Məhkəmə qərarları › İş №2-1(103)-344/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-344/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-344/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-3955/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 29 iyun 2005-ci il tarixli 35233 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 143b/243b ünvanda 0,06 ha torpaq sahəsi olan bağ üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə bağlanmış 29 iyun 2005-ci il tarixli 35233 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 143b/243b ünvanda 0,06 ha torpaq sahəsi olan bağ İddiaçı istfadəsinə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanır və istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır. Göründüyü kimi, artıq 16 ildən çox müddət ərzində iddiaçı ailə üzvləri ilə birlikdə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Belə ki, qeyd edilən bağ sahəsini bütünlükdə hasarlamış, kənar təsirlərdən təhlükəsizliyini təmin etmiş, bağa ayrıca su xətti çəkmiş, torpağı əkib-becərərək daim istifadəyə yararlı vəziyyətdə saxlamış, bir çox meyvə ağacları əkmiş, onlara lazımi qulluq göstərmiş və sair lazımi zəruri işləri həyata keçirmişdir. Qeyd edilən müddət ərzində göstərilən bağ sahəsinin hər hansı dövlət orqanına, hüquqi və ya fiziki şəxsə məxsus olması barədə iddiaçıya heç bir irad bildirilməyib və ya xəbərdarlıq edilməyib. İddiaçı etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 5 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə qeyd edilən bağ sahəsinin istifadəsinə dair müqaviləni və tələb olunan digər aidiyyəti sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, sənədlər icraata qəbul edilmiş və cavabdehin mütəxəssisləri tərəfindən bağ sahəsinə yerində baxış keçirilmişdir. Cavabdehin 20 oktyabr 2021-ci il tarixli **********06 saylı yazılı bildirişi ilə iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin qeyd eilən yazılı imtina bildirişində qeyd olunur ki, göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan əlavə İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü faktiki olaraq sənəd üzrə olan sahədən azdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanuna zidd olmaqla bərabər, həm də öz cavabını istinad etdiyi maddi hüquq normalarına uyğun əsaslandırmamış və həmin maddi hüquq normalarını qərəzli olaraq sonadək qeyd etməmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinin son 3 abzasında və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-ci və axırıncı bəndlərində birmənalı şəkildə göstərilir: “Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.”. Eyni zamanda cavabdeh öz imtinasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilməsinə istinad etsə də, həmin maddənin imtina üçün müəyyən olunmuş 6 əsasından məhz hansına istinad etdiyi göstərilməmişdir ki, bu da yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşinmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Əlavə olaraq cavabdehin imtinasında göstərdiyi “İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü faktiki olaraq sənəd üzrə olan sahədən azdır” iradı ilə bağlı qeyd olunur ki, iddiaçı yol tərəfdən bağ sahəsinin giriş hissəsində avtomobilin dayanması (parklanması) məqsədi ilə müəyyən məsafə saxlamışdır ki, mütəxəssislər tərəfindən qeyd edilən fərq də həmin sahə ilə bağlı yaranmışdır ki, bu da mövcud qanunvericiliyin tələblərinə zidd deyildir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 600 kv.m, faktiki ölçüsü isə 570 kv.m-dir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 20 oktyabr 2021-ci il tarixli **********06 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-3955/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və ParkX4 Departamentinin X2 və İstismarı Birliyi ilə bağladığı 29 iyun 2005-ci il tarixli 35233 saylı müqaviləyə əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 143b/243b ünvanda 0,06 ha torpaq sahəsi olan bağ üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 29 iyun 2005-ci il tarixli 35233 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 143b/243b ünvanda 0,06 ha torpaq sahəsi olan bağ sahəsi iddiaçının istfadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin inzibati orqan məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın elektron kadastr məlumatlarına əsasən iddia edilən torpq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aiddir. İdarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilən zaman bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsünün 600 kv.m, faktiki ölçüsünün 570 kv.m olması müəyyən edilmişdir. İddiaçı hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 23 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, kənar fiziki və hüquqi şəxslərə aid torpaq sahələrinin SOCAR-ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonalarına aid olan torpaq sahələrinin hüdudları daxilində olub-olmamasını düzgün müəyyən etmək üçün həmin sahələrin künc nöqtələrinin koordinatlarını özündə əks etdirən mötəbər məlumatlar təqdim edilməlidir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən və iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi ehtimalı var. Yuxarıda qeyd olunduğu kimi, həmin torpaq sahəsi ilə bağlı daha dəqiq məlumat “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsi tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları təqdim edildikdən sonra mümkün olacaqdır. Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 29 iyun 2005-ci il tarixli 35233 saylı müqavilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 143b/243b ünvanda 0,06 ha torpaq sahəsi olan bağ sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən aktdır və müqavilədə əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, habelə müqavilə ləğv edilmədiyindən və etbarsız sayılmadığından, bu sənəd mötəbər sübut kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Bağ sahəsinin torpağının ölçüsünün faktiki istifadədə az olması qanuni əsaslarla əldə edilmiş ölçüdə torpağa hüququnun qeydiyyatına təsirsizdir. Mövcud torpaq qanunvericiliyi torpaq sahəsinin hər hansı mühafizə zonasına, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazilərə düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutsa da, sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir. Hazırkı işin hallarına görə isə, hazırkı iddiaçının müvafiq bağ sahəsinə hüququnun mövcudluğu ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsaslanır və onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd də bu maddədə nəzərdə tutulan “müqavilə”dir. Üzərində hüququn qeydiyyata alınması məqsədilə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi təqdim olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndi ilə müvafiq şərtlər müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə sözügedən Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin bağ evi uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 143b/243b ünvanda 0,06 ha torpaq sahəsi olan bağ üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-3955/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar