Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3425/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “reyestr məlumatlarında dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “reyestr məlumatlarında dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7049/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adının "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidirektoru kimi kommersiya qurumlarının dövlət reyestr məlumatlarından çıxarılması öhdəliyinin cavabdeh “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi”-nə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7049/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
4. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəməyə təqdim edilmiş “nizamnamə və digər sənətlər “Elektron Vergi” (taxes.gov.az) portalı vasitəsilə ərizə yazılaraq hazırda cavabdeh olan “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi” tərəfindən cavablandırılmış və sözü gedən bütün sənətlər elektron formada göndərilmişdir. Bundan əlavə “Elektron vergi” portalı vasitəsilə olan bildirişlər və yazışmalar “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi” tərəfindən cavablandırlımışdır. Əlavə olaraq Məhkəməyə təqdim etdiyi imtina cavabında “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi” tərəfindən cavablandırlımış və hüquqi şəxsin qeydiyyat qovluğu barədə heç bir məlumat verilməmişdir. X2 İdarəsinə ünvanladığım sorğuya cavab olaraq 3-21-2-24-1/2-19571/2025 saylı 25 iyun 2025-ci il tarixli məktubunda cavab olaraq bildirilmişdir ki, “Maraqlı şəxs1 (VÖEN: **********) qeydiyyat və vergi iş qovluğu xx.xx.2019-cu il tarixli **********629900 nömrəli məktubla birlikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir.” Məhkəmə araşdırmanı düzgün aparmamış və məhkəmə işinə əlavə edilmiş sənətlərə düzgün qiymət verməmişdir. Bu səbəbdən də hesab edir ki, qərardad ləğv edilməli və iş baxılması üçün bakı inzibati Məhkəməsinə göndərilməlidir. Tərəflərin izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
7. İş materiallarından görünür ki, iddiaçının direktoru olduğu "X4” MMC-nin (VÖEN **********) hüquqi ünvan Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 41, mənzil 30 olaraq qeydiyyata alınmışdır.
8. İş materiallarına əlavə edilmiş "X4” MMC-nin xx.xx.2017-ci il tarixli təsisçi qərarınn belə görünür ki, qərarla İddiaçı "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmiş və MMC-nin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərlə bağlı və yeni reyestrdən çıxarışın alınması üçün Naxçıvan MR Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməsi qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanuvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
16. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
17. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
18. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
20. Adıçəkilən Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar.
21. Məhkəmə kollegiyası bildirir ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.
22. İşin hallarından görünür ki, İddiaçı hazırda "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestr məlumatlarında qanuni təmsilçi kimi qeydiyyatdadır.
23. Lakin qeyd etmək lazımdır ki, iddiaçının direktoru olduğu "X4” MMC-nin (VÖEN **********) hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 41, mənzil 30 olaraq qeydiyyata alınmışdır.
24. İş materiallarında olan "X4” MMC-nin xx.xx.2017-ci il tarixli təsisçi qərarından belə görünür ki, qərarla İddiaçı "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmiş və MMC-nin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərlə bağlı və yeni reyestrdən çıxarışın alınması üçün Naxçıvan MR Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməsi qərara alınmışdır.
25. Onu da qeyd etmək lazımdır ki, hazırda "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat qovluğu Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində deyildir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın 1.3.2-ci bəndinə əsasən kommersiya hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin və publik hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi bölgü üzrə həmin Xidmətin strukturuna daxil olan qurumların, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir
27. Odur ki, hazırki işdə iddiaçının reyestr məlumatlarını dəyişdirmək istədiyi hüquqi şəxsin hüquqi ünvanı kimi Naxçıvan MR, Naxçıvan şəhəri, qeydiyyata alan vergi orqanı kimi isə Naxçıvan MR Dövlət Vergi Xidməti çıxış edir.
28. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdehin Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Naxçıvan MR Dövlət Vergi Xidməti ilə əvəz edilməsi barədə ərizə təqdim etməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən belə bir ərizə təqdim edilməmişdir.
29. Hazırki halda Kollegiya hesab edir ki, "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının Naxcıvan şəhəri olduğu və qeydiyyat qovluğunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində olmadığı nəzərə alınaraq, hazırkı iddia tələbi səlahiyyətli olmayan cavabdehə qarşı qaldırıldırıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq sonuncuya münasibətdə iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir.
30. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərar, hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin.
32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti formal mülahizələrdən ibarət olduğundan və apelyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
36. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7049/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.