Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3417/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 114/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə (Dövlət Sosial Müdafiə Fonduna) ödənilməmiş 45777,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 45900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 45806,93 manat borcuna görə 45900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2020-ci il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq Fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə (Dövlət Sosial Müdafiə Fonduna) 45777,97 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 45777 (qırx beş min yeddi yüz yetmiş yeddi) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakı (ünvan 1 ünvanında yerləşən əmlak kompleksi) satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğin vergi borcunun ödənilməsinə yönəldilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, siyahıya alınmış daşınmaz əmlakın real bazar qiyməti iddiaçı tərəfindən müəyyən olunan məbləğdən olduqca yüksəkdir. Cavabdehin borcun təmin edilməsi üçün siyahıya alınmış əmlakdan başqa digər əmlakları da var. Bununla bağlı müstəqil qiymətləndiricinin rəyi də məhkəməyə təqdim edilmişdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə məxsus daşınmaz əmlakı siyahıya alarkən həmin əmlaka baxış keçirməmişdir. Əgər iddiaçı əmlaka baxış keçirsəydi müəyyən edərdi ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin dəyəri tələb olunan məbləğdən kifayət qədər yüksək olmaqla bir neçə milyon manatdır. Həmçinin, əmlak kompleksinin həyətində cavabdehə məxsus digər əmlaklar da vardır ki, həmin əmlakların satış dəyəri vergi borcunun ödənilməsinə kifayət edir. ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin dəyəri olduqca yüksəkdir, 45777,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin əmlakın satılması Cavabdeh MMC-ni maddi cəhətdən olduqca çətin vəziyyətə salacaqdır. Çünki, həmin əmlak kompleksi satışa real bazar dəyərindən aşağı qiymətə, hətta likvid dəyərindən də aşağı (təxminən 20-25 % aşağı) çıxarılacaqdır. Beləliklə də, cavabdehə məxsus digər əmlaklar olduğu halda 45777,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə dəyəri milyon manatla ölçülən əmlakın satılması barədə qəbul edilmiş qərar qanuni hesab oluna bilməz. Bu səbəbdən də həmin qərar apellyasiya qaydasında ləğv olunaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili EMİS vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasına gecikdiyini bildirmişdir, iddiaçı isə məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki: -Cavabdeh xx.xx.1988-ci ildə dövlət qeydiyyatına alınmış, hal-hazırda ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. -Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2022-ci il tarixinə 1150,36 manat vergi borcu olmuşdur. -Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi cavabdehin mülkiyyətindədir. - İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla cavabdehə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. - Əmlakın siyahıya alınması haqqında xx.xx.2020-ci il tarixli protokola əsasən cavabdehə məxsus 45900 AZN dəyərində daşınmaz əmlak vergi borcunun ödəniməsinin təmin edilməsi məqsədilə iddiaçı tərəfindən siyahıya alınmışdır. - İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilərək vergi borcunun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakının satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, vergi ödəyicisinin qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, yaranmış borc məbləği ödənilməmiş, ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin borcuna görə onun mülkiyyətində olan daşınmaz əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, mövqeyi onunla əsaslandırılmışdır ki, siyahıya alınma barədə protokolda əmlakın hansı dəyərdə göstərilməsindən asılı olmayaraq əmlak onu satan orqan tərəfindən hər bir halda qiymətləndirilməlidir. Yəni, əmlakın satışını həyata keçirən orqan onun siyahıya alınma barədə protokolda göstərilən qiymətindən asılı deyildir. Eyni zamanda, məhkəmə tərəfindən əmlakın real qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin əmlaka baxış keçirilməsinə şərait yaradılmadığı üçün ekspert rəy verməkdən imtina etmişdir. Buradan belə çıxır ki, cavabdeh həmin əmlakın mülkiyyətçisi olmaqla əmlakın qiymətləndirilməsində maraqlı olmamışdır. Cavabdehin özünün də bildirdiyinə görə onun borcunun yönəldilə biləcək digər əmlakları mövcuddursa, o həmin əmlakları siyahıya alınma üçün təklif edə və daha dəyərli olan əmlakına borcun yönəldilməsinin qarşısını ala bilərdi. Yaxud cavabdeh mövcud olan vergi borcunu ödəyərək, siyahıya alınmış əmlakının satılmasının qarşısını ala bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakın hərracda satışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanın sifarişi əsasında həyata keçirir. Vergi orqanın sifarişi ilə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 45777,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 45900 manat məbləğində siyahıya alınmış əmlakının satışının həyata keçirilməsi xahiş edilir. Cavabdehim apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, siyahıya alınması xahiş edilən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin məbləği vergi borcundan qat-qat çoxdur. Eyni zamanda, cavabdehin siyahıya alınması mümkün olan digər əmlakları da var. Cavabdehə məxsus və dəyəri təqribən 88000 manat olan yığılıb-sökülə bilən və daşınan əmlak mövcuddur. Bununla bağlı iş materiallarına mütəxəssis rəyi təqdim edilib. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Cavabdeh MMC tərəfindən 2020-ci il üzrə təqdim edilmiş əmlak vergisinin bəyannaməsində 268.454,16 manat dəyərində daşınar əmlakın ümumi qalıq dəyərinin göstərilməsinə baxmayaraq, Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin siyahıya alınmasının səbəbləri barədə ətraflı məlumatın təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Cavabdeh MMC (VÖEN:**********) barəsində vergi orqanının uçot-baza məlumatlarında sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olub-olmaması ilə bağlı hər hansı araşdırmanın aparılıb-aparılmaması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllığa riayət olunub-olunmaması, Cavabdeh MMC-nin dövlət büdcəsinə olan borcunun konkret məbləği barədə müvafiq məlumatların təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 06 noyabr 2025-ci il tarixli, 3-21-2-3/2- 1262602/2025 nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, vergi ödəyicisi Cavabdeh MMC”-nin (VÖEN:**********) sosial sığorta üzrə borcunun alınması məqsədilə xx.xx.2020-ci il tarixdə əmlakı siyahıya alınmış və siyahıya alınma zamanı Vergi Məcəlləsinin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllığa riayət olunmuşdur. Cavabdeh MMC”-nin 2019-cu il və 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqlarının olması barədə məlumat mövcud deyildir. Vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsinə əsasən sosial sığorta üzrə 45877,97 manat borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 25 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2- 1442141/2025 nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, vergi ödəyicisi Cavabdeh MMC-nin (VÖEN:**********) sosial sığorta üzrə borcunun alınması məqsədilə xx.xx.2020-ci il tarixdə əmlakı siyahıya alınmış və siyahıya alınma zamanı Vergi Məcəlləsinin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllığa riayət olunmuşdur. Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixdə əmlakın siyahıya alınması üzrə qərar açılmış və xx.xx.2020-ci il tarixdə protokol tərtib edilmişdir. Müraciətdə qeyd olunan əmlak vergisi bəyannaməsi xx.xx.2021-ci il tarixdə, açılmış qərar üzrə protokol tərtib edildikdən sonra təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Hazırkı işin hallarından görünür ki, iddiaçı inzibati orqan tərəfindən siyahıya alınması istənilən əmlak ünvan 1 ünvanında yerləşən əmlak kompleksidir. İddiaçı inzibati orqan əmlakın siyahıya alınması ilə bağlı Vergi Məcəlləsinin 89.6-cı maddəsinin tələblərinə əməl edildiyini bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş “X3 Mərkəzi” MMC-nin YDOMNe 099-008/2025 nömrəli, 14 mart 2025-ci il tarixli rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan 7440x4485 mm ölçülü Decoterm S, Rulon qap, RAL 9002-nin dəyəri 11761.43 manat, 7470x4625 mm ölçülü Decoterm S, Rulon qap, RAL 9002-nin dəyəri 23499.00 manat, 7500x5250 mm ölçülü Decoterm S, Rulon qap1, RAL 9002-nin dəyəri 25409.8 manat, dəmir metalın 50 tonunun dəyəri 27500 manat təşkil edir, yekun qiymət – 88170 AZN təşkil edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 89.6-cı maddəsinin tələbinə görə hər hansı əmlak siyahıya alınan zamanı hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər və ya istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər və s. siyahıya alına bilər. Hazırkı iş üzrə cavabdehin mülkiyyətində avadanlıqlar və dəmir metal konstruksiya (yığılıb-sökülə bilən daşınar əmlak) siyahıya alınması mümkün olduğu halda, əmlak kompleksinin siyahıya alınmasının həyata keçirilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 45777,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3417/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3417/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver