Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3412/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşamasının müəyyən edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşamasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1961-ci il fevral ayının 20-də Ermənistan SSRİ-nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. X2, anası isə X5 olmuşdur. Ailədə 8 uşaq olmuşlar. 1978 - ci ildə Əzizbəyov kənd orta məkəbini bitirmişdir. 1979-cu ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətini Rusiya SSRİ-nin Leninqrad şəhərində xidmət etmişdir. 1981-ci ildə hərbi xidməti başa vurduqdan sonra yaşadığı Amasiya rayonunun Əzizbəyov kəndinə qayıtmışdır. İki il orada yaşadıqdan sonra 1983-cü ildə X1 Sənaye və Mülki Tikinti ixtisasına qəbul olunmuşdur. 1986-cı ilə kimi həmin texnikomda oxumuş və oranı həmin ildə bitirmişdir. Texnikomda təhsil aldığı müddətdə qohumlarının yaşadığı Balakən rayonu Qullar kəndində yaşamışdır.20 iyun 1985-ci ildə Ermənistan SSRİ-nin Amasiya rayonunun Əzizbəyov kəndindən qeydiyyatdan çıxmışdır. 23 avqust 1985-ci ildə daimi yaşadığı Balakən rayonunun Qullar kəndinə qeydiyyataalınmışdır. 21 yanvar 1987-ci il tarixində həmin ünvandan qeydiyyatdan çıxaraq ünvan 3əqillik dövründə isə Azadlıq küçəsi hazırki isə Heydər Əliyev prospekti 41 saylı evin 11 saylı mənzilində qeydiyyata alınmaqla yaşamışdır. Onu da, qeyd edir ki, bu günə olan müddətə qədər o, SSRİ-nin İİİCJ1 № 637656 seriyalı pasportu ilə yaşamışdır. 1986-cı ildə Balakən rayonunda yaşayan qohumu X8 ilə ailə həyatı qurmuşdur. Bu barədə Balakən rayonu Qullar kənd VVAQ şöbəsindən 11 fevral 1986 - cı il tarixli İİİ - ЖГ № 436272 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 3 qız övladları anadan olmuşur. Hazırda övladlarının hər biri ailəlidir. 2008-ci ilin əvvəlinə kimi onlar ailəvi olaraq Balakən rayonunda daimi yaşamışlar. 2008-ci ilin əvvəlindən isə həyat yoldaşı X3 adına Bakı şəhəridə aldıqları ünvan 4 ünvanında bu günə kimi yaşamaqdadırlar. Ailə üzvləri ölkə vətəndaşı olduğu üçün onlar sözügedən ünvan üzrə qeydiyyata alınmış olsalar da, onun Azərbaycan dövlətinə vətəndaşlığı bu günə kimi tanınmadığı üçün qeydiyyatı mümkün olmamışdır. Bu faktı Balakən rayon Mənzil İstismar Sahəsi Sahəsinin xx.xx.2023-cü il tarixli 04 saylı arayışı, Bakı şəhəri Nəsimi rayon 65 saylı MənzilKommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 93 saylı arayışı və SSRİ-nin İİİ- CЛ № 637656 seriyalı pasportunda qeydiyyat haqqında məlumatlar təsdiq etməkdədir. Qeyd etmək istəyir ki, ölkə 1991-ci ildən müstəqil olmasına baxmayaraq o, 2022-ci ilə qədər heç bir zaman vətəndaşlığının tanınması barədə aidiyyatı orqanlara müraciət etməmişdir. Ömrünün çox hissəsi bazarlarda piştaxta arasında satıcılıq etməklə keçib. Heç bir zaman rəsmi işlər üzrə hər hansı məsələsi olmamışdır. O da, həqiqətdir ki, həyat yoldaşı dəfələrlə şəxsiyyət vəsiqəsi məsələsinin həll olunmasını ondan tələb etsə də, bu məsələyə hər zaman biganə yanaşmışdır. Hətta Bakı şəhərinə köçdükdən sonra belə yenidən bazarda satıcı olaraq öz işinə davam etdiyindən, sonradan da, şəxsi evlərdə santexnik kimi xidmət göstərməsi onu bu işin həll olunmasına arxayın salaraq bu günə kimi zamanı uzatmışdır. Onu da bildirir ki, o, 1983 - cü ildən bu günə kimi Azərbavcan Respublikasının ərazindən heç bir zaman çıxmamışdır, yuxarıda qevd etdiyi ünvanlarda ailəsi ilə birlikdə yaşamışdır. Bilindiyi kimi, ölkədə dövlət və bəzi özəl səhiyyə sektoru sığorta hesablı olmuşdur. 2022-ci il tarixdə səhətində yaranmış bəzi narahatlıqlarla bağlı müxtəlif həkimlərə sığorta hesabına müraciət etsə də, onun ölkə vətəndaşlığı olmadığı üçün bundan imtina olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, Ermənistan SSRİ-nin Amasiya rayonunun Əzizbəyov kəndində doğulsa da milliyət olaraq Azərbaycanlı olmuş və 1983-cü ildən 1991-ci ilin 18 oktyabrınadək Azərbaycan SSRİ-nin ərazisində, 1991-ci ilin oktyabr ayının 18-dən müstəqil Azərbaycan Respublikasının ərazisində rəsmi qeydiyyatda olmaqla faktiki olaraq vətəndaş kimi, lakin rəsmi olaraq vətəndaşlığı olmayan şəxs kimi yaşamışdır. Bildirir ki, 2022-ci ilin mart ayında tərəfindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ölkə vətəndaşlığına mənsubiyyətinin olmasına dair müraciət edisə də, heç bir əsas olmadan xx.xx.2022-ci il tarixdə bundan imtina olunmuşdur. Buna baxmayaraq bu məsələnin əlavə sübutlar əsasında yenidən araşdırılması məqsədilə tərəfindən Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. İş üzrə maraqlı şəxsin ona göndərmiş olduğu xx.xx.2023-cü il tarixli 3- 37/2-B-18/26-1-01- 1837/2023 saylı məktubu ilə bildirilmişdir ki, hazrkı məsələ üzrə onun 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bu faktın bu günə kimi müəyyən edilməməsi bir vətəndaş olaraq bir sıra hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqdadır. Hesab edir ki, bu faktın məhkəmə vasitəsi ilə müəyyən edilməsi zərurəti yaranmışdır. AzərbaycanRespublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qəranımn 12-ci maddəsinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1–ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərinin rəhbər tutmalıdırlar. Sözügedən qanunun 14-cü maddəsinin 4 - cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Onu da qeyd etmək istəyir ki, məhkəməyə müraciət və dövlət rüsumunun ödənilməsi qanunla elektron qavdada müəyyən edilsə də, o, vətəndaşlığı olmayan şəxs olduğundan və şəxsiyyət vəsiqəsi olmadığından bunu etmək mümkün olmamışdır. Belə vəziyyətdə məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu həyat yoldaşının şəxsiyyət vəsiqəsi əsasında tərəfindən ödənilmiş, iş üzrə iddia və ona əlavə olunmuş sənədlərin məhkəməyə göndərilməsi də, poçt vasitəsilə həyata keçirilmişdir. Məlumat üçün onu da, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəfindən ilk öncə iddia tələbi üzrə ümumi məhkəməyə müraciət edilsə də, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1858/2023 saylı xx.xx.2023-cii il tarixli qərardadı ilə işin baxılması ilə bağlı məhkəmənin aidiyyətinin tərəflərindən düzgün seçilməməsi səbəbindən, işin baxılması əslində inzibati məhkəməyə aid olması əsas gətirilməklə geriyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı (hakim A.Abdullayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini və təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati və mülki hüququ münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndində göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-37/2-13-18/26-1-08-1837/2023 saylı imtina məktubuna əsasən ona bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Sözügedən imtina məktubunda həmçinin iddiaçıya izah edilmişdir ki, 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Beləliklə işin hallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçının hüquqi marağına, yəni Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə nail olması üçün ilk öncə onun 1985-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktına mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə mülki məhkəmə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə, kollegiya hesab edir ki, hazırki mübahisəsinin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) münasibətlərə aid olmayıb, inzibati məhkəmə icraatının predmetinə aid olan mübahisə deyil, mülki məhkəmə icraatının predmetini təşkil etməklə xüsusi hüququn nizamasalma predmetinə aid münasibətlərindən irəli gələn mübahisədir və sözügedən mübahisəyə ümumi məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3412/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3412/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver