Məhkəmə qərarları › İş №2-1(103)-343/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-343/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-343/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyinin nümayəndəsi X11, üçüncü şəxs "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "xxxx" MMC və "xxxx" ASC) “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)-5968/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyi və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 02.09.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə” dair cavabdeh ilə iddiaçı arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən cavabdehin 16.05.2019-cu il tarixli, 19/ü nömrəli əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.07.2008-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə "xxxx" MMC arasında Qaradağ əhəngdaşı yatağında (İİ geologi sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair DEİ/936 nömrəli icazə verilmişdir. Lakin 20.05.2019-cu il tarixdə Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə cavabdehin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri ilə xitam verilmişdir. Cavabdeh tərəfindən həmin müqavilə və icazə sənədinə xitam verilməsinin əsasları qismində hər il dağ-mədən işlərinin inkişaf planının razılaşdırılmasının təmin olunmaması, faydalı qazıntı (əhəngdaşı tullantısı) ehtiyatlarının hasilatı haqqında illik hesabat balansının (5G forması) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun təqdim olunmaması, yerin təkindən istehsalat tullantılarından) istifadə ilə əlaqədar ətraf mühitin çirkləndirilməsinə görə müəyyən ödənişlərin həyata keçirilməsinin təmin olunmaması göstərilmişdir. Hesab edilir ki, Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri qeyri-qanunidir. Məlum olduğu kimi ölkəmizdə inşaat sahəsində istifadə olunan başlıca materiallardan biri də əhəng daşının kəsilməsi yolu ilə hazırlanan mişar daşıdır. Bu material başlıca olaraq Abşeron yarımadasında yerləşən əhəng daşı yataqlarında istehsal olunur. Mişar daşının istehsalı yetmiş illik sovet hakimiyyəti dövründə həyata keçirilmiş və onun istehsalı bugünə qədər davam etdirilməkdədir. Bu materialın istehsalı zamanı yerin təkində olan əhəng daşının təqribən 50 faizi yararlı material kimi əldə edilsə də, qalan 50, bəzən daha çox faiz əhəng daşı toz və qırıntılar formasında yararsız material kimi istifadəsiz qalaraq karxanaların ətrafında qalaqlanaraq qalmışdır. Ötən təqribən 100 il ərzində həyata keçirilmiş mişar daşı istehsalı nəticəsində milyonlarla ton bu cür istehsalat tullantısı istifadəsiz qalaraq ətraf mühitə ciddi ziyan vurmuşdur. Bu istehsalat tullantıları sement istehsalına cəlb olunmurdu. Bu tullantılar içərisində çoxlu metal tullantıları mövcuddur ki, onlar sement zavodunun avadanlıqlarını tez sıradan çıxararaq istehsalat prosesinin dayanmasına və böyük təmir xərclərinə səbəb olmuşdur. Onlar sahələrdə atılıb qalmış bu tullantıları emal edərək sement istehsalına yararlı vəziyyətə gətirmək üçün avadanlıq işləyib hazırlamağa başlayıblar. Bunun üçün Rusiya Federasiyasına öz əməkdaşlarını ezam ediblər və orada olan zavodların biri ilə bu cür və orada olan zavodlardan biri ilə qurğunun istehsalı üçün müqavilə bağlayıblar. Qurğu hazırlandıqdan sonra onu gətirib karxanada quraşdırıblar. Bundan sonra tullantıların keyfiyyətinə görə fərqləndirilməsi və seçilməsi üçün metod işləyib hazırlayıblar, Almaniyadan mütəxəssis dəvət edərək özləri üçün əldə etdikləri georadar aparatı vasitəsilə bu tullantıların yerləşmə xəritəsini, o cümlədən keyfiyyət göstəricisi üzrə xəritəsini hazırlatdırıblar. Tullantıların istehsala cəlb edilməsi nəticəsində ətraf mühitə atılmış külli miqdarda tullantı təmizlənmiş, əhəng daşı yataqlarının sement istehsalı üçün partladılaraq istifadəsinə 90% azalmış, tullantılardan istifadənin səmərəliliyi 95 faizə çatdırılmışdır. Fəaliyyətləri sayəsində onilliklərlə ətraf mühiti çirkləndirən tullantılar yararlı hala salınaraq istifadə edilmiş və bunun nəticəsində dövlət büdcəsinə ödənişlər edilmiş, yeni iş yerləri yaradılmışdır. Əgər cavabdeh tərəfin 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verilməsi üçün qüsurlar var idisə, ilk növbədə iddiaçıya həmin qüsurların aradan qaldırılması üçün xəbərdarlıq edilməli idi. Daha sonra qeyd edilən müqavilə və icazə ləğv olunmalı idi. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququnun xitamı və məhdudlaşdırılması zamanı yerin təkinin istifadəçisi əvvəlcədən xəbərdar edilməlidir. X17 İdarəsi hər hansı xəbərdarlıq etmədən birbaşa 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə 16.05.2019-cu il tarixli 19/ü nömrəli Əmri ilə xitam vermişdir. Müqavilənin heç bir xəbərdarlıq etmədən birtərəfli qaydada ləğv edilməsi qeyri-qanuni hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Eyni zamanda fəaliyyətlərinin 10 ili ərzində ətraf mühitə atılmış milyon tonlarla tullantını təmizləyərək istehsala cəlb etdiklərini, yeni iş yerləri yaratmaqlarını və səmərəsiz formada atılıb qalmış tullantıları dəyərli xammal formasına salmaqla xalqımıza və dövlətimizə xeyir vermək kimi müsbət xarakterli tərəfləri də nəzərə alınmalı idi. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmrini qeyri-qanuni hesab edirlər. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verilmiş və ya bu hüququ məhdudlaşdırılmış fiziki və ya hüquqi şəxs bununla razı olmadıqda məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair cavabdeh ilə iddiaçı arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən 16.05.2019-cu il tarixli, 19/ü nömrəli əmrin icrasının dayandırılması, bu əmrlə əlaqədar iddiaçının fəaliyyətinə hər hansı müdaxilənin edilməsinin və onun fəaliyyətinin dayandırılmasının cavabdehin bütün strukturlarına və üçüncü şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli e-2-1(82)- 3377/2019 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli e-2-1(82)- 3377/2019 nömrəli qərardadı ilə iddia tələbi “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə 16.05.2019-cu il tarixli əmrin ləğv edilməsi” kimi göstərilmiş, “Holcim (Azərbaycan) ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli e-2-1(82)- 3377/2019 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 29.11.2019-cu il tarixində 06 sentyabr 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3073/2019 nömrəli, 24.12.2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.Əhmədov, S.Seyidova, V.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 may 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə (hakim S.Həsənov) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və “Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə X15 Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3rşı «müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» barədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Mərkəzinin əsl cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X6 ilə əvəz edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Mərkəzinin cavabdeh sırasından çıxarılması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X4 üçüncü şəxs sırasından çıxarılması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyinin isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral X1rşı «müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» barədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X6 əsl cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyi ilə əvəz edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X4 cavabdeh sırasından, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyinin üçüncü şəxs sırasından çıxarılması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X4 isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 08.02.2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli e2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7rşı «müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(106)-264/2021 nömrəli qərardadı ilə (hakimlər Z.Zeynalov, M.Həsənov və İ.Əsədov) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7rşı “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaçı "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X14 Agentliyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X19 X5 (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" ASC) qarşı “müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi (ləğv edilməsi)” iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı 07.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağmədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 İdarəsi ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X19 X4 hazırda cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X14 Agentliyi ilə yanaşı cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 12.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X19 X6 üçüncü şəxs qismində iştirakına xitam verilərək cavabdeh qismində nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)-5968/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Qərardan 17.09.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)-5968/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən müqavilə öhdəliklərinin icrasında yol verilmiş çoxsaylı pozuntularla əlaqədar 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmrlə iddiaçı ilə bağlanmış müqavilə və verilmiş icazə sənədi ləğv olunmuşdur. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı sübütlara və cavabdehin vəzifə və funksiyalarının ilk növbədə ictimai və dövlət maraqlarını təmin etməyə yönəldilməli olmasına baxmayaraq məhkəmə tərəfindən işə kommersiya maraqları və mülkiyyət hüququnun təmin edilməsi baxımından qiymət verilmişdir. Qərardan 01.10.2021-ci il tarixdə üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)- 5968/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 04.07.2008-ci il tarixli müqavilənin 6-cı maddəsinə əsasən Yer təkinin (istehsal tullantılarının) istifadəçisi bu müqavilənin şərtlərini və ya Yerin təkindən istifadə qaydasını pozarsa “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yerin təkindən (istehsal tullantılarından) istifadə hüququ məhdudlaşdırıla və ona vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin 6-cı maddəsindən göründüyü kimi İstehsalat Tullantılarının istifadəçisi ətraf mühitin qorunmasını əhatə edən müqavilə müddəalarına riayət etməli və tullantıların daşınması üçün ekoloji və texniki rekultivasiya tələblərini yerinə yetirməli idi. "xxxx" MMC müqaviləyə razılığını ifadə edərək müqavilə normalarının pozulacağı təqdirdə ona vaxtından əvvəl xitam verilməsinə razılıq vermişdir. Lakin məhkəmə bu fakta da hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X4 nümayəndəsi X13 əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı, digər cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2- 1(112)-5968/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 08.07.2008-ci il tarixli, DEİ 936 nömrəli icazə sənədindən görünür ki, bu məktub “Yerin təkindən istifadə hüququna icazə verilməsi Qaydaları”nın təsdiqinə qədərki müddətdə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "xxxx" MMC-yə “Qaradağ” əhəngdaşı yatağının (İİ geoloji sahə) dağ- mədən istehsalı tullantılarından istifadəyə hüquq verir - “Yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında 04.07.2008-ci il tarixli müqavilənin 1-ci, 2-ci, 2.1-ci, 2.2-ci və 2.3-cü maddələrindən görünür ki, yerin təkindən istifadənin növü istehsal tullantılarından istifadədir, faydalı qazıntıların çıxarılacağı və yaxud işin görüləcəyi yatağın (sahənin) adı “Qaradağ” əhəngdaşı yatağı (İİ geoloji sahə), yerləşdiyi yer və inzibati ərazi vahidi isə Bakı şəhəri, Qaradağ rayonudur - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmrindən görünür ki, Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli DEİ/936 nömrəli icazə sənədinə xitam verilmişdir. İdarənin ümumi işlər üzrə mütəxəssisinə tapşırılmışdır ki, əmrin surətinin Nazirliyin 23 may 2018-ci i il tarixli 314/Ü nömrəli əmri ilə yaradılmış komissiyaya və X16 Departamentinə, Əmrlə bağlı bildirişin isə "xxxx" MMC-yə təqdim edilməsini təmin etsin -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 05.06.2015-ci il tarixli məktubla bildirilmişdir ki: “08 iyul 2008-ci il tarixli icazə məktubu ilə icazə verilən hüquqi şəxs və 04 iyul 2008ci il tarixli müqavilədəki müqavilə tərəfi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdir; Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış “yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında” 04 iyul 2008-ci il tarixli müqavilə və Qaradağ əhəngdaşı yatağının (İİ geoloji sahə) 253 ha sahəsində yerləşən əhəngdaşı tullantılarını istifadəyə imkan verən 08 iyul 2008-ci il tarixli icazə hazırda da qüvvədədir. "xxxx" MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış “yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında” 04 iyul 2008-ci il tarixli müqaviləyə və 08 iyul 2008-ci il tarixli icazəyə əsasən Qaradağ əhəngdaşı yatağının (İİ geoloji sahə) 253 ha sahəsində atılıb qalmış əhəngdaşı tullantılarından istifadə hüququ vardır və həmin hüquq hazırda da qüvvədədir. "xxxx"MMC bu tullantılardan öz istehsal fəaliyyəti üçün istifadə edə və ya onu başqa şəxslərə sata bilər; "xxxx" MMC-dən başqa hər hansı bir hüquqi və ya fiziki şəxs Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) fəaliyyət göstərən müəssisələrlə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tullantıların daşınması barədə müqavilə bağlamamış həmin şəxsin yuxarıda qeyd olunan 253 ha ərazidə əhəngdaşı tullantılarından istifadə hüququ yoxdur; Qaradağ əhəngdaşı yatağının (İİ geoloji sahə) 253 ha sahəsi Sovet dönəmində və ondan sonrakı dövrlərdə digər şəxslərin istifadəsində olmuşdur. Həmin vaxt istehsal prosesində əhəngdaşı tullantıları əmələ gəlmiş və yer səthi üzərində toplanmışdır. Bütün təbii sərvətlər, o cümlədən yerin təkində yerləşən faydalı qazıntılar dövlətin mülkiyyətindədir və dövlət onları hansısa məqsədlər üçün hüquqi və fiziki şəxslərə istifadəyə verir. Faydalı qazıntılardan istifadə nəticəsində texnogen törəmələr (tullantılar) əmələ gəlir. Lakin bu tullantılar da özündə müxtəlif istehsal sahələri üçün faydalı olan xüsusiyyətləri saxlaya bilər. Həmin sahələr və bu sahələrin üzərində və təkində yerləşən faydalı qazıntılar, o cümlədən texnogen törəmələr dövlətin mülkiyyətində qalır. Buna görə də dövlət həmin sahədə olan faydalı qazıntılar və texnogen törəmələri yenidən hər hansı təsərrüfat subyektlərinin istifadəsinə verə bilər. Təbii sərvətlərin idarə olunması üzrə dövlətin funksiyalarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerinə yetirdiyindən Nazirlik qeyd olunan səlahiyyətlərə malikdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. “Yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında 04.07.2008-ci il tarixli müqavilənin 5.1-ci bəndində yer təki (istehsalat tullantısı) istifadəçisinin (iddiaçının) hüquqları, 5.3-cü bəndində isə vəzifələri müəyyənləşdirilmişdir. -Həmin müqavilənin 6-cı bəndinə əsasən, tərəflər qanunvericiliyin tələblərini pozmağa və götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, yer təkinin (istehsalat tullantılarının) istifadəçisi bu müqavilənin şərtlərini və ya yer təkindən istifadə qaydasını pozarsa, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yerin təkindən (istehsal tullantılarından) istifadə hüququ məhdudlaşdırıla və ona vaxtından əvvəl xitam verilə bilər. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında həll edə bilmədikləri mübahisənin həlli üçün, eləcə də qanunla müəyyən edilmiş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Həmin müqavilənin 9-cu bəndinə əsasən, yer təkindən (istehsalat tullantılarından) istifadə hüququna bu müqavilənin 4-cü bəndində göstərilən müddət bitdikdən sonra xitam verilir. Həmin müqavilənin 4-cü bəndində yerin təki (istehsalat tullantısı) ehtiyatı tükənənədək istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin maddənin 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin maddənin 6-cı cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunvericiliyin müvafiq normalarının məzmunundan göründüyü kimi inzibati icraatın aparılması barədə inzibati orqan tərəfindən həmin icraatda iştirak etməli olan şəxslər məlumatlanmalı, onların dinlənilmə hüququ təmin edilməlidir. Lakin hazırkı iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri qəbul edilərək qanunvericiliyin yuxarıda qeyd edilmiş prosedur normalarına riayət edilməsi müəyyən edilmir. Belə ki, mübahisələndirilən əmrdə qeyd edilmişdir ki, “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən yerinə yetirmədiyi məlum olmuşdur. Göründüyü kimi müvafiq əmr birbaşa olaraq "xxxx" MMC-nin qanunla qorunan hüquqlarına toxunsa da, cavabdeh inzibati orqan həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrinə əməl etməmiş, həm də “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində təsbit edilmiş "xxxx" MMC-yə xəbərdarlıq məktubunun göndərilməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci və 26-cı maddələrinin xəbərdarlıq edildiyi 26-cı maddəsinin tələbləri pozulmaqla,prosedur qaydaya riayət edilməməklə qəbul edildiyindən iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh təqdim etdiyi apellyasiya şikayətində "xxxx" MMC tərəfindən müqavilə öhdəliklərinin icrasında yol verilmiş çoxsaylı pozuntularla əlaqədar müvafiq əmrlə iddiaçı ilə bağlanmış müqavilə və verilmiş icazə sənədi ləğv olunduğunu qeyd etsə də, həmin əmrin qəbul edilməsi zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş prosedur qaydalar riayət edilməsini (yerin təkindən istifadə hüququ dayandırılması barədə iddiaçıya müvafiq xəbərdarlıq məktubunun göndərilməsi,şəxsin inzibati icraat zamanı iştirakının təmin edilməsinin və s.) təsdiq edən sənəd və sübutları təqdim edə bilməmişdir. Əlavə olaraq, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən işə kommersiya maraqları və mülkiyyət hüququnun təmin edilməsi baxımından qiymət verildiyini qeyd etmişdir ki, bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət edilməsi hüququ digər qaydalar nəzərdə tutulan prinsip əsasında araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir ki, işin birinci instansiya və apellyasiya icraatları zamanı müdaxilənin qanuni olub-olmaması araşdırılmış və yuxarıda qeyd edildiyi kimi müdaxilə qanunvericilik normalarının pozulması şəraitində baş verməklə, qanunsuz olmuşdur. Göründüyü kimi, mübahisələndirilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 İdarəsinin 16.05.2019-cu il tarixli, 19/ü nömrəli əmri (inzibati akt) mülkiyyətə müdaxilənin qanunilik tələbinə cavab vermədiyindən, ləğv edilməlidir Məhkəmə kollegiyası üçüncü şəxs "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, 04.07.2008-ci il tarixli müqavilənin 6-cı maddəsində Yer təkinin (istehsal tullantılarının) istifadəçisi bu müqavilənin şərtlərini və ya Yerin təkindən istifadə qaydasını pozarsa “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yerin təkindən (istehsal tullantılarından) istifadə hüququ məhdudlaşdırıla və ona vaxtından əvvəl xitam verilməsi göstərilərək, birbaşa olaraq “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edilmişdir. Lakin qeyd edildiyi kimi cavabdeh inzibati orqan iddiaçının istifadə hüququna vaxtından əvvəl xitam verilməsi barədə əmr qəbul etsə də, müqavilənin 6-cı bəndində istinad edilmiş “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq “yerin təkindən istifadə hüququnun dayandırılması və xitamının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməsini nəzərə almamış, müvafiq müddəaları kobud şəkildə pozmuşdur. Dolayısıyla "xxxx" MMC-nin inzibati icraat zamanı iştirakı təmin edilməmiş, müvafiq əmrin qəbul ediləcəyi ilə bağlı iddiaçıya xəbərdarlıq məktubu ünvanlanmamaqla, inzibati orqan tərəfindən həm müqavilə şərtləri, həm də qanunvericilik normaları riayət edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC haqlı olaraq həmin müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qanunla müəyyən edilmiş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)-5968/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Agentliyi və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)-5968/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar