Məhkəmə qərarları › İş №2-1(103)-3429/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3429/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3429/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

1. İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə başçısını itirməyə görə pensiyanın təyini ilə bağlı cavabdehə müraciət edilmiş, müraciətin təmini əlilliyin 18 yaşdan sonra müəyyən edilməsinə istinadən mümkün hesab edilməmişdir. Halbuki, iş materialları ilə onun əlilliyinin və xəstəliyinin 18 yaşa qədər olması sübut edilir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 20 yanvar 2025-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

4. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 14.1-ci maddəsində vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarına münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasını almağa hüququ olan şəxslərin dairəsi aşağıdakı kimi müəyyən edilmişdir: a) 18 yaşına çatmamış; b) 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; c) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununa əsasən: Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müvafiq bəndlərinə əsasən: Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sonra – Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Nəzərə çatdırır ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar və həmin əsaslara uyğun olaraq subyekt dairəsi müəyyən edilmişdir. İddia tələbində həmin əsas vəfat etmiş ailə başçısının övladı olmaqdır, müvafiq əsas iddiaçıya uyğun gəlir, belə ki 478393 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən onun anası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasını almaq üçün əsas olsa da, bu özlüyündə kifayət etmir. İddiaçı, qanunvericiliklə müəyyən edilmiş subyekt dairəsinə daxil deyil. İddia ərizəsində iddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi göstərilsə də, işə əlavə edilmiş sənədlər həmin halın mövcudluğunu təsdiq deyil, əksinə təkzib edir. xx.xx.1970-cı il təvəllüdlü iddiaçının 18 yaşı xx.xx.1988-ci il tarixdə tamam olur. İddiaçının əlilliyi isə ilkin olaraq xx.xx.1993-cü il tarixdə, yəni 23 yaşında müəyyən edilmişdir. Qanunvericiliyin müvafiq müddəalarından da aydın olur ki, şəxsin əlilliyin müəyyən edilməsi bu barədə qəbul edilmiş qərardan asılıdır. İddiaçıya münasibətdə belə qərar 23 yaşında qəbul edilmişdir, nəticə etibarilə, həmin şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş sayılması üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buradan da aydın olur ki, məhkəmə qərarında göstərilən arqumentlər nə fakt, nə də sübutlarla əsaslandırılmışdır. Tərəflərin izahatları

6. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

8. İmtina məktubunda qeyd edilir ki, iddiaçıya ilkin əlillik təyinatı 24 fevral 1993-cü il tarixdə, yəni 18 yaşından sonra aparılmışdır. Ailə başçını itirməyə görə pensiya 18 yaşına çatanadək iddiaçının sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədiyindən təyin edilməsi mümkün olmamışdır.

9. Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın məktubunda qeyd edilir ki, 18 yaşadək sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən tibbi sosial ekspert komissiyalarının sənədi aşkar edilmir. İlkin əlillik müayinə aktı təqdim edilərək əlilliyin 24 fevral 1993-cü il tarixdən olmasına istinad edilən sənəd təqdim edilmişdir.

10. Xətai Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, iddiaçının anadangəlmə uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir və ömürlük olaraq İ qrup əlildir.

11. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən vəsiqənin surətində qeyd edilir ki, iddiaçıya pensiya 01 yanvar 1990-cı il tarixdən təyin edilmişdir.

12. Agentliyin məktubunda qeyd edilir ki, iddiaçıya 24 fevral 1993-cü il tarixdən ilkin əlillik təyinatı aparılmışdır.

13. Əlillik altsistemindən görünür ki, iddiaçının xəstəliyi etiologiyasından asılı olmayaraq kəmağıllılıq, anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesilliklə əlaqədardır. Diaqnozun mətni xromosom pozğunluqları nəticəsində kəskin ifadə olunmuş imbesillikdaun xəstəliyidir.

14. Cavabdeh tərəfindən birinci insansiya məhkəməsinin sorğusuna dair təqdim edilən sənədlərdən görünür ki,1989-cu il tarixdən də iddiaçıya əlilliklə bağlı ödənişlərin edilməsinə dair sənədlər vardır. Eləcə də, 14 iyun 1989-cu il tarixli ərizədə X3 məhkəmə iclasında olduğu kimi qardaşının daha əvvəlki tarixlərdən xəstəliyi ilə əlaqədar pensiyada olmasına dair məlumatları qeyd etmişdir. Həmin sənədlərdə 1988-ci il tarixinə, eləcə də, 1986-cı il tarixlərinə dair qeyd vardır. Belə ki, tarixi görünməyən Əzizbəyov rayon Şəhər Sosial İdarəsinin qərarında 93-86=7 il+6 il=13 il formasında qeyd də mövcuddur.

15. Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 20 yanvar 2025-ci il tarixdə vəfat etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Qanun: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.11-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İşin hallarından müəyyən olur ki, iddiaçı xx.xx.1970-cı ildə doğulmuş, 18 yaşı tamam olduqdan sonrakı dövrdə ona birinci dərəcə müddətsiz əlillik təyin olunmuşdur. Əlillik altsistemindən görünür ki, iddiaçının xəstəliyi etiologiyasından asılı olmayaraq kəmağıllılıq, anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesilliklə əlaqədardır. Diaqnozun mətni xromosom pozğunluqları nəticəsində kəskin ifadə olunmuş imbesillikdaun xəstəliyidir. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının anası X2 vəfat etdiyindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ailə başçısını itirməyə görə pensiya təyin etməkdən imtina etmişdir.

26. Cavabdehin imtinasının əsası və apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.

27. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

28. İlk növbədə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.

29. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər.

30. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.

31. Agentliyin məktubunda qeyd edilir ki, iddiaçıya 24 fevral 1993-cü il tarixdən ilkin əlillik təyinatı aparılmışdır. Əlillik altsistemindən görünür ki, iddiaçının xəstəliyi etiologiyasından asılı olmayaraq kəmağıllılıq, anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesilliklə əlaqədardır. Diaqnozun mətni xromosom pozğunluqları nəticəsində kəskin ifadə olunmuş imbesillik-daun xəstəliyidir.

32. Göründüyü kimi. adıçəkilən xəstəlik anadangəlmədir, yəni təyinatın aparılmasının tarixindən asılı olmayaraq, əlillik təyinatına əsas olan xəstəliyin məhz 18 yaşa çatanadək mövcud olması işin mübahisəsiz haldır.

33. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi, iddiaçının tələbinin təmin olunmasından imtina olunması qanunun formal və ifrat tətbiqi halını yaradır ki, bu hal da, iddiaçıya münasibətdə ədalətlilik və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olur.

34. Onu da qeyd etmək lazımdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməlidir. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Belə olan halda, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.

35. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

39. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar