Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3435/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması ilə əlaqədar siyahıya əlavə edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2342/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının silahlı qüvvələrində 20 ildən artıqdır ki xidmət edir. Qüsursuz xidmətə görə 1993-cü ildə cavabdeh tərəfindən ona 1 otaqlı mənzil verilmişdir. Hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı vardır. O, mənzil şəratinin yaxşılaşdırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, tələbini Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına əsasən 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin edilməsi ilə əlaqədar siyahıya əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi kimi ifadə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2342/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi "Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011ci il tarixli Fərmanına əsasən 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin edilməsi ilə əlaqədar siyahıya əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi" formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2342/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir: "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir." Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində 2,4086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsinin onun adına qeydiyyatdan keçməsinə əsaslanmışdır. Məhkəmənin özünün də qeyd etdiyi kimi, həmin torpaq sahəsi məhz kənd təsərrüfatı təyinatlı pay torpağı olmaqla yaşayış təyinatı üçün nəzərdə tutulmamışdır. Digər tərəfdən, iddiaçı uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının ailə üzvü X1 adına Bakı şəhəri Yasamal rayonu 3-cü Yasamal küçəsi ev 98-də 75 nömrəli mənzilin olmasına istinad etmiş, lakin həmin mənzilin hansı qaydada Həcər Paşayevanın adına qeydə alınması ilə bağlı heç bir araşdırma aparmamışdır. Belə ki, həmin mənzil Həcər Paşayevanın anası tərəfindən ona bağışlanmış və sonuncunun adına qeydiyyata alınmışdır. İddiaçının özünün və yaxın qohumlarının adına başqa hər hansısa mənzil və torpaq sahəsi yoxdur. Digər tərəfdən, qanunvericiliyin tələblərindən də görünür ki, iddiaçının hansısa qohumunun adına əmlak olması, iddiaçının özünün 20 ildən artıq qüsursuz xidmətinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına mane olan hal deyildir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İŞİN HALLARİ: İddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması ilə əlaqədar siyahıya əlavə edilməsindən ibarətdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab məktubundan görünür ki, İddiaçı adına Bərdə rayonu Qaradəmirçi kəndində 2,4086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına Bərdə rayonu Qaradəmirçi kəndində 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə (ümumibirgə pay) dair JN-008A nömrəli xx.xx.2005-ci il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bakı şəhəri T.Məmmədov küçəsi ev 14-də 2 nömrəli mənzil xx.xx.1997-ci ildə ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3MA-4-580 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayonu Nizami Nərimanov küçəsi ev 85-də 43 nömrəli mənzil xx.xx.2000-ci ildə İddiaçı adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4Ə-344 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X1 adına Bakı şəhəri Yasamal rayonu 3-cü Yasamal küçəsi ev 98-də 75 nömrəli mənzil qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə ev 7-də 59 nömrəli mənzil X1 adına qeydiyyatdan keçmişdir. Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə/10-1712 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Ehtiyatda olan polkovnik İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyaya ünvanlandığı ərizəyə uyğun olaraq yuxarıda qeyd edilən Fərmanın ikinci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya müraciət olunmuşdur. Komissiya tərəfindən sözügedən məsələ ilə bağlı müsbət qərar qəbul edilməmişdir. Belə ki, Müdafiə Nazirliyinin mənzil fondundan şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçulara sözügedən Fərmanda mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin "e" və "ə" bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri: Azərbaycan Respublikasının maliyyə naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini.
3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı müraciətinə verdiyi xx.xx.2024-cü il tarixli cavabında iddiaçının Azərbaycan Ordusunun 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu olmasını mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası əvvəllər mülkiyyətinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılmasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmamasından ibarətdir. İddiaçı özü də iddia ərizəsində 1993-cü ildə ona qüsursuz xidmətinə görə 1 otaqlı mənzil verildiyini bildirmişdir. "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanından göründüyü kimi, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin olunmasının məqsədi həmin hərbi qulluqçuların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həll edilməsinə təkan verməkdən ibarətdir. Belə olan halda, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının və ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olub-olmaması araşdırılmalıdır. Müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli 122/12 nömrəli qərarı əsasında hərbi qulluqçu İddiaçı Bakı şəhəri Badamdar qəsəbəsi Sovet Ordusu küçəsi (sonrakı adı T.Məmmədov küçəsi) ev 14-də yerləşən 2 nömrəli 1 otaqlı mənzilə dair xx.xx.1993-cü il tarixli 005400 nömrəli order verilmişdir. O, həmin mənzili özəlləşdirmiş, xx.xx.1997-ci ildə mənzilə onun mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2000-ci ildə o, mənzili satmışdır. Bundan başqa, İddiaçı xx.xx.1999-cu ildə başqa bir şəxsdən Bakı şəhəri 8-ci mkr. 22-ci Dağlıq küçəsi (sonrakı adı Nizami Nərimanov küçəsi) 85 nömrəli evin 2 otaqlı 43 nömrəli mənzilini almış, xx.xx.2002-ci ildə isə onu başqa bir şəxsə satmışdır. Bundan başqa, iddiaçının arvadı Paşayeva (Məmmədova) Həcər Bilal qızı xx.xx.2002-ci ildə başqa bir şəxsdən Abşeron rayonu Xırdalan qəsəbəsi 28-ci məhəllə ev 7 mənzil 59-u almış, xx.xx.2007-ci ildə isə onu başqa bir şəxsə satmışdır. Bundan başqa, iddiaçının arvadı X2 onun anası X3 tərəfindən xx.xx.2021-ci ildə ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzil hədiyyə edilmişdir. Hazırda mənzil X1 mülkiyyətindədir. Bundan başqa, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı və digər 4 nəfərin ümumi mülkiyyətinə Bərdə rayon Qaradəmirçi kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində 175 kv.m sahəsi olan yaşayış evi olmuşdur. Göründüyü kimi, iddiaçı əvvəllər dövlət tərəfindən dövlət vəsaiti hesabına Bakı şəhərində mənzillə təmin olunmuş, o, həmin mənzili satmış, bundan əlavə, o özü Bakı şəhərində başqa bir mənzil alıb sonra satmış, həmçinin arvadı Xırdalan qəsəbəsində başqa bir mənzil alıb sonra satmışdır. Nəhayət, iddiaçının arvadına Bakı şəhərində 5 otaqlı mənzil hədiyyə olunmuş və hazırda həmin mənzil iddiaçının arvadının mülkiyyətindədir. Eyni zamanda, torpaq islahatı zamanı iddiaçının və digər qohumlarının ümumi mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsində 175 kv.m yaşayış evinin olması sənədlərdən görünür. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan hallar iddiaçının və ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olmamasını göstərir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğv edilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qərarında yuxarıda sadalanan hallarla yanaşı, iddiaçının adına Bərdə rayon Qaradəmirçi kəndində 2,4086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsinin qeydiyyatdan keçməsinə də istinad edilmişdir. Məhkəmə kollegiyası əsaslandırmanın bu hissəsi ilə razılaşmayaraq qeyd edir ki, göstərilən torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olduğuna və həmin sahədə yaşayış sahəsi tikilməsinə yol verilmədiyinə görə bu hal iddiaçının mənzil şəraitinin qiymətləndirilməsi zamanı nəzərə alınmamalıdır. Lakin birinci instansiya məhkəməsinin qərarı faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğu və mahiyyəti üzrə düzgün olduğu üçün qeyd olunan formal mülahizəyə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2342/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.