Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-344/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhəri 17 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixində ünvan 1 kəndində anadan olmuş, Saylan rayonu, Şorsulu kəndi ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 2n Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-1800/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 21.09.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti vəzifəsinin icrası zamanı həlak olmuş polis əməkdaşı X3 ailəsinə aylıq təminat xərclərinin 70 misli miqdarında (yəni 504x70=35.280 manat məbləğində) birdəfəlik kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 rayonu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidməti vəzifəsini yerinə yetirərkən, Neftçala rayonunda cinayətkarlar onun xidməti tapançasını ələ keçirmək məqsədi ilə onu 25.01.1997-ci il tarixdə ov silahından açılan atəş nəticəsində qətlə yetirmişlər. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət etsə də, hazırkı vaxtadək hər hansı kompensasiya ödənilməmişdir. Həyat yoldaşı hazırda polis inspektoru vəzifəsində işləsəydi, hər ay 568 (beş yüz altmış səkkiz) manat əmək haqqı ala bilərdi. Ona görə də, cavabdeh onun ailəsinə ərzaq payı çıxılmaqla 504 (beş yüz dörd) manat məbləğin 70 (yetmiş) misli miqdarında (yəni 504 x 70 = 35.280 (otuz beş min iki yüz səksən) manat məbləğində) birdəfəlik kompensasiya ödəməlidir. Hazırda qüvvədə olan qanunvericiliyə - “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən, xidməti vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına onların orta əmək haqqı məbləğinin 70 (yetmiş) misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Həmçinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 saylı Qərarının 2-ci bəndinə əsasən, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Belə ki, göstərilən kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin müraciəti təmin olunmadığı üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilən qərarla iddiası təmin olunmadığı üçün göstərilən məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən Qərarla şikayəti yenə də təmin olunmamışdır. Yuxarıda qeyd olunan iş üzrə hər 2 (iki) məhkəmə instansiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı həyat yoldaşı X6 1997-ci ildə vəfat etmiş və həmin dövrdə polis əməkdaşının vəfat etməsi ilə əlaqədar ailə üzvlərinə kompensasiya ödənilməsi ilə bağlı qanunvericilik aktı mövcud olmamışdır. Nəticədə məhkəmələr belə qənaətə gəlmişlər ki, göstərilən mübahisə ilə bağlı sonradan qəbul edilmiş qanun və qərarlar dərc edildikləri vaxtdan qüvvəyə mindiyindən, habelə həmin qanunvericilik aktlarında onların əvvəlki dövrə də tətbiq edilməsi göstərilmədiyindən iddiaçının kompensasiya almaq hüququ yaranmamışdır. Başqa sözlə, sonradan qəbul edilmiş qanun həmin qanun qüvvəyə mindiyi vaxtdan sonra hüquq münasibətlərinə tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi qanunun geriyə qüvvəsi ilə bağlı məsələləri tənzimləyir ki, hazırkı mübahisə üzrə qanunun geriyə qüvvəsinin tətbiqi halı mövcud deyildir. ” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 saylı Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların iddiaçının həyat yoldaşının ölümündən 3 il sonra qəbul edildiyini əsas gətirərək kompensasiyanın ödənilməsindən imtina etmişlər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilən 09.02.2016-cı il tarixli Qərara əsasən kassasiya şikayətim qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qərar ləğv olunmuşdur. Həmin qərara əsasən, Ali Məhkəmə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli olduğunu əsas tutaraq onun iddiasını kompensasiyanın ödənilməsinə cavabdehlik daşımayan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qaldırıldığından mümkün saymamışdır. Yuxarıda qeyd olunan ilk iddia tələbini irəli sürərkən məhkəməyə həyat yoldaşının xidməti vəzifəsini verinə yetirərkən cinayətkarlar tərəfindən qətlə yetirilməsi (18.12.2014-cü il tarixli, R-56 saylı “Arayış”ın əslini) və onun əmək haqqı barədə (18.12.2014-cü il tarixli, R- 56 saylı “Arayış’ın əslini) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Neftçala rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışların əsllərini təqdim etdiyindən göstərilən sənədlərin surətlərini hazırkı iddia ərizəsinə əlavə edir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmiş, sonuncu tərəfindən müraciət təmin edilməmişdir.... . Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-1800/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-1800/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-1800/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - ölüm haqqında AZ-İ № 688723 saylı şəhadətnamənin notarial təsdiqlənmiş surətindən, Neftçala RPŞ-nin 18.12.2014-cü il tarixli, R-56 saylı arayışından, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyası tərəfindən çıxarılmış 10.06.1997-ci il tarixli hökmün təsdiq edilmiş surətindən müəyyən olur ki, iddiaçının mərhum həyat yoldaşı X6 polis baş leytenantı olaraq Neftçala RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət etmiş və 25.01.1997-ci il tarixdə xidməti vəzifəsinin icrası zamanı, xidmət etdiyi ərazidə cinayətkarlar tərəfindən ov silahından açılan atəş nəticəsində qətlə yetirilmişdir. Neftçala RPŞ-nin əməkdaşları tərəfindən aparılmış axtarışlar nəticəsində X5 qətlə yetirmiş cinayətkarlar tapılaraq həbs edilmişlər. Məhkəmənin hökmü ilə cinayətkar X1 ölüm cəzasına məhkum olunmuşdur. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və İddiaçı ünvanlanmış 19.08.2020-ci il tarixli, 11/05-143-4069 saylı məktubdan görünür ki, iddiaçının həyat yoldaşı, DİN-in sabiq əməkdaşı X3 ölümü ilə bağlı onun ailəsinə sığorta haqqının və kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı müraciətə baxılmış və müraciətdə göstərilənlərin araşdırılması məqsədilə müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmışdır. - iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı mövcud iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1782/2015 saylı 04 may 2015-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1782/2015 saylı 04 may 2015-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1446/2015 saylı 01 oktyabr 2015-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov, E.Nağıyeva və E.Vəliyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1782/2015 saylı 04 may 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-211/2016 saylı, 09 fevral 2016-cı il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, N.Rəsulbəyova və İ.Hüseynov) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-1446/2015 saylı 01 oktyabr 2015-ci il tarixli qərarı ləğv olunmuş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)211/2016 saylı Qərarına əsasən məhkəmənin mövqeyi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tələbə cavab verməli olmayan inzibati orqan olması əsası ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçının mərhum həyat yoldaşının öldürüldüyü vaxt qüvvədə olmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 06 sentyabr 1994-cü il tarixli Qanunun 41-ci maddəsinin 1-ci hissəsinə əsasən özündə dövlət və xidmət sirlərini əks etdirən normativ-hüquqi aktlar istisna olmaqla, bütün normativ-hüquqi aktlar yalnız rəsmi dərc olduqdan sonra qüvvəyə minir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05.10.1999-cu il tarixli 705-İQ saylı Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 saylı Qərarından müəyyən edilir ki, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş DİN polis əməkdaşına və ya onun ailəsinə təminat xərclərinin 70 misli miqdarında birdəfəlik kompensasiya ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia üzrə iddiaçı xidməti vəzifəsinin icrası zamanı həlak olmuş polis əməkdaşı X3 ailəsinə aylıq təminat xərclərinin 70 misli miqdarında (yəni 504x70=35.280 manat məbləğində) birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı 1997-ci ildə vəfat etmiş və həmin dövrdə polis əməkdaşının vəfat etməsi ilə əlaqədar ailə üzvlərinə kompensasiya ödənilməsi ilə bağlı qanunvericilik aktı mövcud olmadığından, iddiaçının belə bir hüququ yaranmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüqüqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı müddəasına istinad etməsinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı sonradan qəbul edilmiş qanun və qərarlar dərc edildikləri vaxtdan qüvvəyə mindiyinə, habelə həmin qanunvericilik aktlarında onların əvvəlki dövrə də tətbiq edilməsi göstərilmədiyindən iddiaçının kompensasiya almaq hüququ yaranmamışdır. Sonradan qəbul edilmiş qanun həmin qanun qüvvəyə mindiyi vaxtdan sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin mövcud münasibətlərə tətbiqi halının mövcud olmadığı qənaətindədir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-1800/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-1800/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-344/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-344/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver