Məhkəmə qərarları › İş №2-1(103)-344/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-344/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-344/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş verginin qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş verginin qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ********** qeydiyyat nömrəli 21 avqust 2018-ci il tarixli nizamnamədən görünür ki, İddiaçı MMC-nin təsisçisi X4r. Hüquqi şəxsin onlayn fəaliyyəti dayandırması haqqında ərizədən görünür ki, "xxxx" MMC 20.11.2018-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Əlavə dəyər vergisi ödəyicisinin **********7 saylı qeydiyyat bildirişindən görünür ki, "xxxx" MMC əlavə dəyər vergisi ödəyicisidir. Vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı üzrə vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlar dövriyyə məbləği (ƏDV-siz) 33295,22 manat, əlavə dəyər vergisi məbləği isə 5993,14 manat təşkil etmişdir. Müəssisənin işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, onun 28.01.2019-cu il tarixə 5017,69 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. İddiaçı "xxxx" MMC “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” 20.08.2019-cu il, 11.09.2019-cu il və 26.09.2019-cu il tarixli ərizələrlə vergi orqanına müraciət edərək onun ayrı-ayrı tarixlərə olan, sonuncu dəfə isə 20.12.2018ci il tarixə olan 3867,85 manat artıq ödəməsinin qaytarılmasını xahiş etmişdir. Həmin ərizələrə cavab olaraq vergi orqanı tərəfindən ərizələrdə vergi orqanının adının, ödəniş tarixinin düzgün qeyd olunmadığı, ərizəni tərtib edən şəxsin vəzifəsinin və artıq ödəmənin yaranma səbəbinin qeyd olunmaması və ərizələrin düzgün tərtib olunmaması səbəblərindən müraciətin icrasının mümkün olmadığı, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə ilə müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılaraq zəruri tədbirlərin görülməsinin təmin ediləcəyi bildirilmişdir. Bundan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270900 saylı 06.09.2019-cu il tarixli qərarla iddiaçıya kameral qaydada 2018-ci ilin mənfəət vergisi üzrə 1109,84 manat məbləğində vergi hesablanmışdır. Daha sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı 28.11.2019-cu il tarixli qərarla iddiaçıya 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə kameral qaydada 5.993,14 manat vergi hesablanmışdır. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən kameral qaydada ona 28.11.2019-cu il tarixli qərarla 5993,14 manat vergi borcunun hesablanması əsassız olmuş, buna görə də həmin qərar ləğv edilməli, onun artıq ödədiyi vergi məbləğinin geri qaytarılması barədə rəy verilmə öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.11.2018-ci il tarixdə şirkətin fəaliyyəti dayandırılmış, 11.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 5.017,69 manat artıq ödəniş etmişdir. Ərizə ilə cavabdeh orqana müraciət edərək, artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmiş, həmin məktuba əsasən 23.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinin Səyyar Vergi Yoxlamaları İdarəsinin rəisi Akif Allahverdiyev və şöbə müdiri Zeynəb Məmmədova tərəfindən qəbul edilmiş, lakin müxtəlif bəhanələr gətirilərək artıq ödədiyi verginin ona qaytarılmasından imtina edilmişdir. Bundan sonra artıq ödəmələr vergi orqanı tərəfindən silinmiş, məlum olmuşdur ki, ona kameral vergi borcu hesablanmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2018-ci il ərzində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar iddiaçıya 06.11.2019- cu il tarixli **********460800 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 5.993,14 manat əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya 28.11.2019-cu il tarixli **********221200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən idxal əməliyyatlarına görə əvəzləşmənin aparılması nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Lakin yaranmış kənarlaşmalara müvafiq olaraq kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği mövcud deyil. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməməsi ilə məhkəmənun əsaslandırdığı dəlillər işin mahiyyətinə və konkret hallarına uyğun deyil. Dəfələrlə artıq ödəmənin qaytarılması ilə bağlı vergi orqanına müraciətlər etsə də, onun büdcəyə vergi borcunun olduğuna istinad olunaraq həmin pulun ona qaytarılmasından imtina olunmuşdur. Bu zaman və kameral vergi yoxlaması keçirilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmənin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2018-ci il ərzində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar iddiaçıya 06.11.2019-cu il tarixli **********460800 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tə edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluq səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyat mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 5.993,14 manat əlavə vergi məbləği hesablanmış, iddiaçıya 28.11.2019-cu il tarixli **********221200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən idxal əməliyyatlarına görə əvəzləşmənin aparılması nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Lakin yaranmış kənarlaşmalara müvafiq olaraq kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği mövcud deyil. Qeyd edilənlərə əsasən aydın olur ki, iddiaçı idxal əməliyyatları həyata keçirməsinə baxmayaraq, həmin malları bəyannamələrdə nə təqdimetmə kimi, nə də mal qalığı kim göstərməmiş, nəticə etibarilə idxal edilmiş malların aqibəti müəyyən olunmamışdır, idxal edilmiş malların hazırda vergi ödəyicisində mövcudluğu sübut olunmadığından vergi orqanı həmin malları təqdimetmə kimi qəbul edərək, ödəyiciyə əlavə vergi məbləği hesablamışdır. İddianın artıq ödənilmiş verginin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə isə bildirilmişdir ki, Qaydalara görə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən artıq ödənilmiş vəsaiti olduqda, həmin vəsaitin qaytarılması barədə rəy tərtib edilməsi üçün müəyyən edilmiş forma üzrə vergi orqanına müraciət etməlidir. İddia ərizəsi etirazda da qeyd edildiyi kimi iddiaçının məhkəməyə müraciət etdiyi dövrdə onun şəxsi hesab vərəqəsində artıq ödəməsi mövcud olmadığından iddiaçının vergi orqanına müraciəti mövcud olmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (direktoru) X7 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin **********221200 saylı 28.11.2019-cu il tarixli qərarının ləğv edilməsi və ödənilmiş verginin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Birinci instansiya məhkəməsi kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin mövcud olmamasına istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası iddiaçının onun artıq ödədiyi vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, hazırki işdən iddiaçının bir neçə dəfə artıq ödədiyi vergi məbləğlərinin ona qaytarılması ilə bağlı vergi orqanına müraciətlər etdiyi, lakin onun ərizələrinin vergi orqanı tərəfindən təmin edilmədiyi müəyyən olunur. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının bu məzmunda ərizələrinin təmin edilməməsinə səbəb ərizələrin düzgün tərtib olunmaması ilə bağlı olmuşdur. İddiaçı 12.03.2020-ci il tarixdə verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində hansı məbləğdə ödədiyi verginin qaytarılmasını dəqiq göstərmədiyi üçün apellyasiya baxışı zamanı ona bu tələbini dəqiqləşdirmək təklif olunmuş və verdiyi ərizə ilə iddiaçı tələbində 3867,85 manat məbləğində artıq ödədiyi vergi məbləğinin geri qaytarılmasını nəzərdə tutduğunu bildirmişdir. İddiaçının sonuncu tələbi 3867,85 manat artıq ödədiyi vergi məbləğinin geri qaytarılması barədə olsa da, Kollegiya bunu İPM-nin 52-ci maddəsinə əsasən onun ifadə tərzi ilə bağlı olub, əvvəlki tələbində müvafiq rəy verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasının göstərildiyini nəzərə alaraq iddia tələbini- 3867,85 manat məbləğində artıq ödədiyi vergi məbləğinin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul etmişdir. Cavabdeh vergi orqanı isə kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 5.993,14 manat əlavə vergi məbləğinin hesablanmasına, bundan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin mövcud olmadığına və bu barədə iddiaçının müraciətinin də olmadığına istinad edərək iddianın təmin edilməsinin qeyri-mümkün olduğunu bildirir. Müəssisənin işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, onun 28.01.2019-cu il tarixə 5017,69 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. Lakin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270900 saylı 06.09.2019-cu il tarixli qərarla iddiaçıya kameral qaydada 2018-ci ilin mənfəət vergisi üzrə 1109,84 manat məbləğində vergi hesablandığı üçün həmin məbləğ və əlavə olaraq hesablanmış 40 manat şəxsi vərəqədə silinərək 06.09.2019-cu il tarixə vergi ödəyicisinin artıq ödəməsi 3867,85 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının vergi orqanına artıq ödəməsinin qaytarılması ilə bağlı 11.09.2019-cu il və 26.09.2019-cu il tarixlərdə müraciət etdiyi zaman onun həqiqətən də 3867,85 manat artıq ödəməsi mövcud olmuşdur. Bu hal vergi orqanı tərəfindən əvvəl mübahisələndirilməsə də, sonrakı mülahizəsində ziddiyyətli fikirlərlə təkzib olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1-ci maddəsinə əsasən digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Göründüyü kimi, vergi qanunvericiliyinin tələbinə görə vergi ödəyicisinin artıq ödəməsinin sonrakı öhdəliklər üzrə ödəmələr hesabına aid edilməsinə yalnız vergi ödəyicisinin razılığı ilə yol verilir. Lakin hazırki işdə iddiaçının onun artıq ödəməsinin sonrakı öhdəlikləri üzrə ödəmələrə aid edilməsi ilə bağlı razılıq verdiyi müəyyən olunmur. Əksinə, iddiaçı bu artıq ödəməsinin ona qaytarılmasını dəfələrlə vergi orqanına etdiyi müraciətlərlə tələb etmiş, digər tərəfdən, ona kameral qaydada hesablanmış vergilərlə razı olmadığı üçün bu barədə vergi orqanının qəbul etdiyi 28.11.2019-cu il tarixli qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının iddia etdiyi artıq ödəmənin qaytarılması barədə rəy verilməsi vəzifəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu məsələ AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Belə ki, həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Məhkəmə kollegiyası müəssisənin şəxsi hesab vərəqəsinə əsasən iddiaçının 06.09.2019-cu il tarixə 3867,85 manat məbləğində artıq ödəməsinin mövcud olduğunu, bu ödəmənin ona qaytarılması ilə bağlı vergi orqanına dəfələrlə müraciətlərinin olduğunu və vergi orqanının vergi ödəyicisinin razılığı olmadan onun artıq ödəmələrini sonrakı öhdəliklər üzrə ödəmələrə yönəltmək hüququnun olmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanının həmin artıq ödəmənin iddiaçıya qaytarılması ilə bağlı müvafiq Qaydalara əsasən rəy vermək öhdəliyi vardır. Ona görə də iddiaçının bu barədə tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçının “kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə tələbinə münasibətdə isə Kollegiya hesab edir ki, həmin tələb də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı 28.11.2019-cu il tarixli qərarla iddiaçıya 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə kameral qaydada 5.993,14 manat vergi hesablanmışdır. Həmin qərarda vergilərin hesablanmasına əsas kimi ƏDV bəyannaməsinin təqdim edilməməsi və əlaqəli məlumatlara əsasən əlavə dəyər vergisinin hesablandığı göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016- cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır. (müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə bağlı 2018-ci ilin dekabr ayı tərtib olunmuş 28.11.2019-cu il tarixli qərarda verginin hesablanma əsası kimi ƏDV bəyannaməsinin təqdim olunmaması və əlaqəli məlumatlar əsasında ƏDV hesablandığı göstərilmişdir. Halbuki işdən görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinin bəyannaməsi vergi orqanına təqdim olunmuş və həmin bəyannaməyə görə müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlar dövriyyə məbləğinin (ƏDV-siz) 33295,22 manat, əlavə dəyər vergisi məbləğinin isə 5993,14 manat təşkil etdiyi bəyan edilmişdir. Bununla da məlum olur ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi təqdim olunduğu halda vergi orqanının belə bəyannamənin təqdim olunmamasına istinad etməklə 28.11.2019-cu il tarixdə kameral qaydada vergi hesablaması əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edildiyi üçün bu dövrə görə vergi orqanı tərəfindən kameral qaydada vergilər 28.11.2019-cu il tarixdə, yəni vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu bəyannamənin təqdim edildiyi gündən 30 gün keçdikdən sonra hesablanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə ƏDV hesablanması ilə vergi qanunvericiliyinin yuxarıda sadalanan tələbləri pozulmuşdur. Mübahisələndirilən qərarın qəbul edilmə əsasının ikinci hissəsinə, yəni ƏDV-nin əlaqəli məlumatlara əsasən hesablanmasına gəldikdə isə qeyd olunmalıdır ki, bu əlaqəli məlumatların nədən ibarət olduğu məhkəmə icraatı zamanı vergi orqanı tərəfindən əsaslandırılmamış, bu əlaqəli məlumatlardan istifadə olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, vergi orqanı “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 06.11.2019-cu il tarixli uyğunsuzluq məktubunda 2018-ci ilin oktyabr ayında vergi ödəyicisi tərəfindən 28876,1 manat (ƏDV-siz) məbləğində malların idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim etdiyi ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığını bildirmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddiaçı tərəfindən 27746,05 manat dəyərində malın idxal olunduğuna dair (ƏDV 5017,69 manat) yük gömrük bəyannamələri haqqında məlumat vərəqəsini təqdim etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 06.11.2019-cu il tarixli uyğunsuzluq məktubunda 28876,1 manat (ƏDV-siz) məbləğində malların idxal edildiyi bildirilsə də, təqdim etdiyi yük gömrük bəyannamələri haqqında məlumat vərəqəsində 27746,05 manat dəyərində malın idxal olunduğu (ƏDV 5017,69 manat) müəyyən olunur, bununla yanaşı ümumiyyətlə, həmin malın idxalına görə vergi ödəyicisinin gəlir əldə etməsi faktını təsdiq edə biləcək sübutlar təqdim olunmadığı üçün bu məlumatlar, o cümlədən iddiaçının təsərrüfat subyektlərinin olmaması onun vergidən yayınma halını təsdiq etmir. İddiaçının təqdim etdiyi 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində isə müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlarının dövriyyə məbləği (ƏDV-siz) 33295,22 manat, əlavə dəyər vergisi məbləğinin isə 5993,14 manat təşkil etməsi dəqiq olaraq göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bununla yanaşı Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələblərindən də aydın olduğu kimi, cavabdeh kameral vergi yoxlamasını vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirir və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin hazırki işdən göründüyü kimi, cavabdeh orqan 30 günlük müddəti ötürməklə 28.11.2019-cu il tarixdə iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə kameral qaydada ƏDV hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarı ləğv edilməli, cavabdehin **********221200 saylı 28.11.2019-cu il tarixli qərarı ləğv edilməli və iddiaçı tərəfindən artıq ödənilmiş 3867.85 manat məbləğində verginin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********221200 saylı 28.11.2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC tərəfindən artıq ödənilmiş 3867.85 manat məbləğində verginin qaytarılması barədə rəyin verilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar