Məhkəmə qərarları › İş №2-1(103)-3423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3423/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3423/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra mətndə “Azneft” İB) cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azneft” İB-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 2nda, 39 T 414826.03; 4470137.64 coğrafi koordinatlarda yerləşən 600 kv. m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X5 ayrılması barədə Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 640 saylı sərəncamın etibarsızlığının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “Azneft” İB-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39 T 414826.03; 4470137.64 coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət bir hissəsi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 640 saylı sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X5 ayrılmışdır. Həmin torpaq sahəsi JN1449D nömrəli, xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və daha sonra həmin torpaq sahəsi vətəndaş X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********07-10301 reyestr və ********** qeydiyyat nömrəli olan çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində vətəndaş X4 tərəfindən tikinti işləri aparılmış və halhazırda tikinti işləri davam etdirilir. Həmin torpaq sahəsinin üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə İB-nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Suraxanı rayon İcra Hakimiyyətinin mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də xx.xx.2000-ci il tarixli, 640 saylı sərəncamı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********93 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ hissəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair X2 adı ilə bağlı JN-14419D nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və yeni poçt ünvanı alaraq ünvan 2 olaraq vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan həmin fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi Bakı şəhəri 24 saylı notariat kontorunun 2V-110 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə və 3M-163 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Miras payının bağışlanması müqaviləsi”nə əsasən X1 adına qeydiyyata alınmışdır. Sonradan ünvan 2nda olan fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsi Bakı şəhəri 52 saylı notariat kontorunun 4Ə-1705 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-04192/2023 saylı və xx.xx.2023-cü il və 3-48-2F/2-04655/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktublarına əlavə olunmuş X5 torpaq sahəsi ayrılması haqqında Suraxanı rayon İH-nin 640 №-li 21 aprel 2000-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, X5 fərdi yaşayış evi tikmək üçün zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Azneft” İB-yə ünvanlanmış **********70 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 2nda yerləşən 0.06 ha torpaq sahəsinə dair ilkin hüquqi aktlar barədə məlumat verilməsi ilə bağlı müraciətə baxılmışdır. X2 adına Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 640 saylı Sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1449D nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırki iddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqan Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı sonuncu tərəfindən qəbul olunmuş inzibati aktın, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq (və ya həll etmək) məqsədilə qəbul edilmiş və ünvanlandığı fiziki şəxs (iş üzrə üçüncü şəxs) üçün müəyyən hüquqi nəticələr yaradan sərəncamın etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin xx.xx.2000-ci il tarixli, 640 saylı sərəncamının (mübahisə predmeti olan əmlaka münasibətdə) etibarsız sayılmasına yönəlmişdir. Yəni, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının hüquqi marağı, iddia tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, etibarsız inzibati aktlar qəbul edildiyi andan yararsız, əhəmiyyətsiz olduğuna və bu baxımdan heç bir hüquqi nəticə yaratmadığına, yəni iddia predmeti mövcud olmadığına görə, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bununla belə, həmin inzibati aktın etibarsızlığının tanınmasında xüsusi hüquqi müdafiə marağının mövcud olduğu hallarda, şəxs tanınma haqqında iddia vasitəsi ilə məhkəmədən həmin inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Bu növ iddialara münasibətdə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, xüsusi mümkünlük şərtləri nəzərdə tutulur. Belə ki, İnzibati Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin normanın təfsiri baxımından iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın etibarsızlığının tanınmasında maraqlı olmalı və müəyyən məqsəd güdməlidir (məsələn, inzibati aktın mövcudluğu görüntüsünün aradan qaldırılması, həmin aktın onun şəxsi və işgüzar nüfuzuna neqativ təsirinin istisna edilməsi və sairə). Başqa sözlə, iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən mümkünlük şərtləri (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən yan qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Həmin normaya görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir İşin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyətinin 640 saylı sərəncamı 21 aprel 2000-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Bu baxımdan məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdehin sərəncamının qəbul edildiyi tarixdən iyirmi dörd il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. “Qüvvədə olan inzibati prosessual qanunvericilikdə hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı prosessual müddət müəyyən edilməsə də, qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə belə müddət nəzərdə tutulmuşdu. Bu zaman həm də nəzərə alınmalıdır ki, mübahisə olunan qərar İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl, yəni 21 aprel 2000-ci ildə qəbul edilmişdir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar