Məhkəmə qərarları › İş №2-1(103)-3418/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3418/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3418/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 1(112)-5270/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20217/2024 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20219/2024 saylı qərarların ləğv edilməsi barədə və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sonuncu xidmət yeri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məlumat vərəqi tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Məlumat vərəqində göstərilmiş 24 il 4 ay 2 gün xidmət müddətinə (təqvim xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin 01 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2023-cü il (xidmətdən buraxıldığı) tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin noyabr ayınadək təyin olunmuş müvafiq pensiya məbləği aylıq ödənilmişdir. 2024-cü ilin noyabrın sonunda əmək pensiyaçılarının pensiyaları ödənilmiş, iddiaçının kartına isə pensiya ödənişi olmamışdır. Buna görə xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olan cavab məktubunda, iddiaçıya ödənilən əmək pensiyasının xx.xx.2024-cü il tarixdən dayandırıldığı, eyni zamanda, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə ödənilmiş (94759.86 manat) pensiya məbləğinin könüllü şəkildə qaytarılması xahiş edilmişdir. Cavab məktubundan göründüyü kimi, təyin olunmuş pensiya məbləğinin ödənilməsi xahişindən imtina olunmuş, ödənişin dayandırıldığı bildirilmişdir. Cavabdeh inzibati orqanın müraciətinə imtinasını qanunsuz olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. 2001-ci ilin sentyabr ayından 2018ci ilin iyun ayınadək dövlət qulluqçusu statusu ilə Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmişdir. 2018-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixinədək barəsində “Xidmətə xitam verilməsi haqqında” əmr verilənədək, Dövlət Gömrük Komitəsinin Maliyyə- Təchizat İdarəsinin rəisi vəzifəsində işləmişdir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. Beləliklə, 2001-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək göstərilən dövlət orqanlarında işləməklə 16 il 9 ay dövlət qulluqçusu stajı, 2018-ci ilin sentyabr ayından 2023-cü il 12 may tarixinədək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illəri 4 il 8 ay təşkil etmişdir. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı 21 ildən artıq təşkil edir. Gömrük orqanında xidmət etdiyi dövrdə əmək haqqının tərkibində vəzifə maaşına fasiləsiz xidmət illərinə (21 il) görə əlavələr hesablanaraq ödənilmişdir. İşin bu halı Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2023-cü il tarixli, 1000/2873 nömrəli Əmri ilə təsdiq olunur. Xidmətdən azad olunduqdan sonra Dövlət Gömrük Komitəsinə müraciət edərək, dövlət qulluğunda və gömrük orqanlarında xidmət müddəti, ali təhsil və həqiqi hərbi xidmət müddətinin toplanaraq “Məlumat vərəqi”nin tərtib edilməsi və pensiya təyin edilməsi üçün göndərilməsinə dair xahiş etmiş, Dövlət Gömrük Komitəsi tərəfindən xahişinə imtina verilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq pensiya təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu xx.xx.2023-cü il tarixinədək ali təhsil müəssisəsində əyani təhsil aldığı dövr - 2 il, həqiqi hərbi xidmət dövrü - 1 il, Dövlət Gömrük Komitəsində xidmət və dövlət qulluğunda xidmət illəri birlikdə 21 il 5 ay olmaqla cəmi xidmət illərinin 24 il 5 ay nəzərə alınmaqla təminat xərcliyinə (sonrakı artımlar daxil) dair “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-10415/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəsini almış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xidmət illəri və təminat xərcliyinə dair xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş, Filial tərəfindən xidmətdən azad olunduğu xx.xx.2023cü il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, dövlət qulluğundakı xidmət illərinin, ali təhsil müddətinin - 2 ilinin, həqiqi hərbi xidmətdə - 1 ilin və gömrük orqanında xidmət illərinin toplanmaqla pensiya hüququnun yaranmasına dair mübahisə məhkəmə qərarı ilə həllini tapmış və həmin qərar qanuni qüvvəsindədir. Sözügedən qərarda işin mübahisəsiz müəyyən edilən hallarından göründüyü kimi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş “Xidməti qeyd”də göstərilmişdir ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar olaraq onlara verilən əlavələrin hesablanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin 13-cü abzasına və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 99-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 1000/2875 nömrəli əmri ilə dövlət qulluğundakı əmək stajı və Dövlət Gömrük Komitəsində xidmət illəri (cəmi 21 il) nəzərə alınmaqla İddiaçı əmək haqqına (vəzifə və rütbəyə görə maaşın faizi) 30 faiz miqdarında əlavələr təyin edilib ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri üzrə vəzifəli şəxslərinə xidmət illərinə görə əlavələrin təyin edilməsi üçün fasiləsiz xidmət illəri və bu xidmət illərinə görə əlavələrin məbləği göstərilmişdir. İddiaçı xidmət illəri 21 il, əmək haqqının (vəzifə və xüsusi rütbəyə görə maaşın) faizi - 30%, əlavələrin verilmə tarixi - xx.xx.2023-cü il tarixdən göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə İddiaçı şəxsi işi və məhkəmə tərəfindən tələb edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus ******* saylı əmək kitabçasından görünür ki, xx.xx.2001-ci il tarixdən-xx.xx.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində, xx.xx.2005-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə Mərkəzi Filiala təqdim edilmiş ***-**** saylı məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün. ali təhsil müddəti 2 il) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.14.1-ci maddəsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya 13 may 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Aparılan müvafiq araşdırma ilə əlaqədar, bəzi məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh inzibati orqan tərəfindən Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən göndərilmiş məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun preambulasına görə, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemı həmin qanunla müəyyən edilir. Hamin Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanının 2.4-cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" orqanlardan biri də Dövlət Gömrük Komitəsidir. Həmin Qanunun 9.5-ci maddəsinin xx.xx.2024-cu il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə), hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Eyni zamanda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli, 340-VİQD saylı Qanununa uyğun olaraq "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 saylı Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın gömrük orqanlarının əməkdaşı kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında Qanunda nəzərdə tutulduğundan dövlət qulluğu vəzifəsində qulluq keçmiş şəxslərin qulluq stajlarının gömrük orqanlarında rütbəli vəzifələrdəki qulluq illərinə əlavə olunmaqla onlara hərbi qulluqçu kimi guzəştli şərtlərlə pensiyanın təyin edilməsi həmin Qanunun tələblər baxımından mümkün deyil. Bundan başqa, dövlət qulluğu stajının gömrük orqanlarındakı, yəni dövlət dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2023-cü il tarixində qəbul etdiyi 2-1(102)-1576/2023 saylı qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının lehinə olmuşdur, yəni yuxarıda göstərilən mövqe ilə eyni olmuşdur. Həmin qərarda bildirilir ki, ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *(üç ulduz) nişanı ilə nömrələnmişdir. Goründüyü kimi, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının da daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 6 noyabr 2024-cü il tarixli, 3-17-1/2-0- 273645/2024 saylı məktub göndərilməklə 21 noyabr 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyı xahiş edilmişdir. Lakin qeyd edilən tarixədək iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya ödənilən əmək pensiyası 01 noyabr 2024-cü il tarixdən dayandırılmış, eyni zamanda xx.xx.2023-xx.xx.2024-cu il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-5270/2025 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20217/2024 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 20219/2024 saylı qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 4 ay 2 gün xidmət müddətinə görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü hərbi qulluqçu kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox stajı olmalı idi. Qeyd olunanlara əsasən iddiaçıya ödənilən əmək pensiyası xx.xx.2024-cü il tarixdən dayandırılmış və xx.xx.2023-xx.xx.2024-cu il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. İddiaçının Dövlət Gömrük Komitəsinə qarşı “Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və məlumat vərəqinin verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmə qərarı mövcuddur. Lakin inzibati orqan həmin qərarla razılaşmır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, cavabdeh əsas olaraq "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına istinad edir. Belə ki, cavabdeh sözügedən hüquqi akta istinad edərək hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmamalı olduğunu bildirir. Belə ki, 2023-cü ildə gömrük orqanında xidmətdən azad edildikdən sonra Dövlət Gömrük Komitəsinə məlumat vərəqinin verilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı ümumilikdə 20 ildən artıq staja malik olduğuna görə ona münasibətdə məlumat vərəqi verilməli idi. X1 Komitəsi tərəfindən vərəqinin verilməsindən imtina edilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən vərəqinin verilməməsi ilə bağlı əsas arqumenti hazırda cavabdehin irəli sürdüyü arqumentlə eynilik təşkil edir. Bu səbəblə iddiaçı Bakı İnzibati Məhkəməsinə Dövlət Gömrük Komitəsinə qarşı “Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və məlumat vərəqəsinin verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia üzrə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir”. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7- 1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarında bu məqamın nəzərdə tutulmaması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin tətbiq olunmamalı olduğu mənasına gəlmir. Belə ki, Azərbaycan Respublikasının Qanunu hüquqi qüvvəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından daha üstün qüvvəyə malikdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı Dövlət Gömrük Komitəsi tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - xx.xx.2023-cü il tarixli “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinə əsasən, iddiaçının ehtiyata buraxıldığı tarix xx.xx.2023-cü il, təqvim üzrə xidmət ili 22 il 04 ay 2 gün, cəmi iş stajı 24 il 04 ay, 2 gün, xx.xx.2017-ci ilədək 18 il 08 ay 20 gün, xx.xx.2017-ci il tarixdən sonra 05 il 07 ay 12 gündür. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 61861/2023 saylı qərarına görə, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən Məlumat vərəqəsi əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 5058.47 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20219/2024 saylı qərarına müvafiq olaraq, İddiaçı təyin olunmuş pensiya “pensiya hüququnun olmaması ilə əlaqədar” əmək pensiyasının ödənilməsi dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20217/2024 saylı qərarı ilə İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2013-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilməsi, İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Beləliklə, işin hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli, 3-17-1/333-3-61862/2023 saylı qərarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə Mərkəzi Filiala təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya 13 may 2023cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək ödəmişdir. Cavabdehin mövqeyinə görə Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən göndərilmiş 4 nömrəli məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmiş, bununla əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.8-ci maddəsinə əsasən iddiaçıya ödənilən əmək pensiyasınıın ödənişi xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 20219/2024 saylı qərarla dayandırılmış, xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 20217/2024 saylı qərarla isə “Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edilmiş və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Hazırkı iş üzrə inzibati orqan özünün vaxtılə təyin etdiyi və iddiaçıya ödədiyi pensiyanı düzgün təyin etmədiyini, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının daxil edilməsiin qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçı barəsində pensiya təyin edilməsi barədə əliverişli inzibati aktını ləğv etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mübahisələndirdiyi Mərkəzi Filiala təqdim edilmiş Dövlət Gömrük Komitəsinin 24 oktyabr 2023-cü il tarixli, ***-**** nömrəli məlumat vərəqi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tərtib edilərək pensiyanın təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2-1(112)-10415/2023 saylı qərarına əsasən İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda göstərilmişdir ki, “... məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının dövlət qulluğu stajı, hərbi xidmət və təhsil illəri də nəzərə alındıqda gömrük orqanlarındakı iş stajı ümumilikdə 24 il 11 ay təşkil edir”. Göründüyü kimi, iddiaçının bilavasitə pensiya təyinatına əsas verən məlumat vərəqinin verilməsinin əsası, yəni dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanmalı olması adıçəkilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz həllini tapmış, məhkəmənin həmin qərarı ilə pensiya təyin edən cavabdeh orqanın hazırkı pensiya təyin edilməsinə əsas verən qərarın ləğvi üçün istinad etdiyi haladövlət qulluğunun gömrük orqanlarında xidmətə daxil edilməsi nəticəsinə gəlinərək məlumat vərəqinin verilməsi vəzifəsi xidmət etdiyi qurumun üzərinə qoyulmuşdur. Cavabdeh isə hazırkı halda məhkəmə tərəfindən qiymət verilmiş hüquqi əsaslar üzrə tərtib edilmiş məlumat vərəqindəki məlumatları nəzərə almadan, hətta yeni məlumat vərəqi əldə etmədən özünün təyin etdiyi əliverişli inzibati aktı faktik və hüquqi əsasa əsaslanmadan ləğv etmişdir. Halbuki, hazırkı cavabdehin istinad etdiyi dəlil artıq qanuni qüvvəsini almış məhkəmə müstəvisində müzakirə olunmuş, həmin qərar qüvvədə olmaqla ləğv edilməmişdir. Cavabdeh məhkəmə qərarı nəticəsində tərtib edilmiş məlumat vərəqi əsasında öz təşəbbüsü ilə təyin etdiyi pensiyanı həmin məhkəmə qərarı mübahisələndirilmədiyi, ləğv edilmədiyi, qüvvədə olduğu halda, eləcə də yeni məlumat vərəqi əldə etmədən dayandırmaqda və ləğv etməkdə haqlı olmamışdır. Eyni işin mübahisələndirilən halına məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə hüquqi mövqe bildirildiyi, bununla da məhkəmə qərarı ilə hüquqi müəyyənliyin təmin edilməli olduğunu nəzərə alaraq birinci instansiyası məhkəməsi haqlı olaraq yenidən eyni əsaslara hüquqi qiymət verilməsini zəruri və mümkün hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-5270/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-5270/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar