Məhkəmə qərarları › İş №2-1(103)-344/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-344/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-344/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3149/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə **********36-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında mənzil kimi qeydə alınmış evin çıxarışında düzəliş edilərək, həmin evin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinin (yardımçı tikililərlə birlikdə) yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən evin fərdi yaşayış evi kimi qeydiyyata alınaraq həmin evin altında olan torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********36-05101-093001 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi üzrə xx.xx.2023-ci il tarixində **********36-05101-093001 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyd edilən texniki pasportda görünən formada evin 137,1 kv.m zirzəmisi də mövcuddur. Eyni zamanda fərdi yaşayış evinin istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü 0,06 hektardan çoxdur. Həmin torpaq sahəsində tikintialtı sahəsi 278,4 kv.m olan fərdi yaşayış evi, 15 kv.m (sanitar qovşağı) və 26,2 kv.m üstü örtülü çardaq, 7,1 kv.m qazanxana köməkçi tikilisi, həyətyanı torpaq sahəsini əhatə edən hasar və 2 ədəd darvaza yerləşir. Göründüyü kimi, mülkiyyətində olan fərdi yaşayış evi və evə aid köməkçi tikililərin yerləşdiyi 0,06 hektardan çox torpaq sahəsi uzun müddətdir ki, onun sahiblik və istifadəsindədir. Yasamal rayonunun 2-ci Alatava küçəsinin hüdudları daxilində yerləşən istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi əvvəldən yaşayış ərazisi olmuş, həmin torpaq sahəsində 1990-cı ildə hazırkı ev inşa edilmiş, sonradan xırda işlər görülməklə evin üzərinə mərmər, daha sonra sadə üzlük vurulmuş, evi inşa etmiş sahibi evdə yaşamaqla həyətyanı sahədən, evdən, həyətdəki köməkçi - yardımçı tikililərdən istifadə etməklə həyətdə ağac və güllər əkilib yaşıllaşdırma işləri aparılmışdır. Evin, həyətyanı torpaq sahəsinin, üzərindəki tikililərin xüsusi mülkiyyət kimi qeydə alınması üçün müraciət olunmuş, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mülkiyyət sənədlərində evlə birlikdə torpaq sahəsi göstərilmədiyinə görə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə evin mənzil fonduna aid edilib order əsasında sahibinin adına rəsmiləşdirilməsi qət olunmuşdur. Qətnamənin təsviri əsaslandırıcı hissəsində, işdə olan qonşuların iştirakı ilə tərtib edilmiş və Yasamal rayon 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş akta əsasən həqiqətən ev sahibinin həmin evdə yaşadığı və evi öz şəxsi vəsaiti hesabına tikdirdiyi, kommunal xərclərini ödədiyi, eyni zamanda həmin MKİS-nin mühəndisi tərəfindən tərtib edilmiş və MKİS tərəfindən təsdiq edilmiş Bakı şəhəri, 2-ci Alatava küçəsində yerləşən 8/4 saylı evin eskizinə əsasən evin 2 mərtəbəli, yaşayış sahəsi 98.3 kv.m, köməkçi sahəsi 320.0 kv.m olan 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Qətnamədə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq olaraq 4, 10 və 26-cı maddələrinə əsaslanaraq mənzil fondunu Azərbaycan Respublikası ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil etdiyi, Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativi evlərində yaşayış sahəsi almaq hüququna malik olmaları, dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri dövlət mənzil fondunu təşkil etdiyi, mənzil fondunun dövlət uçotu vahid sistem üzrə aparıldığına istinad edilmiş, nəticə hissədə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 98,3 kv.m, köməkçi sahəsi 320,0 kv.m olan 8/4 saylı evin dövlət mənzil fonduna daxil edilərək balansa götürülməklə ev sahibi ilə icarə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi və həmin evə adına orderin verilməsi Bakı şəhər Yasmal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhər Yasmal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 469 nömrəli sərəncamı ilə ev sahibinin yaşadığı 2-ci Alatava, 8/4 saylı evin 4 otaqlı yaşayış sahəsi 98,3 kv.m və köməkçi sahələri rayon İcra Hakimiyyətinin yaşayış fonduna keçirilmiş və adına xx.xx.2006-cı il taixli, 030410 nömrəli order verilmişdir. Order qanuni əsaslarla ev sahibinin oğlunun adına dəyişdirilmiş, həmin order əsasında 278,40 kv.m yaşayış mənzilinə verilmiş **********36-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında alaraq xüsusi mülkiyyətinə keçirib qeyd etdiyi çıxarış və texniki pasportu almışdır. Göründüyü kimi, həmin mənzilin 1990-cı ildə inşa edilmiş, mənzilin yerləşdiyi hasara alınmış həyətyanı sahəsində yadımçı tikililər - sanitar qovşağı (hamam- tualet), kanalizasiya sistemi və çardaq (talvar) olmamışdır. Buna görə də 1990-cu ildən mənzilin sahibləri tərəfindən həmin mənzildə insanın daimi yaşaması üçün zəruri olan şəraitin yaradılması məqsədilə hal-hazırda istifadəsində olan torpaq sahəsində maye çirkab quyusu, sanitar qovşağı (hamam-tualet) və çardaq (talvar) inşa edilmişdir. Bununla yanaşı, həmin torpaq sahəsində yaşıllaşdırmaabadlaşdırma işləri davam etdirilir. Fərdi yaşayış evi (mənzil) yerləşən və ondan istifadə üçün zəruri olan torpaq sahəsinin ölçüsü 0,06 ha təşkil edir. Mülikyyətində olan mənzil kimi qeydə alınmış evin, fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi hətəyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə müraciət olunmuşdur. Cavabdeh qurum müraciətinə cavab məktubunda göstərmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbavcan Respublikası Qanununun 8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır, ona görə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbavcan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Mülkiyyətində olan yaşayış evi mənzil deyil, fərdi yaşayış evi olduğu halda hüquqümüəyyənedici sənədlər mənzil kimi tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrində mövcud və faktiki fəziyyətinə uyğun fərdi yaşayış evi olaraq qeydiyyata alınmamışdır. Bu da daxil edilən məlumatların düzgün daxil edilməməsi nəticəsində baş vermişdir. Belə olan halda həmin məlumatların düzgünlüyünün təmin edilməsi və müvafiq dəqiqləşmələrin aparılması cavabdeh tərəfindən həyata keçirilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-3149/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və altındakı torpaq sahəsinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2367 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 8/4 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: AZ 1012, ünvan 1 faktiki olaraq, yerləşdiyi torpaq sahəsinin (tikintialtı sahə), mərtəbəliliyinin, ölçülərinin, tikililərinin planlı yerləşməsinin və digər texniki paramertlərinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin qarşı hissəsində İddiaçı faktiki olaraq istifadəsində 0.025 ha həyətyanı torpaq sahəsinin, həmin həyətyanı torpaq sahəsində də bir ədəd bir mərtəbəli sanitariya qovşağı tikilisinin olduğu, fərdi yaşayış evinin arxa hissəsində isə 82.0 kv.metr torpaq sahəsinin istifadə olunduğu müəyyən edilmişdir. Müəyyən edildiyi kimi mübahisə predmeti olan daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da, xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmaqla fərdi qaydada istifadəsində həyətyanı sahəsi olan Mənzil Məcəlləsinin 13-cü maddəsində göstərilənlərə uyğun fərdi yaşayış evidir. Bakı İnzibati Məhkəməsinin 1 iyul 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. İddia tələbi əsaslıdır, iddianın təmin edilməməsi barədə məhkəmənin 1 iyul 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilib iddia tələbi təmin edilməlidir. İddiaçı kimi onun adına xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ondan əvvəl də texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasport hal-hazırda qüvvədədir. Buna görə də məhkəmə qərarında göstərilənlərin heç bir əsası yoxdur. Həmçinin, cavabdeh tərəfin öz mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müvafiq daşınmaz əmlakda yalnız fərdi yaşayış evinin zirzəmisi hesabına ölçülərin artıq olduğunun müəyyən olunması bir daha mənzil yox, fərdi yaşayış evinə məxsus göstəricinin təsdiqi kimi qeyd olunmalıdır və bu hallar da iddianın təmini üçün əsas olmaqla nə qeydiyyatın aparılmasından imtina, nə də məhkəmə tərəfindən iddianın təmin edilməməsi üçün əsas hesab oluna bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin yerləşdiyi torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamış, yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbavcan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 469 nömrəli sərəncamının surətindən görünür ki, X1 yaşadığı İİ Alatava, 8/4 saylı evin 4 otaqlı yaşayış sahəsi 98,3 kv.m və köməkçi sahələri rayon İcra Hakimiyyətinin yaşayış fonduna keçirilmiş və ona order verilmişdir. Ordere daxil edilmişdir: X7 (özü). İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin xx.xx.2023-cü il tarixli 26 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, yaşayış sahəsi 98,3 kv.m olan 4 otaqlı 8/4 saylı evin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və anası) X6 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (elektron) əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil - (yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzilə (sahəsi 278,4 kv.m) X4 xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********36-05101- 093001, qeydiyyat nömrəsi: **********). İş materiallarında olan satıcı X9 ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli DAKM-46 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X9 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla AZ 1012, ünvan 1 ünvanında yerləşən 278.40 kv.m ümumi, 96.80 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir (ipoteka saxlayan-"xxxx" Açıq Səhmdar Cəmiyyəti). İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (elektron) əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil - (yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzilə (sahəsi 278,4 kv.m) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********36-05101- 093001, qeydiyyat nömrəsi: **********). İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzil 2 mərtəbəli, zirzəmili olmaqla 540.0 kv.m torpaq sahəsində yerləşir. Qeydiyyatdan keçməyən zirzəmi sahəsi ilə birlikdə mənzilin ümumi sahəsi 409.6 kv.m təşkil edir. Ümumi sahə ilə faktiki sahə arasındakı fərq 137.1 kv.m olan zirzəmi hesabınadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2367 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 8/4 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: AZ 1012, ünvan 1 faktiki olaraq, yerləşdiyi torpaq sahəsinin (tikintialtı sahə), mərtəbəliliyinin, ölçülərinin, tikililərinin planlı yerləşməsinin və digər texniki parametrlərinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin qarşı hissəsində İddiaçı faktiki olaraq istifadəsində olan 0.025 ha həyətyanı torpaq sahəsinin, həmin həyətyanı torpaq sahəsində də bir ədəd bir mərtəbəli sanitariya qovşağı tikilisinin olduğu, fərdi yaşayış evinin arxa hissəsində isə 82.0 kv.metr torpaq sahəsinin istifadədə olduğu müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 8/4 mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 540,0 kv.m torpaq sahəsində yerləşən 4 otaqlı ümumi sahəsi 278.4 kv.m və 137.1 kv.m zirzəmi sahəsi olan ikimərtəbəli ayrı tikilidir. Mənzil (4 otaq ümumi sahəsi 278.4 kv.m olan) **********36-05101-093001 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan mənzilin zirzəmi sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evi 4 otaqlıdır, hüquq müəyyənedici sənəd üzrə və faktiki y/s - 96,8 kv.m., ü/s 278.4 kv.m, zirzəmi sahəsi 137,1 kv.m. olmaqla cəmi sahəsi 415.5 kv.m. təşkil edir. Mənzil 540 kv.m torpaq sahəsində yerləşən 137.1 kv.m zirzəmi sahəsi, 278,4 kv.m ümumi sahəsi və cəmi 415.5 kv.m olan 2 mərtəbəli yaşayış evindən ibarətdir və torpaq sahəsinin koordinatları sənədə əlavə olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Apellyasiya baxışı zamanı qeyd olunan ünvana dair qovluqda olan sənədlər - həmin ünvana dair iddiaçının və H.İsayevin adına olan çıxarışlar, texniki pasport, satıcı X9, alıcı İddiaçı və ipoteka saxlayan "xxxx" ASC arasında bağlanılmış alqı-satqı və ipoteka müqaviləsi, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 469 nömrəli sərəncamının surəti (X5 aid), Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin xx.xx.2023-cü il tarixli 26 nömrəli sərəncamının və xx.xx.2023-cü il tarixli Yaşayış sahəsinin kirayə müqaviləsinin surəti (X2 aid) məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 469 nömrəli sərəncamına əsasən X1 yaşadığı İİ Alatava, 8/4 saylı evin 4 otaqlı yaşayış sahəsi 98,3 kv.m və köməkçi sahələri rayon İcra Hakimiyyətinin yaşayış fonduna keçirilmiş və ona order verilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, yaşayış sahəsi 98,3 kv.m olan 4 otaqlı 8/4 saylı evin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və anası) X6 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sahəsi 278,4 kv.m olan həmin mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmışdır. Daha sonra ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla satıcı X9 ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli DAKM-46 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla AZ 1012, ünvan 1 ünvanında yerləşən 278.40 kv.m ümumi, 96.80 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 278,4 kv.m olan həmin mənzilə iddiaçının xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda həmin mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınaraq həmin evin altında olan torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq ona dair çıxarış və texniki pasportun verilməsini tələb edir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil - (yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən sahəsi 278,4 kv.m olan mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində artıq qeydiyyata alınmışdır. Lakin qeyd olunan əmlak mənzil kimi qeydiyyatda olsa da, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından, iş üzrə keçirilmiş ekspertiza rəyindən və məhkəmə tərəfindən keçirilmiş yerli müayinə nəticəsində müəyyən edilir ki, həmin əmlak fərdi yaşayış evidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2367 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin faktiki olaraq yerləşdiyi torpaq sahəsinin (tikintialtı sahə), mərtəbəliliyinin, ölçülərinin, tikililərinin planlı yerləşməsinin və digər texniki parametrlərinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatlarına uyğundur, tədqiq olunan fərdi yaşayış evinin qarşı hissəsində 0.025 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evinin arxa hissəsində isə 82.0 kv.metr torpaq sahəsi iddiaçının faktiki olaraq istifadəsindədir. İş materiallarında olan texniki pasportdan da görünür ki, ev ikimərtəbəli fərdi yaşayış evidir və evin birinci mərtəbəsinin hündürlüyü 3.4 metr, ikinci mərtəbəsinin hündürlüyü 3.0 metrdir. İddiaçının adına mənzil kimi qeydiyyata alınmış həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.2-ci maddəsinin tələblərinə cavab verdiyindən əslində fərdi yaşayış evidir. Odur ki, həmin mənzil iddiaçının adına fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənədlər təqdim edilməsə də, həmin fərdi yaşayış evinin tikinti altında olan faktiki torpaq sahəsi həmin yaşayış evi əvvəlki mülkiyyətçiyə verilən tarixdən onun, hazırda da iddiaçının qanuni istifadəsindədir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Ona görə də iddia tələbi yalnız fərdi yaşayış evinin tikinti altında olan sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsində əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir və həmin əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3149/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********36-05101-093001 reyestr nömrəsi ilə sahəsi 278.4 kvadrat metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil - (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınaraq həmin fərdi yaşayış evinə onun yalnız tikintialtı torpaq sahəsi ilə birlikdə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar