Məhkəmə qərarları › İş №2-1(103)-3415/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3415/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3415/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(112)-7822/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək pozulmuş prosessual hüquqlarının bərpa edilməsi və 5000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, səlahiyyətli nümayəndəsi olduğu X2 barəsində (o, İddiaçı MMC-nin rəhbəri Xudaşir Bədirovun oğludur) təqiblər həyata keçirilir. Hesab edir ki, özbaşınalıq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xüsusi yer alıb, Cavid Bədirovun ciddi və əhəmiyyətli qanun pozuntuları ilə İXM-nin 528-ci maddəsinə əsasən 10 (on) sutka həbs edilib. Bununla bağlı Ədliyyə Nazirliyinə çoxsaylı telerqamlar vurub. İddiaçı MMC-nin səlahiyyətli direktoru olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinə vurulmuş teleqramlar cavabsız qalmışdır. İddiaçı qanuni təmsilçisi (rəhbəri) X1 oğlu X2 barəsində aparılan istintaqdan narazıdır, süründürməçiliyə yol verildiyini hesab edir, bununla əlaqədar İddiaçı MMC-yə mənəvi zərər vurulduğunu və həmin zərərin Ədliyyə Nazirliyindən tutularaq ona ödənilməli olduğunu hesab edir. Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(112)-7822/2023 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(112)-7822/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini, iddianı məhkəmə icraatına qəbul edən qərardad çıxarılmaqla, mahiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində işə baxılıb, ədalətli məhkəmə aktı çıxarılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq 19 sentyabr 2023-cü il tarixə təyin olunan məhkəmə baxışını aparan hakimlərə əsaslı etiraz olacağını və müvafiq vəsatət verəcəyinin nəzərə alınıb, işin baxılmasının təxirə salınmasını, vaxtı barədə rəsmi bildiriş göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının 26 avqust 2023-cü il tarixdə məhkəmə bildirişini aldığını, həmin vaxtdan 19 sentyabr 2023-cü il tarixə qədər kifayət qədər vaxt olmasını, bu müddət ərzində lazimı sənəd və sübutların, o cümlədən etirazın təqdim edilə biləcəyini, həmçinin iddiaçının məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğu halda heç bir sübut təqdim etmədən üzrsüz səbəbədən iştirak etməməsini nəzərə alaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddia tələbində iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə, Cinayət Məcəlləsinin 306-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-cu maddələrinə istinad edir, qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (müstəntiqin) hərəkətlərindən şikayətlə bağlı olmaqla, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(112)-7822/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar