Məhkəmə qərarları › İş №2-1(103)-3427/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3427/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3427/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, hazırkı inzibati işin başqa məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddia bilavasitə Bakı Apellyasiya Məhkəməsinə qarşı verilmişdir. Belə olan halda hazırkı mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxıla bilməz və iş baxılması üçün başqa məhkəmənin icraatına verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 44.2.4-cü maddəsinə əsasən, iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. İşdən göründüyü kimi, iddia Bakı Apellyasiya Məhkəməsinə qarşı verildiyindən, o, hazırkı işə baxa bilməz. Digər tərəfdən, hazırkı mübahisədə cavabdeh olan Bakı Apellyasiya Məhkəməsi işin aid olduğu məhkəməyə verilməsini də MPM-in 45.5-ci maddəsinə əsasən (hüquqi baxımdan) həll edə bilmir. Azərbaycan Respublikası İPM-in 9.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; Beləliklə, iddia bilavasitə apellyasiya instansiyası məhkəməsinə qarşı verildiyindən və həmin məhkəmə hüquqi baxımdan məhkəmə icraatını həyata keçirə bilmədiyindən - işin aid olduğu məhkəməyə verilməsi barədə yuxarı məhkəməyə müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 2.1, 9 və Azərbaycan Respublikası MPM-nin 44.2, 44.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair inzibati iş başqa məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar