Məhkəmə qərarları › İş №2-1(103)-3415/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3415/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3415/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran adları və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdərə və Tər-Tər rayonunda yerləşən hərbi hissəyə hərbi təlim üçün göndərildiyi və bu hərbi təlim müddətində o, yaralıların döyüş meydanından çıxarılması və onlara tibbi yardımın göstərilməsində iştirak etdiyindən onun müharibə veteranı vəsiqəsini almaq hüququ yaranır. İddiaçı hazırki iddia tələbinə uyğun eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran adları və müvafiq vəsiqələrin verilməsi Komissiyasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan qərarında iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsini, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olunduğundan, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aid olduğunu əsas götürərək iddianı təmin etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kurs tələbələrin üç qat ölçüdə təqaüdün verilməsinə dair əmrdə iddiaçının adı qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddiaçının döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsinin arxiv arayışları ilə təsdiq olunduğunu qeyd edərək iddianı təmin etmişdir. Halbuki, iddiaçı döyüş bölgəsinə hərbi qulluqçu kimi ezam olunduğu və döyüş əməliyyatlarında iştirak etdiyini iddia etmir. İddiaçının tələbi məhz tibbi təminatla bağlı döyüş bölgəsinə ezam olunub orada tibbi xidmət göstərməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsidir ki, işin yuxarıda qeyd olunan faktiki və hüquqi halları ilə iddiaçının tibbi təminatla bağlı ezam olunması müəyyən edilsə də, qeyd edilən faktın hüquqi əsası olmamışdır. Belə ki, həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2-1(103)- 612/2024 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi kimi qeyd edilmişdir ki, “Əsasnamənin tələbinə görə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. 4-cü kurs tələbələrinin hərbi təcrübə keçməsi üçün hərbi hissəyə ezam olunması barədə müdafiə nazirinin 17 mart 1992-ci il tarixli əmri mövcuddur. Eyni zamanda, Mamedovun N nömrəli hərbi hissədə sanitar instruktor və feldşer kimi hərbi təcrübə keçməsi barədə həmin hərbi hissənin məktubu vardır. Əsasnaməyə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi təcrübə keçdiyi dövrdə hərbi təcrübədə olduğu hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə olması əsas şərtdir. Məhkəmə kollegiyası bildirir ki, məhkəmələr iddiaçının N saylı hərbi hissədə hərbi təcrübə keçməsi, hərbi təcrübə keçmişsə, təcrübə müddətində N saylı hərbi hissənin döyüşlərdə iştirak etməsini, həmçinin məktubda adı qeyd edilən Mamedovun məhz iddiaçı olması ilə bağlı araşdırma aparmamışdır. Belə bir araşdırmanın nəticəsi iddianın əsaslı və ya əsassız olduğunu müəyyən etməyə əsas verəcəkdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Məhz bu səbəbdən yuxarıda qeyd edilən məsələlər növbəti apelyasiya baxışının müzakirə predmeti olmalı, müvafiq araşdırmalar aparılmalı, səlahiyyətli orqanlara sorğular verilməklə bütün şübhəli məqamlar aradan qaldırılmalıdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçısını, həmçinin şahidləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli əmrinin surətindən görünür ki, N.Nərimanov adına ATU-nun Stomatologiya fakültəsinin 201 tələbəsi (iddiaçı daxil olmaqla) tədris proqramında nəzərdə tutulmuş bütün imtahan və zaçotları verdikləri üçün növbəti kurslara keçirilmişdirlər. - Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə döyüş bölgələrində iştirak etmiş tələbələrə üçqat ölçüdə təqaüdün verilməsi qərara alınmışdır. - Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər müharibə bölgəsi Tər-Tər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdr. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı 01 iyul 1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (50 gün) hərbi təlim keçmişdir. - Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 01 may 2023-cü il tarixli, 4/3- 408 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-452 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyun-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü və yanvar dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edərkən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ümumiyyətlə, cavabdehin iddianın təminini istisna edən faktiki şərtdən də müəyyən edilir ki, cavabdeh iddiaçının nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın olmadığına istinad edir. Mövcud inzibati məhkəmə praktikası doğrudur ki, hərbi qulluqçularla bağlı hərbi xidmətdən ehtiyata buraxılma, onların xidməti barədə məlumatın nizami hissə üzrə əmrlərində olması zəruridir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xüsusi qrup subyekt olmasını, Tibb Universiteti tərəfindən 50 günlük müddətə xidmətin həyata keçirilməsi üçün göndərilməsini nəzərə almamışdır. Onun qeyd olunan müddətdə xidmət etməsi isə işdə olan sübutlarla tam təsdiq olunur. Belə ki, istər Tibb Universiteti tərəfindən xidmət keçmənin müddəti ilə bağlı əmr, istər həmin universitetin arxiv arayışı, ən əsası da hərbi xidmətlə bağlı xüsusi səlahiyyəti yerinə yetirən inzibati orqan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arxivində olan xidməti xasiyyətnamə, attestasiya vərəqi, arayış iddiaçının hərbi çağırış vərəqəsində olduğu kimi, yəni 50 gün xx.xx.1992xx.xx.1992-ci il tarixlərdə xidmət etdiyini təsdiq edir ki, iş materiallarında bu səviyyədə mötəbər sübutlar mövcud olduğu halda təkcə əmrin mövcud olmamasına və ya xidmətkeçmə barədə məlumatın olmamasına istinadı əsassızdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi mövqeyinə və göstərişinə uyğun olaraq araşdırma aparılmış Azərbaycan Tibb Universitetinə sorğu ünvanlanaraq Azərbaycan Tibb Universitetinin Arxiv şöbəsində saxlanılan və Bakı Apellyasiya Məhkəməsinin müvafiq sorğusu əsasında məhkəməyə göndərilmiş xx.xx.1992-ci il tarixli əmrdəki “Мамедов 744 01.07.92- 20.08.92 Тер-тер” qeydində Мамедов soyadlı şəxsin İddiaçı olub-olmaması barədə məhkəməyə ətraflı məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Tibb Universitetinin sorğuya cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28-20/2-1630/2024 saylı məktubunda qeyd edilmişdir ki, “İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (xx.xx.1987-ci il tarixli 265/yM nömrəli əmr) qəbul olunmuşdur. “ Döyüşlərdə iştirak etmiş və yaralılara tibbi xidmət göstərmiş 4-cü kurs tələbələrinə təqaüdün 3 misli məbləğində verilməsi” barədə ATİ rektorunun xx.xx.1992-ci il tarixli 950/T əmrində 744-cü qrupdan iki nəfər Məmmədov soyadlı tələbənin adı qeyd olunub: biri Mamedov İ.Z., digəri isə adı və atasının adı qeyd olunmayan Mamedovdur. ATİ rektorunun xx.xx.1992-ci il tarixli 234/T nömrəli əmrində 744cü qrupda Məmmədov soyadı ilə İsrafil Zahid oğlu və Ziyəddin Nəsib oğlu təhsil aldığı qeyd olunub.” Təqdim edilmiş cavab məktubundan xx.xx.1992-ci il tarixli əmrdəki “Мамедов” soyadlı şəxsin İddiaçı olması öz təsdiqini tapır. Digər tərəfdən qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2637 №-li məktubunda qeyd edilmişdir ki, “Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “AR Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur”. Göründüyü kimi iddiaçının ATU-nın 4-cü kursunda təhsil alarkən hərbi kafedranın tərkibində ilkin leytenant rütbəsi almaq üçün praktiki məşğələlərə cəlb olunduğu xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr ərzində N №-li hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan əlavə, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı ilə bir kursda oxuyan X3 və X4 şahid qismində ifadə verərək bildirmişdilər ki, həmin dövrdə iddiaçı ilə birlikdə döyüş bölgəsində olmuşlar və döyüş əməliyyatlarında iştirak etmişlər. Qeyd olunan şəxslərin hər ikisi müharibə veteranı statusunu almışlar. Beləliklə, iş materialları ilə İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ATU-nın 4-cü kursunda təhsil alarkən N saylı hərbi hissənin həmin dövr ərzində döyüş əməliyyatlarında iştirak etməsi faktı mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan “həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməməsi” faktı ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərarında həmin dəlilə doğru qiymət vermiş, iddiaçının təyinat üzrə əsas xidməti öhdəliyi tibbi təminatla bağlı olsa da, mövcud sənədlərlə də təsdiq olunur ki, … həmin şəxs döyüşlərdə iştirak etməsə belə, tibbi xidmətin göstərilməsi özlüyündə hazırkı iddianın təmini üçün əsasdır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1408/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İddiaçı da xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrə müvafiq olaraq döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə zidd qərar qəbul etmişdir.” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, tibbi yardım məqsədi ilə hərbi hissəyə göndərilmiş şəxslərin funksiyası birbaşa döyüş tapşırığı kimi qiymətləndirildiyindən onların müharibə veteranı adı və vəsiqəsini tələb etmək hüquqları yaranır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 saylı əmrində N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kurs tələbələrin üç qat ölçüdə təqaüdün verilməsinə dair əmrdə iddiaçının adının qeyd olunmaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Tibb Universitetinin xx.xx.2024-cü il tarixli, 3-28-20/2-1630/2024 saylı məktubu ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar