Məhkəmə qərarları › İş №2-1(103)-343/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-343/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-343/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********53 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, tərəfindən təqdim edilmiş torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərinə uyğun olmalıdır.

2. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin vətəndaş İddiaçı uzun müddət istifadə etdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında 75/1 saylı xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi Novruz küçəsində vətəndaş İddiaçı uzun müddət istifadə etdiyi 600.0 kv m torpaq sahəsinin alqı-satqı edilərək vətəndaş İddiaçı mülkiyyətinə verilməsi (1 kv.m üçün 3.20 manat ödəmək şərti ilə), vətəndaş sərəncamı aldıqdan sonra tikiləcək hər hansı bir tikintinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması və vətəndaş sərəncamı aldıqdan sonra Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində sənədləşdirilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əlavədən – torpaqların alqısatqısına dair aktdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və Bakıxanov Bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə 75/1 saylı xx.xx.2006-cı il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 1920 manat ödənilmişdir.

4. İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin möhürü, həmin Bələdiyyənin sədri R.Ə.Mazanovun və ərazi mülkiyyətinin idarəetmə şöbəsinin müdiri R.P.Nəsibovun imzası ilə təsdiq edilmiş eskiz planı məhkəməyə təqdim edilmişdir.

5. Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 86-23/tx saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv m torpaq sahəsi xx.xx.2006-ci il tarixli, 75/1 saylı sərəncamla İddiaçı mülkiyyətinə verilmişdir. Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin 2001-2016-cı il üçün sənədləri – iclas protokolları, qərarları, sərəncamları əlavələri ilə birlikdə, o cümlədən İddiaçı torpaq sahəsinin ayrılması barədə verilmiş xx.xx.2006-cı il tarixli, 75/1 saylı sərəncam mühafizə üçün xx.xx.2022ci il tarixli, 01 saylı aktla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Nəzərə alınması xahiş edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-9/2-12035-3-75/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin 75/1 saylı xx.xx.2006-cı il tarixli sərəncamı X3 qeydiyyata alınmamışdır.

7. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2- 02165/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin arxiv fondu üzrə 75/1 saylı xx.xx.2006-cı il tarixli sərəncamın, İddiaçı xx.xx.2006-cı il tarixli ərizəsinin (müraciətinin), “Torpaqların alqısatqısı” Qaydalarına əlavənin – torpaqların alqı-satqısına dair aktın və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin eskiz planının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********146 3-21-3-30/2-22146/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlar əsasında elektron kadastr məlumat bazasında araşdırmalar aparılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən iddiaçının nümayəndəsi tərəfindən göstərilən şərti sərhədli torpaq sahəsi yol kənarı asfalt örtüklü ümumi istifadədə olan ərazi olmaqla dövlət mülkiyyətidir. Həmçinin torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətindədir.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri Sabunçu rayonunda yerləşən torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 0,06 ha-dır. Sözügedən torpaq sahəsinin sərhədləri şərtidir, dövlət mülkiyyəti olmaqla yaşayış məntəqələri torpaqlarıkateqoriyasına aiddir və yol və yolkənarı yaşıllıq sahələrindən ibarətdir. Müvafiq koordinat cədvəli akta əlavə edilmişdir: 1. X = 412749,994 Y = 4473309,098; 2. X = 412734,172 Y = 4473345,836; 3. X = 412747,810 Y = 4473352,080; 4. X = 412763,638 Y = 4473315,345

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 41259/2023 **********59 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi ilə əlaqədar koordinat göstəriciləri əlavə edilməklə müraciət edildiyi təqdirdə bəhs edilən ünvana dair digər məlumatların (kateqoriyası, məqsədli təyinatı və s) təqdim edilməsi mümkün ola bilər.

11. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 1537/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 saylı Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş və İdarəyə aid arxiv sənədləri müvafiq qurumda saxlanılmışdır.

12. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11-1/2-4607-8/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı müəyyən edilmir.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 75/1 saylı sərəncamı ilə ona satılmış və torpaqların alqı-satqısına dair akt verilmişdir. Eyni zamanda Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə sxemi tərtib edilərək təsdiq edilmişdir. Həmin vaxtdan etibarən qeyd olunan torpaq sahəsi onun mülkiyyətindədir. Lakin uzun müddət şəxsi işləri ilə əlaqədar qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək imkanı olmamışdır. xx.xx.2022-ci il tarixli ərizə ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********53 saylı məktubla qanunvericiliyə uyğun olmayan bir sıra əsaslar göstərməklə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi bununla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün müəyyən edilmiş qaydalara əməl etməmişdir.

15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən şərti sərhədlərlə göstərilən torpaq sahəsi yol kənarı asfalt örtüklü ümumi istifadədə olan ərazi olmaqla dövlət mülkiyyətidir. Həmçinin torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinə dair alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********53 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “X2 Edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə, park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinin tələbinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək mülkiyyətçilərin borcudur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

18. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin dəqiq yerləşməsi müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı tam araşdırma aparılmamışdır. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

21. Məhkəmədə iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, məhkəmənin ötən iclasında iştrak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və adicəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs Bakıxanov bələdiyyəsi ilə ƏMDX məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3-cü şəxslərin nümayəndələrinin iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 68.2-ci maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 68.3-cü maddəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

26. “Torpaq islahatı haqqında” Qanunun: 6.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. 7.1-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-26-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin 23 noyabr 2006-cı il tarixli, 75/1 saylı sərəncamı ilə ona satılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir.

32. Cavabdeh orqan isə göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasını, torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamasını və alqı-satqı aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

33. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.

34. Belə ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı Bakıxanov Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 75/1 saylı qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin bələdiyyənin inzibati ərazisində yerləşir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 aprel 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv.m təşkil edir. Torpaq sahəsinin üzərinə tikili yoxdur. Vahid elektron kadastr məlumat bazasında Bələdiyyə sərhədləri barədə təsdiqlənmiş məlumat aşkar edilməmişdir. Sahə dövlət mülkiyyət torpağıdır.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.

38. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası –torpaq sahəsinin satılması barədə Bakıxanov Bələdiyyəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2006-cı il tarixli, 75/1 saylı sərəncamı cavabdehə təqdim etmişdir.

39. Eyni zamanda qeyd olunan torpaq sahəsinin bələdiyyə yoxsa dövlət mülkiyyətində olmasının müəyyənləşdirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

40. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli, 10/7542 nömrəli ekspert rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi hal-hazırda “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Lakin, Bakıxanov Bələdiyyəsinə aid torpaq sahələrinin xəritə materialları mülki iş materialına əlavə edilmədiyindən, torpaq sahəsinin ayrılan zaman Bakıxanov Bələdiyyəsinə verilən torpaq sahələrinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsi faktiki olaraq, 600 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri şərtidir. Sahə üzərində tikili yoxdur.

41. Qeyd olunan torpaq sahəsinin Bakıxanov bələdiyyəsinin ərazisində yerləşməsinin müəyyənləşdirilməsi məqsədilə Bakıxanov bələdiyyəsinin inzibati ərazisini əks elətdirən sxem əldə edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-343/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir

42. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 10/1321 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı müllkiyyətinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin, həmin torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşir.

43. Bakıxanov Bələdiyyəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2006-cı il tarixli, 75/1 saylı sərəncamın preyudisiallığı, o cümlədən qeyd olunan torpaq sahəsinin Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi iddianı əsaslı edir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar