Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3424/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğvi, riskli vergi ödəyicisi, əmtəəsiz əməliyyat) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)-3895/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-210578/2025 nömrəli qərardan görünür ki, 2024-cü ilin iyun ayı üzrə ƏDV vergisi üzrə 3.906 manat vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ eqaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 3906,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, ET/25 №-li alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC müqavilənin ayrılmaz hissəsi hesab olunan X1 ilə müəyyənləşdirilmiş əşyaları (malmaterialları) alıcı "xxxx" MMC-yə təhvil verməyi, alıcı isə həmin əşyaları (mal-materialları) qəbul edərək, bu Müqavilənin 4.3-cü bəndində müəyyənləşdirilmiş müddətdə həmin əşyaların (mal-materialların) dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təhvil-təslim aktından görünür ki, dəyəri 21.700 manat olan xırdalayıcı avadanlıq iddiaçıya təhvil verilmişdir. EBDA seriyalı 648534 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən malın dəyəri satıcıya ödənilmişdir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********342800 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, onun həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDA seriyalı 648534) elektron qaimə-faktura əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İddiaçı hazırda cavabdehin qəbul etdiyi bu qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iyun 2024-cü il ƏDV üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-74911/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15118/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3895/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “Nihat-RM"’ MMC, müxtəlif növ tikintiquraşdırma işlərini həyata keçirən Azırbaycan şirkətlərindəndir.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-74911/2024 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçının 3906,00 manat vergi borcunun olması qərara alınmışdır. Vergi orqanı qarşılıqlı əməliyyat apardığı iki vergi ödəyicisini riskli, elektron qaimələrin riskli əməliyyatların rəsmləşdirildiyi sənəd hesab etmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün əvəzləşdirilməsinə yol verməmişdir. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi həmin qərar əsassız olduğundan, ləğv edilməlidir. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının xx.xx.2024-cü il tarixli **********342800 nömrəli qərarı ilə riskli hesab edilən hüquqi şəxs "xxxx" MMCdən (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə əldə edilmiş EBDA seriyalı 648534 nömrəli elektron qaimə-faktura üzrə 3906,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən 2023-cü ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyi və həmin dövrdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 3906,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********668600 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamələri, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 3906,0 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)-3895/2025 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-210578/2025 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)- 3895/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının xx.xx.2024-cü il tarixli **********342800 nömrəli qərarı ilə riskli hesab edilən hüquqi şəxs "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə əldə edilmiş EBDA seriyalı 648534 nömrəli elektron qaimə-faktura üzrə 3906,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən 2023-cü ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyi və həmin dövrdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 3906,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********668600 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamələri, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 3906,0 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə qərarında qeyd edir ki, hüquqi qiymətləndirmə çərçivəsində vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması faktı yalnız aidiyyəti dövlət orqanının konkret qərarına əsasən hüquqi qüvvə kəsb edir. Bu baxımdan, mübahisələndirilən əməliyyatların baş verdiyi tarix kontekstində iddiaçının müqavilə münasibətində olduğu hüquqi şəxsin faktiki olaraq riskli vergi ödəyicisi olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Əgər əməliyyatların icra olunduğu vaxtda həmin şəxs hələ riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdisə, bu zaman iddiaçının gələcəkdə baş verə biləcək hüquqi dəyişikliklərdən məlumatlı olması və ya bunu ehtimal etməsi mümkün deyildi. İlk növbədə qeyd edilməlidir ki, bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmişdir və bu barədə müvafiq yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticəni tam şəkildə araşdırmadan ilkin olaraq iddianın təmin edilmə əsası kimi yalnız yuxarıdakıları göstərmişdir. Əslində, birinci instansiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməlidir. Qanunvericiliyin tələblərindən aydın olur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Bir daha qeyd etmək istərdik ki, əmtəəsiz əməliyyatın anlayışı dedikdə qanunsuz olaraq mənfəət əldə etmək nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsində aparılan əmtəəsiz əməliyyata görə həmin əməliyyatın rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə alınmaması nəzərdə tutulmuşdur. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, "xxxx"Məhdud Məsuliyyətli barəsində keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı «Metan Ticarət və Tikinti» MMCnin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2- 1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlərr. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2- 3/2-210578/2025 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması faktı yalnız aidiyyəti dövlət orqanının konkret qərarına əsasən hüquqi qüvvə kəsb edir. Bu baxımdan, mübahisələndirilən əməliyyatların baş verdiyi tarix kontekstində iddiaçının müqavilə münasibətində olduğu hüquqi şəxsin faktiki olaraq riskli vergi ödəyicisi olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Əgər əməliyyatların icra olunduğu vaxtda həmin şəxs hələ riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdisə, bu zaman iddiaçının gələcəkdə baş verə biləcək hüquqi dəyişikliklərdən məlumatlı olması və ya bunu ehtimal etməsi mümkün deyildi. İş materiallarının təhlili göstərir ki, iddiaçının müqavilə bağladığı hüquqi şəxs əməliyyatın aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamışdır. Bu isə onu göstərir ki, inzibati orqan tərəfindən sözügedən dövrə münasibətdə riskli vergi əməliyyatı və ya subyekt anlayışını tətbiq etməsi tamamilə əsassızdır. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətində qanunvericilik normalarının tələblərini sadalamış və İddiaçı MMC-nin "xxxx" MMC ilə müvafiq əməliyyatlar aparmasına istinad edərək iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 648534 elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, İddiaçı MMC tərəfindən həmin müəssisə ilə aparılan bütün əməliyyatlar həmin tarixdən əvvəl icra edilmişdir. Belə olan halda iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-faktura tərtib edilən zaman, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması faktı yalnız aidiyyəti dövlət orqanının konkret qərarına əsasən hüquqi qüvvə kəsb edir. Bu baxımdan, mübahisələndirilən əməliyyatların baş verdiyi tarix kontekstində iddiaçının müqavilə münasibətində olduğu hüquqi şəxsin faktiki olaraq riskli vergi ödəyicisi olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Əgər əməliyyatların icra olunduğu vaxtda həmin şəxs hələ riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdisə, bu zaman iddiaçının gələcəkdə baş verə biləcək hüquqi dəyişikliklərdən məlumatlı olması və ya bunu ehtimal etməsi mümkün deyildi. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslər də mülki hüquq münasibətlərinə daxil ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatdan sonrakı tarixdə qəbul edilmiş qərarla olmasına, iddiaçının həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasına dair xəbərdarlıq edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Əməliyyatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(112)-3895/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3424/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3424/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver