Məhkəmə qərarları › İş №2-1(103)-3439/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3439/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3439/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı “qərarın və VÖEN-in ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5443/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının iradəsinə zidd olaraq özbaşına olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsini, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********873600 saylı Qərarının tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə 2 maşını etibarnamə ilə lizinq şirkətinə satdığına görə vergi orqanı məcburi qaydada iddiaçını sahibkar kimi qeydiyyata alıb və barəsində kameral qaydada vergi hesablayıb, inzibati şikayəti isə təmin edilməyib. Belə ki, etibarnamə əsasında satıcı X7 və X1 təmsil edərək, 2021-ci ildə “Hyundai SantaFe” və “Chevrolet Cruze” markalı avtomobilləri satdığına görə, vergi orqanı xx.xx.2022-ci il tarixdə onu qanunsuz və əsassız olaraq məcburi qaydada özündən iddiaçı üçün “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyət növünü seçərək fərdi sahibkar kimi qeydiyyata almış, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda iddiaçıya 3197,50 manat gəlir vergisi hesablamış və sonra da əsassız olaraq gəlir vergisi bəyannaməsi verməməyini əsas gətirərək vergidən yayınma kimi qiymətləndirərək, ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********843300 saylı məktub göndərmiş, sonda isə qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********873600 saylı qərar qəbul etmişdir. Belə aydın olur ki, vergi orqanı həm avtomobil satanı fərdi sahibkar kimi görmək istəyir və buna görə istədiyi kimi qanunsuzluq edir, həm də lizinqə verilməklə hüquqi şəxs tərəfindən mənfəət vergisi verildiyi halda, bu əməliyyata görə ikinci dəfə vergi tutmağa çalışır. İddiaçı qeyd edir ki, lizinq şirkəti aldığı maşını lizinqə verməklə əldə etdiyi mənfəətdən vergini, habelə işçilərə əmək haqqı verərkən ödəmə mənbəyində vergini və digər vergiləri ödəyir. Bir əməliyyata görə iki dəfə vergi tutulması isə Azərbaycan Respublikası Konstitusiyası ilə qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İddiaçı qeyd etmişdir ki, satdığı maşınların heç biri öz adına olmayıb, etibarnamə əsasında satıcı X7 və X1 təmsil etmişdir. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətini sahibkarlıq hərəkəti kimi qiymətləndirmişdir. Halbuki, etibarnamə ilə təmsil olunmaq hüququ Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilib. xx.xx.2021-ci il tarixli 06/4673/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X2 məxsus olmuş 1 ədəd 2016-cı il buraxılışlı, “Chevrolet Cruze” markalı, ban № 1G1BESSM9H7154032 olan ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı "xxxx" MMC-yə 17.200 manata etibarnamə əsasında satıcını təmsil etməklə satmışdır. xx.xx.2011-ci il tarixli 06/4611/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X8 məxsus olmuş 1 ədəd 2019-cu il buraxılışlı, “Hyundai SantaFe” markalı, ban № 5NMS2CAD1KH085701 olan ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı "xxxx" MMC-yə 46.750 manata etibarnamə əsasında satıcını təmsil etməklə satmışdır. Vergi orqanı vergini hesablamaq üçün iddiaçını qanunsuz olaraq sahibkar elan edib. Cavabdehin özbaşınalıq edərək onun iradəsinə zidd olaraq fərdi sahibkar kimi qeydiyyata almağını nəzərə alaraq hesab edir ki, barəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********873600 saylı qərar ləğv edilməlidir. Cavabdeh yalnız satış aktına istinad edib qərar qəbul etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Sübutetmə vəzifəsinə görə cavabdeh aşağıdakıları sübut etməlidir: - iddiaçının fərdi sahibkar olmağını; - maşınların iddiaçıya məxsus olmasını; - ucuz alıb baha satmağını; - maşının qaldıqca qiymətinin artmasını. Hələ görünməyib ki, maşın qaldıqca bahalaşsın. Məsələ orasındadır ki, lizinq şirkəti maşını dəyərindən baha satmalıdır ki, mənfəəti olsun. Mənfəətin də vergisi verilir. Vergi orqanı Vergi Məcəlləsi ilə barəsində tədbir görə bilmək üçün qəsdən iddiaçını məcburi VÖEN-lə təmin edib. Halbuki, bu hərəkət birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadədir. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə qadağan olunan və cəzalanmalı olan hərəkətdir. Odur ki, iddiaçı xahiş edir ki, vergi orqanı və onu məcburi fərdi sahibkar kimi qeydə alan və ona vergi hesablayan vergi orqanının əməkdaşları barəsində xüsusi qərardad qəbul edilsin və əməldə cinayət tərkibinin olubolmamasının aydınlaşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan qanunsuz və özbaşına olaraq onu sahibkar kimi qeydiyyata aldığı üçün sahibkar kimi qeydiyyatı ləğv edilməli və iddiaçıya kameral vergi hesablanması barədə qərar ləğv edilməlidir. Çünki əgər sahibkar deyildirsə barəsində nə səyyar, nə də kameral yoxlama aparıla bilməz və vergi hesablana bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********873600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçota alınmış ********** nömrəli VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdeh Bakı şəhəri X11 üzrə Baş İdarəsi 2-1(112)-5443/2023 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə İddiaçı tərəfindən 63950,0 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli **********431100 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 2023-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 63950,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********843300 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 3197,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********873600 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********132700 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 01 sentyabr 2022-ci il tarixli **********677100 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə EAA seriyalı 467514 nömrəli elektron alış aktına əsasən 46750,0 manat dəyərində “X17” markalı və xx.xx.2021-ci il tarixdə isə EAA seriyalı 479758 nömrəli elektron alış aktına əsasən 17200,0 manat dəyərində “Chevrolet Cruze” markalı, ümumilikdə 2 sayda, 63950,0 manat dəyərində avtomobillərin təqdim edildiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 63950,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla analoji qaydada 3197,50 manat gəlir vergisi hesablanmışdır. Aparılan araşdırma zamanı gömrük orqanı tərəfindən Dövlət Vergi Xidmətinə ötürülmüş elektron informasiya məlumatlarına əsasən “Chevrolet Cruze” markalı minik avtomobilinin (istehsal ili: 2016-cı il, mühərrik həcmi: 1399 sm3, ban nömrəsi: 1G1BE5SM9H7154032) X4 (VÖEN: **********) tərəfindən, “X17" markalı minik avtomobilinin isə (istehsal ili: 2019-cu il, mühərrik həcmi: 2359 sm3, ban nömrəsi: 5NMS2CAD1KH085701) X9 (FİN: 52DLHUH) tərəfindən idxal edildiyi müəyyən edilmişdir. Eyni zamanda, “X17” markalı (BAN: 5NMS2CAD1KH085701) minik avtomobilinin X9 tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə əsasında fərdi sahibkarın istifadəsinə verildiyi, fərdi sahibkar tərəfindən həmin avtomobili xx.xx.2021- ci il tarixli alqısatqı müqavilələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi, “Chevrolet Cruze” markalı (BAN: 1G1BE5SM9H7154032) minik avtomobilinin X4 tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə ilə X5, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə əsasında fərdi sahibkarın istifadəsinə verildiyi, fərdi sahibkar tərəfindən isə həmin avtomobilin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş elektron alış aktlarının qüvvədə olduğu, qaydalara uyğun olaraq İnternet Vergi İdarəsindən xx.xx.2022-ci il tarixə olan göstəricilərə əsasən elektron alış aktında hər hansı düzəlişin aparılmadığı müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən dərhal sonra çox qısa müddət ərzində fərdi sahibkar tərəfindən lizinq şirkətlərinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı, nəqliyyat vasitələrinin fərdi sahibkarın şikayətində qeyd edildiyi kimi şəxsi məqsədlər üçün istifadə olunmadığı qənaətinə gəlinmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, uçot-baza məlumatlarına və əldə edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2021-ci ildə 2 (iki) ədəd nəqliyyat vasitəsinin lizinq şirkətlərinə təqdim edilməsi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa müddət ərzində lizinq şirkətlərinə təqdim edilməsi, nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmaması və nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmaması, bu da fiziki şəxsin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayındırılmasına, qeyd olunanların fərdi sahibkar tələfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş elektron alış aktlarının qüvvədə olması, vergi orqanının qəbul etdiyi qərarın tamamilə qanunvericiliyə uyğun olduğunu bir daha sübut edir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin (xərclərinin) o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5443/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********873600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçota alınmış ********** nömrəli VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5443/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********873600 nömrəli qərarı ilə İddiaçı 2021-ci ilin hesabat dövrü üçün bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumatlara əsasən hesablanmış vergi və sığorta haqqına əsasən 3.197,50 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanının qərarından inzibati şikayət verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********677100 nömrəli 01 sentyabr 2022-ci il tarixli qərarı ilə fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********873600 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı vergi orqanın həmin qərarın (xx.xx.2022-ci il tarixli **********873600 nömrəli) və iddiaçının adına cavabdeh vergi orqanı tərəfindən açılmış VÖEN-in (VÖEN:**********) ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 06/4673/İLİZ nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Alıcı” adlandırılacaq, "xxxx" MMC, direktor X16 və “Satıcı” adlandırılacaq, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı 1 ədəd 2016 buraxılış ili olan, “Chevrolet Cruze” minik markalı, mühərrik Vİ162757GSGX0707, ban № 1G1BE5SM9H7154032 avtomobili alıcının mülkiyyətinə verir, alıcı isə avtomobili qəbul edir və qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin satış qiyməti 17200 (on yeddi min iki yüz) manat məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 06/4611/İLİZ nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Alıcı” adlandırılacaq, "xxxx" MMC, direktor X16 və “Satıcı” adlandırılacaq, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı 1 ədəd 2019 buraxılış ili olan, “X17” minik markalı, mühərrik ban № 5NMS2CAD1KH085701 avtomobili alıcının mülkiyyətinə verir, alıcı isə avtomobili qəbul edir və qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin satış qiyməti 46750 (qırx altı min yeddi yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Birinci intsansiya məhkəməsi işin hallarının araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu məktubu göndərərək İddiaçı adına VÖEN (**********) açılmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini tələb etmiş, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı tərəfindən elektron alış aktı ilə mallaırın təqdim edildiyi müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə ********** nömrəli VÖENlə vergi uçotuna alınmışdır. Həmin məktuba İddiaçı vergi uçotuna alınması ilə bağlı sənədlərin surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydalarının: 2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər. 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royalitidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxsin vergi uçotuna alınmasının VM-nin normalarından göründüyü kimi əsas qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır”. Qeyd edilən qanunvericilik normalarından görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində bildiriş göndərir. Bundan başqa, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeydiyyata alması vergi qanunvericiliyinin tələblərinə ziddir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər və Vergi Məcəlləsinin 33.5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya vergi uçotuna alınması barədə bildiriş öz əksini tapmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apelyator özü öz şikayətində göstərmişdir ki, iddiaçı sözügedən hər iki avtomobili 2021-ci ilin dekabr ayında satmışdır. Həmçinin şikayətdə göstərilir ki, 2023-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Belə olan halda iddiaçının 2021-ci ildə həyata keçirdiyi fəaliyyətə görə 2023-cü ildən qüvvəyə minən qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilməsi qanuni deyildir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli, 677-VİQD nömrəli qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.5-ci maddəsi yeni redaksiyada verilmiş və göstərilmişdir ki, Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Həmin Qanuna əsasən Vergi Məcəlləsinə edilən dəyişikliklər Bu Qanunun 3.1 – 3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********873600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçota alınmış ********** nömrəli VÖEN şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5443/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar