Məhkəmə qərarları › İş №2-1(103)-3421/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3421/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3421/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əvvəlki ödənişin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2024 nömrəli iş üzrə xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək prokurorluq orqanlarının əməkdaşı kimi 01 dekabr 2019-cu ildən 30 noyabr 2022-ci il tarixə kimi olan dövr üzrə ona artıq ödənilmiş vəsait kimi hesablanmış 15641,28 manat vəsaitin silinməsi və pensiyasının yenidən hesablanaraq az ödənilmiş pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 28 dekabr 1983-cü ildən 27 mart 2018-ci ilə kimi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 9 avqust 2002-ci ildən 9 avqust 2007-ci ilə kimi Gədəbəy rayon prokuroru, 11 oktyabr 2007-ci ildən 11 oktyabr 2012-ci ilə kimi İmişli rayon prokuroru, 28 dekabr 2012-ci ildən 27 mart 2018-ci ilə kimi Azərbaycan Respublikasının Baş Prokurorluğunda İdarə prokuroru vəzifələrində işləmişdir. İddiaçı 2009-cu ilin yanvar ayından “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq orqanlarında 25 il qulluq etmiş işçi kimi prokurorluq orqanlarında xidməti vəzifəni davam etdirən işçi olaraq hər ay 50 faiz olmaqla pensiya almışdır. İddiaçıya 2009-cu ilin yanvar ayında 50% hesabı ilə pensiya təyin edildikdən sonra Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əlavə və dəyişikliklər edilmişdir. Belə ki, 2007-ci ildən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul müavinəti, 2010-cu ildən isə həmin Qanunun 20.9-cu maddəsinə əsasən müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul müavinəti ödənilməyə başlanılmış və göstərilən vəsaitlər əməkdaşların orta aylıq əmək haqqı hesablamalarına daxil edilmişdir. İddiaçı da İmişli rayon prokuroru kimi 11 oktyabr 2007-ci ildən 2012-ci ilin avqust ayına kimi qeyd edilən müavinətləri almış və müavinətlərdən icbari sığorta məbləğlərini ödəmişdir. Lakin iddiaçıya 2009-cu ilin yanvar ayından hesablanıb ödənilən pensiyaya həmin müavinətlər daxil edilməmiş və ödənilməmişdir. Ona görə də iddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon şöbəsinə müraciət edərək əmək pensiyasının əlavə artımla birlikdə yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən iddiaçının pensiyasının əlavə artımla birlikdə yenidən hesablanması barədə olan müraciəti təmin olunmamışdır. İddiaçı pozulmuş hüquqlarının bərpa olunması üçün 2013-cü ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DSMF-nin İmişli rayon şöbəsinin üzərinə iddiaçıya prokurorluq işçisi olaraq İmişli rayon prokuroru kimi qulluqda olduğu xx.xx.2010cu il tarixdən xx.xx.2012-ci il tarixədək son 24 ay ərzində aldığı əmək haqqı nəzərə alınmaqla (sonrakı artımlarla birlikdə) pensiya məbləğinin yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən pensiyanın qalıq hissəsinin həmin məbləğə uyğun olaraq ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)- 925/2013 saylı qərarı ilə iddiası təmin edilərək cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə İddiaçı prokurorluq işçisi olaraq İmişli rayon prokuroru kimi qulluqda olduğu son 24 ay ərzində (xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək) aldığı əmək haqqı nəzərə alınmaqla (sonrakı artımlarla birlikdə) pensiya məbləğinin yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən pensiyanın qalıq hissəsinin həmin məbləğə uyğun olaraq ödənilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2-1(86)-925/213 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2014-cü il tarixli, 2-1(106)-2014 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)- 925/2013 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)925/2013 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya mümkün sayılmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)-925/2013 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarı icra olunaraq 2014-cü ilin yayından iddiaçıya cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən prokurorluq işçisi olaraq İmişli rayon prokuroru kimi qulluqda olduğu son 24 ay ərzində (xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək) aldığı əmək haqqı nəzərə alınmaqla (sonrakı artımlarla birlikdə) pensiya məbləği yenidən hesablanaraq ödənilmişdir. Yanvar 2009-cu ildə iddiaçıya ilkin olaraq hesablanmış pensiyanın məbləği 50% hesabı ilə hər ay 1135 manat məbləğində müəyyən edilib ödənilmişdir. Məhkəmə qərarına əsasən ona pensiya aşağıdakı qaydada hesablanıb ödənilmişdir. Belə ki, 2014-cü ilin iyul ayından qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında hesablanmış pensiyanın məbləği 50% hesabı ilə (sonrakı artımlarla birlikdə) hər ay 1563 manat məbləğində müəyyən edilib ödənilmişdir. İddiaçı 27 mart 2018-ci il tarixdə Prokurorluq orqanlarında işləmənin son yaş həddinə, yəni 60 yaşı tamam olduğuna görə Prokurorluq orqanlarından işdən azad olunmuşdur. İddiaçı həmin vaxta, yəni 27 mart 2018-ci il tarixə kimi hər ay 50% olmaqla ayda 1563 manat məbləğində pensiya almışdır. 27 mart 2018-ci il tarixdə prokurorluq orqanlarından işdən azad olunduqdan sonra Azərbaycan Respublikası DSMF-nin İmişli rayon şöbəsinə ərizə ilə müraciət edərək prokurorluq orqanlarından işdən azad olunduğunu bildirmişdir və pensiyanın 100% hesabı ilə ödənilməsini xahiş etmişdir. İddiaçının müraciəti müsbət həll olunmuş və iddiaçıya 2014-cü ildə məhkəmə qərarı əsasında hesablanmış pensiya 27 mart 2018-ci ildən 100% hesabı ilə ödənilməyə başlanılmışdır. İddiaçının pensiyası 100% hesabı ilə hesablanıb ödənilərkən təxminən 3160 manat məbləğində olmuşdur. 01 mart 2018-ci ildən etibarən prokurorluq orqanı işçilərinin vəzifə maaşı 10% artmışdır. Həmin 10% artım iddiaçının pensiyasına da şamil olunmuş və həmin artımla 2018-ci ilin iyul ayından ödənilməyə başlanılmışdır. 2018-ci il iyul ayından artım da nəzərə alınmaqla hər ay iddiaçıya təxminən 3489 manat məbləğində pensiya ödənilmişdir. İddiaçıya 2018-ci ilin iyul ayından 10% artımlar daxil olmaqla 01 yanvar 2022-ci ilə kimi hər ay 3489 manat pensiya ödənişi edilmişdir. Bu zaman cavabdeh orqan tərəfindən ödənilən pensiya ilə bağlı iddiaçıdan hər hansı bir sənəd istənilməmiş və iddiaçı tərəfindən də cavabdeh orqana hər hansı bir sənəd təqdim edilməmişdir. 01 yanvar 2022-ci ildən hər ay pensiyalara edilən 10% indeksləşdirmə daxil olmaqla iddiaçının aldığı 3489 manat pensiya məbləği də artırılaraq 3838 manat məbləğində müəyyən edilmiş və iddiaçıya 01 fevral 2023-cü ilə kimi hər ay 3838 manat məbləğində pensiya ödənişi edilmişdir. 15 fevral 2023-cü il tarixdən isə iddiaçıya hər ay 5000,95 manat müəyyən edilərək pensiya ödənilmişdir. Halbuki, iddiaçının pensiyası son artımlar da daxil olmaqla hər ay 5565 manat məbləğində olmalıdır. Belə ki, məlum olduğu kimi, 01 dekabr 2022-ci ildən prokurorluq işçilərinin vəzifə maaşı 32% artırılmış, bundan başqa dövlət qulluqçusu kimi xüsusi şərtlərlə pensiya alan pensiyaçıların pensiyasına hər ay pensiyanın 10% məbləğində maddi yardım əlavə edilmiş, həmçinin 01 yanvar 2023-cü il tarixdən ölkədə olan bütün pensiyaçıların pensiyalarına 14,7% məbləğində indeksləşdirmə aparılmışdır. Bu artımlar daxil olmaqla, 15 fevral 2023-cü il tarixə keçmiş prokurorluq işçisi kimi ona hər ay ödənilməli olan pensiyanın məbləği 5565 (beş min beş yüz altmış beş) manat təşkil edir. İddiaçıya isə 2023-cü ilin fevral ayından hər ay 5000,95 manat məbləğində pensiya ödənişi edilmişdir. İddiaçı pensiyanın az ödənilməsinin səbəbini aydınlaşdırmaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətlə bağlı bildirilmişdir ki, iddiaçıya 15 min manat məbləğində artıq pensiya ödənişi edilmişdir və iddiaçı həmin artıq ödənişin büdcəyə qaytarılması üçün razılıq verməlidir, əks halda həmin artıq ödənilmiş pensiyanın məhkəmə qaydasında tutulacağı bildirilmişdir. İddiaçı artıq ödənilmiş ödənişin səbəbinin izah edilməsini xahiş etmiş və ona bildirilmişdir ki, iddiaçı düzgün olmayan sənəd təqdim etmişdir. İddiaçı isə idarəyə pensiya hesablanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçının bu müraciətinə baxmayaraq, pensiyanın aylıq ödəniş məbləğində heç bir artım olmamışdır. Əksinə olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya “artıq ödənilmiş pul vəsaiti haqqında” 02 iyun 2023-cü il tarixli, 3-17-1/2-G-124655/2023 saylı məktub ünvanlanmışdır. Qeyd olunan həmin məktubda göstərilmişdir ki, “... Sizə Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1485,00 manat, qulluq illərinə görə əlavəniz 668,25 manat, rütbəyə görə əlavəniz 138,00 manat, digər növ əlavələriniz 1527,50 manat olmaqla orta aylıq əmək haqqınız 3818,75 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 34 il 14 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (3818,75 manat) 80 faizi - 3055,00 manat məbləğində hesablanmalı olduğu halda, 3489,48 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabınıza köçürülüb. Buna görə də Sizə həmin dövr üzrə ümumilikdə 15641,28 manat artıq vəsait ödənilib.” İddiaçı bildirir ki, məktubda göstərilənlər doğru deyildir, qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Ona görə də iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 iyul 2023-cü il tarixli ərizə ilə müraciət edərək 01 dekabr 2019-cu ildən 30 noyabr 2022-ci il tarixə kimi olan dövr üzrə artıq ödənilmiş vəsait kimi göstərilən 15641,28 manat vəsaitin yaranması ilə bağlı açıqlama verilməsini, həmçinin artıq ödəmə kimi göstərilən həmin vəsait qanunsuz və əsassız olaraq ondan tələb edildiyindən onun silinməsini və eləcə də pensiyası yenidən hesablanmaqla az ödənilmiş pensiya məbləğinin ödənilməsini və bu barədə ona ətraflı məlumat verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun ərizəsinə 07 avqust 2023-cü il tarixli, 3-17-1/2-9- 177362/2023 saylı məktubla səthi və əsaslandırılmamış cavab verməklə, əvvəlki cavab məktubunu bir hissəsini yeni verdikləri cavaba köçürməklə özünün əvvəlki 02 iyun 2023-cü il tarixli məktubunda əmək pensiyasının hesablanması haqqında ətraflı məlumat verildiyini göstərmişdirlər. Halbuki, Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli Qanununun 7.7-ci maddəsinə əsasən vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməli, müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməli, müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali tərəfindən iddiaçının müraciətinə qanunsuz və əsassız olaraq imtina verilmişdir. Bununla da cavabdeh inzibati orqan tərəfindən qeyd olunan Qanunun göstərilən tələblərinə düzgün əməl olunmamış və nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali iddiaçıya ünvanladığı 07 avqust 2023-cü il tarixli, 3-17-1/2-9-177362/2023 saylı imtina məktubunda göstərilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina 17 iyul 2023-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq cari ilin fevral ayında 5000,95 manat məbləğində hesablanıb, həmçinin Sizə xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14645,50 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 14645,50 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur.” İddiaçı bildirir ki, cavabdeh orqana müraciət edərək onun tərəfindən qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 15641,28 manat pul vəsaitinin silinməsi və pensiyanın yenidən hesablanaraq az hesablanmış pensiyanın ödənilməsi barədə dəfələrlə etmiş olduğu müraciətlərə baxmayaraq, bu barədə olan müraciəti qanunsuz və əsassız olaraq təmin edilməmiş və müraciətə imtina verilmişdir. İddiaçı həmçinin daha sonra iddia ərizəsinə əlavələr təqdim etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının tələbi qanunamüvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçının pensiya işinə dair sənədlərdə ona Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, iddiaçının 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1485,00 manat, qulluq illərinə görə əlavə 668,25 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələr 1527,50 manat olmaqla orta aylıq əmək haqqı 3818,75 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 34 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3818,75 manat) 80 faizi-3055,00 manat məbləğində hesablanmalı olduğu halda, 3489,48 manat müəyyən edilməklə xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 15641,28 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1955,00 manat, qulluq illərinə görə əlavə 879,75 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələr 1981,83 manat olmaqla orta aylıq əmək haqqı 4954,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 34 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4954,58 manat) 80 faizi-3963,66 manat məbləğində hesablanmalı olduğu halda, 3489,48 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında iddiaçıya ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 474,18 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddaçının əmək pensiyası həmin tarixdən etibarən 4360,03 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5000,95 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçı cari ilin yanvar ayı üzrə 5000,95 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4479,35 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 521,60 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2019-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində 14645,50 (15641,28-474,18-521,60) manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, maddi yardım üzrə 2022-cı il üçün iddiaçıya 430,51 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 430,51 manat pul vəsaiti cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda cavabdeh hesab edir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni idarənin əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 fevral 2023-cü il tarixli, 3-17-1/3-7-1891/2023 saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və əvvəlki pensiya ödənişinin bərpa olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2248/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(86)-925/2013 nömrəli qərarına əsasən iddia təmin olunmuş, cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə İddiaçı Əhrəman oğlunun prokurorluq işçisi olaraq İmişli rayon prokuroru kimi qulluqda olduğu son 24 ay ərzində (xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək) aldığı əmək haqqı nəzərə alınmaqla (sonrakı artımlarla birlikdə) pensiya məbləğinin yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən pensiyanın qalıq hissəsinin həmin məbləğə uyğun olaraq ödənilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. - Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(106)-57/2014 nömrəli qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)-925/2013 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmiş, iş üzrə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)-925/2013 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon şöbəsinin apellyasiya şikayəti mümkün sayılmamışdır. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3- 7-1891/2023 nömrəli qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 3963,66 manat, hesablamadan sonra 3489,48 manat məbləğində müəyyən olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü tarixli məktubda qeyd olunmuşdur ki, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq cari ilin fevral ayında 5000,95 manat məbləğində hesablanıb, həmçinin iddiaçıya xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14645,50 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 14645,50 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçıdan əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü tarixli məktubda qeyd olunmuşdur ki, pensiya işinə dair sənədlərdə iddiaçıya Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1485,00 manat, qulluq illərinə görə əlavə 668,25 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələri 1527,50 manat olmaqla orta aylıq əmək haqqı 3818,75 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 34 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3818,75 manat) 80 faizi - 3055,00 manat məbləğində hesablanmalı olduğu halda, 3489,48 manat müəyyən edilməklə xx.xx.2019- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 15641,28 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1955,00 manat, qulluq illərinə görə əlavə 879,75 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələr 1981,83 manat olmaqla orta aylıq əmək haqqı 4954,58 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 34 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4954,58 manat) 80 faizi-3963,66 manat məbləğində hesablanmalı olduğu halda, 3489,48 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında iddiaçıya ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 474,18 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4360,03 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5000,95 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya cari ilin yanvar ayı üzrə 5000,95 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4479,35 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 521,60 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 14645,50 (15641,28-474,18-521,60) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əlavə olaraq bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 430,51 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 430,51 manat pul vəsaiti cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2-1(86)-925/213 saylı qərarı ilə İddiaçı Əhrəman oğlunun prokurorluq işçisi olaraq İmişli rayon prokuroru kimi qulluqda olduğu son 24 ay ərzində (xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək) aldığı əmək haqqı nəzərə alınmaqla (sonrakı artımlarla birlikdə) pensiya məbləğinin yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən pensiyanın qalıq hissəsinin həmin məbləğə uyğun olaraq ödənilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh etirazlarında bildirmişdir ki, Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1485,00 manat, qulluq illərinə görə əlavə 668,25 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələri 1527,50 manat olmaqla orta aylıq əmək haqqı 3818,75 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 34 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3818,75 manat) 80 faizi-3055,00 manat məbləğində hesablanmalı olduğu halda, 3489,48 manat müəyyən edilməklə xx.xx.2019- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əslində mübahisənin kökü prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiyasının yenidən hesablanması zamanı xx.xx.2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının “düzgün” hesablanmamasından qaynaqlanmışdır. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquq müdafiə vasitəsi məhkəmə qərarının icrası qaydasında ərizə ilə qərarı qəbul etmiş məhkəməyə (Şirvan İnzibati Məhkəməsi) müraciətdir. Məhz həmin məhkəmə, qəbul edilən məhkəmə aktının icrası qaydasında iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının “düzgün” hesablanması məsələsinə qiymət vermək səlahiyyətindədir. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlsə də, məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən yardım etmək vəzifəsini rəhbər tutaraq iddiaçıya onun hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsini təklif etməmişdir. Lakin, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 fevral 2023-cü il tarixli, 3-17-1/3-7-1891/2023 saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və əvvəlki pensiya ödənişinin bərpa olunması barədə müvafiq qərar qəbul edilməsi”ni xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə münasibət bildirilən tələb ilə əlaqəli olmamaqla, cavabdeh inzibati orqanın 06 fevral 2023-cü il tarixli, 3-17-1/3-7-1891/2023 saylı qərarının ləğvi ilə bağlıdır. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə iddiaçının prokurorluq işçisi olaraq İmişli rayon prokuroru kimi qulluqda olduğu son 24 ay ərzində aldığı əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh inzibati orqanının üzərinə qoyulmuşdur. Hazırda isə iddiaçı yuxarıda qeyd olunan qərara aidiyyəti olmayan əlverişsiz inzibati aktı mübahisələndirir. Birinci instansiya məhkəməsi isə yanlış nəticəyə gələrək hazırki mübahisənin predmeti olan inzibati akta Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli qərarın icrası qaydasında həll olunmalı olan məsələ kimi yanaşmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin təkrar birinci instansiya icraatı zamanı iddiaçının dəqiqləşdirilmiş iddia tələbi nəzərə alınmaqla işə mahiyyəti üzrə baxılmalıdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi işin faktiki halları düzgün araşdırmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2024 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar