Məhkəmə qərarları › İş №2-1(103)-3438/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3438/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3438/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X3 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinədair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 1(112)-5618/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergi ödəyicisi (iş üzrə cavabdeh) Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir, lakin borc məbləği ödənilməmişdir. Bu səbəbdən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarılmışdır. Əmlak siyahıya alındıqdan sonra, satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 48.822,35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 50.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə yaranan 49.713,33 manat borcuna görə 50.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx.xx.2024cü il tarixə dövlət büdcəsinə 48.822,35 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5618/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 48.822,35 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli **********2 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokolla 35.000 manat məbləğində siyahıya alınmış Kia Carnival markalı 2017-ci il buraxılışlı **-HT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 48.822,35 manat borcunun tutulması, iddia tələbinin “Porsche Cayenne” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin gedişatı zamanı DİNə sorğu vermiş və məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş X4i İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3- 13-16/2-79959/2025 tarixli məktubda göstərilmişdir ki, DİN Baş X4i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilmiş “Kia Carnival” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Eyni zamanda "Porsche Cayenne" markalı” **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-BY-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. “Porsche Cayenne” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə siyahıya alınmış və xx.xx.2024-cü il tarixdə siyahıya alınmış əmlak qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə avtonəqliyyat vasitəsi siyahıya alındıqdan sonra Cavabdeh tərəfindən onun adından qeydiyyatdan çıxarılmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuş, eyni zamanda ona məsul saxlamaya verilmiş və sonradan digər şəxsə satılmışdır. Siyahıya alınmış əmlak üzərində hüquqi maneələr mövcud olduğundan, vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlakla bağlı bağlamış olduğu hər hansı müqavilə və ya əqd (əmlak barədə sərəncam verməsi, yəni onu satması) qanunsuz sayılır və hüquqi qüvvəyə malik ola bilməz. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən təqdim olunmuş məlumatları araşdırmalı, əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. Eyni zamanda əmlakın siyahıya alınması, həmin əmlakla bağlı hüquqi əməliyyatların aparılmasına məhdudiyyət yaratdığından bağlanmış müqavilə etibarsız olmaqla yanaşı, həmin əmlakın etibar olunmuş şəxs tərəfindən özgəninkiləşdirilməsi də (yəni, həmin əmlakın qanunsuz şəkildə başqasının adına keçməsi) cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, vergi ödəyicisi Vergi Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq maddələrini göz ardı edərək siyahıya alınmış əmlak üzərində müvafiq əməliyyatlar aparmaqla qanunvericiliyin tələblərinin pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən İPM-nin müvafiq maddələrinin tələbləri pozulmuş, işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin faktiki halları nəzərə alınmamışdır. Məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Ədalətlilik prinsipinin pozulması məhkəmə araşdırmasının lazımi şəkildə aparılmasını birmənalı şəkildə şübhə altına qoyur və istisna edir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qərarın ləğv edilməsi üçün ciddi əsaslardır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır; “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vergi ödəyicisinin ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə 50.000 manat dəyərində daşınar əmlakı siyahıya alınmışdır. Siyahı protokola əlavə edilmişdir; Daxili İşlər Nazirliyi Baş X4i İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3-13-16/2- 79959/2025 tarixli məktubda göstərilmişdir ki, DİN Baş X4i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilmiş “Kia Carnival” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. “Porsche Cayenne” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-BY-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Həmin məktubla göndərilmiş nəqliyyat vasitələrinə dair qeydiyyat sənədlərindən görünür ki: -AB seriyalı 503997 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin surətinə əsasən PORSHE CAYENNE minik markalı 2008-ci il buraxılışlı, WP1ZZZ9PZ9LA02879 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh Vəlihəd qızının adına qeydiyyatdan çıxmışdır; -BD seriyalı 596631 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin surətinə əsasən PORSHE CAYENNE minik markalı 2008-ci il buraxılışlı, WP1ZZZ9PZ9LA02879 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır; -AD seriyalı 127464 nömrəli şəhadətnaməyə əsasən D4HBHH834365 ban nömrəli **- HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2017-ci ildə qeydiyyata alınmış, hal-hazırda sonuncunun adına qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. ... 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. ... Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. ... 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İşin hallarından müəyyən olunur ki, vergi ödəyicisi Cavabdeh 48.822,35 manat dövlət büdcəsinə vergi borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergilərin ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, xx.xx.2024-cü il tarixə cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin əmlakın siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli **********2 nömrəli protokolla avtonəqliyyat vasitələri siyahıya alınmışdır. Sözügedən xx.xx.2024-cü il tarixli **********2 nömrəli protokoldan görünür ki, vergi borcuna görə 15.000 manat dəyərində “Porsche Cayenne” markalı **-SJ-*** qeydiyyat nömrəli və 35.000 manat dəyərində “Kia Carnival” markalı **-HT-*** qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. Hazırkı iddiasında iddiaçı orqan qeyd edilən avtonəqliyyat vasitələrinin satılaraq büdcəyə olan vergi borcunun ödənilməsini tələb edir. Halbuki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardan müəyyən olunur ki, sözügedən nəqliyyat vasitələrindən “Kia Carnival” markalı **-HT-*** qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi hazırda iddiaçının adına qeydiyyatda olsa da, digər “Porsche Cayenne” markalı **-SJ-*** qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi hazırda iddiaçının adına qeydiyyatda olmamaqla, digər bir şəxsin mülkiyyətindədir. Başqa sözlə, vergi orqanının vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə siyahıya aldığı və satılması üçün hazırkı məhkəmədə iddia qaldırdığı iddia predmeti olan nəqliyyat vasitələrindən biri cavabdeh vergi ödəyicisi olan Cavabdeh mülkiyyətində deyildir. Belə olan halda vergi borcunun ödənilməsi başqasının mülkiyyətində olan nəqliyyat vasitəsinin satışı hesabına təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5618/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5618/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar