Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3419/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarların ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-880/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23 yanvar 2024-cü il tarixli, **********487800 saylı və 30 yanvar 2024-cü il tarixli, **********381900 saylı qərarların ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar e-taxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, iddiaçının riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatlarının aparılmasında məhdudiyyətlər yaranmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, iddiaçının riskli vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla isə iddiaçı barəsində vergi, sosial sığorta və işsizlik sığortası haqları və ya cari ödəmələr üzrə borc öhdəliyi müəyyən edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən hüquqi şəxs olmuşdur. İddiaçı barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. İddiaçı tərəfindən hər hansı əmtəəsiz əməliyyat həyata keçirilməmişdir. Vergi orqanı tərəfindən düzgün araşdırılma aparılmamışdır. Buna baxmayaraq iddiaçı fəaliyyət göstərərkən hər hansı əsası olmayan məhdudiyyətlərə məruz qalmaqdadır. Hal-hazırda iddiaçı əməkdaşlıq edən müqavilə tərəfləri onunla iş görməkdən çəkinməkdədir. Satışlardan vəsaitlər daxil olmadığından iddiaçı tərəfindən banklardan götürülmüş kreditlərin ödənilməsində ciddi problemlər yaranmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 saylı Qərarı ilə "xxxx" təsdiq edilmişdir. Şirkətin fəaliyyətində həmin meyarlara uyğun gələn hal yoxdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. 30 yanvar 2024-cü il tarixli, **********381900 saylı Qərara münasibətdə bildirilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDVnin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********135200 saylı uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən, 2023-cü ilin noyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 1879,2 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, e-2-1(112)-880/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi qismən təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********487800 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı İddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində İddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanların araşdırılması ilə əlaqədar Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X4 idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X1 tərəfindən İddiaçı vergi orqanında qeydiyyatda olan və fəaliyyət göstərdiyi ünvanı dəqiqləşdirmək, həmçinin müşahidə aparmaq məqsədilə vergi ödəyicisinin uçot məlumat bazasında olan telefon nömrələri ilə əlaqə saxlanılmasına baxmayaraq, əlaqə yaratmaq mümkün olmamışdır. Bu barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Əlavə olaraq bildirilir ki, qeyd edilən məsələlər ilə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə İddiaçı rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırmanın aparılması, eyni zamanda əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin (tələb olunan sənədlər bildirişdə ətraflı qeyd olunub) lazımi qaydada təsdiq edilmiş surətinin 5 iş günü ərzində təqdim edilməsi üçün İddiaçınə “Riskli əməliyyatların araşdırılması barədə” müvafiq bildiriş göndərilmişdir. Həmin bildirişlə tələb olunan sənədlər və məlumatlar qeyd olunan müddətdə təqdim olunmadıqda aparılmış əmtəəsiz və riskli əməliyyatlara görə müvafiq qərarın qəbul ediləcəyi, eyni zamanda riskli vergi ödəyiciləri ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.8.1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3.1-ci, 89.3-cü, 109.9-cü, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlərin nəzərdə tutulduğu barədə həmin vergi ödəyicinə məlumat verilmişdir. Lakin, vergi ödəyicisinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olunmamış, təsdiqedici sənədlər və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq İddiaçı riskli vergi ödəyicisi hesab olunmuş və barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********487800 saylı qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Lakin, vergi ödəyicisi müxtəlif üsul və vasitələrdən istifadə etməklə həmin qərarın ləğv olunmasına cəhd göstərir. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1212/2023 saylı qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd olunmalıdır. Həmin qərarda qeyd olunur ki, ... “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur”. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********487800 saylı qərar Vergi Məcəlləsinin və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərinə uyğundur, qanuni və əsaslıdır. Bundan əlavə, inzibati iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə, İddiaçı rəhbərinin inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı “Məhkəmə icraatına cəlb edilmə barədə” vəsatət məhkəməyə təqdim edilməsinə baxmayaraq, cavabdehin vəsatətinə münasibət bildirilməmiş, vəsatətin təmin edilməməsinin səbəbləri qərarda əsaslandırılmamış, eyni zamanda sübutların qiymətləndirilməsi zamanı cavabdehin təqdim etdiyi sübutlar nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, İddiaçı vergi orqanının müvafiq qərarı əsaında riskli vergi ödəyicisi hesab olunmuşdur. xx.xx.2023-cü ildə İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixində isə İddiaçı fəaliyyətini dayandırmışdır. Belə ki, 4 ay ərzində İddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində əməliyyatların aparıldığı müəyyən olunmuşdur. Obyektin ləğv olunması barədə vergi orqanına ərizə təqdim olunmuş və obyekt ləğv olunmuşdur. İddiaçı göstərdiyi fəaliyyət üzrə malların daşınması ilə bağlı mülkiyyətində nəqliyyat vasitəsinin olmadığı müəyyən edilmişdir. İddiaçı digər bir müəssisədən işiq dirəkləri və kabel məhsullarının alqı-satqısını həyata keçirmişdir. Araşdırma nəticəsində həmin müəssisə tərəfindən malların alınmadığı aşkar olunmuşdur. Həmin müəssəsinin də obyekti, nəqliyyat vasitələri və işçiləri barədə məlumat əldə etmək mümkün olmamışdır. Bu hal da müəssisələr arasında aparılan əməliyyatların əmtəəsiz olmasına dəlalət edir. Eyni zamanda o, ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının əsas fəaliyyəti məhsulların saxlanılması və anbara yığılmasıdır. ... İddiaçı Relsdonam 2005” Məhdud Məsuliyyətli Cəmiyyəti xidmət göstərən şirkət hesab olunur. ... Vergi orqanı tərəfindən İddiaçı barəsində monitorinq keçirilmişdir. Müəssisənin səlahiyyətli şəxsləri ilə əlaqə yatarmaq mümkün olmamşdır. ... X4 tədbiri keçirilməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya göndərilmiş kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024cü il tarixli məktubda bildirilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020xx.xx.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2. 6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318- 319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müvafiq dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin və digər sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********381900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqına görə 1879,20 manat və qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəliyə görə 6890,40 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən ona əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən əlavə dəyər vergisi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ aşağıda göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********487800 saylı qərarı ilə İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - İddiaçının şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2025-ci il tarixə onun 447.854,66 manat faiz borcu olmuşdur. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçındə hər hansı operativ vergi nəzraəti tədbiri həyata keçirilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda (iddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olmuş) göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) (3.1.) İlk öncə qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin xx.xx.2024cü il tarixli, **********381900 saylı qərarın ləğvi hissəsi ilə bağlı haqlı olaraq qərarında göstərmişdir ki, cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müvafiq dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin və digər sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı dəqiqləşdirilmiş bəyannaməni təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya əlaqəli məlumatlar əsasında ƏDV hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********381900 saylı qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün iddiaçının vergi borcunu əlaqəli məlumatlara əsasən hesablamışdır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən birinci instansiyası məhkəməsi belə qərara gəlmişdir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli, **********381900 saylı qərarın ləğv edilməsi hissəsində əsaslı sayıla və təmin edilə bilməz. Digər qərara dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakılar qeyd edir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024- cü il tarixli, **********487800 nömrəli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçındə hər hansı X4 tədbiri həyata keçirilmədiyi qeyd edilmişdir. X4 tədbirinin həyata keçirilmədiyi məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Hazırkı iş çərçivəsində cavabdeh tərəfindən istinad olunan halların həqiqətən də müəyyən edilməsi isə iş materialları ilə öz təsdiqini tapmır. Halbuki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, e-2-1(112)-880/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3419/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3419/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver