Məhkəmə qərarları › İş №2-1(103)-3425/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3425/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3425/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanıb ödənilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının adına xx.xx.2019-cu il tarixindən aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" MMC) olduğu, eyni zamanda iddiaçıın elmi müəssisə təşkilatlarda əmək fəaliyyətinin 20 il 11 ay (25 ildən az) təşkil etməsi əsası ilə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək təqaüd üzrə 3240.00 manat artıq ödəmə hesablanmışdır. Bununla bağlı cavabdeh xx.xx.2022-ci il tarixli **********9 №-li, xx.xx.2022-ci il tarixli **********7 №-li və xx.xx.2023-cü il tarixli 3- 17- 1/1-Q-25468/2023 №-li Qərarlar qəbul etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********9 №-li, xx.xx.2022-ci il tarixli **********7 №-li və xx.xx.2023cü il tarixli 3-17-1/1-Q-25468/2023 №-li Qərarlarının ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də aktiv əmək müqaviləsi ilə fəaliyyət göstərdiyini əsas gətirərək, təqaüdün təyin edilməsindən imtina edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdən həmin müəssisə fəaliyyət göstərmir və fəaliyyəti dayandırılmış **********891 nömrəli VÖEN altında yerləşir. Beləliklə, görünür ki, o, heç bir gəlir əldə etməmişdir, vergi ödəyicisi deyil. İnzibati orqan tərəfindən qəbul olunmuş bu akt qeyriqanunidir. Aktın özündə əsaslandırma qeyd olunmamışdır və hüquqlarını kobud şəkildə pozmuşdur.

5. Cavabdeh iddia ərizəsinə etirazı təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 avqust 1999-cu il tarixli 52 nömrəli əmri ilə təsdiq ediliş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası haqqında Əsasnamə”də elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları öz əksini tapmadığından, həmin təşkilat “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elmi müəssisə və təşkilat anlayışını özündə ehtiva etmir. Bu baxımdan iddiaçının həmin müəssisədə olan sığorta stajı yuxarıda qeyd olunan təqaüdün təyin olunması üçün əsas deyildir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərdən müəyyən edilir ki, X3 İdarəsinin bir sıra fəaliyyətləri ilə yanaşı İdarə həmçinin elmi-tədqiqat işlərini aparır, yeni metodlar hazırlayır və təkmilləşdirir. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər) elmi elmi müəssisə və təşkilat sayılır. Cavabdeh Qanunun 10.5.6-cı maddəsinə istinad edərək bildirir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları olmadığından həmin İdarə elmi müəssisə sayılmır. Lakin məhkəmə qeyd edir ki, İdarənin Nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydalarının göstərilməməsi, həmin müəssisənin elmi elmi müəssisə və təşkilat olmaması anlamına gəlmir. Qeyd edilən məsələ X2 qeyd edilən normasının tələbinin nəzərə alınmamasına dəlalət edə bilər. Belə olan halda, cavabdeh iddiaçının həmin müəssədəki iş dövrünü elmi müəssisə hesab etməməklə düzgün nəticəyə gəlməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ona müvafiq Prezident təqaüdü təyin edilib ödənildiyi, həmçinin hazırkı dövrdə qüvvədə olduğundan buna uyğun olaraq müvafiq hüquq və vəzifələr yaratmış, iddiaçı “işləməyən” əmək pensiyaçısı statusunda olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, məhkəmə əsassız olaraq cavabdeh tərəfin dəlillərini nəzərə almamış, iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

d) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14.“Sosial müavinətlər haqqında” Qanun:

Maddə 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;

15. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin.

16. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı:

1.“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. 2.Müəyyən edilsin ki: 2.1.bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1.2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2.dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2.bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

17. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir.

18. İnzibati Prosessual Məcəllə (İPM):

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2.Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1).

23. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

24. Belə ki, hazırki işin birinci instansiya məhkəməsinin icraatına və apellyasiya şikayətinə münasibətdə qeyd edilməldir ki, cavabdehin imtina ilə bağlı istinad etdiyi iki haldan biri iddiaçının aktiv əmək müqaviləsinin olmasıdır ki, birinci instansiya məhkəməsinin icraatı zamanı əldə edilmiş məlumata əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin 21 may 2024-cü il tarixli məktubuna əsasən uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2044-cü il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi və sosial haqqı ödənişləri müəyyən edilməmişdir.

25. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müəssisənin xx.xx.2019-cu il tarixdən fəaliyyətinin dayandırması öz təsdiqini tapdığından iddiaçının hər hansı fəaliyyətlə məşğul olmadığı, yəni işləmədiyi müəyyən olunur.

26. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin digər dəlili olan – iddiaçının 25 ildən az elmi müəssisədə stajının olmaması ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir.

27. Əvvəla qeyd edilməlidir ki, iddiaçının 25 il elmi müəssisədə iş stajının olması əsası ilə cavabdeh inzibati orqan tərəfindən müvafiq təminatlar 7 ilə yaxın ona şamil edilmişdir. Belə ki, müvafiq pul təminatının statusunun dəyişdirilərək “təqaüd”ə keçirilməsinə baxmayaraq, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən yenidən xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd təyin edilmişdir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

29. Hazırkı halda isə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barədə qəbul edilmiş əlverişli inzibati akt 1 il keçdikdən sonra, yəni **********9 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla ləğv edilmişdir.

30. Göründüyü kimi, inzibati akt qanunsuz hesab olunsa belə, bir neçə dəfə təkrar olaraq iddiaçıya pensiyaya əlavələr edilməklə, daha sonra təqaüd təyin edilməklə həmin inzibati aktın ləğv olunmasını şərtləndirən halların da cavabdeh inzibati orqana məlum olduğu müəyyən olunur.

31. Beləliklə də, kollegiya tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il keçdikdən sonra inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olaraq mübahisə predmeti olan inzibati aktı ləğv etmişdir.

32. Həmçinin, kollegiya iddiaçının işlədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasında mövcud olan iş stajı ilə bağlı aşağıdakıları qeyd edir.

33. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir. 10.2. Dövlət mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün elmi müəssisə və təşkilatların inkişafına dəstək verir. 10.3. Elmi müəssisə və təşkilatların hüquq və vəzifələri, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və elmi müəssisə və təşkilatların nizamnaməsi ilə tənzimlənir. 10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər) elmi müəssisə və təşkilatlara aid edilmişdir.

34. Cavabdeh iddiaçının elmi müəssisələrdə fəaliyyəti bağlı stajını hesablayarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsindəki dövrü nəzərə almayaraq, həmin idarənin elmi müəssisə olmadığını qeyd edir. Lakin işin birinci instansiya araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi birinci instansiya məhkəməsinin sorğusuna bildirilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikasının 271-VQ nömrəli, 14 iyun 2016-cı il tarixli Qanunun 1.0.22-ci maddəsinə əsasən elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs elmi müəssisə və təşkilat hesab olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 10.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) gömrük işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının artırılması məqsədilə elmi tədqiqat və tədris müəssisələri, gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturunun 2.4-cü bəndinə əsasən X3 İdarəsi Dövlət Gömrük Komitəsinin tabeliyində olan digər qurumlardan biridir.

35. Kollegiya qeyd edir ki, 052 nömrəli, 10 avqust 1999-cu il tarixli Əmrlə təsdiq edilmiş “Əsasnamə”nin 2.3-cü bəndinə əsasən istehsal müəssisələri, elmi-tədqiqat institutları, mübadiləsi etməklə ayrı-ayrı malların ekspertizasını laboratoriya əməkdaşları ilə birlikdə aparır və müvafiq rəy verir.

36. Həmin “Əsasnamə”nin 3.1-ci bəndinə əsasən Mərkəzi laboratoriya respublika iqtisadiyyatının mühafizəsinə kömək, qaçaqmalçılığa, gizli iqtisadiyyata, iqtisadiyyat və ticarət pozuntularına qarşı mübarizə, digər tərəfdən isə müasir analiz və eyniləşdirmə metodlarını tətbiq etməklə göstərilənlərin elmi-metodiki cəhətdən əsaslandırılmış surətdə aşkar olunmasına xidmət edir.

37. Həmin “Əsasnamə”nin 3.2-ci bəndinin 27-ci abzasına əsasən, yeni analiz metodları işləyib hazırlamaq və elmi tədqiqat işləri aparmaq; 38.Göründüyü kimi, laboratoriyanın əsas fəaliyyəti istiqamətlərindən biri də elmi fəaliyyətlə bağlı olmuşdur. 39.“Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilməmiş pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

40. Hazırkı işdə də iddiaçının buna dair razılığının olmasına dair hər hansı sübut mövcud deyildir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasından tutmasının hüquqi əsası olmadığından həmin tutulmuş məbləğlər geri qaytarılmalıdır.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

42. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

43. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

45. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

46. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati orqan tərəfindən aparılmış inzibati icraat yuxarıda qeyd olunan normaların və prinsiplərin tələblərinə uyğun olmayaraq aparılmışdır.

49. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar