Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3415/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri X5 Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən xalq hərəkatı zamanı, yəni 1990-cı ilin yanvar ayının əvvəllərindən başlayan ümumxalq çıxışlarının aktiv iştirakçısı olmuşdur. SSRİ qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərinə hücumu zamanı Fərman Məmmədov da öz haqqını, müstəqillik huququnu tələb edən insanların arasında olmuş və tanklardan açılmış avtomat, pulemyot atəşlərindən ağır dərəcədə yaralanmış, saatlarla hərbi texnika tərəfindən əzilmiş avtomobilin içərisində ölümcül yaralı halda, huşsuz vəziyyətdə qalmışdır. Daha sonra ətrafdakı insanların köməkliyi ilə o, xəstəxanaya çatdırmışdır. Aldığı xəsarətlərdən uzun müddət müalicədə olunsa da, daimi olaraq həmin yara və xəsarətlər onun səhhətinin getdikcə pisləşməsinə səbəb olmuşdur. Beləliklə də, 10 iyun 2003-cü il tarixdə vaxtilə aldığı güllə yaralarının nəticəsində yaranmış xroniki ürək çatışmazlığından vəfat etmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 18 dekabr 2003-cü il tarixli 779 saylı sərəncamına əsasən X4 “20 Yanvar şəhidi” adı verilmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 27 avqust 2012-ci il tarixli 250 nömrəli sərəncamına əsasən İddiaçı 2 nəfər ailə tərkibi (özü və qızı) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilmişdir. Bunlara baxmayaraq, Bakı şəhəri Yasamal RİH başçısı 1 sentyabr 2020-ci il tarixli 216 saylı yeni sərəncam vermiş və həmin sərəncamla iddiaçı qızı ilə RİH-in 20 yanvar şəhidi ailələrinin güzəştli mənzil növbəsindən çıxarılmış, eyni zamanda da, Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamları ləğv edilmişdir. İddaçı Bakı şəhəri Yasamal RİH-ə ərizə ilə müraciət edərək, RİH-in 1 sentyabr 2020-ci il tarixli ‘‘Yasamal RİH-in 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamının ləğvini xahiş etmişdir. Lakin Bakı şəhəri Yasamal RİH başçısının müavininin iddiaçıya ünvanlanmış 25 avqust 2021-ci il tarixli M-24/7-068/7112 saylı cavab məktubu ilə ərizənin təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, 1990-cı ilin 20 Yanvar hadisələrində aldığı zədə nəticəsində 2003-cü ildə vəfat etmiş İİ qrup 20 yanvar əlili X4 Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli sərəncamı ilə “20 Yanvar şəhidi’’ statusu verilmişdir. Yasamal RİH başçısının 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamı ilə o (hazırkı iddiaçı), 2 nəfər ailə üzvü (özü, qızı) ilə 20 yanvar şəhidi ailələrinin güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot sihasına daxıl edilmişdir. Məmmədov Fərman 20 Yanvar hadisələri zamanı vəfat etmədiyindən, ona şəhid statusunun verilməsi və onun ailəsinin şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd hesab olunduğundan, Yasamal RİH başçısının 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamı ilə o, RİH-in 20 yanvar şəhidi ailələrinin güzəştli mənzil növbəsindən çıxarılmış, RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamları ləğv olunmuşdur. İddiaçı hesab edir ki, Yasamal RİH başçısının 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamı onun hüquqlarını kobudcasına pozur, mərhum əri Fərman Məmmədovun ölkəmizin suverenliyi uğrunda yaralanması və nəticədə vəfat etməsi faktını da nəzərə almır. Bu həm də, mərhumun ruhuna hörmətsizlik kimi qəbul edilir, Yasamal RİH başçısının sərəncamı ədalətsiz inzibati akt hesab olunur. Hazırkı iddia “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddələrinı, İPM-in 2.2-ci maddəsinə və digər müddəalarına əsaslanaraq, Bakı şəhəri Yasamal RİH başçısının “Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının ləğv edilməsi haqqında” 1 sentyabr 2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onun mərhum həyat yoldaşı X2 xroniki ürək-damar çatışmazlığı xəstəliyindən vəfat etdiyini əsas gətirərək Şəhid statusunun verilməsini əsassız hesab etmişdir. Məhkəmə mübahisəni araşdırarkən mərhum həyat yoldaşının hansı xəstəlik səbəbindən İİ qrup əlil olmasını araşdırmamışdır. Bildirirəm ki, 1990-cı ilin yanvar hadisələri zamanı Fərman Məmmədov atəş nəticəsində sağlamlığını itirmiş, ölümcül halda huşsuz vəziyyətdə olmuşdur. O, ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılmışdır. Aldığı xəsarətdən uzun müddət müalicə olunsa da, ölən günə qədər aldığı yara və xəsarətlər səhhətinə mənfi təsir etmişdir. 20 Yanvar hadisələri ilə əlaqədar olaraq X9 Komissiyasının rəyinə əsasən ona İİ qrup ömürlük əlillik dərəcəsi verilmişdir. Mərhum həyat yoldaşım ömrünün 47 yaşında yəni, 10 iyun 2003-cü ildə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsində ölümün səbəbi kimi xroniki ürək çatışmazlığı xəstəliyi göstərilsə də, əslində ölümü 20 Yanvar hadisələri zamanı aldığı xəsarətlərin səbəbindən baş vermişdir. Bir daha bildirir ki, mərhum həyat yoldaşı X5 ölən günədək İİ qrup 20 Yanvar əlili olmuş və həmin əlillik dərəcəsi müvafiq dövlət orqanları tərəfindən mübahisələndirilməmişdir. Mübahisəyə baxan məhkəmə mərhumun hansı xəstəlik səbəbindən əlil olmasına aydınlıq gətirməmiş və yalnız ölüm haqqında şəhadətnamədə göstərilən diaqnozla kifayətlənmişdir. Bildirir ki, mərhumun xəsarət alması ilə yanaşı onun səhhətində əlavə xəstəliklərdə mövcud olmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən aydın göründüyü kimi, iddiaçı hazırda cavabdeh Bakı şəhəri Yasamal RİH-in “iddiaçının mərhum ərinə 20 Yanvar şəhidi statusunun verilməsinə dair” 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və “iddiaçının yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülməsi və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilməsinə dair” 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının ləğvi barədə 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən 216 nömrəli sərəncam 1 sentyabr 2020-ci il tarixli olsa da, həmin inzibati aktın vətəndaşa təqdim edilməsi ilə bağlı və ya daha əvvəllər bu barədə məlumat verilməsi ilə bağlı ( vətəndaşa ünvanlanan məktub inzibati orqandan xx.xx.2021-ci il tarixdə çıxmışdır) cavabdeh tərəfindən heç bir tutarlı sübut, dəlil təqdim edilmədiyindən, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən digər hallar mövcud olmadığından, iddianı mümkün saymaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iş materiallarındakı sübutları nəzərdən keçirir: Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 066152 nömrəli 4 iyul 2003-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 10 iyun 2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür, şəhədətnamədə ölümün səbəbi kimi “Xroniki ürək damar çatışmazlığı” göstərilmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 779 nömrəli 19 dekabr 2003-cü il tarixli sərəncamı ilə 1990-cı ilin qanlı 20 yanvar hadisələrində ağır zərbə və işgəncələr nəticəsində 2003-cü ilin uyun ayının 10-da vəfat etmiş İİİ qrup 20 Yanvar əlili X4 “20 Yanvar şəhidi” statusu verilmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamı ilə İddiaçı 2 nəfər ailə üzvü (özü və qızı) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamı ilə İddiaçı və onun qızı Yasamal RİH-in 20 Yanvar şəhidi ailələrinin güzəştli mənzil növbəsindən çıxarılmış, Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamları ləğv edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 12.1-ci maddəsinə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. - 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. - 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın: - 1.1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri). - 3.2-ci bəndinə görə şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir: (3.2.16) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Beləliklə, işin hallarından görünür ki, iddiaçının mərhum ərinin “Ölüm haqqında şəhadətnaməsi”ndə ölümün səbəbi kimi xroniki ürək damar çatışmazlığı göstərilsə də, müvafiq hadisənin baş verdiyi vaxtdan 13 ildən artıq müddət keçdikdən sonra ona “şəhid” statusu verilmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normasının məzmunundan da aydın olduğu kimi, şəxsin “şəhid” hesab edilməsi və ya “Şəhid ailəsi” statusunun verilməsi müvafiq arayışlarla təsdiq olunur. Lakin iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndində nəzərdə tutulan arayışın verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Yasamal RİH 18 dekabr 2003-cü il tarixli 770 nömrəli sərəncamı qəbul etməkdə səlahiyyətli olmamışdır. Qeyd edilən sərəncam özözünə etibarsız inzibati akt olduğundan ona istinadən qəbul edilən Bakı şəhəri Yasamal RİH-in 27 avqust 2012-ci il tarixli 250 nömrəli sərəncamı qanuna zidd olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal RİH-in iddiaçının mərhum ərinə 20 Yanvar şəhidi statusunun verilməsinə dair 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və iddiaçının yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülməsi və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilməsinə dair 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının qanunsuz əlverişli inzibati akt kimi ləğv edilməsinin qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 17, 67-ci maddələrinə zidd olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3415/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3415/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver