Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3438/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6382/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun fərdi hesabında toplanmış 32.380 manat pensiya kapitalının birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun ağır xəstəliyi ilə əlaqədar olaraq (axırıncı mərhələ xərçəng xəstəliyi) cavabdeh pensiya kapitalının birdəfəlik iddiaçıya ödənilməsi ilə bağlı ərizəsinə imtina cavabı vermişdir. Bu hal “Əmək pensiyaları haqqında” qanunda nəzərdə tutulmamışdır. Hazırda iddiaçıya 1-ci qrup əlillik təyin olunmuş və pensiya kapitalı 121 aya bölünərək 280 manat məbləğində pensiya təyin olunmuşdur. Lakin o, bahalı dərmanlarla müalicə olunmasa heç 2 il də yaşamayacaq. Hazırda milyonlarla işləyərək bu sistemdə pensiya kapitalını yığan şəxslərin istədiyi vaxt öz pensiya kapitalını götürmək hüququndan məhrum edilməsi onların hüquq və azadlıqlarının kobud pozulması deməkdir. Bura pensiya yaşına çatmadan ölən və ya tələb olunan şərtləri ödəmədiyi üçün pensiyaya çıxa bilməyən və ya pensiyaya çıxandan qısa müddət sonra ölmüş və sair insanları aid etmək olar. Bu məsələ artıq uzun illərdir ki, cəmiyyətdə müzakirə edilsə də, qanunun bu qeyri-sosial hissəsi əhalinin mənafeyinə uyğunlaşdırılmır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, fərdi şəxsi hesabda toplanmış məcburi dövlət sosial sığorta haqları və digər gəlirlər hesabına pensiya təyinatı aparılır. xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta hesabında pensiya kapitalı mövcuddursa, həmin yığılmış kapital əsasında pensiya məbləği müəyyən edilir. Hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaolunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olan sığorta haqqı daxil olunur. Həmin bu hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləşdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. İddiaçı xx.xx.2023cü il tarixdən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxs kimi 280 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək 19 il 10 ay sığorta stajına və xx.xx.2006-cı il tarixdən 8 il 3 ay sığorta stajına uyğun olaraq 14386,54 manat pensiya sığorta kapitalı tam şəkildə nəzərə alınmışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının birdəfəlik ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur və sosial sığorta şəhadətnaməsində yığılan kapital iddiaçıya ödənilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6382/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və cavabdehin 10 yanvar 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. İş materiallarına iddiaçının xəstəliyi ilə bağlı tibbi sənədlər əlavə edilmişdir. Pensiya alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən hər ay 280 manat pensiya təyin edilmişdir. Sığortaolunanın hesabından çıxarışdan görünür ki, iddiaçının 2006-cı ilin fevral ayından 2014-cü ilin dekabr ayınadək 15652,57 manat pensiya kapitalı toplanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (1.1.1.). Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar (2.). Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti) sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir. (4.0). Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda göstərilmişdir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1.). Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir (1.0.10). Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir (37.1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda göstərilmişdir ki, əmək pensiyaları Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir (7.1.). Əmək pensiyasının ödənilməsi üçün müvafiq banka sifariş verilmiş plastik kartın bankdan alınmasına dair pensiyaçıya bu Qaydaya 9 nömrəli əlavə ilə müəyyən edilmiş formada bildiriş müraciətdəki əlaqə vasitələrindən birinə göndərilir (7.2.). Qeyd edilən hüquq normalarından görünür ki, əmək pensiyası vətəndaşların fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq müvafiq hesablanma qaydasına əsasən müəyyən edilərək vətəndaşlara aylıq ödənişlər şəkilində ödənilir. İddiaçı onun fərdi hesabında toplanmış bütün pensiya kapitalının birdəfəlik ona ödənilməsini xahiş edir. Lakin, bütöv pensiya kapitalının birdəfəlik vətəndaşlara ödənilməsi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubu ona pensiya kapitalının birdəfəlik ödənilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6382/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6382/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3438/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3438/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver