Məhkəmə qərarları › İş №2-1(103)-342/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-342/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-342/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1959cu il təvəllüdlü İddiaçı pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “....xx.xx.1959-cu il təvəllüdlü iddiaçının 57 yaşı xx.xx.2016-cı ildə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 16 dekabr 2022-ci il tarixində cavabdehə müraciət etsə də 18 yanvar 2023-cü il tarixli 3-17-1/2-H-9954/2023 saylı məktubu ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7ci və 9.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina olunmuşdur. İmtina məktubunda ona bunun səbəbi kimi onun güzəştli iş stajının 12 il 6 aydan az olmasının göstərilməsi əsassızdır. Çünki, o, xx.xx.1980-ci ildən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Dövlət Neft Şirkətinin “Azərdənizneftinşaat” trestinin tabeçiliyində olan 2 №li və 5 №li Tikinti quraşdırma idarələrində işləmişdir. xx.xx.1981-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”ında nəzərdə tutulmuş vəzifələrdə 16 il 2 ay güzəştli, eyni zamanda, xx.xx.2006-ci il tarixinədək 27 il 6 ay ümumi iş stajı vardır. Qeyd olunanlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya almasına hüquq verir...” (İPM m.33.1). Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “b” bəndində tikinti quraşdırma işləri üzrə usta və iş icraçısı vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala iddiaçı tərəfindən təqdim edilən 30 iyun 2022-ci il tarixli SOCAR**********30020123X00044 №li arayışda da yuxarıda adı çəkilən siyahının 29-cu bölməsinin “b” bəndinə əsasən tikinti quraşdırma işləri üzrə usta və iş icraçısı vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verdiyi qeyd edilmişdir. İddiaçı isə həmin müəssisədə xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasında usta, xx.xx.1990 - xx.xx.1997- ci il tarixləri arasında iş icraçısı vəzifəsində çalışmışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 1 ay 20 gün (xx.xx.1986xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü X3 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmmiş və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalırı”nın 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə əsasən müraciət edən şəxs güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim etməlidir. Mərkəzi Filiala iddiaçı tərəfindən təqdim edilən 30 iyun 2022-ci il tarixli SOCAR**********30020123X00044 №li arayışda da yuxarıda adı çəkilən siyahının 29-cu bölməsinin “b” bəndinə əsasən tikinti quraşdırma işləri üzrə usta və iş icraçısı vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verdiyi qeyd edilmişdir. İddiaçı isə həmin müəssisədə xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasında usta, xx.xx.1990 - xx.xx.1997-ci il tarixləri arasında iş icraçısı vəzifəsində çalışmışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 1 ay 20 gün (xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Şükürlü apellyasiya şikayətinin təmin ounmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının təvəllüdünün xx.xx.1959-cu il olduğu nəzərə alınmaqla, onun 57 yaşı 1 iyul 2017-ci il tarixədək tamamlanır. Belə olan halda onun 57 yaşdan pensiya hüququna malik olub-olmamasına əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan normalarına münasibətdə yoxlanılıb qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Cavabdehin apellyasiya şikayətindən görünür ki, iddiaçının istər 1 yanvar 2006-cı il tarixinə, istərsə də xx.xx.2017-ci il tarixinə kimi, Əmək pensiyaları haqqında Qanunun 9.1ci maddəsi ilə tələb olunan azı 25 il ümumi stajının mövcudluğu mübahisələndirilmir (İddiaçının təkcə,işə əlavə olunmuş hərbi biletinə əsasən hərbi xidmət dövrü də nəzərə alınmaqla, əmək kitabçasına əsasən xx.xx.2006-cı ilə qədər olan stajı 27 il 4 ay 13 gün təşkil edir). Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilən SOCAR «Neftqaztikinti» Trestinin 30 iyun 2022-ci il tarixli tarixli arxiv arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “b” bəndində nəzərdə tutulan güzəştli pensiya hüququ verən işlərdə tikinti quraşdırma işləri üzrə xx.xx.1986-xx.xx.1990-cıillərdə usta, xx.xx.1990 - xx.xx.1997- ci illərdə isə iş icraçısı kimi güzəştli stajı cəmi 11 il 1 ay 20 gün, yəni tələbə olunan 12 il 6 aydan az təşkil edir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qaydaların qeyd olunan tələbindən göründüyü kimi, işləyən şəxslərin əmək fəaliyəti həmçinin işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında hesablana bilər. İşə əlavə olunmuş, SOCAR «Neftqaztikinti» trestinin 30 iyun 2022-ci il tarixli «arxiv arayışı»na əsasən müəyyən olunur ki, iddiaçı həmin trestdə aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1980-xx.xx.1980: «Azərdənizneftinşaat» trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində yardımçı fəhlə – 28 gün; xx.xx.1981 – xx.xx.1986: həmin trestdə 3, 4 5-ci dərəcəli bənna – 5 il 4 ay 29 gün; xx.xx.1986 – xx.xx.1990: həmin trestdə usta - 4 il 1 ay 2 gün ; xx.xx.1990 – xx.xx.1997: həmin trestdə iş icraçısı - 7 il 18 gün Tədqiq olunan arxiv arayışından göründüyü kimi, iddiaçının bənna, usta və iş icraçısı kimi, 16 il 6 ay 17 gün stajı mövcuddur. SOCAR «Neftqaztikinti» trestinin birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 14-2-14/2-883/2023 saylı məktubunda iddiaçının həmin trestdə işlədiyi usta, iş icraçısı və bənna işəlrinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr aid olmasına aşağıdakı kimi izah verilmişdir: «…İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının (Siyahı) “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b) mütəxəssislər” alt bölməsindəki “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsi ilə, onun çalışdığı iş icraçısı vəzifəsi isə həmin alt bölmədəki “iş icraçıları” vəzifəsi ilə eynilik təşkil edir. İddiaçı işlədiyi bənna peşəsi Şiyahının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizat, bərpası və təmiri bölməsində birbaşa nəzərdə tutulmamışdır. Belə ki, Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. “Neftqaztikinti” trestinin fəaliyyətinin əsas istiqaməti mülki tikinti olmadığına görə bənnalardan ibarət briqadalar və xüsusi bənna manqaları təşkil olunmur və bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər.» Məhkəmə kollegiyası “Neftqaztikinti” trestinin tədqiq olunan məktubunda iddiaçının hər bir halda trestdə mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadanın tərkibində bənna kimi işlədiyini nəzərə alaraq hesabedir ki, onun bənna kimi işlədiyi dövr qeyd edilən Siyahının 29-cu bölməsinin «a» bəndində nəzərdə tutalan güzəştli stajı kimi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 2007-ci ilə qədər qüvvədə olmuş, xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısında eyni adlı (« 22900000 XXVİİ) bölməsinin - «2290000a-12680», «2290100b-23419», «2290100b-24441» kodlarında da müvafiq olaraq - bənna, usta və iş icraçısı vəziəfəlri güzəştli pensiya hüququ verən vəzifələr kimi təsbit olunmuşdur. Beləliklə də, 2006-cı ilə qədər 25 ildən də çox ümumi stajı olan iddiaçının həmin stajın 12 il 6 aydan çoxunu da güzəştli pensiya hüququ verən işlərdə çalışdığı sübuta yetirilir. Belə olan halda, xx.xx.1959-cu il təvəllüdlü iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə həmin tarixədək qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, qeyd olunanları və mübahisəyə İPM-in 82-ci maddəsi baxımından, cavabdehin şikayəti həddində baxıldığını nəzərə alan məhkəmə kollegiyası, sonuncunun birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiqində səhvə yol verildyini, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar