Məhkəmə qərarları › İş №2-1(103)-3417/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3417/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3417/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətlərə yazılı cavab verilməsi və poçt vasitəsilə ünvana göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10524/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1810/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10524/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün 11 noyabr 2022-ci il tarixə məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10524/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar