Məhkəmə qərarları › İş №2-1(103)-3412/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3412/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3412/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4488/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ƏDV İyun 2024-cü il dövrü üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-278863/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması nəticəsində ƏDV İyun 2024- cü il dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2- 278863/2024 saylı qərarla 31417,58 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV məbləği əsassız olaraq hesablanmışdır. Cavabdeh vergi orqanı qəbul edilmiş sözügedən qərara əsas olaraq təqdim edilən ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsinin 301.1.2.1-ci daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütununda 0 manat göstərilməsinə baxmayaraq, icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən aylıq icarə haqqı məbləği 3135,59 manat təşkil etdiyi üçün 3135,59 manat məbləğində fərq yaranması göstərilmişdir. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2 oktyabr tarixli, **********509200 saylı uyğunsuzluq məktubu göndərilmiş, daha sonra 10 sentyabr 2024-cü il tarixli, **********590000 saylı qərar ləğv edilərək, xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2- 278863/2024 saylı qərarla əvəz edilmişdir. Sözügedən uyğunsuzluq məktubunda qeyd edildiyinə görə 24 sentyabr 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda 1) təqdim edilən bəyannamənin 3 nömrəli əlavəsinin 301.1.2.1-ci daşman və daşınmaz əmlakın icarə verilməsindən gəlir sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütununda 0 manat göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən aylıq icarə haqqı məbləği 3135,59 manat təşkil etdiyi üçün 3135,59 manat məbləğində fərq yaranması 2) təqdim edilmiş bəyannamənin 301 -ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 1431307,68 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 288382,06 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 1602122,56 manat (ƏDV DH-na daxil olmuş 288382,06 manat ƏDV/0,18) daxil olmuş məbləğdən 170814,88 manat az göstərilməsi səbəblərindən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bundan əlavə vergi orqanı tərəfindən həmin dövr (Ədv İyun 2024) üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi tələb edilmişdir. Uyğunsuzluq məktubunda qeyd edilənlərlə bağlı qeyd edilir ki, xx.xx.2016-ci il tarixində "xxxx" MMC və "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixində xx.xx.2016-ci il tarixli 002 saylı Müqaviləyə 1 nömrəli əlavə ilə xitam verilmişdir. xx.xx.2021 -ci il tarixində "xxxx" MMC-nin adı dövlət reyestrindən çıxarışda dəyişiklik edərək İddiaçı QSC olaraq dəyişmişdir və icarə müqaviləsinə şirkətin adı dəyişdirilmədən əvvəl xitam verilmişdir. xx.xx.2024-cü il tarixində AZ30AİİB400400C**********102 saylı bank hesabından "xxxx" QSC-nin ƏDV depozit hesabına ödənilmiş 30862 manat məbləğində ƏDV məbləği xx.xx.2024-cü il tarixində ƏDV depozit hesabına səhv ödəniş kimi geri qaytarılmışdır. İyul 2024 Əlavə dəyər vergisi bəyannaməsində yaranan uyğunsuzluğa cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixində ƏDV depozit hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏDV depozit hesabına ödənilmiş 1281,01 manat məbləğində ƏDV məbləği xx.xx.2024-cü il tarixində ƏDV depozit hesabına səhv ödəniş kimi geri qaytarılmışdır. Avqust 2024 Əlavə dəyər vergisi bəyannaməsinə dəqiqləşmiş bəyannamə təqdim edilmişdir. Eyni zamanda uyğunsuzluq məktubu ilə bağlı vergi orqanına tərəflərindən müraciət edilmiş, qeyd edilənlərlə əlaqədar göstərilənlərin nəzərə alınmasını, yaranmış uyğunsuzluğun aradan qaldırılmasını xahiş edilmişdir, lakin cavabdeh vergi orqanı şikayətlərə məhəl qoymamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin iyun ayı ƏDV vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki təqdim edilmiş 2024-cü ilin iyun ƏDV vergi bəyannaməsi əlaqədar Vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-166802/2024 nörnrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlarin (malumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin ƏDV vergisi bəyannaməsi üzrə 31417,58 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-278863/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qarar göndərilmişdir. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********284900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 31417.58 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 31417.58 manat kənarlaşma yaranmışdır. İş üzrə məlum olduğu kimi xx.xx.2024-cü il tarixli **********284900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə- fakturaları təqdim edən vergi ödəyiciləri X11, X6, X13, X5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş vergi ödəyiciləridir. X11, X6, X13, X5 tərəfindən təqdim edilmiş e-qaimələr üzrə qeyd olunmuş mallar vergi ödəyicilərinin alışında və satışında müəyyən edilməmişdir. X1 və X8 ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətləri üzrə aparılmış təhlillər zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olması barədə əsaslı şübhələr müəyyən olunmuş və araşdırmanın başa çatdırılması üçün ödəyicinin fəaliyyəti üzrə monitorinq tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aş kar edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətləri üzrə aparılmış araşdırma zamanı X14 X2 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə vergi ödəyicilərinin təqdim etdiyi karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İş üzrə məlum olduğu kimi iddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti risk meyarlarının 2.1.2-ci bəndinə əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. İddiaçı həmin ödəyicilərdən əldə etdiyi riskli qaimələri Vergi Məcəlləsinin 109.9 -cu maddəsinə əsasən xərc sənədi kimi rəsmiləşdirə, həmçinin, 175.11-ci maddəsinə əsasən ödənmiş ƏDV məbləğini əvəzləşdirə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4488/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2- 278863/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4488/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-278863/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iyun 2024-cü il dövrü üzrə 31417,58 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı QSC ilə X11 arasında xx.xx.2022-ci il tarixli, EBCH seriyalı 511481 nömrəli elektron qaimə-faktura əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə X6 arasında xx.xx.2022-ci il tarixli, EBBY seriyalı 747196 nömrəli elektron qaimə-faktura əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə X5 arasında xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 200667 nömrəli elektron qaimə-faktura əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə X13 arasında ən sonuncu xx.xx.2022-ci il tarixli, EBBT seriyalı 925987 nömrəli olmaqla elektron qaimə-fakturalar əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ən sonuncu xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı 394338 nömrəli olmaqla elektron qaimə-fakturalar əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ən sonuncu xx.xx.2022-ci il tarixli, EBBU seriyalı 82245 nömrəli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ən sonuncu xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 990629 nömrəli olmaqla elektron qaimə-fakturalar əsasında əməliyyat həyata keçirilmişdir. İddiaçı QSC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ən sonuncu xx.xx.2024-cü il tarixli, EBEC seriyalı 634624 nömrəli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyat həyata keçirilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci tarixli, **********857500 nömrəli qərarı ilə X11 riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü tarixli, **********525300 nömrəli qərarı ilə X6 riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci tarixli, **********894300 nömrəli qərarı ilə X5 riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü tarixli, **********230700 nömrəli qərarı ilə X13 riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü tarixli, **********221900 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü tarixli, **********217400 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü tarixli, **********636400 nömrəli qərarı ilə “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü tarixli, **********359400 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Hazırkı işin hallarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən onun barəsində kameral vergi yoxlaması nəticəsində əlavə dəyər vergiləri üzrə əlavə verginin hesablanmasına dair Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 278863/2024 nömrəli qərarının ləğvini xahiş edir. Qərardan müəyyən edilir ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hallar isə iddiaçının yuxarıda adıçəkilən vergi ödəyiciləri ilə apardığı əməliyyatların riskli olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyat tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Cavabdeh iddiaçı ilə X11, X6, X13, X5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilibkeçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmiş və xərcləri nəzərə almamışdır. Lakin, iş materiallarından görünür ki, X11, X6, X13, X5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyat həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxsin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ən son xx.xx.2024-cü il tarixdə əməliyyat həyata keçirilmişdir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilmə tarixi də xx.xx.2024-cü ildir. Bu da onu göstərir ki, iddiaçı sözügedən MMC ilə ən son onun riskli vergi ödəyicisi kimi tanındığı gün əməliyyat aparmışdır ki, həmin gün vergi orqanın bu qərarı qəbul edəcəyindən xəbərdar ola bilməzdi. Göründüyü kimi alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatı həyata keçirdiyi müəssisə, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi və xərcləri nəzərə almaması əsassız olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş,xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1 -ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunmaqla, birinci instansiya məhkəməsinin qərarı hüquqi və faktiki əsaslara söykənir və apellyasiya şikayətinin dəlilləri onu ləğv etmək üçün kifayət qədər əsas yaratmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4488/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4488/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar