Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3416/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs “X24” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X11, Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (“X24” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, X19, X9 və X8 3-cü şəxs qismində inzibati icraata zəruri olaraq cəlb edilməklə) “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli, 636 nömrəli qərarının, Binəqədi qəsəbə Bələdiyyəsinin 03 iyun 2004-cü il tarixli, 900/1 nömrəli qərarının; X5 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın və X2 verilmiş ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, UTM WGS 84 koordinat sistemində X - 398747,941, Y - 4478793,926; X - 398790,306, Y - 4478679,986; X - 398739,022, Y - 4478667,946 və X - 398653,846, Y - 4478777,426 koordinatlarda yerləşən, uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X24” Şirkətinin (Şirkət) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları (torpaq sahəsinin sərhədində fəaliyyətsiz, fonda aid 151375 nömrəli neft-qaz quyusu mövcuddur), eləcə də SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin 1979-cu ildən istismarında olan Binəqədi-Bakı Dş200 maqistral neft kəmərinin 3.2 km-də, kəmərin 6.5 metr məsafəsində mühafizə zonası daxilində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 8000 kv. metr torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli qərarı ilə istehsalat üçün, alqı-satqı qaydasında ilkin olaraq vətəndaş X15 ayrılmışdır. Daha sonra, bələdiyyənin 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarı ilə sözügedən torpaq sahəsi, lakin bir az artıq - 1 ha ölçüdə sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X4 adına keçirilmişdir. Bu fakt bələdiyyənin SOCAR-ın sorğusuna cavab olaraq göndərdiyi məktubunda da öz təsdiqini tapmışdır. Vətəndaş T.Əliyeva sözügedən torpaq sahəsinə dair, lakin 0.94 ha ölçüdə ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış almış və həmin torpaq sahəsi güman edilir ki, alqı-satqı yolu ilə ********** qeydiyyat nömrəsi xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışla vətəndaş X1 xüsusi mülkiyyətinə verilmişdir. Çıxarışlardan göründüyü kimi torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Binəqədi qəsəbə bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarının və 03 iyun 2004-cü il tarixli 900/1 saylı qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə qərardadı ilə iş üzrə “X24” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, X19, X9 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişlər. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli və 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-206/2023 nömrəli qərarını ləğv edib iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən torpaq sahəsi ümumiyyətlə SOCAR-ın daimi istifadəsində olmuşdur və hal-hazırda da SOCAR-ın daimi istifadəsindədir. Bundan başqa, mübahisə edilən torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X24” Şirkətinin (Şirkət) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, mübahisə edilən torpaq sahəsinin sərhədində fəaliyyətsiz fonda aid olan 151375 nömrəli neft-qaz quyusu mövcuddur. Bundan başqa, mübahisə edilən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin 1979-cu ildən istismarında olan Binəqədi-Bakı Dş200 maqistral neft kəmərinin 3.2-ci km-də, kəmərin 6.5 metr aralıda olmaqla mühafizə zonası daxilində yerləşir. Qeyd edilən bu xüsusatlar işin mübahisəsiz hallarıdır. Belə ki, “X20 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə göndərilmiş 170 nömrəli, 28 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi 0,94 ha olmaqla X3 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X10 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Eyni zamanda, 0,94 ha torpaq sahəsinin 2375 kv.metri yaxınlıqdan keçən neft kəmərinin mühafizə zolağına, 1284 kv.metri isə yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına düşür. Torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində göstərilir ki, mübahisə edilən torpaq sahəsi faktiki olaraq 0.964 ha təşkil edir (üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sxem (koordinatları göstərilməklə) əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 0.964 ha sahənin 0.94 ha hissəsi **********45 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmişdir. Sonradan notarial kontorunun xx.xx.2017-ci il tarixli, 4ə-340 nömrəli alqı-satqı müqaviləsinə əsasən sahə X1 adına rəsmiləşdirilmişdir. Həmçinin, torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/132 nömrəli ekspert rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 0.964 ha sahənin 0.94 ha hissəsi **********45 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmişdir. Sonradan notarial kontorunun xx.xx.2017-ci il tarixli, 4ə-340 nömrəli alqı-satqı müqaviləsinə əsasən sahə X1 adına rəsmləşdirilmişdir. Həmçinin, torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə bütövlüklə Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Məhkəmə özü də qəbul etdiyi qərarın 7-ci vərəqəsinin sonuncu abzasında bu xüsusatları sadalamaqla faktiki olaraq qeyd edilənlərin inzibati işin mübahisəsiz halı olduğunu təsdiq edir. Lakin məhkəmə inzibati orqanın 19 il əvvəl qəbul etdiyi qərarın mübahisələndirilməsini sanki qüsur kimi qəbul edir. Hətta qeyd edir ki, məhkəməyə maraciət etmək hüququ mütləq hüquq deyil. Lakin məhkəmə diqqət etmir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququ mütləq hüquqdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə istinad edərək iddia müddətinin bir ay olmasını əsaslandırır. Hətta qanuna istinad edərək qeyd edir ki, müddətin axımı şəxsin özünün hüquq və azadlığının pozulduğunu bildiyi andan başlayır. Lakin məhkəmə bu qeyd etdiklərinə ümumiyyətlə əməl etməmişdir. Yəni məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Lakin hazırki iş üzrə iddiaçının nümayəndəsi 05 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, mübahisə edilən faktla bağlı Binəqədi qəsəbə Bələdiyyəsi SOCAR-a 16 fevral 2021-ci il tarixli məktubla məlumat vermişdir. Həmin məktub iş materiallarının 10-cu səhifəsində mövcuddur. İddiaçı SOCAR pozuntu barədə məlumat əldə etdikdən sonra bir ay keçməmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə inzibati işin materiallarında olan yazılı sübutlara əsaslanmaq əvəzinə müddətin ötürülməsi qənaətinə gəlmişdir, hətta özü öz qərarında inzibati orqanın hüquqazidd hərəkətlərinin mövcudluğunu bildiyini qeyd etməsinə baxmayaraq. Məhkəmə müddətin ötürülməsi qənaətinə gəlirsə bunu əsaslandırmalı idi. Yəni hər hansı sübutla təsdiq etməli idi ki, iddiaçı hüququnu pozulduğunu öncədən bilmiş və müdafiə imkanlarından istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X24” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X17 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi X13 və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, şikayət vermə müddətinin ötürüldüyünü, bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının mübahisə açdığı hər iki inzibati akt 2004-cü ildə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. Mübahisələndirilən dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Azad İmanov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3416/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3416/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver