Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-343/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “3-cü şəxsin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “3-cü şəxsin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4638/2022 saylı 28 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehtiyev) küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsinə X2 adına verilmiş istifadə huququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi və ləgv edilməsi barədə qərar çıxarılmasını, mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xususi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Bələdiyyəsinin 09 fevral 2006- cı il tarixli, 11/06 saylı sərəncamına və eyni tarixli 10 saylı torpaq icarəsi müqaviləsinə əsasən Ə.Ələkbərov (indi Ş.Mehtiyev) küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsi hal-hazıra qədər iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Qeyd edilən torpaq sahəsi 25 ildən artıq zaman ərzində və hal-hazırda da xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış obyektinin qarşısında yerləşir. 2008-ci ildə X6 yuxarıda qeyd edilən Yasamal Bələdiyyəsinin sərəncamının ləğv edilməsi və torpaq sahəsinin üzərində onun hüquqlarının tanınması tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 30 may 2008-ci il tarixli 2(004)-1031/08 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan X7 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli, 2(103)-3764/2008 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin 04 noyabr 2011-ci il tarixli 2(102)-3303/11 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Yasamal Bələdiyyəsinin 09 fevral 2006-ci tarixli, 11/06 saylı sərəncamı və sərəncam əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış 09 fevral 2006-ci il tarixli, 10 saylı torpaq icarəsi müqaviləsi tam qanuni və qüvvədə olan hesab edilmişdir. Bundan sonra Yasamal Rayon İcra Hakimiyyətinin 24 may 2013-ci il tarixli, 203 saylı sərəncamına əsasən qeyd edilən torpaq sahəsində ofis və xidmət binasının tikintisinə iddiaçıya icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yasamal Bələdiyyəsinə ünvanladığı 11 noyabr 2016-ci il tarixli ********** saylı məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi eləktron məlumat bazasına əsasən Yasamal bələdiyyəsinin mülkiyyətinə aid torpaqların hüdudları daxilində yerləşir. Belə bir vəziyyətdə cavabdeh tərəfindən bu torpaq sahəsi üzərində istifadə hüquqlarını təsdiq edən çıxarışın X2 adına verilməsi tam qanunsuz və əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X2 adına verilmiş istifadə huququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4638/2022 saylı 28 aprel 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün inzibati məhkəməyə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin 11/06 saylı 09 fevral 2006-cı il tarixli Sərəncamı ilə iddiaçının Ə.Ələkbərov küçəsi, 1056-cı məhəllə, ev 97-də mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi 199.5 kv. metr torpaq sahəsindən istifadə etməsi faktı təsdiq edilərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahəsi icarəsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********27 saylı xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0.0222 ha torpaq sahəsi üzərində X1 icarə hüququ qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 172 saylı xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. 1425 saylı 16 yanvar 2018-ci il tarixli nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və xx.xx.2015-ci il tarixli, 13114 saylı inşaat pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən X3 icarəsinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş.Mehdiyev küçəsində yerləşən sahəsi 199,5 kv.metr olan torpaq sahəsinə dair cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 172 saylı xx.xx.2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi və qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddiası olmuş, həmin iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3388/2015 saylı 04 sentyabr 2015-ci il tarixli qərarı ilə təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)-91/2018 saylı 24 yanvar 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3388/2015 saylı 04 sentyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmiş və apellyasiyan instansiyası məhkəməsinin bu barədə qərarı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-985/18 saylı 06 iyun 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşə birinci instansiya qaydasında baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı - Bakı şəhər icra hakimiyyətinin 172 saylı xx.xx.2015-ci il tarixli sərəncamını məhkəmə müstəvisində mübahisələndirmiş olsa da, iddiası təmin edilməmişdir. Odur ki, bu hal müvafiq sərəncam əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə hazırkı məzmunda iddiaya baxılmasını mümkünsüz edir. Həmin nəticə ilə məhkəmə kollegiyası razılaşır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. (8.1.) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. (8.2.) Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3.)” Həmçinin adıçəkilən qərarın 15.5-ci bəndinə əsasən İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərindən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırki işdə iddiaçının tələbinə münasibətdə onun hüququnun pozulması halları əsaslandırılmadığı üçün mövcud iddia qaldırılarkən iddianın mümkünlük şərtlərinə də əməl olunmamış sayılır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4638/2022 saylı 28 aprel 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4638/2022 saylı 28 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Orucadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-343/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-343/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver