Məhkəmə qərarları › İş №2-1(103)-3433/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3433/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3433/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5697/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir. Bununla bağlı həmin torpaq sahəsi və evə mülkiyyət hüquqlarının vahid əmlak kimi dövlət qeydiyyatı ilə bağlı müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Məhkəmə qərarı ilə də mənzilin əslində fərdi yaşayış sahəsi olması öz təsdiqini tapmışdır. İddiaçı qeyd edir ki, fərdi yaşayış sahəsinin altında yerləşən onun qanuni istifadəsində olan torpaq sahəsinə də mülkiyyət hüququ tanınmalıdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir və Bakı İnzibati Məhkəməsinin qərarında mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulmuşdur. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5697/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, ev 1 (yeni qaydalarla M.Ə.Rəsulzadə qəsəbəsi, Rövşən Hüseynov küçəsi 194) ünvanda yerləşən iddiaçının mülkiyyətində fərdi yaşayış evinin yerləşdiyi 356,8 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpağa dair mülkiyyət hüququnun qeydiyyata alınmasını əsaslandırsa da, yerləşdiyi (tikintialtı) torpaq sahəsi ilə yanaşı həyətyanı torpaq sahəsinə dair də qərar çıxarmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5697/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - İmtina məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir və Bakı İnzibati Məhkəməsinin qərarında mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulmuşdur. -Çıxarışlardan görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evi əvvəl mənzil kimi dövlət qeydiyyatında olmuşdur. -Mənzilin əvvəlki mülkiyyətçisi A.İsmayılovun və hazırkı mülkiyyətçisi iddiaçının adına olan texniki pasportlardan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahəsi sənəd üzrə və faktiki 0,0358 ha ölçüdə olmuşdur. -Bakı İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, mübahisəli mənzilin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, mənzil ayrıca təcrid edilmiş əmlak olmaqla yerləşdiyi torpaq sahəsinin ölçüləri texniki sənədlərdə öz əksini tapmışdır. -Daşınmaz əmlaka dair qovluğa daxil olan sənədlərdən görünür ki, fərdi yaşayış evi qərara əsasən və faktiki olaraq 356,8 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Qanunvericiliyin tələblərini və iş materiallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları yaranmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mənzil kimi qeyd edilməsinə baxmayaraq, əmlak naturada fərdi yaşayış evi olmuş, məhkəmə qərarı ilə də həmin mənzilin fərdi yaşayış evi olması tanınmışdır ki, həmin yaşayış sahəsi həyətyanı torpaq sahəsi hüdudlarında inşa edilmişdir. İddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da əmlakı xidməti təyinatının məhz fərdi yaşayış evi olması müvafiq olaraq təsdiq olunmuşdur ki, bu da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin, o cümlədən də həyətyanı sahənin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apelyasiya şikayətinin dəlillərindən görünür ki, Bakı İnzibati Məhkəməsi iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpağa dair mülkiyyət hüququnun qeydiyyata alınmasını əsaslandırsa da, yerləşdiyi (tikintialtı) torpaq sahəsi ilə yanaşı həyətyanı torpaq sahəsinə dair də qərar çıxarmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Apelyasiya şikayətinin bu dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdən göründüyü kimi Bakı şəhəri Dzerjinski rayonu XDS İK-nin 77 saylı 3 noyabr 1954-cü il tarixli protokol qərarına əsasən vət. X5 69/3205 saylı sahədə - 5-ci Binəqədi küçəsində 6175 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır (Bakı şəhərinin xx.xx.1940-xx.xx.1959-cu illərdə inzibati ərazi bölgüsündə Dzerjinski rayonu mövcud olmuş, xx.xx.1959-cu il tarixdə inzibati ərazi ləğv edilmişdir). Həmçinin, Bakı şəhər XDS İK-nin Arxitektura işləri üzrə şöbəsinin xx.xx.1955-ci il tarixli 5187 saylı icazəsi ilə Dzerjinski rayonu XDS İK-nin qeyd olunan 3 noyabr 1954-cü il tarixli qərarı əsasında, qeyd olunan ünvanda fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər XDS İK –nin Texniki İnventarlaşdırma bürosunun 9.08.1971-ci il tarixli rəyində həmin evin 698 kv.m ölçüdə torpaq sahəsində yerləşdiyi təsbit olunmuşdur. X1 bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş “Bakı şəhəri üzrə bələdiyyələşdirilməmi tikililərin reyestrindən çıxarışa” əsasən - Binəqədi rayonu Vorovski qəsəbəsi (indiki M.Ə.Rəsulzadə qəsəbəsi) 5-ci ünvan 3 ünvanındakı ev - 3 nömrəli kitabın 334-cü səhifəsində 2/3 hissəsi vət. X3 adına, 1/3 hissəsi isə qət. X6 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Göstərilən mülkə dair daha sonralar tərtib olunmuş – notarius tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələri, notarial qaydada bağlanmış bağışlama və alqısatqı müqavilələri, habelə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara, o cümlədən, yeni inşa edilmiş tikililərə dair verilmiş çıxarışlara, habelə, qanuni qüvvəsini almış məhkəmə qərarı və s. sənədlərə əsasən müəyyən olunur ki, son mərhələdə - 5-ci Binəqədi küçəsi ev 1 ünvanında yerləşən evə dair İddiaçı əvvəlcə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi, xx.xx.2023-cü il tarixdə isə fərdi yaşayış evi kimi mülkiyyət hüququ qeydə alınaraq ona reyestrdən çıxarışlar verilmişdir. Beləliklə, tədqiq olunan arxiv sənədlərindən görünür ki, yerli icra hakimiyyəti orqanının (Dzerjinski rayon XDS İK-nin) 3 noyabr 1954-cü il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsi 6175 kv.m, Bakı şəhər XDS İK –nin xx.xx.1955-ci il tarixdə tikintiyə icazə sənədi üzrə isə evin yerləşdiyi torpaq sahəsinin dəqiqləşdirilmiş öçüsü 698 kv. m təşkil etmişdir. Cavabdeh idarə tərəfindən xx.xx.2016-cı il tarixdə hazırkı İddiaçı adına tərtib olunub təsdiq edilmiş Texniki pasportdan görünür ki, fərdi yayşayış evinin yerləşdiyi torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki olaraq, 356,8 kv.m (0.03568 ha) təşkil edir (İş materiallarına əsasən müəyyən olunur ki, torpaq sahəsinin ilkin ölçüsünə münasibətdə digər hissəsi 5-ci ünvan 4 ünvanı üzrə) X2 mülkiyyətindədir). Mübahisəli ünvanda yerləşən və son nəticədə hazırkı iddiaçının əldə etdiyi fərdi yaşayış evınə münasibətdə, həmin evin yerləşdiyi torpaq sahəsi, əvvəlki mülkiyyətçiyə 1954-1955ci illərdə yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış torpaq sahəsinin təxminən yarısıdır. Başqa sözlə, iddiaçıya məxsus mübahisəli evin yerləşdiyi torpaq sahəsi, əvvəlki mülkiyyətçisinə qanuni əsaslarla yuxarıda qeyd edilən yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.1-ci maddəsinin qeyd olunan tələblərindən isə göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi dövlət qeydiyyatı üçün əsasdır. Konkret halda da mübahisəli torpaq sahəsinə münasibətdə həm 8.0.1-ci, həm də 10.2.1 və 10.2.3-cü maddələrinin şərtləri ödənilir. Beləliklə də, iddia olunan - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, sahəsi 25.30 kv.m olan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0.03568 ha olan torpaq sahəsinin də iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınıb ona Qanunun 13.7-ci maddəsinin tələbinə müvafiq olaraq, reyestrdən vahid çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(112)-5697/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar