Məhkəmə qərarları › İş №2-1(103)-3436/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3436/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3436/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, onun mənzil növbəsinə alınmasına köməklik göstərilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Cavabdeh müraciəti araşdıraraq İddiaçı xx.xx.2023-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: Məlumat üçün bildirilir ki, mövcud qanunvericiliyə əsasən İ,İİ,İİİ qrup müharibə əlilləri, xəstəliyə görə isə yalnız İ qrup əlillər 9 kv.metr və daha az yaşayış sahəsi düşdükdə, mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 2011-ci ildən 6 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu, atası, bacısı, qardaşı) daimi qeydiyyatda olduğu evin yaşayış sahəsi (97.0 kv.metr) müəyyən edilmiş uçot normasından artıq olduğundan mənzil növbəsinə qəbul edilməsi üçün əsas yoxdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılan ********** nömrəli, xx.xx.2023-cü il tarixli əlillik haqqında arayışa əsasən, İddiaçı xx.xx.2012-ci il tarixdən ümumi xəstəlik – gözdən əlil səbəbindən “OU-piqmentli tapetoretinal distrofiya. Horizontal nistaqm. zəif dərəcəli miopiya. Anadangəlmə ensefalopatiya. Sağ tərəfli bronxit. VİS OU=göz önündə əl hərəkəti” diaqnozu üzrə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-7677/2024 nömrəli məktubuna əsasən, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı adına Şamaxı rayonu Bağırlı kəndində yerləşən 0.2089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) və Şamaxı rayonu Bağırlı kəndində yerləşən 0.1979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) və Şamaxı rayonu Bağırlı kəndində yerləşən 0.1234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin (ailə üzvlərinin) adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ailə üzvləri (övladları X7, X6 və arvadı X2) ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla İ dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi və qərar qəbul edilərkən mənzil növbəliyi üçün müraciət etdiyi müddət nəzərə alınaraq növbəyə götürülmə tarixinin cavabdehə müraciət etiyi və rədd cavabı aldığı tarixdən hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı sonradan Bakı İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birinci dərəcə gözdən əlil kimi ailə üzvləri (övladları X7, X6 və arvadı X2) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İ dərəcəli gözdən əlilldir. Evlidir, birgə nigahdan iki azyaşlı övladı vardır. Qeydiyyatda olduğu ünvan atasına məxsus olmayan və yaşaması üçün müvəqqəti yaşamaq hüququ verilən evdir. Uzun illərdir, göz zəifliyindən əziyyət çəkdiyi üçün daimi iş yeri yoxdur. İş yeri olmadığına görə də ailəsini, yalnız dövlət qayğısı ilə verilən cuzi əlillik pensiyası ilə dolandırır. Bu isə heç kommunal və gündəlik yemək xərclərini qarşılamır. Bu baxımdan öz gücünə ailəsinə mənzil almaq iqtidarında deyildir. 2022-ci il tarixdən bu günə qədər güzəştli əsaslarla İ dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməyi üçün aidiyyəti üzrə Cavabdehnə müraciət etmişdir. Cavabdehin göstərdiyi əsassız cavab məktubunda onun evli olduğu qeydə alınmayıb və atası, bacısı, qardaşı və s. bir ailənin nümayəndəsi kimi qələmə verilərək rədd cavabı qənaətinə gəlinmişdir. Halbuki, onun evli olduğu və iki övladladının olduğu, bu səbbələ də qanunvericiliyə əsasən başqa ailənin (təsərrüfat) subyekti olduğu nəzərə alınmamışdır.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində imtina məktubunda qeyd olunanlara istinad etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarına əsasən, İddiaçı (övladları X7, X6 və arvadı X2) ailə üzvləri ilə birlikdə birinci dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdehnə qarşı “mənzil uçotuna alınma” barədə iddia tələbi ilə Bakı inzabati Məhkəməsinə müraciət edərək sərəncam vermə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılmış və 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarı ilə İddiaçı (övladları X7, X6 və arvadı X2) ailə üzvləri ilə birlikdə birinci dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin həmin qərarı maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qərarında iddiaçının Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 1/7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğunu göstərsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsaslanıb evin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədiyi və bununla da, özbaşına tikilən fərdi yaşayış evinin iddiaçıya məxsus olmasının müəyyən edilmədiyini qeyd etməklə iddiaçının xeyrinə qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. Mənzil Məcəlləsinin 50.2-ci maddəsində vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunur ki, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 1/7 iddiaçının atası X4 tərəfindən 1998-ci ildə inşa edilmişdir. A.H.Umbayev Cavabdehnə qarşı “mənzildə yaşamaq hüququnun tanınması” tələbi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 08 iyun 2001-ci il tarixli 2- 619/2001 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək özbaşına tikilmiş fərdi yaşayış evinə istifadə hüququ tanınmışdır. Məhkəmənin bu qərarı inzibati icraat materialları ilə birlikdə Bakı İnzibati Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, məhkəməyə iddiaçının və onun ailəsinin yuxarıda göstərilən ünvana dair qeydiyyat və yaşayış yeri haqqında arayışlar da inzibati icraat materialları ilə birlikdə məhkəməyə təqdim olunmuşdur (arayışlar bır daha əlavə olunur). Göstərilən bu sənədlər Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 1/7 ünvanında tikilən fərdi yaşayış evinin iddiaçıya və onun ailəsinə məxsus olmasını təsdiq etmirmi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin məhkəmə uşaqların bioloji atalarının olduğu yerin müəyyən olunması ilə bağlı hər hansı bir araşdırma aparmamış, yalnız icra şöbəsinin axtarış qərarına istinad etməklə qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Göstərilən dəlillər mövcud qanunvericiliyin tələblərini pozduğundan hazırki qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazını təqdim etməmişdir. Tərəflərin izahatları

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

16. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

20. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

21. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

22. Maddə 31.1.Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

23. Maddə 1.2. Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

24. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

25. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.

26. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).

27. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.

28. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.

29. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

30. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

31. Maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir.

32. Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir.

33. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

34. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

35. Maddə 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.

36. Maddə 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu

37. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

38. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

39. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

40. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

41. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

42. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

43. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

45. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

46. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

47. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

48. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

49. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

50. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

51. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

52. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası iddiaçının izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

55. Belə ki, iddiaçının hüquqi marağı İ qrup gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olduğu üçün ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsindən ibarətdir.

56. Kollegiya qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub-olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.

57. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, İ qrup gözdən əlil olan iddiaçı hər hansı bir yaşayış sahəsinə malik olmamaqla yaşayış sahəsinə ehtiyacı olan şəxsdir, iddiaçının mülkiyyətində olan torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı olmaqla, yaşayış sahəsinin inşası üçün nəzərdə tutulmamışdır.

58. Cavabdeh apellyasiya şikayətində iddiaçının daimi qeydiyyatda olduğu evin sahəsinin 97 kv.metr olmaqla müəyyən edilmiş uçot normasından artıq olmasını, məhkəmə aktına əsasən iddiaçının yaşadığı evə istifadə hüququnun tanınmasını, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının uşaqlarının bioloji atalarının olduğu yerin müəyyən olunmamasını qeyd etsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2011-ci ildən qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən yaşayış evi özbaşına inşa olunmuş tikilidir. İddiaçının deyil, onun atasının həmin tikilidə yaşamaq hüququ məhkəmə aktına əsasən tanınmışdır. Bu ünvanda iddiaçının ailə üzvlərindən başqa, onun atası, bacı və qardaşı da yaşayırlar.

59. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

60. Apellyasiya şikayətinin dəlillərindən biri olan “iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayanların bioloji atalarının” yerini müəyyən etməyə isə heç bir zərurət yoxdur. Belə ki, iddiaçının övladları ilə birlikdə yaşadıqları ünvan cavabdehə də bəllidir.

61. Göründüyü kimi həqiqətən yaşayış sahəsinə, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan şəxs olması işin hallarından aydın müəyyən olunan iddiaçının ehtiyacı olan şəxs kimi yaşadığı və sosial reabilitasiya olunduğu ərazi üzrə mənzil uçotuna alınmasını tələb etmək hüququ mövcuddur.

62. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçının İ qrup gözdən əlil olmasını, Bakı şəhərində yaşamasını, yaşayış sahəsinə malik olmadığından yaşayış sahəsinə ehtiyacı olan olmasını nəzərə alan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, uçota alınma ilə bağlı qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi isə müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərməkdən ibarətdir.

63. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

64. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2024 saylı, 29 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar