Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3427/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5691/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 2064,18 manat borcuna görə 20000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024 tarixli, **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 2064,18 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-5691/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin məktubunda qeyd edilənlərə istinad etsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8-2(113)-72/2024 saylı qərardadının iş materiallarına əlavə edilməsini təmin etməmiş, ümumiyyətlə həmin qərardadın nə ilə bağlı olduğunu, qüvvədə olub-olmadığı məsələlərini araşdırmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli, **********0 saylı qərara əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. - Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli, **********0 saylı protokola görə, vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır. - Borcun ödənilmədiyi təqdirdə siyahya alınmış əmlakın satılması ilə bağlı məhkəməyə iddia qaldırılacağı cavabdehə xəbərdarlıq məktubunda bildirilmişdir. - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-19960/2025 saylı məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8- 2(113)-72/2024 saylı qərardadı əsasında "X10" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********514400 saylı məktubu əsasında isə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə müvafiq olaraq, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi Məcəlləsinin 89.4-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.5-ci maddəsinə müvafiq olaraq, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Vergi Məcəlləsinin 89.6-cı maddəsinə görə, əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə müvafiq olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Vergi Məcəlləsinin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən siyahıya alınmış nəqliyyat vasitəsinə ilə bağlı məhdudiyyətin olduğu müəyyən olunmuşdur. Məhdudiyyətin qoyulması bir hissədə məktub əsasında həyata keçirilmişdir ki, həmin məktub siyahıya alınmış nəqliyyatın satışını həyata keçirən iddiaçı tərəfin özü tərəfindən verildiyindən, bu hal hazırki iddianın təminini istisna etmir. Lakin, hazırkı iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsinin satışının həyata keçirilməsi məhkəmə qərardadının mövcudluğuna görə istisna edilir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsini təqdim etdiyi sənədlərdən də göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-72/2024 saylı qərardadı əsasında "X10" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur ki, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki həmin məhdudiyyət (həbs) aradan qalxmayıb və qüvvədədir üzərində həbs olan əmlakın satışı istisna edilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi hallar nəzərə alınaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə “ ... “X10" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-72/2024 saylı qərardadı ilə qoyulmuş həbsin götürülüb-götürülməməsi barədə məlumatların/sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur” məzmunda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə isə “ ... “X10" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sorğuya cavab verilən tarixə həbsin və qeydiyyatla bağlı məhdudiyyətin mövcud olub-olmamasına dair məlumatların/sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur” məzmunda sorğular verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-72/2024 saylı qərardadı əsasında "X10" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********514400 nömrəli məktubu əsasında isə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə DİN Baş X9 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasına əsas olmuş sənədlərin surəti Sizə göndərilir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, xx.xx.2025-ci il tarixdə Nərimanov rayon icra şöbəsi tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulmuşdur”. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8- 2(113)-72/2024 saylı qərardadından aşağıdakılar müəyyən edilir: “ ... Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-5251/2023 saylı qətnaməsi ilə borclu Cavabdeh MMC-dən 14000 manat məbləğində pulun tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri 51 saylı notariat ofisinin icra qeydinə əsasən borclu Cavabdeh, X3 və X2 113-MFSİF-137 nömrəli müqaviləyə əsasən 104603 manat borc, 540,29 manat penya, 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 105168,29 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra qeydi icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-9020 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanda qeydiyyatda olan borclu Cavabdeh MMC-yə məxsus “Ford Transit” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220 CDİ” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı və “X7 2529” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin və xx.xx.1984cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 məxsus Xızı rayonu, Altıağac qəsəbəsində ümumi sahəsi 0.05 ha olan həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir”. Nəticə etibarilə həmin qərardadla təqdimat qismən təmin edilmiş, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh MMCnin mülkiyyətində olan “Ford Transit” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220 CDİ” minik markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda isə göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-72/2024 saylı qərardadı hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-5691/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3427/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3427/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver