Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3413/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X16 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxslər X3 və X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X3 və X4) “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8390/2023 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun paylı mülkiyyətində olan Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsi nəticəsində ona dəymiş 42938 (qırx iki min doqquz yüz otuz səkkiz) manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsi 1/3 hissədə iddiaçının paylı mülkiyətindədir və həmin evə dair DƏDRX tərəfindən MH-0162956 seriyalı, **********89-10301 reyestr nömrəli xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus mənzil sökülmüş və yerində park tikilmişdir. Bu barədə iddiaçının heç bir razılığı olmamış, hər hansı müqavilə bağlanılmamış və heç bir məhkəmə qərarı olmadan sökülmüşdür. Həmin sökülmüş mənzil iddiaçının yeganə yaşayış yeri idi və hal-hazırda kirayə evlərdə və ya qohumlarının evində qalır və yaşamağa evi yoxdur. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə dəymiş zərərin ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizənin xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, heç bir cavab verilməmiş, iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir müsbət addım atılmamışdır. Evin digər paylı mülkiyyətçiləri iddiaçının bacıları X7 və X11 ilə Bakı şəhəri Mənzil Kommunal Təsərüffatı Departamenti arasında bağlanılmış 19 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onlara məxsus paylar satılmış və hər ikisinə 42.938 manat məbləğində pul ödənilmişdir. Payların bərabər olduğunu nəzərə alaraq iddiaçıya da ödənilməli olan məbləğ 42.938 manatdır. Mənzilin iddiaçının razılığı olmadan sökülməsi onun səhvi deyil. Ev sökülmədən əvvəl iddiaçı ilə razılıq əldə edilməli idi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus mənzil qanunsuz olaraq sökülmüşdür və ona görə də ona dəymiş maddi zərər ödənilməlidir. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Ancaq hal-hazırda iddiaçı mülkiyyət hüququndan nəinki məhrum olmuş, hətta onun mülkiyyətində olan mənzil dağıdılmışdır. Qanunvericilik qanunsuz tikilinin belə məhkəmə qərarı olmadan sökülməsini qadağan etdiyi halda, cavabdehin məhkəmə qərarı olmadan çıxarışı olan mənzili sökməsi tamamilə yolverilməzdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə X3 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxslər X3 və X4 eyni zamanda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzilin razılıqları alınmadan satılması və sökülməsi nəticəsində cavabdeh tərəfindən onlara vurulmuş zərərin əvəzi olaraq üçüncü şəxslərin hər birinin payından hər biri üçün ayrıayrılıqda 5000 manat olmaqla, ümumilikdə hər birinə 15000 manat məbləğində, cəmi olaraq ikisinə 30000 manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər iddialarını onunla əsaslandırmışlar ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X2 və X1 Bakı şəhəri, ünvan 4 ünvanındakı mənzilə dair istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2010-cu il tarixli qərarı ilə üçüncü şəxslərin kassasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X3 və X1 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının itirilməsi barədə İddiaçı iddiasının təmin edilməsinə dair Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilərək, həmin mənzildən istifadə hüquqları olan şəxs kimi tanınıb Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin qismən - X3 və X1 Bakı şəhəri, ünvan 4 ünvanına dair yaşayış hüquqlarının itirilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları hissəsində ləğv edilməsi, İddiaçı üçüncü şəxslərə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2010-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə yekun qərar qəbul edilmişdir. Bir müddət öncə üçüncü şəxslərə məlum olmuşdur ki, qeydiyyatda olduqları Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 16 noyabr 2021-ci il tarixində notarial qaydada İddiaçı, X7 və X11 arasında əmlak bölgüsü barədə müqavilə bağlanılmış, daha sonra isə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 57.9 kv.m sahəyə malik olan paylı mülkiyyətlərin alqı-satqısı ******* nömrəli, AN-İ seriyalı, 19 noyabr 2021-ci il tarixli notarial qaydada tərtib edilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə satılmışdır. Üçüncü şəxslərin istifadə hüquqlarının mövcud olduğu bir mənzildən isə razılıq və ya məhkəmə qərarı olmadan qeydiyyatdan çıxarılmaları və istifadə hüquqlarının məhdudlaşdırılması qanunsuzdur. Mənzilə dair hər hansı özgəninkiləşdirilmə əməliyyatları həyata keçirirlərkən (alqı-satqı, bağışlama, ipoteka yüklü edilmə və sair) üçüncü şəxslərin razılığının alınması vacib olsa da, burada pozuntuya yol verilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X3 və X4) “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxslər X3 və X4 tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2- 1(103)-557/2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8390/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 və X4 İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar. Hazırda üçüncü şəxslər X3 və X4 Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadından (üçüncü şəxslər X3 və X4 tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilməməsi barədə) apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, üçüncü şəxs qismində tərəflərindən verilmiş iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “qanunsuz hərəkət nəticəsində vurulmuş ziyana görə kompensasiya məbləğinin ödənilməsinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sözügedən iş baxılması üçün Bakı İnzibati Məhkəməsinin hakimi Pərviz Hüseynovun icraatına verilmişdir. İş üzrə üçüncü şəxs qismində tanınmaq haqqına ərizə və cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair qərar qəbul edilməsi üçün müvafiq iddia ərizəsi isə məhkəməyə müraciət etmişlər. Bundan sonra üçüncü şəxs qismində tanınmışlar. Lakin sonradan İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası mümkünsüz sayılmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılaraq qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra həmin iş məhkəməyə qaytarılaraq baxılması üçün hakim Günel Sevdimalıyevanın icraatına verilmişdir. 01 avqust 2023-cü il tarixində keçirilən məhkəmə iclasında tərəflərindən verilmiş iddia ərizəsinə məhkəmədən münasibət bildirilməsi xahiş edilmişdir. Məhkəmə isə iş materiallarını araşdıraraq işin içində tərəflərindən verilmiş iddialara əvvəl işə baxan hakim tərəfindən münasibət bildirildiyi nəzərlərinə çatdırılmışdır. Belə ki, onlara həmin məhkəmə iclasına elan edilmiş lakin bizə həmin vaxta qədər məlumat verilməmiş və rəsmi qaydada təqdim edilməmiş (rəsmi qaydada təqdim etmə xx.xx.2023 tarixində olmuşdur) xx.xx.2022-ci il tarixli, 2-1(112)- 15423/2022 saylı qərardad olduğu müəyyən edilmişdir. Həmin qərardada əsasən tərəflərindən verilmiş iddialar icraata qəbul edilməmiş və qəbul edilməmə səbəbi kimi İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasının mümkünsüz sayılması haqqında qərardadın qəbul edilməsi göstərilmişdir. Qeyd olunan qərardadı aldıqdan sonra isə ondan şikayət vermək qərarına gəlmişlər. Belə ki, hal-hazırda həmin qərardadın qəbul edilməsi üçün əsas olan olan aradan qaldırıldığından qeyd olunan qərardadın da qüvvədə qalmasına ehtiyac yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, məhkəmə İddiaçı iddia tələbinin mümkün sayılmaması əsası ilə qeyd edilən nəticəyə gəlmişdir. Hazırki mərhələdə iş materiallarından aydın görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-557/2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxslər tərəfindən irəli sürülmüş iddia ərizəsinin mümkünlüyü ilk öncə yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 7 nömrəli fərdi yaşayış evi İddiaçı (2-ci mərtəbədən 1/3 hissə), X6 (2-ci mərtəbədən 1/3 hissə), X5 (2-ci mərtəbədən 1/3 hissə), X8 (1-ci mərtəbə) adlarına qeydiyyatdan keçmiş, X7 və X13 ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında Bakı şəhəri 6 saylı NO-nun xx.xx.2021-ci il tarixli 4Ə-1271 reyestr nömrəli, X14 ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında Bakı şəhəri 6 saylı NOnun xx.xx.2021-ci il tarixli 4Ə-1136 reyestr nömrəli alqı-satqı müqavilələri bağlanmış, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğvi ilə bağlı xx.xx.2021-ci il tarixli 129 saylı məktubuna əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Hazırda Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbədən 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. Üçüncü şəxslər isə İddiaçı qızları olmaqla, onların İddiaçı Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 7 nömrəli fərdi yaşayış evindəki 1/3 payında qeydiyyatdadırlar və onların istifadə hüquqları mövcuddur. Hazırda İddiaçı Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin onun 1/3 payına münasibətdə olan alqı-satqı müqaviləsinin bağlanmamasına və ona müvafiq kompensasiyanın ödənilməməsinə, bunlara baxmayaraq cavabdeh tərəfindən qeyd olunan fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə istinad edərək Bakı şəhər İcra Hakimiyyətindən maddi ziyanın ödənilməsini tələb edirlər. Üçüncü şəxslər isə iddialarında onların qeyd olunan fərdi yaşayış evində istifadə hüquqlarının olmasına, X6 (2-ci mərtəbədən 1/3 hissə), X5 (2-ci mərtəbədən 1/3 hissə) paylarına münasibətdə alqı-satqı müqaviləsi və digər rəsmiləşdirmələr həyata keçirilərkən onların razılıq ərizələrinin alınmamasına, fərdi yaşayış evinin sökülərək onların istifadə hüquqlarının məhdudlaşdırılmasına istinad edərək Bakı şəhər İcra Hakimiyyətindən kompenasiyanın ödənilməsini tələb edirlər. Kollegiya birinci növbədə qeyd edir ki, hazırki inzibati icraat çərçivəsində üçüncü şəxslərin ümumiyyətlə müstəqil şəkildə iddia qaldırmaq hüquqları mövcud olmamışdır. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Qeyd olunan qanunvericilik normalarını təhlil etdikdə müəyyən etmək olar ki, həm adi cəlbetmə qaydasında, həm də zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları yalnız tərəflərdən birinin tələbi daxilində öz maraqlarının qorunması üçün mümkün hüquqi vasitələrdən istifadə və prosessual hərəkətləri həyata keçirməklə məhdudlaşdırılmışdır. Yəni iddiaçının iddia tələbinin təmin edilməsi ilə əhatə olunan tələbi daxilində işə cəlb edilən üçüncü şəxs yalnız iddia tələbinin təmin edilməsi istiqamətində, cavabdehin iddia tələbinin rədd edilməsinə yönələn tələbi daxilində işə qoşulan üçüncü şəxs isə iddianın rədd edilməsi istiqamətində prosessual hüquqları həyata keçirir. İş materiallarından görünür ki, X3 və X4 iki dəfə, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı və 2-1(112)-8390/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə X3 və X4 adi cəlb etmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilmişlər. Hazırda isə X3 və X4 İddiaçı tələbi daxilində deyil, özlərinin istifadə hüquqlarına istinad etməklə Bakı Şəhər İcra Hakimiyyətindən onlara kompensasiya verilməsini tələb edirlər. Məhkəmə kollegiyası həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; İş materiallarından görünür ki, Bakı ş., Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 1/3 payına münasibətdə mülkiyyət hüququna məxsus olan və yuxarıda qeyd olunan qanundakı sıralamaya əsasən hazırda birinci növbədə alınmanın təsirinə məruz qalan İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında kompensasiyanın ödənilməsi ilə bağlı mübahisə artıq mövcuddur, üçüncü şəxslərin istifadə hüquqları mövcud olsa da, onlar tələblərində daha çox mülki məhkəmə icraatının predmetini təşkil edəcək hallara istinad etmişlər, kollegiya hesab edir ki, hazırki inzibati icraat çərçivəsində deyil, hazırki inzibati iş yekunlaşdıqdan sonra onlar İddiaçı qarşı onlara çatası kompensasiya tələbi ilə mülki icraat qaydasında iddia qaldıra bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8390/2023 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli, üçüncü şəxslər X3 və X1 Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8390/2023 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxslər X3 və X1 Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3413/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3413/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver