Məhkəmə qərarları › İş №2-1(103)-342/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-342/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-342/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiаçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-1181/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş gömrük ödənişlərinin əlavə xərclərlə birlikdə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 49.023,69 manat ödənişlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə rəy tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və artıq ödənilmiş 49.023,69 manat pul vəsaitlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Macarıstanda fəaliyyət göstərən “SANAPLUS” KFT şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən adıçəkilən şirkətdən ümumi dəyəri 18.513 AVRO təşkil edən 33.660 ədəd Vit.C900mg qida əlavəsi satın alınmışdır. Adıçəkilən qida əlavəsinin dəyəri iddiaçı tərəfindən iki dəfəyə qarşı tərəfə tam olaraq ödənilmişdir. İddiaçının gətirdiyi qida əlavəsi xx.xx.2020-ci il tarixində ölkə ərazisinə daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsində adıçəkilən mala görə cəmi 62.440,45 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmiş və bildirilmişdir ki, həmin vəsaitin daxilində ƏDV və gömrük rəsmiləşdirilməsinə aid olan məbləğlər öz əksini tapır. Araşdırma zamanı məlum olmuşdur ki, tərtib edilmiş Gömrük Bəyannaməsində gömrük əməkdaşı tərəfindən malın gömrük dəyəri olaraq 172.721,70 manat, statistik dəyər olaraq isə 101.601,00 manat qeyd edilmişdir. İddiaçı tərəfindən buna etiraz edilərək tərəflər arasında bağlanmış müqavilə üzrə və rəsmi ödənişlər əsasında malın dəyərinin 18.513 AVRO olması, həmçinin bu qida əlavəsinin dünya bazarında topdan satış qiymətinin məlum olması bildirilsə də, buna heç bir diqqət yetirilməmiş, hesablanmış 62.440,45 manat məbləğində vəsaiti iddiaçı ödəmədiyi təqdirdə, malın yük maşınlarından boşaldılmasının qadağan edilməsi və yük maşınlarının buraxılmayacağını bildirmişlər. Gətirilmiş qida əlavəsinin istehsal müddəti ilə son istifadə müddəti arasında olan fərq iki il olduğundan və malın qısa müddət ərzində satılması nəzərdə tutulduğundan, məcburiyyət qarşısında qalaraq iddiaçı ondan tələb olunan pul vəsaitlərinin ödənilməsini təmin etmişdir. Bu yaxınlarda aparılan araşdırmalar və məsləhətlər nəticəsində iddiaçıya məlum olmuşdur ki, ondan gətirilən mala görə 62.440,45 manat məbləğində pul vəsait alınmamalı idi. Qeyd olunan vəsaitlərin ödənilməsi nəticəsində Bakı Baş Gömrük İdarəsi iddiaçının hüquqlarını pozaraq, ondan qanunla müəyyən edilmiş məbləğlərdən qat-qat artıq ƏDV və gömrük rüsumlarını almaqla, bu hal şirkətin maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Bakı Baş Gömrük İdarəsinin əməkdaşları gömrük bəyannaməsini tərtib edərkən, iddiaçıya qarşı qərəzli mövqe tutmuşdur. İddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə pretenziya məktubu ilə Bakı Baş Gömrük İdarəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə ümumi dəyəri 18.513 AVRO təşkil edən mala görə, gömrük bəyannaməsində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Gömrük və Statistik dəyərləri qrafasına əsassız olaraq yazılmış məbləğlərə dəyişiklik edilməsi, tərəflər arasında bağlanmış Müqavilədə malın qeyd olunmuş və iddiaçı tərəfindən bank vasitəsi ilə ödənilmiş dəyərinə uyğun olaraq Gömrük Bəyannaməsinə düzəlişlərin edilməsi, həmin malın müqavilə dəyərinə uyğun olaraq gömrük rüsumları və ƏDV-nin təkrar hesablanması və təkrar hesablamalara uyğun olaraq, yeni hesablanmış məbləğlərin iddiaçı tərəflərindən ödənilmiş 62.440,45 manat məbləğindən çıxılması, yerdə qalan vəsaitin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində poşt vasitəsi ilə təqdim olunmuş xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmış və həmin məktubda göstərilmişdir ki, İddiaçı MMC-nin ünvanına Macarıstan Respublikasının “SANAPLUS” KFT şirkətindən idxal olunan və xx.xx.2020-ci il tarixli gömrük bəyamnaməsi ilə bəyan edilən Macarıstan mənşəli “Vit.C 900 mg” adlı bioloji fəallığa malik qida əlavəsi yükünün rəsmirəşdirilməsi həyata keçirilərkən «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi rəhbər tutularaq gömrük dəyəri müəyyən olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Macarıstan Respublikasının “SANAPLUS KFT.” şirkətindən idxal etdiyi mənşə ölkəsi Macarıstan Respublikası olan 7 paketdə 187 qutuda 33660 ədəd “VİTA C/15/** PT *** mg Vit C+Cink” markalı “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan mallarının gömrük rəsmiləşdirilməsi üçün **********2210 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş həmin gömrük bəyannaməsinin 33-cü qrafasında “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 18513,00 Avro, 45-ci qrafasında gömrük dəyəri 172721,70 manat, 46-cı qrafasında statistik dəyəri 101601,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsul seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Qeyd olunanlara əsasən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 600,00 manat, idxal gömrük rüsumu 25908,26 manat, əlavə dəyər vergisi 35861,39 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat, cəmi 62440,45 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2020-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan **********2210 sorğu nömrəli gömrük bəyannaməsini malları sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, gətirdiyi malları gömrük rəsmiləşdirilməsindən keçirilib sərbəst dövriyəyə buraxıldıqdan 3 ay 10 gün sonra, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə pretenziya məktubu ilə müraciət edərək, gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmişdir. Pretenziya məktubu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların gömrük dəyərinin müəyyən edilməsi zəruridir, çünki həmin gömrük dəyərinə uyğun olaraq mallar bəyan edilməli və gömrük ödənişləri ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin İddiaçı MMC bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. İddiaçı MMC idxal edilmiş mallarının gömrük dəyərini **********2210 sorğu nömrəli gömrük bəyannaməsində göstərmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı MMC **********2210 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və malları xx.xx.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Həmin gömrük bəyannaməsi ilə İddiaçı MMC tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı MMC-nin elektron formada təsdiqləyərək təqdim etdiyi **********2210 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün İddiaçı MMC-nin təsdiqlədiyi **********2210 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-1181/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idxal etdikləri malın invoys və gömrük dəyəri aşağı göstərilsə idi, bu zaman gömrük orqanı həmin malın gömrük rəsmiləşdirilməsini həyata keçirməzdi və bizdən həmin bəyannaməyə düzəlişin edilməsini tələb edərdi. Lakin, malın gömrük dəyəri məhz onların tələbi əsasında artıq göstərildiyi təqdirdə hansı səbəblərə görə malın invoys dəyəri ilə gömrük dəyərinin uyğun gəlmədiyini araşdırmaq istəməmiş və işə baxan məhkəmə də buna göz yumaraq günahı onların üzərinə qoymaqla əsasl tələblərinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. İşdən görünür ki, iddiaçı artıq ödənilmiş 49.023,69 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə rəyin tərtib edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi gömrük bəyənnaməsi üzrə gömrük rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmiş, iddiaçının hüquqlarına qanunsuz müdaxilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin 10 mart 2021-ci il tarixli müraciət məktubunuza Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-nın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Nəzərinizə çatdırırıq ki, Komitə tərəfindən aparılmış təhlillər nəticəsində bir çox hallarda ölkə ərazisinə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən olunmuşdur. Qeyd olunan hal riskli kimi qiymətləndirilmiş və aşkar olunmuş risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülmüşdür. Qanunun 16-cı maddəsinə əsasən malların daxili bazarda satış qiymətlərinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edərək gömrük dəyəri müəyyən edilir. Belə ki, dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür. Belə ki, İddiaçı MMC-nin ünvanına Macarıstan Respublikasının “SANAPLUS” KFT şirkətindən idxal olunan və xx.xx.2020-ci il tarixli **********2210 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən Macarıstan mənşəli “Vit.C 900mg” adlı bioloji fəallığa malik qida əlavəsi yükünün gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən yuxarıda qeyd olunan qanunun 16-cı maddəsi rəhbər tutularaq gömrük dəyəri müəyyən olunmuşdur. Gömrük bəyannaməsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Macarıstan Respublikasının “SANAPLUS KFT.” şirkətindən idxal etdiyi mənşə ölkəsi Macarıstan Respublikası olan 7 paketdə 187 qutuda 33660 ədəd “VİTA C/15/** PT *** mg Vit C+Cink” markalı “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan mallarının gömrük rəsmiləşdirilməsi üçün **********2210 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir (tarix xx.xx.2020). Təqdim edilmiş həmin gömrük bəyannaməsinin 33-cü qrafasında “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 18513,00 Avro, 45-ci qrafasında gömrük dəyəri 172721,70 manat, 46-cı qrafasında statistik dəyəri 101601,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsul seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. **********2210 ödəniş tapşırığının surətindən görünür ki, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 600,00 manat, idxal gömrük rüsumu 25908,26 manat, əlavə dəyər vergisi 35861,39 manat, elektron gömrük xidmət haqqı 60,00 manat və elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi 10,80 manat, cəmi 62440,45 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” PHŞ-nın xx.xx.2020-ci il tarixli 04/13900 saylı məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli B/1789/2020 saylı “bioloji fəallığa malik qida əlavəsinə dair” ekspert rəyinin surətindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən “Vita C, fışıldayan tablet №20” adlı məhsul C vitamininin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. 1.0.56-cı maddəsinə əsasən vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlərdir. 9.0-cu maddəsinə əsasən bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq. 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 40.3-cü maddəsinə əsasən gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: 148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; 148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; 148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; 148.3.4. gömrük ödənişlərini ödəmək; 148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 149.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. 150.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 150.2-ci maddəsinə əsasən elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. 150.4-cü maddəsinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: 151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; 151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olubolmamasını; 151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; 151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. 53.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 227.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230cu maddələrində göstərilən vergilər alınır. 227.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 302.1-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. 302.2-ci maddəsinə əsasən malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. 322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.5-ci maddəsinə əsasən gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. 322.13-cü maddəsinə əsasən gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən rəy verilir. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra gömrük orqanı) bəyan edilir. 8.2-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2-ci maddəsinə əsasən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda, bəyannaməçi yarana biləcək gömrük borcunun ödənilməsi üçün Gömrük Məcəlləsində nəzərdə tutulan təminat növlərindən istifadə etməklə, bəyan edilən malın istifadə üçün ona verilməsi barədə gömrük orqanına müraciət edə bilər. 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bəndinə əsasən ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir. 5.4-cü bəndinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə bu Qaydaların 5.1-ci bəndində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 6.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 2.3-cü bəndinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. 14.5-ci bəndinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyildirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük ekspertizasının aparılması Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 322.15-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir. 4.1-ci bəndinə əsasən gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Ekspertizanın aparılması müddəti materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı növbəti iş günündən hesablanır və rəyin imzalandığı tarixdə başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Macarıstan Respublikasının “SANAPLUS KFT.” şirkətindən idxal etdiyi mənşə ölkəsi Macarıstan Respublikası olan 7 paketdə 187 qutuda 33660 ədəd “VİTA C/15/** PT *** mg Vit C+Cink” markalı “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan mallarının gömrük rəsmiləşdirilməsi üçün **********2210 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir (tarix xx.xx.2020). Təqdim edilmiş həmin gömrük bəyannaməsində qeyd olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, invoys dəyəri 18513,00 Avro, gömrük dəyəri 172721,70 manat, statistik dəyəri 101601,00 ABŞ dolları, gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsul seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuş, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 600,00 manat, idxal gömrük rüsumu 25908,26 manat, əlavə dəyər vergisi 35861,39 manat, elektron gömrük xidmət haqqı 60,00 manat və elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi 10,80 manat, cəmi 62440,45 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh orqan tərəfindən gömrük dəyəri 172.721,70 manat, statistik dəyərinin isə 101.601,00 manat olması əsas götürülərək iddiaçıdan 62440,45 manat gömrük rüsumu tələb edilmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi qida əlavəsi olan mallarının sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 101601,00 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa qida əlavəsi olan malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Qida əlavəsi olan mallarının daxili bazarda satış qiymətlərinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edərək gömrük dəyəri müəyyən edilmişdir. Belə ki, dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, tərəflərindən gətirilmiş 18.513 Avro təşkil edən 33660 ədəd Vit. C 900 mg qida əlavəsinə görə idxan rüsumunu müəyyən etmək üçün həmin dövrdə 1 Avronun manata olan məzənnəsi 2.0137 manat olduğundan, 18513 Avro x 2.0137=37279,62 manat və onun 15% idxal rüsumu=5.591,94 manat olduğu halda, onlardan 25.908,26 manat vəsait alınıb, yəni (25.908,26- 5.591,96=20.316,32)-20.316,32 manat artıq vəsait alınıb. Ümumi məbləğin ƏDV-nə gəldikdə isə (18513 Avro=37279,62 manat+5.591,94 manat idxal vergisi) x 18%=7.716,89) 7.716,88 manat olduğu halda, onlar 35.861,39 manat (35.861,39 manat- 7.716,89=20.316,32) ödəniş etmək məcburiyyətində qalmışlar və nəticədə ƏDV üzrə 28.144,5 manat artıq vəsait cavabdeh tərəfindən onlardan götürülmüşdür. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən idxal rüsumuna görə 20.316,32 manat, əlavə dəyər vergisinə görə isə 28.144,5 manat iddiaçıdan artıq gömrük rüsumu alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz iradəsi ilə gömrük bəyannaməsinin düzgünlüyünü təsdiq etmiş, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etmiş, gömrük orqanı da öz növbəsində gömrük bəyannaməsini təsdiqləmişdir. Qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi idxal edilmiş malın gömrük rəsmiləşdirilməsi zamanı bəyan edənin təqdim etdiyi gömrük bəyannaməsinə əsasən hesablamalar həyata keçirilir. Həmin bəyannamədə malın gömrük dəyəri bəyan edən tərəfindən göstərilir. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Lakin iddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən iddiaçı gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»n 2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. Həmin Qaydaların 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş ona geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən isə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qida əlavəsi olan mallara görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 48.460,82 manat (62440,45-13979.63=48.460,82) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-1181/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə artıq ödənilmiş 48.460,82 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə rəyin tərtib edilməsi və artıq ödənilmiş 48.460,82 manat pul vəsaitlərinin İddiaçı MMC-yə geri qaytarılması öhdəliyi qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-1181/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə artıq ödənilmiş 48.460,82 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə rəyin tərtib edilməsi və artıq ödənilmiş 48.460,82 manat pul vəsaitlərinin İddiaçı MMC-yə geri qaytarılması öhdəliyi qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar