Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3432/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Həmçinin, İPM-in 13-cü maddəsinə əsasən cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, bildirilmişdir ki, iş materiallarında mövcud olan poçt qəbzindən görünür ki, Bakı İnzibati Məhkəməsinin e2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən əldə edilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürülmüşdür. İddiaçıya buraxılmış prosessual müddətin ötmədiyinə dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpası edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını onun özü tərəfindən alınmadığını və iş materiallarında olan məhkəmə qərarının alınması barədə xəbərnaməyə kim tərərfindən imza edilməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasliya şikayətinin qeyri mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarının 94-cü vərəqindəki xəbərnamədən görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza etməklə almışdır. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına vermişdir. Həmçinin, iddiaçı ərizə (i/v-106) təqdim edərək məhkəmə qərarının ona təqdim edilmədiyini, qərarı yalnız 26 iyul 2024-cü il tarixdə rəsmi əldə etdiyini bildirmişdir. Odur ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-ə əsasən: 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikası MPM-ə əsasən: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı iddiaçının yaşadığı və iddia ərizəsində qeyd etdiyi ünvana MPM-nin tələblərinə əsasən göndərilmiş və iddiaçı xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza etməklə qərarı almışdır. Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarının 94-cü vərəqindəki xəbərnamədəki imza onun olmadığını bildirsə də, bu dəlili məhkəmə aşağıdakılara görə əsassız hesab edir.
1. Barəsində apellyasiya şikayəti verilmiş məhkəmə qərarı iddiaçının yaşadığı və iddia ərizəsində qeyd etdiyi ünvana MPM-nin tələblərinə əsasən göndərilmiş və xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza olunmaqla qərar qəbul edilmişdir.Bu isə MPM-in 135.3-cü və 135.5-ci maddəsinin tələblərinə uyğundur.) 2.İş materiallarından görünür ki, barəsində apellyasiya şikayəti verilmiş məhkəmə qərarı icra edilmiş və iddiaçının pensiyasından tutulmuş 492,24 manat pul vəsaiti cari ilin yanvar ayında iddiaçının kart hesabına köçürülmüşdür.
3. İddiaçı ərizə (i/v-106) təqdim edərək məhkəmə qərarının ona təqdim edilmədiyini, qərarı yalnız 26 iyul 2024-cü il tarixdə rəsmi əldə etdiyini bildirmişdir. Odur ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab olunmasını xahiş etmişdir.Lakin iş materiallarında qərarı iddiaçının 26 iyul 2024-cü il tarixdə rəsmi əldə etdiyini təsdiq edən sübut mövcud deyildir.Həmçinin, iddiaçı belə sübutu ərizəsinə əlavə etməmiş, nə də məhkəmə baxışı zamanı məhkəməyə təqdim etməmişdir. Beləliklə, müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin e2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən əldə edilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət ötürülmüşdür. Halbuki, Azərbaycan Respublikası İPM-ə əsasən: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən, iddiaçı ərizə (i/v-106) təqdim edərək şikayət verilməsi üçün prosessual müddətin buraxılmamış hesab olunmasını xahiş etsə də bu ərizə mötəbər sübutlara istinad edilməklə əsaslandırılmadığından, ərizə təmin olunmamalı, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Ərizə təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçının apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.