dörd iş günü, yaxud iki iş günü üç iş günü kimi hesablanması nəzərdə tutulmadığından cavabdehin imtinası qanunauyğun olmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 409/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarının iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və Penitensiar xidmətin X3 UA 38/11-də çalışdığı 8 il 9 ay 24 günə görə əmək stajıma əlavə 1073 gün, yəni 2 il 11 ay 8 gün artırılmaqla əlilliyə görə əmək pensiyamın yenidən hesablanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia “ xx.xx.1984 - xx.xx.1995-ci il tarixlərdə iddiaçının İslah-Əmək müəssisəsi UA38/11-də işlədiyi 3220 günün hər 3 (üç) gününü 4 (dörd) gün qəbul etməklə əmək stajıma əlavə olaraq 1073 gün, yəni 2 il 11 ay 8 gün daxil edilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması” hissəsində təmin edilməmişdir. Bildirmək istəyir ki, məhkəmə iş üzrə Qərar qəbul edərkən cavabdehin yalnız “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə istinad edərək həmin dövrün nəzərdə tutulan müvafiq kateqoriyalara uyğun gəlmədiyi üçün sözügedən dövrlərin ikiqat və üçqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsinin qanunvericiyin tələbləri baxımından mümkün hesab edilmədiyi qənaətini” qəbul etmiş, qanunvericiliyin bu barədə olan digər tələblərini müəyyən edib araşdırmamışdır.Belə ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №li Qərarının 34-cü bəndinə əsasən Penitensiar xidmətin X2 çalışmaq Güzəştli şərtlərlə pensiya almaq hüququ verir. xx.xx.1984-xx.xx.1986 - cı illər hərbi xidmət dövrü çıxılmaqla, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1995-ci il tarixədək Pentensiar xidmətin 11 saylı X2 usta, mühəndis, normalayıcı, Əmək haqqı və Plan-İqtisad şöbəsinin rəisi vəzifəsində məhkumlarla işləmişdir.O, işlədiyi sahənin işçiləri də-yəni, əməyin təşkili və əmək haqqı şöbəsinin ( hissəsinin) işçiləri və istehsalat sexlərinin ( sahələrinin ) işçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı “ nın “ Penitensiar müəssisələrdə mülki işlər “ barədə olan 34-cü bəndinə daxil edilmişdir. Lakin, məhkəmə bu zaman nəzərə almamışdır ki:-“ Ədliyyə orqanlarında qulluq keçmə haqqında ” Azərbaycan Respublikasının Qanununun “ Penitensiar xidmətin işçilərinin pensiya təminatı haqqında ” olan 39.4-cü maddəsinin təlblərinə əsasən - Penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir: 39.4.1. kişilərə -60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmayaraq, bundan - 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə; Göründüyü kimi, Penitensiar müəssisədə işləyən mülki işçinin ümumi iş stajı 30 il və bundan 15 ilini məhkumlarla işlədikdə 60 yaşında pensiyaya çıxa bilir. Yəni, 15 ilin hər 3(üç) ili 4(dörd) il hesablanmaqla, artıq əlavə hesablanmış 5( beş) il pensiya yaşı oln 65 yaşdan çıxılır və işçi 60 yaşında pensiyaya çıxa bilir: 15 il/3ilx4 il=5ilx4ıl=20 il, 20il- 15il=5 il, 65 yaş-5 il= 60 yaş.Qeyd edilənlərə görə hesab edir ki, adı çəkilən qanunun 39.4.1-ci maddəsinin tələbləri ona da tətbiq edilməli, Penitensiar xidmətdə işlədiyi hər 3 ( üç) gün 4 (dörd) gün sayılmalı, Penitensiar xidmətin X3 UA 38/11 -də çalışdığı 8 il 9 ay 24 günə görə əmək stajı əlavə 1073 gün, yəni 2 il 1 1 ay 8 gün artırılmalıdır.
18. Qərardan həmçinin cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun hakimiyyəti müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı , olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirirlər ki, məhkəmə tərəfindən işə baxılan zaman yuxarıda qeyd edilən Qanunun 1.0.2 və 21.1-ci maddələrinin tələbləri pozularaq iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilib ödənilməməsi məsələsi araşdırılmadan qərar qəbul etmişdir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı özünün apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi özünün apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti.
24. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1.6-cı maddəsinə əsasən sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.7. sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.8. sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 14-cü maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
26. Qərardan iddiaçı və cavabdeh apellyasiya şikayəti verdiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən iddiaçının və cavabdehin ayrıayrılıqda verdikləri apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
30. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və müxtəlif tarixlərdə onun müraciəti əsasında pensiya məbləği yenidən hesablansa da, hazırkı tələbi üzrə əmək fəaliyyəti dövrləri onun stajına daxil edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.
31. Dəqiqləşdirilmiş iddiadan göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir:
32. 1. xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrün əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasıdır və bu hissədə iddia təmin olunmuşdur.
33. İddiaçının digər hissədə tələbi xx.xx.1984-xx.xx.1995-ci il tarixlərdə penitensiar xidmətin əməkdaşı kimi İslah-Əmək müəssisəsində işlədiyi müddətin güzəştli şərtlərlə hesablanıb əmək stajına daxil edilməsidir və bu hissədə iddia rədd olunmuşdur.
34. İddiaçı tələbinin rədd olunduğu hissədən apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırır ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında ” Azərbaycan Respublikasının Qanunu”nun “Penitensiar xidmətin işçilərinin pensiya təminatı haqqında ” olan 39.4-cü maddəsinin təlblərinə əsasən - Penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir: 39.4.1. kişilərə -60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmayaraq, bundan - 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə; Göründüyü kimi, Penitensiar müəssisədə işləyən mülki işçinin ümumi iş stajı 30 il və bundan 15 ilini məhkumlarla işlədikdə 60 yaşında pensiyaya çıxa bilir. Yəni, 15 ilin hər 3(üç) ili 4(dörd) il hesablanmaqla, artıq əlavə hesablanmış 5( beş) il pensiya yaşı oln 65 yaşdan çıxılır və işçi 60 yaşında pensiyaya çıxa bilir: 15 il/3ilx4 il=5ilx4ıl=20 il, 20il-15il=5 il, 65 yaş-5 il= 60 yaş.Qeyd edilənlərə görə hesab edir ki, adı çəkilən qanunun 39.4.1-ci maddəsinin tələbləri ona da tətbiq edilməli, Penitensiar xidmətdə işlədiyi hər 3 ( üç) gün 4 (dörd) gün sayılmalı, Penitensiar xidmətin X3 UA 38/11 -də çalışdığı 8 il 9 ay 24 günə görə əmək stajı əlavə 1073 gün, yəni 2 il 1 1 ay 8 gün artırılmalıdır.
35. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq qeyd edir ki, iddiaçının tələbinin göstərilən hissədə təmin olunması üçün müvafiq dövrdə onun icra etdiyi vəzifə və tutduğu rütbə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1 və 39.3-cü maddəsinin şərtlərinə uyğun olmalıdır.Yəni iddiaçı penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmalıdır.
36. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.10-cu maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
37. Həmin Qanunun tələblərinə görə Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir.Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrində mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır.Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır .( “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1-ci, 33.2-ci, 39.2-ci və 39.3-cü maddələri.)
38. Göründüyü kimi penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlardan, mülki işçilərdən və hərbi qulluqçulardan ibarətdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmamışdır. Bu dövrdə o, penitensiar xidmətin işçisi kimi mülki işçi statusunda olmuşdur. Belə ki, əmək kitabçasındakı qeydlərdən və digər sənədlərdən göründüyü kimi, iddiaçı X2 isrtehsalat sahəsində usta, mühəndis, əməyin təşkili və əməkhaqqı şöbəsində qiymətləndirici, planlaşdırma və İqtisadiyyat şöbəsinin rəhbəri vəzifələrində işləmişdir. Penitensiar xidmətin mülki işçilərinə isə pensiya təyin edilərkən penitensiar müəssisələrdə müddət qulluq illərinə adi qaydada (bir iş günün bir iş günü) hesablanır.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı penitensiar xidmətin əməkdaşı statusuna malik olmadığından və qanunvericilikdə penitensiar xidmətin mülki işçilərinə pensiya təyin edilərkən işlədikləri illərin üç iş gününün dörd iş günü, yaxud iki iş günü üç iş günü kimi hesablanması nəzərdə tutulmadığından cavabdehin imtinası və cavabdehin imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsinin mövqeyi qanunauyğun olmuşdur.
40. Daha sonra iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrün əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması tələbinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, həmin hissədə iddia təmin edilmişdir.
41. Cavabdehin iddia tələbinin təmin olunmuş həmin hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun hakimiyyəti müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı , olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirirlər ki, məhkəmə tərəfindən işə baxılan zaman yuxarıda qeyd edilən Qanunun 1.0.2 və 21.1-ci maddələrinin tələbləri pozularaq iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilib ödənilməməsi məsələsi araşdırılmadan qərar qəbul etmişdir.
42. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş "məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
43. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-3-cü maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifəsinə aid edilmişdir.
44. Məhkəmə Kollegiyası Bu Qərarın 23-24-cü, həmçinin 42-43-cü bəndində istinad olunan normalardan çıxış edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
45. Belə ki, 2006-cı ilin 1 yanvar tarixinə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
46. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
47. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
50. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
51. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
52. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2005-xx.xx.2011-ci il tarixlərdə "xxxx" MMC-də işləməsi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisənin möhürü ilə təsdiq edilmiş, vergi orqanının məlumatlarına əsasən Cəmiyyətin 2003-cü ildən dövlət qeydiyyatına alınmaqla mövcudluğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir.
53. Məhkəmə qeyd edir ki, ilk növbədə xx.xx.2005-xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bundan başqa, oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsindən də məlum olduğu kimi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalıdır. Ona görə də 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr iddiaçının əmək stajına mübahisəsiz daxil edilməlidir.
54. Məhkəmə Kollegiyası bildirir ki, pensiya qanunvericiliyinin tələbindən göründüyü kimi, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə əmək pensiyasının təyin edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi ilə şərti ilə mümkündür. İşin məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" MMC tərəfindən mübahisəli dövrlər üzrə işçilərin sosial sığorta ödəmələri barədə DSMF-ə göndərilmiş haqq-hesab cədvəllərini məhkəməyə təqdim etmişdir. Müvafiq sorğu ilə təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmaqla "xxxx" MMC tərəfindən 2005-2007-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların təqdim edilməsi cavabdehdən tələb edilmişdir. DSMF-in xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanıldığından İddiaçı həmin tarixdən əvvəlki dövrlər üzrə "xxxx" MMCdə işləyib-işləməməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən "xxxx" MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) İddiaçı adı sığortaolunan kimi qeyd edilməmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" MMC tərəfindən 2007-ci il üzrə təqdim edilmiş Forma B3 məlumatında İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqqı hesablanmış, lakin sığortaedən tərəfindən həmin il daxilində ödənilməmişdir. Araşdırma zamanı sığortaedən tərəfindən 2008-ci il üzrə təqdim edilmiş Forma B3 məlumatına əsasən həmin il üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının və 2007-ci il üzrə yaranmış məcburi dövlət sosial sığortası üzrə debitor borcun 2008-ci ildə ödənildiyi, həmçinin həmin dövr üzrə İddiaçı və digər sığortaolunanların fərdi şəxsi hesablarında bölüşdürüldüyü müəyyən edilmişdir.” Məktuba əlavə edilmiş sığortaedən "xxxx" MMC-nin hesablanıb ödənilmiş məcburi sosial sığorta haqlarının dainmikası barədə məlumat cədvəlindən görünür ki, müəssisə tərəfindən 2005-ci il üzrə 1099,26 manat hesablanmış, 56,72 manat ödənilmiş, 2006-cı il üzrə 1429,75 manat hesablanmış 1466,14 manat ödənilmiş, 2007-ci il üzrə 2939,75 manat hesablansa da ödəniş edilməmişdir (məktubda 2007-ci ildəki ödəmələrin 2008-ci ildə ödənilməsi və müvafiq qaydada bölüşdürülməsi qeyd edilmişdir).
55. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, baxmayaraq, mübahisəli dövrlər üzrə məcburi dövlət sosial sığorta haqıarının DSMF-ə ödənilməsi işin digər halları ilə yanaşı cavabdeh tərəfindən də təkzib edilməmişdir, lakin cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə tərəfindən işə baxılan zaman yuxarıda qeyd edilən Qanunun 1.0.2 və 21.1-ci maddələrinin tələbləri pozularaq iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilib ödənilməməsi məsələsi araşdırılmadan qərar qəbul etmişdir.
56. Məhkəmə Kollegiyası onu da diqqətə çəkir ki, cavabdehin bildirdiyi dəlillərə münasibətdə qeyd olunmalıdır ki, 2006-cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) İddiaçı adının sığortaolunan kimi qeyd edilməsini inkar edən hər hansı dəlil təqdim edilməmişdir. Müəssisə tərəfindən 2007-ci il üzrə sosial sığorta ödəmələrinin 2008-ci ildə ödənilməsi isə iddiaçının təqsiri ilə bağlı hal deyil. Nəzərə almaq lazımdır ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıbalınmamasına nəzarət edilməsi cavabdehin öhdəliyinə aid olmuşdur. Belə ki, yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi müvafiq dövrdə qüvvədə olan qanunvercilik işçidən (sığortaolunandan) məcburi sığorta haqqının tutulması məsələsində işəgötürəni (sığortaedəni) məsul şəxs kimi müəyyən etmiş, sığortaedən tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün fərdi şəxsi hesablarda qeydə alınmasını isə sığortaçıya, yəni cavabdehə həvalə etmişdir.
57. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin gətirdiyi dəlillər əsassızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalıdır.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının və cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
59. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.