Məhkəmə qərarları › İş №2-1(103)-3424/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3424/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3424/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(112)-6705/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin gəldiyi nəticə əsassızdır. xx.xx.1979-xx.xx.1981-ci illərdə orta texniki peşə məktəbində (texnikumda) aldığı təhsil, eləcə də xx.xx.1999-xx.xx.2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmağı cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Eləcə də cavabdehin iddiasına görə “adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə (“Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir”. Bu hissə ilə də razı deyil və sözügedən müəssələrin sığortaedən kimi qeydiyyatda olmaması və ya məcburi dövlət sosial sığorta haqları ödəməməsi onun hüquqları məhdudlaşdırılmamalıdır. Belə ki, cavabdehin gəldiyi nəticəyə görə bu cür münasibət bildirməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Bir sözlə sənədlərin düzgün tərtib olunmamasının səbəbi bu işlə məşğul olan müvafiq şəxsin və ya şəxslərin işə məsuliyyətsiz yanaşması üzündən baş vermişdir. Sənədlərinin düzgün tərtib edilməməsi onun təqsiri hesab edilə bilməz.

3. Cavabdeh tərəfindən məhkəməyə imtina məktubu ilə eyni məzmunlu etiraz ünvanlanmış və bildirilmişdir ki, “...Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinizə dair iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyi üçün sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün olmayıb. Eyni zamanda təqdim etdiyiniz xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1992-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Kerqezski Tikinti Materialları Kombinatı”nda, xx.xx.1995xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Zəka-94” müəssisəsində, xx.xx.1998xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrləri Sizin iş stajınıza daxil etmək mümkün olmayıb. Həmçinin sözügedən əmək kitabçanız araşdırılarkən, 16-17-ci səhifələrindəki 22-ci qeydə düzəliş edilərək işdən çıxma tarixlərinizin dəyişdirildiyi aşkar görünür. Buna görə də, həmin səhifələrdə qeyd olunan dövrləri iş stajınıza daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də, sizin ümumi iş stajınız 25 ildən az (20 il 1 ay (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 4 il 3 ay) təşkil edir. Bundan başqa, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26008,54 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir.

4. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(112)-6705/2024 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 6.12.2020-ci il tarixdən hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

7. Daha sonra iddiaçı tərəfindən məhkəməyə apellyasiya şikayətinə yazılı etiraz ünvanlanmışdır. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. 10.12.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. 10.12.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsivəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İş materiallarından görünür ki, - İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. - İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək Bakı şəhəri 22 №-li DPTM-də təhsil almışdır (1 il 10 ay 23 gün). - ИТ-İ 195661 nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1981-xx.xx.1982-ci illərdə Mingəçevir Quraşdırma İdarəsində qaynaqçı işləmişdir (1 il 3 ay 19 gün), - xx.xx.1983-xx.xx.1988-ci illərdə “BakıSemTəmir” Xüsusiləşdirilmiş Təmir İdarəsində 1 №-li sahədə təmir-sement, əl qaynağı avadanlığının elektrik qaynaqçısı işləmişdir ( 5 il 3 ay 8 gün), - xx.xx.1988-xx.xx.1988-ci illərdə Qaradağ rayonu Xüsusiləşdirilmiş Təsərrüfat Hesablı 3 saylı TTİ-də 1 №-li sahədə elektrik qaynaqçısı işləmişdir (2 ay). - xx.xx.1988-xx.xx.1991-ci illərdə 4 №-li sahədə elektrik qaynaqçısı işləmişdir (2 il 5 ay 6 gün). - xx.xx.1991-xx.xx.1991-ci illərdə Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Kergez Tikinti Materialları Kombinatında 4 №-li dağ sexində 3-cü dərəcəli daşkəsən maşının maşinistinin köməkçisi təyin edilmişdir (4 ay 13 gün). - xx.xx.1992-xx.xx.1995-ci illərdə 1 №-li sahədə İİİ maşinist işləmişdir (3 il 10 ay 14 gün). - xx.xx.1995-xx.xx.1996-cı illərdə Qaradağ rayonu "xxxx" KM-də elektrik qaynaqçısı işləmişdir (7 ay 28 gün), - xx.xx.1996-xx.xx.1997-ci illərdə "xxxx" AŞ-də qaynaqçı işləmişdir (8 ay 22 gün), - xx.xx.1998-xx.xx.1999-cu illərdə Bakı şəhəri Qaradağ rayonu "xxxx" Kiçik Müəssisəsi Tikinti-quraşdırma sahəsində elektrik qaynaqçısı işləmişdir (1 il 3 ay 26 gün) - xx.xx.1999-xx.xx.2000-ci illərdə X2 Ltd Azərbaycan Respublikası, Lukoil və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasına MM Quraşdırıcı köməkçisi vəzifəsində işləmişdir (9 ay 21 gün), - xx.xx.2000-xx.xx.2002-ci illərdə 1 №-li İxtisaslaşdırılmış “Dizayn” Təmir-Tikinti Quraşdırma Testində elektrik qaynaqçısı işləmişdir (1 il 8 ay) - xx.xx.2002-xx.xx.2002-ci illərdə X2 Ltd. X4 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisə Yarımixtisaslı Quraşdırıcı işləmişdir (6 ay 24 gün), - xx.xx.2002-xx.xx.2004-cü illərdə X3 Konstrakşın İnk-də elektrik qaynaqçısı işləmişdir (2 il 2 ay) - xx.xx.2004-xx.xx.2006-cı illərdə X1 MMC-də elektroqaynaqçı işləmişdir (1 il 2 ay 1 gün-xx.xx.2006-cı il tarixədək cəmi 25 il 4 ay 24 gün) - İddiaçı 6.12.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinizə dair iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyi üçün sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün olmayıb. Eyni zamanda təqdim etdiyiniz xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1992-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Kerqezski Tikinti Materialları Kombinatı”nda, xx.xx.1995xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Zəka-94” müəssisəsində, xx.xx.1998xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrləri sizin iş stajınıza daxil etmək mümkün olmayıb. Həmçinin sözügedən əmək kitabçanız araşdırılarkən, 16-17-ci səhifələrindəki 22-ci qeydə düzəliş edilərək işdən çıxma tarixlərinizin dəyişdirildiyi aşkar görünür. Buna görə də, həmin səhifələrdə qeyd olunan dövrləri iş stajınıza daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də, sizin ümumi iş stajınız 25 ildən az (20 il 1 ay (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 4 il 3 ay) təşkil edir. Bundan başqa, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26008,54 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

12. İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir.

13. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

14. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

15. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

16. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

17. 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır.

18. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçının təhsil illəri də nəzərə alınmaqla yuxarıda qeyd edilən peşələrdə ümumi iş stajı 25 ildən çoxdur (26 il 1 ay 23 gün). “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

19. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...

20. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən bildirmişdir ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Kerqezski Tikinti Materialları Kombinatı”nda, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Zəka-94” müəssisəsində, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

23. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

24. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.

26. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının həmin müəssisələrdə işləməsi barədə əmək kitabçasında qeydlər aparılmış, həmin qeydlər təsdiqlənmişdir.

28. Əmək kitabçasında həmin qeydlərin olmaması, natamam olmaması, yaxud iş dövrü barədə qeydlərin düzgün və dəqiq olmaması ilə bağlı hallar müəyyən edilmir.

29. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

30. Cavabdeh qeyd edir ki, əmək kitabçasının 22-ci qeydində düzəliş edilməsinə istinad edir.

31. Əmək kitabçasından görünür ki, həmin qeydin sol tərəfində düzəlişin “5” rəqəmindən “6” rəqəminə edildiyi müəyyən edilir.

32. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin düzəliş mötəbərdir, çünki, qeydin sağ tərəfindən əmrin tarixi sözlə yazılmışdır. Digər tərəfdən növbəti, yəni 23-cü qeyddən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdə yeni müəssisəyə qəbul edilmişdir.

33. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir.

34. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23200000 “Ümumi peşələr” bölmə XXXİİİ, 23200000—19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.

36. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan artıq (16 il, 11 ay) təşkil edir.

37. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir.

38. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, “Əmək Pensiyaları haqqında Qanunun”: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

39. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaranıb. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2023-ci il tarixdə olmuşdur.

40. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. 41.Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

42. Məhkəmə kollegiyası cavabdehin dəlil olaraq qeyd etdiyi "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq iddiaçının işlədiyi müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilməsinə münasibətdə hesab edir ki, iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, o cümlədən, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabında əks olunmamasında, iddiaçının hər hansı bir təqsirli hərəkəti olmamışdır. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunan barədə məlumatları bir ay müddətində, eləcə də sığortaolunanlar haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Göründüyü kimi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi sığortaolunanın deyildə, sığortaedənin vəzifəsinə aid edilir. Hazırki, iddia tələbi üzrə iddiaçının xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1992xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Kerqezski Tikinti Materialları Kombinatı”nda, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Zəka-94” müəssisəsində, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində işlədiyi illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların onun fərdi şəxsi hesabında əks olunmaması, həmçinin həmin müəsissələrin Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin Sığortaolunanların reyestr bölməsində sığortaolunan kimi qeydiyyatda olmaması, iddiaçının sığortaolunan kimi çıxış etməsini, həmçinin onun pensiya kapitalının mövcud olmasını istisna etmir.

43. İddiaçın pensiya kapitalının yaranmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur . 44.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 45.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 46.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 47.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(112)-6705/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar