Məhkəmə qərarları › İş №2-1(103)-344/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-344/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-344/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Chopurova Khijranın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Chopurova Khijran cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 18 yanvar 2023-cü il tarixli inzibati aktı və ******* saylı inzibatı qərarının ləğv edilməsini və ona müvəqqəti yaşamaq üçün icazə vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, Gürcüstan vətəndaşı kimi 07 yanvar 2023-cü il tarixdə cavabdehə müraciət edərək, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciət etmiş və ona ******* saylı bildiriş verilmişdir. Bundan əvvəllər də müvəqqəti yaşamaqla bağlı dəfələrlə Miqrasiya Xidmətinə müraciət etmiş və icazə almışdır. Sonuncu müraciəti zamanı qohumluq faktı üzrə, yəni AR vətəndaşı X3 ilə nigaha girməyimlə bağlı müraciət etmiş və cavabeh tərəfindən 18 yanvar 2023-cü il tarixli imtina haqqında məktub və ******* saylı qərar verilmiş, həmin qərarı rəsmi qaydada 06 fevral 2023-cü il tarixdə əldə etmişdir. Həmin Qərarda göstərilmişdir ki, ** BA ***51 nömrəli pasporta malik olan onun 07 yanvar 2023-cü il tarixli müraciəti təmin edilməmə və 10 gün ərzində AR hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Halbuki, ona təzyiq və təsir altında Gürcüstan vətəndaşlarına artıq Azərbaycanda yaşama icazəsi verilmir deyərək diqtə etdirməklə, guya nikahları miqrasiya məqsədilə qeydə alınması barədə yazı yazdırmış, əks halda dərhal deportasiya olunma təhlükəsi barədə xəbərdarlıq edilmişdir. Halbuki, iddiaçının hər iki övladı Azərbaycanda təhsil alır və onları burada sahibsiz qoymaqdan qorxduğu üçü məcbur olub cavabdehin əməkdaşlarının iradəsinə tabe olub, verilən bütün sənədləri imzalamışdır. Halbuki, o, Azərbaycanlıdır, yeganə təqsiri Gürsüstan vətəndaşı olmaqdır, qanuni əsaslarla övladlarının təhsil aldığı bir ölkədə müvəqqəti yaşamaq istəyir. Azərbaycanda nikaha daxil olmuş və bu nikah yeganə və ilk nikahıdır. Hesab edir ki, cavabdehin qanunsuz imtinası onun hüquqlarını pozur və məhkəmə müdafiə hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxs Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs Azərbaycan Respublikasının vətəndaşı X3 ilə nikah əsasında müvəqqəti yaşama icazəsi almışdır. Qeyd olunmalıdır ki, nikahın məqsədli olub-olmaması ilə bağlı müvafiq araşdırmaların aparılması zamanı əcnəbinin izahatı alınmışdır. Araşdırma zamanı, şəxs özü də etiraf edərək nikahlarının məqsədli olduğunu və MYİ almaq üçün belə qərara gəldiklərini, hazırda nikahda olduğu şəxsin əslində keçmiş həyat yoldaşının dayısı olduğunu bildirmişdir. İcraat materiallarına baxış zamanı aydın görünür ki, şəxs xx.xx.2023-cü il tarixdə nikah haqqında şəhadətnaməni əldə etdikdən sonra həmin tarixdə də DMX-yə müraciət etmişdir. Eyni zamanda aşağıdakı məqamlara diqqət yetirək: 1) Şəxsin keçmiş həyat yoldaşı xx.xx.1986-cı il təvəllüdlü Musaev Veis xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İddiaçı da izahatında Musaev Veis və 2 övladları ilə həmin ünvanda yaşadıqlarını təsdiq etmişdir; 2) “Giriş-Çıxış” İdarələrarası avtomatlaşdırılmış məlumat sistemindən əldə edilmiş çıxarışdan görünür ki, 2017-2019-cu illərdə birlikdə dövlət sərhəddini keçib qayıtmışlar. 3) Olduğu yer üzrə qeydiyyat çıxarışından məlum olur ki, şəxs 2016-2020-ci illər ərzində Azərbaycan Respublikasında müxtəlif ünvanlarda qeydiyyata alınmışdır. Miqrasiya Məcəlləsinin 50.1.2- ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. İşin hallarından da görünür ki, şəxs ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə məqsədli şəkildə nikaha daxil olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş və iddiaçı Chopurova Khijrana Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşin əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli qərara əsasən, Gürcüstan vətəndaşı 15BA17251 nömrəli pasporta malik olan İddiaçı 07 yanvar 2023-cü il tarixli müraciəti təmin edilməmiş, Gürcüstan vətəndaşı 15BA17251 nömrəli pasporta malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. - Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X3 ilə xx.xx.1988ci il təvəllüdlü Çopura Hicran xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar, ərə Şərifov, arvada Çopura soyadı verilmişdir.Nikahları 5 saylı Bakı “ASAN xidməti” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Chopurova Khijranın vətəndaşlıq pasportundan görünür ki, X2 vətandaşıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi:

2. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): - (45.1.5.) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda.

48. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: - (50.1.2.) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 25.1. Bu Məcəllənin 10 – 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı X2 vətəndaşıdır. Onunla Azərbaycan Respublikası vətəndaşı X3 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Bundan sonra iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə məsələnin həllindən imtina etmiş və imtinasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə nikaha daxil olduğu müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtinasının əsası kimi təqdim etdiyi dəlili də məhz qurumun iddiaçının əcnəbi vətəndaş kimi həmin icazəni almaq məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmasını müəyyən etməsidir. Lakin iddiaçı Chopurova Khijran ilə Azərbaycan Respublikası vətəndaşı X3 arasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış nikahın etibarsızlığı inzibati orqanın mülahizəsi ilə qiymətləndirilə bilməz, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan həmin nikahın etibarsızlığı sübut olunmur. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi konkret müəyyən edilsə də, hazırkı cavabdeh inzibati orqan bu şəxslərin sırasına aid edilməmişdir. Eyni zamanda cavabdehin inzibati orqanın imtina barədə qərarında tətbiq (istinad) etdiyi normaya Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə münasibətdə qeyd edir ki, həmin müddəada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi hallardan biri kimi icazə almaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim olunması da əks olunsa da, hazırkı iş üzrə cavabdeh orqanın dəlili bu normada təsbit olunmuş “yalan məlumat”la uzlaşa bilməz. Rəsmi sənədlərdə, o cümlədən nikah akt qeydində, inzibati aktda əksini tapan məlumatlara münasibətdə “yalan məlumat” kriteriyası ilə yanaşma düzgün deyil, bu sənədlərdə əks olunanlar, yalnız saxtalığı sübut olunmaqla qeyri-mötəbər sayıla bilər. Belə sənədlər istisna olmaqla, şəxsin digər sənədlərdə (o cümlədən, ləğvi və etibarsızlığı ayrıca icraat, qayda tələb etməyən aktlarda) və şifahi izahatında təqdim etdiyi məlumatlar müvafiq hallarda “yalan məlumat” qismində qiymətləndirilə bilər. Nə qədər ki, iddiaçı Chopurova Khijran ilə Azərbaycan Respublikası vətəndaşı X3 arasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış nikah məhkəmə qaydasında etibarsız sayılmamışdır, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli “nikah haqqında şəhadətnamə”yə münasibətdə yeganə sübut kimi Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsində nəzərdə tutulan hallar mövcud qiymətləndirilmir (hətta şəxsin inzibati icraat verdiyi izahatın məzmunundan da asılı olmayaraq). Bunun əksinə olaraq, həmin şəhadətnamə iddiaçının Azərbaycan Respublikasının ərazisində ailə üzvü (əri) olduğundan, ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməlidir. Cavabdeh inzibati orqanın apardığı inzibati icraatda iddiaçının izahatında iddiaçı ilə ərinin aralarındakı nikahın məqsədli bağlanmasını etiraf etməsinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, inzibati orqan həmin icraatda tərcüməçinin iştirakını təmin etməmişdir. Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı qəbul edərkən formal mülahizələrə əsaslanmış və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 2-ci maddəsində təsbit edilmiş prinsipləri, eləcə də həmin Məcəllənin 48, 50-ci maddələrinin və «İnzibati icraat haqqında» Qanunun tələblərini gözləməmişdir. Odur ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qanunazidd sayılmalı və həmin qərarla iddiaçı Chopurova Khijrana Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun:

19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi kişi ilə qadının hər ikisinin və ya birinin ailə qurmaq niyyəti olmadığı halda bağlanmış nikahı saxta nikah kimi etibarsız tanısa da, bu nikahın etibarsızlığının müəyyən edilməsini yalnız məhkəmə qaydasında mümkün sayır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar