Məhkəmə qərarları › İş №2-1(103)-342/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-342/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-342/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı baş gömrük idarəsinə qarşı gömrük bəyannaməsinin müvafiq bölümlərinə düzəliş edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun idxal etdiyi **********6178 nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** nömrəli alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarını əsaslandırarkən “Gömrük tarifi haqqında” Qanuna istinad edərək müəyyənləşdirə bilməmişdir ki, həmin qanun Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edilməsinə dair münasibətləri; Ümumi (Fəsil 1) və yekun müddəalardan (Fəsil 5) başqa, malın gömrük dəyərini (Fəsil 2), gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsini (Fəsil 3) və gömrük rüsumları üzrə güzəştləri tənzimləyir. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında olan mübahisə malın gömrük dəyəri barəsində olmadığı üçün, həmin qanunun müddəaları ilə bu mübahisəyə baxıla bilməz. Qeyd olunduğu kimi, iddiaçı əvvəlcə gömrük dəyərinin müəyyən olunması üçün iddia qaldırsa da, sonradan iddiasını dəyişdirərək, malın təsnifat kodunu mübahisələndirmişdir. Qərarın 7-ci səhifəsində məhkəmə 2012-ci il yanvarın 1-dən ləğv edilmiş, artıq 8 ildir ki, qüvvədə olmayan Gömrük Məcəlləsinin maddələrinə, 12-ci səhifəsində isə işə aidiyyəti olmayan, nəğd pulun idxalı və ixracı zamanı müsadirə edilməsindən bəhs edən Avropa Məhkəməsinin qərarına istinad etmişdir. Məhkəmə malların gömrük nəzarəti altından çıxdıqdan sonra, daxili bazardan alınmış nümunələr əsasında verilmiş ekspert rəylərinin AR Gömrük Məcəlləsinin 158.4-cü maddəsinə zidd olduğu və sübut qismində nəzərə alınmaması barədə verdiyi çoxsaylı vəsatətlərə münasibət bildirməmiş, Qərarın 11-ci səhifəsində həmin ekspert rəylərinə əsaslanaraq, malın 69-cu qrupa aid olmasını istisna etmiş, lakin 12-ci səhifədə özünün ziddinə gedərək, malın kodunun 69-cu qrupa aid olan 6914 90 0000 kimi göstərilməsinin yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə tamamilə uyğun olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddiaçı tərəfindən 2018-ci ildə ödənilmiş 415.312,91 manat gömrük ödənişinin, HS kodun səhv göstərilməsi ilə 98.799,15 manata düşəcəyini belə dəqiqləşdirə bilməmiş, Qərarın 5-ci səhifəsində həmin məbləğlərin malların ümumi dəyəri olduğunu güman etmişdir. Eyni zamanda, mallar gömrük nəzarəti altında olarkən mallardan gömrük əməkdaşının iştirakı ilə 4 ədəd nümunə götürülərək ekspertizaya təqdim edildiyi, mallar gömrük nəzarətindən çıxdıqdan və sərbəst dövriyyəyə buraxıldıqdan sonra ekspertizaya təqdim edilmiş nümunələrin 5 ədəd olduğu, bunun iş materiallarında olan protokollarda və məhkəmənin 12.07.2018-ci il tarixli qərardadında təsbit olunduğunu görməyərək, həmin halları təkzib edən və şübhə altına alan sübutların məhkəməyə təqdim edilmədiyini əsas tutaraq, ekspert rəylərini mötəbər sübutetmə vasitəsi kimi qəbul etmişdir. Qərarda gömrük orqanının ixracatçı ölkəyə sorğu vermədiyini sanki gömrük orqanının vəzifəsinə əsaslanan nöqsan kimi göstərərək, Gömrük Məcəlləsinin 9.0.15-ci maddəsinə əsasən digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyin gömrük orqanının hüquqlarına aid olduğunu müəyyənləşdirə bilməmişdir. Qərarın bir neçə səhifəsində Xarici İqtisadi X2 (XİFMN) əsaslanaraq təsnifat kodlarını əks etdirən Harmonik (Ahəngdar) Sistemdən (HS) bəhs etmiş, Qərarın nəticə hissəsində sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymuş, lakin istinad etdiyi sənəddə; ixracatçı ölkə tərəfindən verilmiş “X1 Mənşə Sertifikatı”nda iddiaçının mübahisələndirdiyi HS kodun 690722 olduğunun fərqinə varmamışdır. Həmçinin, gömrük bəyannaməsinin “31.Malların təsviri” və “33.Malın kodu” qrafalarının gömrük orqanı tərəfindən doldurulmadığı, gömrük rəsmiləşdirilməsinin artıq 2018-ci ildə aparılaraq, malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirildiyi, 2-ci dəfə təkrarən gömrük rəsmiləşdirilməsinin aparılmasının qanunda nəzərdə tutulmadığı üçün mümkünsüzlüyü məhkəmənin nəzərinə çatdırılsa da, iddiaçının özünü yandıracağı barədə hədələrindən çəkinərək, iş üzrə subyektiv bir qərar qəbul etmişdir. AR Gömrük Məcəlləsinin aşağıda qeyd edilən maddələrində göstərilir: “104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2-ci. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Gömrük sərhədindən keçirilən bütiXn mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; gömrük ödənişlərini ödəmək; gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil”. Gömrük Məcəlləsinin 322.1.2-ci maddəsinə əsasən X9 X2 uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X6 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Bəyan edilən malların X6 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X2 uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10- cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 31.10.2014-cü il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın 2.1-ci bəndində gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafalarının bəyannaməçi tərəfindən doldurulmalı olduğu göstərilmişdir. Beləliklə, iş materiallarından iddiaçının gömrük bəyannaməsində bəyan etdiyi malları, mübahisələndirdiyi ********** kod ilə gömrük orqanına təqdim etməsi, gömrük ödənişlərini könüllü şəkildə ödəməsi, həmin bəyannamələrin gömrük orqanı tərəfindən təsdiqlənərək, idxal olunmuş malların sərbəst dövriyyəyə buraxılmasının iddiaçının sərbəst bəyan etməsi nəticəsində baş verdiyi və gömrük orqanının hərəkətində qanunsuz heç nə olmadığı görünsə də, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 69 1490 0000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 98.799,15 AZN olduğu bəyan edilmiş, lakin həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilmədiyi, malların sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmadığı irəli sürülmüşdür. 141/16/05-25/004512 nömrəli 05.07.2018-ci il tarixli müraciət məktubu əsasında yükün X3 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X7 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyektləri qablaşdırılmamış keramik məmulatlar olmaqla aparılmış ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının ünvanına UE/18/0701 nömrəli invoys üzrə su udma əmsalları 3.8%, 5.4%, 3.3%, 4.4% olan minalanmış üz qatına malik döşəmə və üzlük keramikadan plitələr XİF MN görə 690722 9000 alt yarımmövqeyinə sinifləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 690722 9000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 415.312,91 manat olduğu bəyan edilərək, bəyannamə təsdiq edilmiş, həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edildiyindən, mallar 23.07.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. “Gömrük tarifi haqqında” AR Qanununun: 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır; 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır; 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır; 11.4. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. İşdən görünür ki, malın XİFMN üzrə kodunun müəyyən edilməsi sualı üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsi, yəni X7 İdarəsinin ekspert rəyi 09.07.2018-ci il tarixdə gömrük orqanına məlum olmuş və məhz bundan sonra cavabdehin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Təhqiqat bölməsi tərəfindən 10 iyul 2018-ci il tarixli qərarla eyni, yəni malın hansı kod altında sinifləşdirilməsi sualı üzrə materialların məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, sonuncu tərəfindən verilmiş ekspert arayışda X7 İdarəsinin müvafiq ekspert rəyi ilə müəyyən edilmiş hal, yəni yükün XİFMN görə 6907 22 9000 alt yarımmövqeyində sinifləşdirilməsi öz təsdiqini tapmamış, başqa sözlə, müvafiq sual üzrə ekspertiza tədqiqatı aparılmamış, buna əsas kimi isə malın hansı kod altında sinifləşdirilməsi sualı üzrə rəy verilməsinin ekspertin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2018-ci il tarixli 17982/17983 saylı ekspert arayışında cavabdehin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Təhqiqat bölməsi tərəfindən 10 iyul 2018-ci il tarixli qərarla təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi aşağıdakı kimi göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 4 ədəd plitə keramikadan hazırlanmışdır və səthi minalanmışdır. “Gömrük orqanına bəyan edilən, ümumi ölçüsü 91047, kv.metr, cəmi çəkisi ******* kq. olan “döşəmə, divar və s. üçün digər ləvhəciklər” yükü hansı kod altında sinifləşdirilmişdir?” sualı Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadığından cavablandırılmadı. Tədqiqata təqdim edilmiş nümunələrin orta bazar pərakəndə satış qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. 900x300x8,1 mm ölçülü plitə - 11,00 manat; 2. 900x300x(7,5-9,96) mm ölçülü plitə - 11,00 manat; 3. 600x300x10,5 mm ölçülü plitə - 12,00 manat; 4. 330x330x11 mm ölçülü plitə - 12,00 manat. Qeyd edilir ki, hər hansı bir əşyanın malın miqdarından asılı olaraq qiymətlərində fərq olması istisna edilmir. Mübahisəli malın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olub-olmamasını müəyyən etmək məqsədilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2-1(81)- 3400/2018 saylı qərardadına əsasən məhkəmə ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2018-ci il tarixli 20619/20620 saylı ekspert rəyində qərardad əsasında ekspert qarşısında qoyulmuş suallar üzrə aparılmış tədqiqatın nəticəsi aşağıdakı şəkildə göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 1, 2 və 3 nömrəli plitələr keramikadan hazırlanmışdır və səthi minalanmışdır. Tədqiqata təqdim edilmiş 4 və 5 nömrəli plitələr keramikadan hazırlanmışdır və səthi minalanmamışdır. Qeyd 1: Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq maddi texniki bazası olmadığından qərardadda qeyd edilən 1-ci sualı cavablandırmaq mümkün olmadı. Qeyd 2: Qərardadda qeyd edilən “01 iyul 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklər X3 Nomenklaturası (XİFMN) üzrə hansı kodlara aiddir? Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadan cavablandırılmadı. Tədqiqata təqdim edilmiş nümunələrin pərakəndə orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x8,1 mm ölçülü plitə -11,00 manat; Arxa hissəsində “made in İran” yazıları olan 900x300 x (7,5 - 9,96) mm ölçülü plitə -11,00 manat; 330x330x11 mm ölçülü plitə - 12,00 manat. Arxa hissəsində “made in İran və “design in Spain” yazıları olan 600x300x0,8 mm ölçülü plitə - 12,00 manat; Qeyd edilir ki, hər hansı bir əşyanın, malın miqdarından asılı olaraq, qiymətlərində fərq olması istisna edilmir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2- 1(81)3400/2018 saylı qərardadına əsasən komisyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 17.01.2019-cu il tarixli 32994/33135 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: “Sual 1 üzrə: Aparılmış spektrometrik tədqiqatların nəticələrinə görə təqdim edilmiş məmulatlar keramik materiallara aiddir. Müvafiq maddi texniki baza olmadığından məmulatların qəliblənmədən sonra yandırılmış olub-olmadığını müəyyən etmək mümkün olmadı. Sual 2 üzrə: 11 sentyabr 2018-ci il tarixli 201619/20620 saylı ekspert rəyində aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, 1, 2, 3 nömrəli obyektlər səthi minalanmış plitələrdir. 1, 2 və 3 nömrəli plitələrin üst qatının və alt (əsas) qatının kimyəvi tərkibi aşağıdakı kimidir: Nümunə 1. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), titan (Ti); Nümunə 2. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), titan (Ti) və dəmir (Fe); Nümunə 3. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqneziumn (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), titan (Ti). Eksperiza tədqiqatına təqdim edilmiş keramik plitələrin (nümunələrin) pərakəndə orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: 1. Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 900x300x8,1 mm ölçülü plitə -11,00 manat; 2. Arxa hissəsində Made in İran yazıları olan 900x300x(7,5-9,96) mm ölçülü plitə -11,00 manat; 3. 330x330x11 mm ölçülü plitə - 12,00 manat. 4. Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 600x300x0,8 mm ölçülü piltə-12,00 manat; 5.Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 900x300x0,9 mm ölçüdə piltə-12,00 manat; Qeyd edilir ki, hər hansı bir əşyanın, malın miqdarından asılı olaraq, qiymətlərində fərq olması istisna edilmir. Təqdim edilmiş keramik plitələr (nümunələr) minalanmış olduğu üçün X4 Mal Nomenkulaturası (XİFMN) üzrə 6907 kodunun “digərləri” (6907 21 900 0, 6907 22 9000, 6907 23 9000, 6907 30 9000 və 6907 40 9000) alt yarımmövqeyinə uyğunluğu müəyyən edilir. Müvafiq maddi texniki baza olmadığından məmulatların konkret hansı alt yarımmövqeyinə uyğunluğunu müəyyən etmək mümkün olmadı. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-139/2019 saylı 08.07.2019-cu il tarixli qərardadına əsasən komisyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2019-cu il tarixli 26527 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: “1.Təqdim olunmuş keramika məmulatlarından 1-ci, 2-ci və 3-cü nümunələrin sıxlıqları müvafiq olaraq ~2.202.33 g/sm3 intervalında, 4-cü və 5ci nümunələrin sıxlıqları isə müvafiq olaraq ~1.904 g/sm3-dir. 1.1.Təqdim olunmuş keramika məmulatları sıxlıqlarına görə bişirilmiş (yandırılmış) keramika məmulatlarına uyğun gəlirlər. 1.2. Rəyin tədqiqi hissəsində məmulatlarının qəliblənmədən sonra bişirilməsini (yandırılmasını) müəyyən etmək mümkün olmadı. 1.2. Xüsusi avadanlıq olmadığı sıxlıqları, ГОСТ 7025-91 standartına riyazi və fiziki üsullarla hesablanmışdır. 2. Təqdim olunmuş keramika məmulatlarından 1ci, 2-ci və 3-cü nümunələr sıxlıqlarına və kimyəvi tərkiblərinə görə minalanmış keramika məmulatlarına, 4-cü və 5-ci nümunələr isə minalanmamış keramika məmulatlarına aiddirlər. 2.1.Təqdim olunmuş keramika məmulatlarının bütün nümunələrin daxili qatı silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), dəmir (Fe), manqan (Mn) və titan (Ti) elementlərinin qeyriüzvi birləşmələrindən ibarətdir. 1-ci nümunənin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), xrom (Cr) və sink (Zn) elementlərindən, 2-ci və 3-cü nümunələrin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn) elementlərindən, 4-cü və 5-ci nümunələrin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), xrom (Cr), sink (Zn), dəmir (Fe), manqan (Mn) və titan (Ti) elementlərindən ibarət olub qeyri-üzvi tərkiblidirlər. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-139/2019 saylı 08.07.2019-cu il tarixli qərardadına əsasən komisyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2019-cu il tarixli, 26876 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən Qrup 69 keramika məmulatları mal mövqeyinə yalnız qəliblənmədən sonra yandırılmış keramika məmulatları daxil olunur. Aparılmış fizikikimyəvi tədqiqata əsasən ekspertizaya təqdim olunmuş keramika məmulatlarının qəliblənmədən əvvəl və ya sonra bişirilməsini (yandırılmasını) müəyyən etmək mümkün olmadı. Təqdim edilən keramika məmulatlarının qəliblənmədən sonra yandırılmış olubolmadığı müəyyən edilmədiyindən, keramika məmulatlarının XİFMN üzrə hansı koda uyğunluğunu müəyyən etmək mümkün olmadı. Qeyd edilən keramika məmulatlarının XİFMN üzrə hansı koda uyğunluğu, onların qəliblənmədən əvvəl və ya sonra yandırılmış olduğu məlum olduqdan sonra müəyyən edilə bilər. Ekspertiza tədqiqatına təqdim edilmiş keramika plitələrin (nümunələrin) pərakəndə 01 iyul 2018-ci il tarixə orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x8,1 mm ölçülü plitə - 11,00 manat; 2. Arxa hissəsində “made in İran” yazıları olan 900x300x(7,5-9,96) mm ölçülü plitə - 11,00 manat; 3. 330x330x11 mm ölçülü plitə - 12,00 manat; 4. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 600x300x0,8 mm ölçülü plitə - 12,00 manat; 5. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x0,9 mm ölçüdə plitə 12,00 manat; Qeyd edilir ki, hər hansı əşyanın, malın miqdarından asılı olaraq qiymətlərində fərq olması istisna edilmir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 29.05.2019-cu il tarixli 11146/12166 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 30.11.2018ci il tarixli qərardad və tədqiqat obyektləri üzrə 17.01.2019-cu il tarixdə 32994/33135 saylı ekspert rəyi verilmişdir. Eyni qərardad Mərkəzə təkrar təqdim edildiyindən ekspertlər qarşısında qoyulan suallar və tədqiqat obyektləri eyni olduğundan ekspertiza tədqiqatı aparılmadı. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2018-ci il tarixli 20619/20620 saylı, 17.01.2019-cu il tarixli 32994/33135 saylı, 30.12.2019-cu il tarixli 26527 saylı və 30.12.2019-cu il tarixli 26876 saylı ekspert rəylərində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, göstərilən ekspert rəyləri belə qənaətə gəlməyə əsas verir ki, ekspert rəyləri ilə malın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olması, başqa sözlə, iddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində bəyan edilmiş malların 690722 9000 kodu altında sinifləşdirilməsi halı istisna edilir. Bunun səbəbi kimi isə Mərkəzdə müvafiq tədqiqatın aparılması üçün texniki bazanın olmaması göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən X9 X2 görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir: 4. Yuxarıda göstərilən Qaydaların müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar daha oxşar (yaxın) mallara uyğun mal mövqeyində sinifləşdirilir. “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 69-cu qrupunun “digər keramika məmulatları” adlanan 2-ci yarımqrupunda iddiaçının sərhəd gömrük orqanına təqdim etdiyi ilkin bəyannamədə “6914 90 0000” kimi göstərdiyi mal kodu altında mal mövqelərinin adları “digərləri” kimi göstərilmişdir. Məhkəmə kollegiyası bu halla bağlı qeyd edir ki, iddiaçı tərəf təyinat ölkəsinə ixrac etmək istədiyi malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X11 Trading Co. LTD” şirkətindən 02 aprel 2018-ci il tarixli 2018/04/02/01 saylı müqavilə və 01 iyul 2018-ci il tarixli UE/18/07/01 saylı invoysda, habelə 02.07.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı AA2294063 nömrəli mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. “Gömrük tarifi haqqında” AR Qanununun 10.1-ci maddəsində təsbit edilmişdir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı baş gömrük idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar