Məhkəmə qərarları › İş №2-1(103)-3432/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3432/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3432/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə iddiaçının ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2-1(112)-8559/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-868/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8559/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8559/2021 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə icra edilməsi cavabdeh inzibati orqana göndərilmişdir. Daha sonra məhkəmənin dəftəxanası vasitəsi ilə iddiaçı ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8559/2021 saylı qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ildə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə pensiyanın yenidən hesablanması üçün müraciət edən, xx.xx.2023-cü il tarixdən etibarən müraciət edəcək işləyən hərbi pensiyaçılar ilə eyni hüququ qazanmışdır, eyni hüquqa malik vətəndaş, eyni hüququ qazanmış işləyən hərbi pensiyaçı olduğu halda, ona qarşı ayrı-seçkiliyə yol verilir. O da, eyni hüququ qazanmışdır, pensiyaya çıxdıqdan sonra işləyib sığorta kapitalı qazanıb, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun hüquq əldə etmişdir, mövcud olan qazanılmış hüquqa sahibdir, uzun illərdir ki, bu hüququ qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun qazanılmış hüquqa malik vətəndaşdır. Ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun şamil edilməməsi həmin Qanunda yazılmayıb. ƏƏSMN isə əksinə, ayrı-seçkilik münasibətinə yol verərək bildirir ki, guya ona hazırda qüvvədə olan Qanun şamil edilmir. Halbuki, Qanunda belə bir müddəa yoxdur. Eyni hüququ qazanmış vətəndaşlara fərqli qanun, qayda tətbiq olunması ayrı-seçkilik deməkdir, Konstitusiyaya ziddir. Azərbaycanda ayrı-seçkiliyin bütün formaları qadağan edilib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8559/2021 saylı qərarına “İddiaçı xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” kimi izah verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8559/2021 nömrəli qərarının nəticə hissəsində iddiaçının pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bununla əlaqədar olaraq, yenidən hesablanma aparılmış, yəni qərar icra olunmuşdur. Lakin iddiaçı qərara izahın verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, məhkəmə qərarı tərəflərindən icra edildikdən sonra iddiaçı məhkəmə qərarına izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla İddiaçı əmək pensiyası 681,69 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə-438,39 manat. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 11.279,54 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, İddiaçı işdən azad olduğu tarixdən yenidən hesablandığı tarixə indeksləşdirilməklə 11.279,54 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 (11279,54:96 (65 il-63 il=24 ay+(144 ay-72 ay)=117,50 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 360,80 (243,30 +117,50) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (438,39 manat) həmin artımlar qədər (117,50 manat) azaldılıb. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 360,80 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 320,89 (438,39 -117,50) manat təşkil edir. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən 749,86 manat müəyyən edilib. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 860,09 manata artırılmaqla ödənilir. İddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması mümkün deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; -230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Hazırki işdə məhkəmə qərarına izah verilməsi zərurəti pensiyanın yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış fikir ayrılığı ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2019-cu ilədək redaksiyasına əsasən “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Göründüyü kimi qanunverici 2017-ci il iyulun 1-i taxinədək Qanunun 20-ci maddəsinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiyasının azaldılmadan ödənilməsini müəyyən etmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, Qanunun 37-ci maddəsi həmin qanunun 20-ci maddəsinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiyası yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləği həmin artımlar qədər azaldılma halını istisna etməmişdir. Yalnız hesablama formasının avtomatlaşdırılmış qaydada həyata keçirilməsini istisna etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu iİ tarixədək olan redaksiyasına, eləcə də, 26.3, 37.3.1 və 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalı idi. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və "Əmək pensiyalar haqqında" Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən sonra tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün), əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və İPM-in 1.2, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar