Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3434/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(112)-9474/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək iddiaçının əsl İddiaçı MMC-ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış Bakı ş, Xəzər r, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1/9 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçı tikiliyə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış Bakı ş, Xəzər r, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1/9 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçı tikiliyə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış Bakı ş, Xəzər r, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1/9 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçı tikiliyə (qaraj, qazanxana, mətbəx) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə əsasən qanuni əsaslarla istifadədə olan torpaq sahəsində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evləri tikilmiş, məlumatlandırma icraatı üzrə yerli icra hakimiyyəti orqanına müraciət edilmiş, sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üzrə cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, texniki baxış keçirilərkən tikilinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi məlum olmuşdur. Odur ki, həmin tikiliyə münasibətdə məlumatlandırma icraatı qaydası yox, tikintisinə icazə tələb olunan icraat üzrə hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi tələb olunur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir tərəfindən yerüstü orta təzyiqli qaz xətti keçir. Qeyd olunan səbəbdən müraciətin təmini mümkün olmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(112)-9474/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçı tikililərə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçı tikililərə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023- cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçı tikililərə (qaraj, qazanxana, mətbəx) dair mülkiyyət hüquqlarının İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, ünvan 2 ünvanda yerləşən 8237,0 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir.
12. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, ******* №-li “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı X3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 11№47 nömrəli arayışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, Bakı-Mərdəkan yolunun sol tərəfində yerləşən yarımçıq tikilinin 1/3 (üçdə bir) hissəsini alıcı – X8, 1/3 (üçdə bir) hissəsini digər alıcı – X4 mülkiyyətinə verir, qalan – 3/1 (üçdə bir) hissəsini özündə saxlayır.
13. 09.04.2015-ci il tarixli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X3 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yarımçıq tikili) ona məxsus ¼ hissəni X4 mülkiyyətinə vermişdir.
14. 09.04.2015-ci il tarixli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X3 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yarımçıq tikili) ona məxsus ¼ hissəni X1 mülkiyyətinə vermişdir.
15. 09.04.2015-ci il tarixli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X3 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yarımçıq tikili) ona məxsus ¼ hissəni X5 mülkiyyətinə vermişdir.
16. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* №-li “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcılar X9, X3, X6 və X10 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından (yarımçıq tikili) paylı mülkiyyət üzrə hər biri özünə məxsus ¼ hissəni alıcı İddiaçı MMC-nin mülkiyyətinə verirlər.
17. Çıxarışlardan görünür ki, 0,3347 ha, 0,253 ha və 0,236 ha torpaq sahələrinə iddiaçının icarə müqaviləsi üzrə hüquqları dövlət qeydiyyatına alınmışdır.
18. İmtina məktublarında qeyd edilmişdir ki, texniki baxış keçirilərkən tikilinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi məlum olmuşdur. Odur ki, həmin tikiliyə münasibətdə məlumatlandırma icraatı qaydası tətbiq edilmir.
19. "xxxx" MMC tərəfindən tərtib edilən fərdi yaşayış sahələrinin layihələrindən görünür ki, tikilinin texniki xüsusiyyətləri, xarici görünüşü və s. kimi zəruri rekvizitlər əks olunma layihə tərtib edilmişdir.
20. Ərizədə poçt qəbzlərindən görünür ki, məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət edilmiş, fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar məlumat verilmişdir.
21. "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, fərdi yaşayış evləri Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun inşa edilmişdir. Hündürlüyü 11,80 metr, aşırımlar arası məsafə 4,60 metr təşkil edir.
22. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihələrdən görünür ki, binaya xidmət edən yardımçı tikili (qaraj, qazanxana, mətbəx) üzrə də layihə sənədləri tərtib edilmişdir.
23. Cavabdeh tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli, Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsində iki mərtəbəli tikili inşa edilmiş, yaşayış evinin daxilində təmir-tamamlama işləri görülür. Eskiz təqdim edilmiş layihəyə əsasən tərtib olundu. Yaşayış evi 3 mərtəbəli 30 yaşayış otağından ibarətdir. Yaşayış evi çox mərtəbəli yaşayış evi kimi inşa olunmuşdur. Torpaq sahəsi 112.0 kv.m. artıqdır, 1-ci mərtəbənin tavanına olan hündürlük h=10.0 m-dir.
24. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin (3 fərdi yaşayış evi) fotoşəkilləri iş materiallarına əlavə olunmuşdur.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-24-3/2- 19352/2024 №-li icarə müqaviləsinin qüvvədə olub-olmaması barədə məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 8237 kv.m. torpaq sahəsinə dair İddiaçı MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 3900 nömrəli icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən edilmişdir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya dəyişdirmək haqqında tərəflərdən birinin müraciəti olmadığı üçün “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən həmin müqavilə eyni şərtlərlə və eyni müddət üçün uzadılmış hesab edilmişdir. Göstərilənlərə əsasən və bağlanmış müvilənin 4.2-ci bəndinə uyğun olaraq hazırda həmin müqavilə qüvvədədir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir
29. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir: 1. Fərdi yaşayış evlərinə dair məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlərin təqdim olunması; 2. Torpaq sahəsinin bir hissəsindən orta təzyiqli qaz xəttinin keçməsi.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
31. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmiş, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinə ayırmış, hər birinə xas olan göstəriciləri fərqləndirmişdir. Məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinin anlayışı AR Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarında təsvir olunmuşdur.
32. AR Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-cü maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
33. Göründüyü kimi, mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdaki göstəricilərə malik olmalıdır: - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; - hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; - aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.
34. Göründüyü kimi tikilinin məlumatdırma icraatı tətbiq edildiyi tikili olması bilavasitə mərtəbələrin sayından, hündürlüyündən və aşırımların uzunluğundan asılıdır.
35. Hazırki işin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı tərəfindən inşa olunmuş tikililərin məlumatlandırma icraatı tətbiq edildiyi tikili deyil, tikintisinə icazə tələb olunan tikili olduğu qənaətindədir. Cavabdehin bu qənaəti onunla əlaqədar olmuşdur ki, fərdi yaşayış evləri çoxmənzilli yaşayış sahələrinin xüsusiyyətlərinə uyğun istifadə edilməkdədir.
36. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də aydın olduğu kimi çoxmənzilli yaşayış sahələrinə hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməsi mütləqdir. Lakin, cavabdeh nəzərə almamışdır ki, hazırkı inzibati mübahisə tikilinin təyinatı üzrə istifadəsi ilə bağlı yox, tikililərin fərdi yaşayış evi kimi hüquqların iddiaçının adına dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlıdır.
37. Belə ki, qanunvericiliyin konkret tələbindən də göründüyü kimi şəxs fərdi yaşayış evi kateqoriyasına aid edilməklə tikilisinə hüquqların dövlət qeydiyyatına alınması barədə müraciət edirsə, bununla bağlı mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunub-olunmaması, yerüstü mərtəbələrinin sayı 3-dən çox olubolmaması, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olub-olmaması, aşırımlarının uzunluğu 6 metrdən çox olub-olmaması kimi hallar yoxlanılmalıdır.
38. Cavabdeh isə həmin yoxlama predmetindən kənara çıxaraq tikililərin istifadə təyinatı üzrə araşdırmanın aparılmasını zəruri hesab etsə də, nəzərə almamışdır ki, iddiaçının həmin tikililəri çoxmənzilli yaşayış sahəsi və ya qeyri-yaşayış sahəsi kimi yox, məhz fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmasında hüquqi marağı mövcuddur və bu səbəbdəndir ki, çoxmənzilli yaşayış sahəsi kimi hüquqların hazırkı tikililərə dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti üzrə aparılmalı olan inzibati icraatın dairəsi ilə, hazırkı müraciət üzrə aparılmalı olan inzibati icraatın dairəsi fərqləndirilməlidir. Lakin, cavabdeh aparılmalı olan inzibati icraatın xüsusiyyətləri baxımından hər hansı fərqləndirmə aparmamış, tikililərin məhz fərdi yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması barədə müraciətin xüsusiyyətlərinə əhəmiyyət verməmiş, səlahiyyət həddindən kənara çıxmaqla məhdudiyyət yaradan təyinatı üzrə istifadə kimi imtina əsasını əsas götürməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından əsassız olaraq imtina etmişdir.
39. Qeyd edilir ki, adıçəkilən tikililərin çoxmənzilli fərdi yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması barədə müraciət üzrə cavabdeh həmin imtina dəlillərinə istinad edə bilərdi və həmin imtina dəlillərinin razı olunmamasından məhkəməyə müraciət etmək imkanı da mövcuddur. Lakin, cavabdeh nəzərə almamaqdadır ki, hazırkı mübahisə tikililərin fərdi yaşayış evi kimi qeydə alınmalı olub-olmaması ilə əlaqədardır, şəxsin həmin fərdi yaşayış evini çoxmənzilli kimi və ya qeyri-yaşayış sahəsi kimi istifadə etməsi, fərdi yaşayış evində otaqların, mətbəx və digər hissələr üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin dairəsi onun mülkiyyətindən istifadəsi xarakteri ilə bağlı olan məsələdir. Başqa ifadə ilə, şəxs əgər məlumatlandırma icraatı qaydasına uyğun olaraq bir fərdi yaşayış sahəsində istədiyi qədər mətbəx, otaq, hamam və s. tikir və istifadə edirsə, şəhərsalma və tikinti normalarının tələbləri pozulmamışdırsa və məlumatlandırma icraatı üzrə qaydanın tələbləri də gözlənilirsə həmin tikili və ya tikililərə münasibətdə hüquqların dövlət qeydiyyatından həmin hallara istinad edilməklə imtina formal imtina hesab edilməlidir.
40. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evlərinə xidmət edən qazanxana, mətbəx və qarajın da yardımçı tikili kimi dövlət qeydiyyatına alınmasına münasibətdə iddia tələbi qanuni və əsaslıdır.
41. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
42. Qanunvericiliyin tələbindən də göründüyü kimi yardımçı tikililər, o cümlədən qazanxana, mətbəx və qaraj üzrə ölçülərin həddi ilə bağlı məlumatlandırma icraatı qaydasının və ya ümumiyyətlə tikintisinə icazə tələb olunmayan tikili üzrə qaydanın tətbiqi xüsusiyyətləri fərqləndirmişdir ki, hər bir halda həmin yardımçı tikililər üzrə tikintiyə icazənin alınması tələbi mövcud olmamışdır. Odur ki, iddia ərizəsində, layihə sənədlərində də göstərildiyi kimi məhz fərdi yaşayış evlərinə xidmət edən həmin yardımçı tikililər tikintisinə icazə tələb olunmayan tikili hesab edildiyindən cavabdeh tərəfindən ona aid hüquqlar da dövlət qeydiyyatına alınmalıdır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarını müəyyən edən 14-cü maddəsində, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların yaranması əsaslarından biri kimi nəzərdə tutulmuşdur (14.2.2-ci maddə). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu baxımdan, iddiaçının yardımçı tikililərə hüququnun olduğu şübhə doğurmur. Bu hüquq daşınmaz əmlakla bağlı olduğundan, qanunvericiliyə görə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları”nın 5.2-ci bəndinə əsasən, dövlət reyestrinin bölmələri elə ardıcıllıqla düzülür ki, ilk olaraq torpaq sahələri, sonra isə torpaq sahəsi ilə möhkəm bağlı olan bütün obyektlər əks etdirilsin.
44. Torpaq sahəsinin bir hissəsində elektron kadastr məlumatlarına əsasən qaz xəttinin keçməsi dəlilinə münasibətdə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən torpaq sahəsinə istifadə hüquqları iddiaçının adına dövlət qeydiyyatına icarə müqaviləsi əsasında qeydiyyata alınmış və həmin torpaq sahəsi iddiaçının icarəsinə cavabdehin üst qurumu tərəfindən verilmişdir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri konkret olaraq tənzimlənmiş, cavabdehin üst qurumu tərəfindən qaz xəttinin mövcud olması ilə bağlı hər hansı istisna hal qeyd edilməmişdir ki, məhkəmə hesab edir ki, hazırkı halda adıçəkilən torpaq sahəsində tikililərin tərtibatı ilə əlaqədar göstərilən formada yeni hala istinad edilməsi torpaq sahəsinin təyinatı üzrə istifadəsi üzrə iddiaçının legitim hüququna müdaxilə təşkil etməkdədir.
45. Digər tərəfdən isə, nəzərə alınmalıdır ki, cavabdeh elektron kadastr məlumatlarına istinadla qaz xəttinin keçməsini bildirmişdir. Halbuki, faktiki olaraq həmin fərdi yaşayış sahəsindən qaz xəttinin keçidini müəyyən edən hər hansı əsaslı sübut təqdim edilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, həmin qaz xətti keçsə belə, cavabdehin üst qurumu tərəfindən iddiaçıya torpaq sahəsinə dair müqavilə əsasında verilmiş hüquq üzrə icarəyə götürülmüş torpaq sahəsində fərdi yaşayış evlərinin inşa edilməsində iddiaçı tərəfindən torpaq və şəhərsalma və tikinti qanunvericiliyin hər hansı tələbi pozulmamışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən formada hüquqi mövqe torpaq sahəsində mülkiyyət hüquqlarının və ya digər əmlak hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etməli olmayan qaz xəttinin torpaq sahəsindən keçməsi ilə bağlı imtina, eləcə də həmin hüquqların dövlət qeydiyyatına alındığı torpaq sahəsinin istifadəsi ilə bağlı da qanunsuz və əsassız olmalıdır. Bu zaman, nəzərə alınmalıdır ki, inşa edilən fərdi yaşayış evləri və yardımçı tikililər torpaq və şəhərsalma və tikinti qanunvericiliyin tələbləri gözlənilməklə inşa edilmişdir və cavabdeh tərəfindən də həmin hallar mübahisələndirilməməkdədir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evi məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyektinin göstəricilərinə və parametrlərinə uyğun olduğundan, həmin əmlaka münasibətdə təqdim olunmalı sənədlərin əhatə dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsində əks olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş eskiz layihəsi, texniki pasport, o cümlədən tikintinin başa çatması ilə əlaqədar məlumatlandırılan quruma məlumat verilməsini təsdiq edən məktub öz növbəliyində iddiaçının iddia etdiyi daşınmaz əmlaklar, o cümlədən də yardımçı tikililər üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün kifayət qədər zəruri və əsaslı sənədlərdir.
48. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
49. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı artıq həmin vaxt hazırki mübahisə predmetini təşkil edən daşınmaz əmlakın müəyyən hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfindən iddiaçıya hazırki iddia tələbi üzrə imtina etməsi isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
53. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
54. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 55.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(112)-9474/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov